Ağrı

Ağrı — toxumalarda üzvi və ya funksional dəyişikliklərə səbəb olan zədələyici amillərin törətdiyi mürəkkəb psixofizioloji vəziyyətdir.
Digər hissiyyatlardan fərqli olaraq, nə ağrını törədən spesifik qıcıq, nə də qəbul edən xüsusi reseptor yoxdur. Hər hansı qüvvəli qıcıq ağrı törədir və bütün yalın sinir ucları bu qıcığı qəbul edir.
Ağrı nə qədər əzabverici olub, insan ondan can qurtarmağa çalışsa da, onun böyük bioloji əhəmiyyəti vardır. Ağrı orqanizmə təhlükəli amilin təsiri barədə xəbərdarlıq edir, orqanizmdə həmin amillə mübarizəyə yönəlmiş mühafizə reaksiyalarının formalaşmasına səbəb olur, xəstəni həkimə getməyə məcbur edir və həkimə diaqnozu müəyyənləşdirməkdə kömək göstərir.
Odur ki, həkim gələnədək ağrını aradan qaldırmaq üçün qohum-qonşunun tövsiyəsi ilə tədbirlər görmək məsləhət deyil. Həm də ağrının xüsusiyyətlərinə diqqət yetirmək lazımdır. Ağrı kəskin, küt, kəsici, deşici, yandırıcı və s. ola bilər. Səthi və dərin, erkən və gecikmiş, somatik və visseral ağrı ayırd edilir.
Stenokardiya tutması zamanı ağrı, ürəkdən başqa, sol qolda, kürəkdə, boyunun və başın sol tərəfində də hiss edilir. Həzm sisteminin xəstəliklərində ağrı yeməkdən əvvəl və ya sonra, bəzən gecəyarısı, acqarına ola bilər. Revmatizm və s. zamanı ağrı ilin fəsillərindən asılı olaraq şiddətlənir.
Ağrının şiddəti həmişə xəstəliyin ağırlıq dərəcəsinə müvafiq gəlmir. Bəzən elə bir təhlükəli olmayan zədələnmə şiddətli ağrı törədir və ya daxili orqanların ağır zədələnmələri zəif ağrıya səbəb olur.
İnsanın ağrını hiss etməsinə onun ali sinir fəaliyyətinin tipi, psixo-emosional vəziyyəti, bir sıra xarici mühit amilləri təsir edir. Şizofreniyanın bəzi formaları, beyinin alın payının zədələnməsi, alkoqol sərxoşluğu ağrı hissinin itirilməsinə səbəb ola bilər. Bəzən ağrı hissi anadangəlmə olmur.
Sinirlərin xronik zədələnməsi onların innervasiya etdikləri nahiyələrdə tutmaşəkilli ağrıya səbəb olur ki, bu, nevralgiya adlanır. Odlu silah yaralanmaları və s. nəticəsində zədələnmiş sinirlərin innervasiya etdiyi nahiyələrdə vazomotor dəyişikliklər, şiddətli tər ifrazı, toxuma trofikasının pozulması ilə müşayiət olunan əzabverici ağrılara kauzalgiya deyilir.
Ağrı reflektor surətdə simpatik sinir sisteminin fəaliyyətini artırmaqla adrenalinin, hipofizin arxa payının hormonlarının, kortikosteroidlərin sekresiyasını artırır, orqanizmdə bir sıra neyro-endokrin dəyişikliklərə səbəb olur. Nəticədə əzələ tonusu artır, ürək fəaliyyəti və tənəffüs sürətlənir, damarlar daralıb arterial təzyiq yüksəlir, bronxlar genəlir, mədə-bağırsaq sisteminin fəaliyyəti ləngiyir, sidik ifrazı azalır, tər ifrazı artır, bəbəklər genəlir, qanın laxtalanma qabiliyyəti artır və s.
Bununla belə diaqnoz müəyyən edildikdən sonra ağrı hissinin aradan qaldırılması vacibdir. Bu məqsədlə fiziki, farmakoloji, psixoprofilaktika və neyrocərrahı üsullardan istifadə edilir.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

Həmçinin bax: Döş ağrılarıBaş ağrıları

0 şərh