Sent İştvan Universiteti bir neçə əsrlik tarixə malik olmaqla yanaşı müxtəlif ixtisaslar üzrə, özəlliklə də aqrar sahədə dünyada tanınmış ən nüfuzlu universitetlərdən biridir

2

Növbəti müsahibimiz hazırda Macarıstan dövlətinin təqaüd proqramı əsasında Sent İştvan Universitetində Menecment və Biznes İdarəetməsi üzrə doktoranturada təhsil alan Nicat Hüseynovdur. Gənc tədqiqatçımızla səmimi müsahibəmizi Sizə təqdim edirik.

 – Necə oldu ki, məhz Macarıstanda təhsil almağa qərar verdiniz? Bu ölkəyə sizi nə cəlb etdi?

İlk növbədə, mənim təcrübəmi gənclərlə bölüşdüyünüzə görə dərin minnətdarlığımı bildirirəm. İstər bakalavr, istərsə də magistr təhsili alarkən bir sıra ölkələrin təshil sistemləri ilə maraqlanmışdım. Macarıstan ən çox diqqətimi cəlb edən ölkələrdən biri idi. Avropada yerləşməsinə baxmayaraq, bizim bir sıra oxşar cəhətlərimiz mövcuddur. Dünyada baş verən iqtisadi və sosial proseslər zəminində Macarıstanın qazandığı təcrübəni olduqca maraqlı hesab edirəm. Bu təcrübəni daha dərindən öyrənmək üçün ən münasib yol təhsildir.

 -İlk dəfə olaraq Macarıstana gələndə bu ölkə sizdə hansı təəssüratları oyatmışdı?

Heç kəsə sirr deyildir ki, uzaq bir diyara gedərkən, tələbələr müəyyən məsələrlə bağlı tərəddüdlər yaşayır. Səfərin gedişatı, yerləşmə kimi digər texniki məqamlar insanı düşündürür. Ölkəni tərk etmədən öncə məndə məlumat var idi ki, təyin olunmuş vaxtda məni, hava limanında universitetin əməkdaşı qarşılayacaq. Sadəcə olaraq elə alındı ki, mənim uçuşum texniki səbəblərdən dolayı gecikməli oldu. Lakin, səhər radələrinə və uçuşun ləngiməyinə baxmayaraq həmin şəxsin hələ də gözləməsi məni çox sevindirdi. Yataqxanaya çatmaq və yerləşmək düşündüyümdən də asan və rahat oldu.

 – İxtisasınız haqqında qısa məlumat verə bilərsiniz? Doktorantura təhsili üçün Sent İştvan Universitetini seçməyinizin əsas səbəbləri nə idi?

Bakalavr və magistr təhsilini bitirdikdən sonra, elmi fəaliyyətimi davam etdirmək məqsədi ilə doktorantura pilləsi ilə maraqlanmağa başladım. Digər təhsil pillələri ilə müqayisədə dokotoranturaya qəbul almaq olduqca fərqli bir təcrübədir. Seçdiyiniz istiqamət üzrə elmi rəhbərin tapılması ən mühüm məqamlardan biridir. Mənim ixtisasım maliyyə olmasına baxmayaraq, makroiqtisadi miqyasda araşdırma aparmaq əsas məqsədlərimdən biri idi. Məhz bu minvalla, uzun sürən araşdırmalardan sonra mənim gələcək elmi fəaliyyətimlə birbaşa əlaqəli olan elmi rəhbəri tapa bildim. Onun 40 ildən çox təcrübəsi məni olduqca heyrətləndirdi. Məhz ona görə Sent İştvan Universitetini seçdim.

 – Macarıstan təhsil sistemi ilə Azərbaycan təhsil sistemi arasında əsasən hansı fərqlər və üstünlüklər var?

Azərbaycan və Macarıstanın malik olduğu təhsil sisteminin özünə məxsus oxşar və fərqli cəhətləri mövcuddur. Doktorantura pilləsi üzrə təshil daha çox fərdi münasibətlər üzərində qurulduğu üçün tələbə ilə elmi rəhbər arasındakı əməkdaşlıq ən önəmli məqamlardandır. Elmi rəhbərim daha öncə internet vasitəsi ilə müzakirələr aparmışdım. Lakin əyani olaraq onu gördükdən sonra, bir daha seçimimdə yanılmadığımın şahidi oldum.

