İshal və qusma zamanı ilk tibbi yardım

Böyüklərdə çox güclü olmayan ishal və qusma çox az hallarda həyat üçün təhlükəli hesab olunan vəziyyətin və xəstəliyin olmasını göstərə bilər.

Ancaq ishal və xüsusən də qusma sizdə kifayət qədər tez-tez baş verdikdə, həkim-qastroenteroloqa getməyi təxirə salmayın. Qastroenteroloq sizi müayinə etdikdən sonra lazım olduğu halda digər mütəxəssislərin də müayinəsinə göndərə bilər. Tez-tez baş verən qusma sinir sistemində olan bəzi xəstəliklərin əlaməti ola bilər!

İshal və ya diareya (yunanca "diarrheo" - "axıram" sözündəndir) - defekasiya aktının gün ərzində 2 dəfədən çox olmasıdır ki, bu zaman nəcis duru və ya horra şəklində olur. Diareya orqanizmdə əksər hallarda həzm sistemində hər hansı bir pozğunluğun olmasının əlamətidir. İshalın əsas səbəbləri aşağıdakılardır:

- bağırsaq infeksiyaları: dizenteriya, salmonellyoz, virus xəstəlikləri və s.;

- bu və ya digər qidaya qarşı olan allergiya;

- həzm sistemi orqanlarının xroniki xəstəlikləri (qastrit, kolit, enterit, pankreatit, hepatit və s.) ;

- kəskin zəhərlənmələr;

- nevrozlar, həyəcan, qorxu;

- bundan əlavə, səyyahların diareyası (mədə-bağırsaq sistemi onun üçün qeyri-adi olan qidalara ishal ilə cavab verə bilər) adlanan bir formanı da qeyd edirlər.

Böyüklərdə güclü olmayan diareya, 1-2 gün ərzində heç bir müalicə aparılmadan da öz-özünə keçib gedə bilər. Bu halda bağırsağı "bərkidən" dərmanlar qəbul edilməsi məsləhət görülmür. Əksinə, bu zaman bağırsağın diareyanı əmələ gətirən mikroblardan, allergenlərdən, toksinlərdən və s. zərərli faktorlardan öz-özünə azad olmasına imkan vermək lazımdır. Bunun öhdəsindən gəlmək üçün bağırsağa "kömək" göstərilməsi məqsədi ilə "smekta" preparatından istifadə etmək olar. Bu preparat həzm sisteminin selikli qişasını bağırsaqdakı mikroorqanizmlərin zərərli təsirindən qoruyur, toksinləri absorbsiya edərək (özünə hopduraraq) bağırsaqdan xaric edir. Əgər smekta olmazsa, 10 tablet aktivləşdirilmiş kömürü qaynanmış ilıq suda əzməklə xırdalayaraq, yaxşı-yaxşı qarışdırdıqdan sonra içmək olar.

Güclü olmayan diareya zamanı pəhrizə əməl edilməsi də müalicəvi təsir göstərir. Qidanı az miqdarda, ancaq daha tez-tez qəbul edin, yağlı, qızardılmış, duzlu qidalardan, qəhvə və süd, təzə meyvə və tərəvəzlərdən, ədviyyatlardan imtina edin. Bu zaman banan, suda bişirilmiş düyü, alma püresi, suxari, dovğa, yağsız yoqurt, buğda bişirilmiş alma qəbul edilməsi məsləhət görülür. Nar qabığı dəmləməsi, qaragilə kiseli, zoğal mürəbbəsi ilə çay, nanə dəmləməsi (2 çay qaşığı nanə + 1 stəkan qaynar su) bağırsağın "bərkiməsinə" kömək edir.

Diareyanın baş verdiyi aşağıdakı hallarda isə tez bir zamanda həkimə müraciət etmək lazımdır (xəstənin vəziyyətindən asılı olaraq "təcili yardım" çağırmaq və ya xəstəni xəstəxanaya aparmaq):

- güclü diareya güclü qusma ilə müşayiət olunduqda, xəstənin vəziyyəti göz qabağında ağırlaşdıqda;

- diareya 2 gündən artıq davam etdikdə;

- nəcisdə qan izlərinin görünməsi;

- nəcisin qara rəngdə olması;

- xəstə qarnında kəskin ağrı hiss etdikdə;

- hərarət kəskin şəkildə yüksəldikdə.

