Budapest Business School-un Macarıstanda olması, xüsusi ilə də Budapeşt kimi gözəl şəhərdə yerləşməsi seçimim zamanı məni cəlb etdi

Orxan_11041332_404630936378846_934323380_n

Bu dəfəki müsahibimiz Macarıstanın ən böyük universitetlərindən olan Budapeşt Biznes Məktəbində maliyyə üzrə təhsil alan həmyerlimiz Orxan Hüseynzadədir. Biz onunla oxuduğu universitet, Budapeştdə tələbə həyatı və digər mövzularda söhbətləşdik. Həmin müsahibəni Sizə təqdim edirik.

-Təhsil aldığınız Budapest  Business  School (BBS) haqqında oxuculara qısa məlumat verə bilərsinizmi?

Budapest Business School (Budapeşt Biznes Məktəbi) xüsusi ilə maliyyə və mühasibatçılıq üzrə Macarıstanın aparıcı universitetlərindən biridir. 1857-ci ildə tacirlər və Avstriya-Macarıstan bankçıları tərəfdən əsası qoyulub və rəsmi olaraq dünyanın ən qədim ikinci biznes məktəbir.

  — Bu ali məktəbi seçərkən onun hansı  xüsusiyyətinə  daha çox fikir  verdiniz? BBS-in digər universitetlərdən əsas fərqi nədir?

Budapest Business School-un təhsil strukturu və təcrübə ilə nəzəriyyənin düzgün balanslaşdırılması onu digər universitetlərdən fərqləndirir. Bizdə təhsil müddəti 3 il yarımdır, onun 3 ili təhsil, yarım ili isə təcrübə proqramı və tezis yazmaq üçün nəzərdə tutulub. Ali məktəb Macarıstanın yerli şirkətləri və beynəlxalq korporasiyalar arasında yüksək reputasiyaya sahibdir. Ən əsası isə Budapest Business School-un Macarıstanda olması, xüsusi ilə də Budapeşt kimi gözəl şəhərdə yerləşməsi seçimim zamanı məni cəlb etdi.

 -Niyə məhz Macarıstanda təhsil almağa başladınız? Bu ölkəyə Sizi nə cəlb etdi?

Şərqi Avropa məni həmişə cəlb etmişdir, burada olan tələbə sosial həyatı çox rəngarəngdir və eyni qiymətə Macarıstanda oxuyan tələbə digər ölkələrdə olan tələbələrdən daha çox özünü inkişaf etdirə bilər. Burada türkdilli xalqları sevirlər və ümumilikdə xarici vətəndaşlara hörmətlə yanaşırlar.

Orxan_photo so send

 -Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Azərbaycan təhsil sistemi ilə Macarıstan təhsil sistemi, hər ikisi fərqli seqmentdə rəqabət apardığı üçün bu iki dövlət arasında olan fərqliliklər çoxdur. Hər iki dövlətin üniversitetləri fərqli bazarlarda rəqabət aparırlar və burda xarici tələbə daha çoxdur. Ümumilikdə Macarıstan ali təhsil sistemi digər Avropa universitet sistemlərindən də fərqlənir ki, Macarıstanda dərsdə iştirak qiymətin hər hansı bir hissəsini təşkil etməsə də, imtahanlara buraxılış üçün vacibdir. Bu faktor Azərbaycan təhsil sistemində sevdiyim məcburi iştirak məsələsinə bənzərdir. 

-İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatdı?

Macarıstan Avropa Birliyi ölkələrindən ziyarət etdiyim ilk ölkədir və gözlədiyim Avropa gəncliyinin sosiallığının ilk gündəcə fərqinə vardım. İlk təəsüratlar kifayət qədər xoş oldu, ancaq Budapeşt aeroportunnan şəhərə gələnədək bir az məyus idim, çünki Budapeşt hava limanı şəhərin çox qırağındadır və yolda maraqlı heçnə yoxdur, ancaq Dunay çayının sahilini görər-görməz mən bu şəhərə aşiq oldum.

-Budapeştdə tələbə həyatı necə keçir? Məsələn, Macarıstanda tələbələr öz boş vaxtlarını necə keçirirlər?

Budapeştdə tələbə həyatı bir sözlə mükəmməldir, hər tələbənin maraqlarına uyğun nəsə tapmaq olar. Universitetin tələbə təşkilatı tez-tez tədbirlər, Avropanın başqa şəhərlərinə çox ucuz qiymətə gəzintilər təşkil edir. Gediş-gəliş və turda hər şey daxil olmaqla 30 avro qədər ucuz ola bilər. Bundan əlavə partilər təşkil edilir, müxtəlif yöndə fərqli tədbirlər də olur. Macar tələbələr adətən boş vaxtlarında dostları ilə şəhərə çıxırlar, kitabxanalara gedirlər, eləcə də burada dərslər daha ağır olduğu üçün bir yerdə dərslər üzərində çalışırlar, bundan başqa pablarda pivə və ya palinka da içirlər.

 Orxan_Huseynzade_Budapest

-Xaricdə təhsil almaq istəyən tələbələrə nə məsləhət görə bilərsiniz?

Hansı ölkəyə gedəcəyinizi şəxsi inkişaf və maraqlarınıza uyğun olaraq seçin. Bəzən harada oxuyacağınız ən azından nə oxuyacağınız qədər önəmli olur, çünki xoşbəxt olmayan tələbə dərslərinə fokuslanmaqda həmişə çətinlik çəkir

 -Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Sizə də təşəkkürlər…

 

0 şərh