 – Siz Macarıstan dövlətinin büdcəsindən maliyyələşən təqaüd proqramı ilə təhsil alırsınız? Bu təqaüd proqramını qazanmaq çətin olmadı ki?

Bəli. Bu təqüdə layiq görülən ilk azərbacanlı tələbləri sırasında mənim də olmağım, olduqca qürurvericidr. İstər Azərbaycan Respublikasının Təhsil Nazirliynin səmimi kollektivinin,  istərsə də xaricdə təhsillə bağlı gəncləri məlumatlandıran insanların səmərəli fəaliyyəti nəticəsində, bütün seçim mərhələlərini dəqiq izləyərək uğur əldə edə bildim.

 – Gödöllö şəhərində asudə vaxtı məşğuliyyətiniz nədən ibarətdir? O cümlədən Gödöllöyə gələn digər əcnəbi tələbələr öz asudə (boş) vaxtlarını necə keçirirlər?

Məlumat üçün bildirmək istərdim ki, Gödöllö şəhəri Budapeştin də daxil olduğu Peşt ərazi vahidinə daxildir. Bu o deməkdir ki, nəqliyyat vasitəsindən asılı olaraq 25-40 dəqiqə sərf etməklə Budapeşt şəhərinin mərkəzinə rahatlıqla çatmaq mümkündür. Gödöllö şəhəri təbiətin öz əsrarəngizliyi və sakitliyi ilə cəlb edir. Asudə vaxtın təşkili istiqamətində bir sıra idman qurğuları, əyləncə və ticarət mərkəzləri, mədəni-tarixi abidələrin rolu böyükdür. Yerləşdiyimiz yataqxanada əcnəbi tələbələrin bir yerdə cəmləşməsi, mədəniyyətlərarası əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Bu istiqamətdə həftə sonları mütamadi olaraq dəyirmi çay masası ətrafında səmimi müzakirələri xüsusilə qeyd etmək yerinə düşərdi.

 – Macarıstanı, Gödöllö şəhərini və universitetinizi hansı səbəblərə görə xoşlayırsınız?

Macarıstanın keçmiş olduğu tarixi və iqtisadi təcrübə məni ən çox cəlb edən cəhətlərdən biridir. Gödöllö şəhəri məni paytaxt Budapeştə yaxınlığı, sakit təbiəti və qonaqpərvər yerli insanları ilə cəlb edir. Sent İştvan Universiteti bir neçə əsrlik tarixə malik olmaqla yanaşı müxtəlif ixtisaslar üzrə, özəlliklə də aqrar sahədə dünyada tanınmış ən nüfuzlu universitetlərdən biridir.

 – Xaricdə təhsil alan tələbələr universitet və ölkə seçərkən hansı xüsusiyyətlərə fikir verməlidirlər? Xaricdə təhsil almağa hazırlaşan gənclərimizə nə məsləhət görə bilərsiniz?

Təbii ki, seçim etmək olduqca çətin və eyni zamanda məsuliyyətli bir addımdır. Bu qərar təhsil istiqamətindən, pilləsindən və tələbənin istəyindən birbaşa asılır. Müəyyən sahələr üzrə bir sıra ölkələr ixrtisaslaşmışdır. Həmçinin Macarıstanda çoxşaxəli ixtisas seçimi ən cəlbedici cəhətlərdən biridir. Doktorantura pilləsi üzrə təhsil alan tələbə kimi, bu pillədə təhsilini davam etdirmək niyyətində olan gənclərə tövsiyə etmək istərdim ki, universitetin nüfuzu və ixtisaslaşma ilə yanaşı əməkdaşlıq edəcəyi ən münasib elmi rəhbərin tapılmasına daha çox üstünlük versinlər. Çünki yalnız bununla daha uğurlu nəticələr əldə etmək olar. 

 – Maraqlı müsahibəyə görə təşəkkür edirik.

Bir daha diqqətinizə, dəyərli vaxtınıza görə təşəkkür edir və bütün gənclərin tezliklə məqsədlərinə nail olmalarını arzu edirəm.

463 1

 

Mənbə: telebe.az

0 şərh