Qusmanın baş verməsinin ən çox təsadüf edilən səbəbləri: mədə-bağırsaq sisteminin xəstəlikləri, qida zəhərlənmələri, virus infeksiyaları, hamiləliyin toksikozları. Qusmanın baş verməsinin az təsadüf edilən səbəbləri: ürək xəstəlikləri, böyrək daşı xəstəliyi, miqren zamanı baş ağrısı, beyinin xəstəlikləri (şişləri və ya meningit). Qusma, adətən, hər hansı bir tibbi müdaxilə olmadan tez bir zamanda keçib gedir. Qusma zamanı aşağıdakı hallarda tez bir zamanda "təcili yardım" çağırmaq tələb olunur:

- qusma çox güclüdürsə və tez-tez təkrar olunursa;

- əgər güclü qusma güclü ishal ilə müşayiət olunursa;

- qusuntu kütlələrində təzə qan və ya öd (yaşıl rəngli maye) olarsa.

Bu zaman "təcili yardım" gələnə qədər xəstəyə tam sakitlik vermək, ona içməyə və yeməyə heç nə verməmək, qusuntuda qan qarışığı olduqda isə qarının üzərinə içərisində buz olan paket qoymaq lazımdır.

İshal və qusmanın təhlükəli olan, ancaq böyüklərdə, adətən, nadir hallarda təsadüf edilən fəsadlarından biri - orqanizmin susuzlaşmasıdır. Susuzlaşma zamanı insanın su-elektrolit balansı və nəticədə orqanizmin bütün funksiyaları pozulur.

Yüngül və orta dərəcəli susuzlaşmanın əlamətləri: susuzluğun kəskin artması, sidik ifrazının azalması (sidiyin rəngi tünd sarı və ya qəhvəyi rənq alır), ağızın quruması (ağız suyu yapışqan olur), dərinin çox quru olması, zəiflik, əzginlik, başgicəllənməsi, ürək döyünməsinin tezləşməsi. Yüngül və orta dərəcəli susuzlaşmanı ev şəraitində müalicə etmək olar. Bunun üçün xəstəyə orqanizmin balansını bərpa edən xüsusi mayelər (misal üçün, rehidron) içirtmək lazımdır. Bu preparatlar toz şəklində apteklərdə satılır. 1 qablaşdırma 1 l qaynanmış suda həll olunur. Hər qusma və ishaldan sonra xəstəyə 5-10 qurtum içizdirmək lazımdır (daha çox içilməsi məsləhət görülmür - bu, qusmaya səbəb ola bilər).

Orqanizmdə mayenin bərpa edilməsi üçün lazım olan məhlulu ev şəraitində də hazırlamaq olar: 1 çay qaşığı (üst səthi ilə bərabər) xörək duzu, 4 çay qaşığı səkər tozu, 1,5 çay qaşığı çay sodası qarışdırılır, uzərinə 1l su əlavə edilir, 2-3 dəq. qaynadıldıqdan sonra soyudulur.

Güclü susuzlaşma hətta ölümlə də nəticələnə bilər! Güclü susuzlaşma yalnız xəstəxana şəraitində vena daxilinə xüsusi məhlullar yeritməklə müalicə olunur. Güclü susuzlaşmanın əlamətləri - sidik ifrazının kəskin azalması, hətta tamamilə kəsilməsi, dərinin çox quru, isti olması, yüksək hərarət, huşun itirilməsi, qıcolmalar. Bu halda xəstəni vaxt itirmədən xəstəxanaya çatdırmaq lazımdır. Xəstənin vəziyyəti ağır olduqda dərhal "təcili yardım" çağırın.

Güclü susuzlaşma təhlükəli haldır. Bu səbəbdən onun profilaktikasını aparmaq lazımdır - susuzlaşmanın ilk simptomları meydana çıxan kimi, xəstəyə dehidratasiya (su balansının bərpa edilməsi) üçün xüsusi məhlullar içirtmək, güclü qusma və ishal olduğu zaman xəstəni tez bir zamanda xəstəxanaya çatdırmaq lazımdır.



Uşaqlarda ishal və qusma

Uşaqlarda çoxsaylı ishal və qusmanın olması böyüklərə nisbətən xeyli dərəcədə təhlükəli hesab edilir. Uşaqlarda çoxsaylı ishal və qusma - əksər hallarda kəskin bağırsaq infeksiyasının (KBİ) əlaməti olur. KBİ zamanı uşaqlarda üşütmə, soyuq tər, hərarətin xeyli yüksəlməsi və hətta qıcolmalar da müşahidə edilə bilər. Belə halda dərhal uşağı nəzarətdə saxlayan pediatrı evə dəvət etmək və ya "təcili yardım" çağırmaq lazımdır. Kəskin bağırsaq infeksiyası olan uşağı yalnız həkim müalicə etməlidir!!!

Həkim gələnə qədər heç bir halda uşağa ishalı aradan götürən və qusmaya qarşı olan dərmanlar verməyin - orqanizmə daxil olan zəhərlər və toksinlər qusma və ishal zamanı bədəndən xaric olur. Uşağa həmçinin ağrıkəsicilər və s. dərmanlar vermək və onu yedizdirmək də olmaz. Uşağın nəcisini mütləq saxlayın (pampers və ya güvəcdə) və həkim gəldikdə ona göstərin.

