Şok

Şok (fransızca şok — zərbə) — fövqəladə qıcıqların orqanizmin neyrohumoral tənzim mexanizmlərində törətdiyi reflektor pozulmalar nəticəsində əmələ gələn və mərhələlərlə inkişaf edən patoloji vəziyyətdir. Tipik patoloji proses kimi şok uyğunlaşma xarakteri daşıyıb, ekstremal şəraitdə həyatın mühafizə edilməsinə yönəlmiş passiv qoruyucu reaksiyalar kompleksi hesab edilə bilər.
Şokun etioloji və patogenetik əlamətlərə əsaslanan aşağıdakı təsnifatı vardır:
I. Ağrı ilə əlaqədar şok.
1) ekzogen ağrı (travmatik, elektrikvurma, yanıq, donma, operasiya və s.) nəticəsində şok;
2) endogen ağrı (kardiogen, nefrogen, həzm orqanlarının xəstəlikləri və s.) nəticəsində şok.
II. Humoral amillərlə əlaqədar şok (hemotransfuzion, anafilaktik və s.).
III. Psixogen şok.
Şokun patogenezində nevrogen və mikrosirkulyator mexanizmlər, akapniya (qanda karbon qazının olmaması və ya azalması), toksemiya (qanda zəhərli mübadilə məhsullarının toplanması) və s. rol oynayır. Şokogen amil mərkəzi sinir sisteminin həddən artıq qıcıqlanmasına səbəb olur, sonra isə güclü oyanma dərin ləngimə ilə əvəz olunur. Buna müvafiq olaraq şokun gedişində 2 mərhələ — erektil və torpid mərhələlər ayırd edilir. Kəskin oyanma ilə gedən erektil mərhələ çox qısa olub, cəmi bir neçə dəqiqə çəkir. Arterial təzyiq yüksəlir, ürək fəaliyyəti və damarlarda qan cərəyanı sürətlənir. Daxili orqanların əksəriyyətinin, həmçinin ürək əzələsinin damarlarında spazm xarakterli dəyişikliklər, şokun əvvəlində stress vəziyyətinin əmələ gəlməsi simpato-adrenal sistemin aktivləşməsi, böyrəküstü vəzidə kortikoidlərin və katexolaminlərin (adrenalin, noradrenalin) sekresiyasının artıb, qanda səviyyəsinin yüksəlməsinin nəticəsidir.
Erektil mərhələnin ardınca mərkəzi sinir sisteminin bütün səviyyələrində dərin ləngimə törənir və torpid mərhələ başlanır. Bu mərhələ bir neçə saatdan bir neçə günədək davam edə bilər. Orqanizmin bütün funksiyaları kəskin surətdə pozulur. Arterial təzyiq düşür, dövr edən qanın həcmi azalır, nəbz tezləşir (1 dəqiqədə 200 vurğuya çata bilər), amma dolğunluğu azalır. Bəzən taxikardiya bradikardiya ilə əvəz olunur ki, bu da proqnozun pis olduğunu göstərir, çünki ürək əzələsinin ehtiyat qüvvəsinin tükənməsinin nəticəsidir. Beyin qabığında parabiozun mərhələlərinə müvafiq dəyişikliklər müşahidə edilir. Əvvəlcə xəstə zəif qıcıqlara (məsələn, pıçıltı ilə deyilən sözə) cavab verir, qüvvətli qıcıqlara reaksiya vermir, sonra isə heç bir reaksiyası olmur.
Ağır hallarda tənəffüs seyrəkləşir, dövri tənəffüs müşahidə edilir və xəstə tənəffüs mərkəzinin iflicindən ölə bilər.