Çoxsaylı ishal zamanı uşaq xeyli miqdarda su, onunla birlikdə isə mineral duzları itirir. Bu hal orqanizmin susuzlaşması adlanır. Uşaqda bədənin güclü şəkildə susuzlaşması çox qısa bir müddət ərzində onun həlak olması ilə nəticələnə bilər. YADDA SAXLAYIN - uşaq nə qədər kiçik olarsa, onun orqanizmi su və mineral duzların itirilməsinə qarşı daha həssas şəkildə reaksiya verir, onun vəziyyəti isə daha ağır olur.

Orqanizmin susuzlaşmasının əlamətləri:

- uşaq yuxulu, əzgin, süst olur;

- dəri quru, avazımış olur, büzüşür və bu büzüşlər çətinliklə hamarlanırlar;

- ağız boşluğunun selikli qişası quru və parlaq olur;

- dil quru, qatı, yapışqan seliklə örtülü olur;

- gözlər sönük, axan, körpələrdə əmgək bir qədər batmış olur.

Bədənin susuzlaşması artdıqca, uşağın vəziyyəti daha da ağırlaşmağa başlayır - güclü istilik əmələ gəlir, uşaq su içməkdən imtina edir və demək olar ki, sidiyə getmir, bəzən uşaqda qıcolmalar və sayıqlamalar baş verir.

Məhz buna görə, uşaqlarda qusma və ishal baş verdikdə mütləq evə pediatrı çağırın. Əgər uşağın vəziyyəti tez pisləşirsə, qusma və ishal tez-tez təkrarlanır, fasiləsiz xarakter alırsa, dərhal "təcili yardım" çağırın!

Uşaqda çox da güclü olmayan ishal və qusma zamanı ilk tibbi yardım bunlardan ibarətdir:

1. Uşağı 1 dəqiqə də olsa nəzarətsiz qoymayın. Qusma zamanı maye tənəffüs yollarına düşərək uşağın həlak olmasına səbəb ola bilər.

2. Qusma baş verərkən uşağı otuzduraraq bədənini bir qədər önə əymək lazımdır (bununla siz qusuntu kütlələrinin tənəffüs yoluna düşməsinin qarşısını almış olursunuz). Əgər uşaq xeyli zəiflədiyi üçün otura bilmirsə, onu yatağa uzatmaq və bu zaman başını mütləq yana çevirmək, balışı götürmək lazımdır.

3. Əgər uşağın hərarəti yüksək olarsa, onu mütləq aşağı salmağa cəhd edin (yüksək hərarət zamanı ilk tibbi yardım barədə 12-ci səhifədə oxuya bilərsiniz).

4. Hər nəcis ifrazından sonra kiçik uşağı ilıq su ilə yuyun, dərisini toxundurucu hərəkətlərlə dəsmalla qurudun və xüsusən də anal dəlik ətrafına uşaqlar üçün olan xüsusi krem sürtün.

5. Uşağa "smekta" preparatını verin. 1 yaşınadək olan uşaqlara smekta preparatını günə 1 paket olmaqla, 1 yaşından 2 yaşınadək günə 2 paket olmaqla, 2 yaşından yuxarı olanlara isə günə 2-3 paket olmaqla təyin edirlər. 1 smekta paketini 50 ml qaynadılmış ilıq suda həll edib gün ərzində 1 neçə dəfə uşağa içirtmək lazımdır.

6. Uşağa mütləq su balansını bərpa edən məhlullar (məsələn, "rehidron") içizdirin. Rehidron paketini 1 litr qaynanmış ilıq suda həll etmək lazımdır. Mayenın bir neçə qaşığını (körpələrdə - 2-3 çay, bir qədər böyük uşaqlarda - 2-3 xörək qaşığı) uşağa hər qusmadan və ya ishaldan sonra içizdirmək lazımdır. Dehidratasiya üçün olan mayeləri artıq içizdirmək olmaz! Bu, qusmaya səbəb ola bilər.

7. YADDA SAXLAYIN! Əgər sizin uşağınızın hələ 1 yaşı olmayıbsa, duzlu məhlulları uşağa verməmişdən əvvəl 1:1 nisbətində qaynadılmış su ilə durulaşdırmaq lazımdır! Uşaqda susuzlaşma əlamətləri əmələ gəldikdə isə dərhal "təcili yardım" çağırmaq lazımdır!

Mənbə: Ailə Tibb Ensiklopediyasıİlk Tibbi Yardım

2 şərh

bahar
Məlumata görə çox sağolun.
kentavr
Bu bilgilerle  beraber bagirsaq qurdlari barede de valideynlerin bilgisi olsa yaxsidir!