Çox vaxt şokun ağırlıq dərəcəsini arterial təzyiqin hansı səviyyəyədək enməsinə əsasən müəyyən edirlər. I dərəcəli (yüngül) şok zamanı sistolik təzyiq civə sütununun 100-90 mm-dək, II dərəcəli (orta ağırlıqlı) şokda 90-70 mm-dək enir və III dərəcəli (ağır) şokda 70 mm-dən aşağı olur. Amma nəzərə almaq lazımdır ki, bəzən arterial təzyiqin enməsi şokun ağırlığına tam müvafiq olmaya bilər. Odur ki, Allgever göstəricisindən, yəni nəbz tezliyinin sistolik arterial təzyiqə nisbətindən də istifadə edilir. Bu göstərici sağlam şəxsdə 0,5 — 0,6 olub, şokun ağırlığına müvafiq olaraq artır (I dərəcə — 0,7-0,8; II dərəcə — 0,9-1,2; III dərəcə — 1,3 və yuxarı).
Şok zamanı bütün daxili orqanların fəaliyyəti pozulur. Ağciyərlərin və böyrəklərin funksiyalarının pozulması şokun patogenezində mühüm rol oynayır.
Şokun müalicəsinə mümkün qədər tez başlamaq lazımdır. Müalicənin prinsipləri hər bir konkret təsadüfdə klinik mənzərədən asılı olsa da, ağrının törətdiyi hər hansı etiologiyalı şok zamanı vacib olan ümumi tədbirlər də vardır.
İlk növbədə patoloji impulsların qarşısını almaq lazımdır ki, bu məqsədlə də ümumi narkoz, travmatik şok zamanı travma nahiyəsində novokain blokadası tətbiq edilir. Qan dövranının və tənəffüsün pozulmasının qarşısını almaq üçün qan və ya şok əleyhinə mayelər köçürülür, tərkibində çoxlu oksigen (hipoksiyanı aradan qaldırmaq üçün) və karbon qazı (tənəffüs mərkəzini stimulyasiya etmək üçün) olan qaz qarışıqları ilə inhalyasiya edilir; lobelin, sititon, kofein və s. dərmanlar işlədilir.
Xəstəni isindirmək və xarici qıcıqlardan maksimal dərəcədə qorumaq lazımdır.
Şokun ayrı-ayrı növlərinin öz xüsusiyyətləri də vardır. Yanıq şoku zamanı şiddətli ağrı nəticəsində erektil mərhələ olduqca qısadır, torpid mərhələ isə çox ağır gedir. Xəstə çox maye itirir, qanı şokun digər formalarına nisbətən daha çox qatılaşır. Odur ki, qan yox, plazma və ya fizioloji məhlul köçürmək lazımdır. Geniş yara səthindən toxumaların dağılması məhsulları sorulub, intoksikasiya törətdiyindən, dezintoksikasiya tədbirləri görülməlidir (tərkibində qlükoza, vitaminlər olan çoxlu miqdarda maye yeridilməsi, hemodializ, hemosorbsiya). Yara səthinin infeksiya qapısı olduğunu nəzərə alaraq, antibakterial terapiya aparmaq lazımdır.
Elektroşok zamanı elektrik cərəyanı başdan və ya döş qəfəsindən keçmişsə, ürəyin qapalı masajı və süni tənəffüs tətbiq edilir.
Miokardın geniş infarktı zamanı törənən kardiogen şok təsadüflərinin 80 — 90%-i ölümlə nəticələnir. Şokun bu formasında ilk növbədə ağrını aradan qaldırmaq, həmçinin miokardın ödeminə (venaya qlükokortikoidlər yeridilməsi) və kollapsa (diuretiklərin tətbiqi) qarşı tədbirlər görmək lazımdır. Hemotransfuzion şok xəstəyə uyğun olmayan qan köçürdükdə törənir. Eritrositlərin hemolizinin məhsulları, xüsusən böyrəkləri zədələyir. Hətta şokdan çıxmış xəstə daha sonra böyrək çatışmazlığından ölə bilər. Odur ki, müalicə kompleksinə mütləq hemodializ və hemosorbsiya daxil edilməlidir.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

Həmçinin bax:

Anafilaktik şok

 

0 şərh