Müasir dövrdə elektron bankinq

Ticarət və iqtisadiyyatda baş verən dəyişikliklərdə informasiya texnologiyaları aparıcı qüvvə kimi çıxış edir. 1950-ci illə müqayisədə qlobal ticarət 50 dəfə daha genişdir, və genişlənməkdə davam edir. Informasiya texnologiyası informasiyanın saxlanması, dəyişdirilməsi, ötürülməsi və qorunması üçün kompüter və proqram təminatının istifadəsidir. Texnologiyanın əlçatan, nisbətən ucuz və istifadəyə daha rahat olmasının dünya ticarəti və kommersiyasına böyük təsiri olmuşdur. Internet və WWW-nin yayılması ilə şirkətlər informasiya texnologiyalarına biznes aləti kimi, istifadəçilər isə informasiya texnologiyalarına yalnız məhsul və xidmətlərin əldə edilməsi imkanı kimi yox, həm də informasiya mənbəyi kimi də baxmağa başlayırlar. Bu da elektron kommersiya adlanan 21-ci əsrin fenomeninin inkişafına gətirib çıxarır. E-kommers çox sürətlə inkişaf edən sahədir, hansı ki iqtisadiyyatı, bazarı, sənaye strukturlarını dəyişir. E-kommersin inkişafı ilə əlaqədar olaraq bir çox biznes sahələri öz fəaliyyət strukturunu dəyişmişlər. Bu sahələrdən biri də bankinqdir. Hazırda banklar bir çox xidmətlərini onlayn rejimdə reallaşdırırlar, bu da elektron bankinqin adlanır.
Elektron bankinq dedikdə-texnika və texnologiyanın ən son yeniliklərinin ənənəvi bankçılıq sisteminə tətbiqi nəticəsində proses və əməliyyatların elektronlaşması, ənənəvi bankinqin kompüter, internet, bankomatlar vasitəsilə əvəz olunması başa düşülür. E-bankinq istifadəçilərə onlayn şəkildə hesabları ödəmək, borc götürmək, hesab balansını yoxlamaq, pul köçürmələri aparmağa imkan verir. E-bankinqin bank sisteminə və banklararası onlayn rəqabətə böyük təsiri var. Bank texnologiyalarının dəyişməsi ilə gündən-günə daha çox istifadəçi e-bankinq xidmətlərinə qoşulur. E-bankinq ənənəvi bank əməliyyatlarının xarakterini dəyişmişdir. Texnologiya, rəqabət, həyat tərzində olan dəyişikliklərin bankların hazırkı fəaliyyətinə böyük təsiri var. Rəqabətli bazar şəraitə tab gətirmək üçün banklar mövcud texnoloji yenilikləri daima izləməli və öz fəaliyyət sahələrinə tətbiq etməlidirlər. Ənənəvi qaydada istifadəçi bank əməliyyatlarını aparmaq üçün bankın ofisinə, filialına gəlməli idi. E-bankinq sayəsində isə istifadəçi vaxta və pula qənaət edir, belə ki bütün bank əməliyyatlarını istənilən yerdə istənilən vaxt apara bilər.
E-bankinq banklar və müştərilər arasındakı qarşılıqlı əlaqənin xarakterini dəyişmişdir-əməliyyatların virtual olaraq aparılması nəticəsində müştərilər bankın işçiləri ilə üzləşmirlər. Ona görə də banklar istifadəçilərinin etibarını qazanmaq məqsədilə yüksək səviyyəli e-xidmət təklif etməlidirlər. İstifadəçi bankın elektron xidmətlərindən istifadə etmək üçün fərdi kompüterə malik olmalı və internetə çıxışı olmalıdır. Fərdi kompüter istifadəçi üçün bankinq əməliyyatlarını yerinə yetirən virtual bankir rolunu oynayır. Məlum olduğıı kimi onlayn şəkildə istifadəçinin əldə edə biləcəyi e-bankinq xidmətlərinə hesab haqda məlumatın əldə edilməsi, bir hesabdan başqasına pul köçürmək, qəbzlərin ödənilməsi, qiymətli kağızların alınması və satılması daxildir. Mövcud tələbata uyğun olaraq bu xidmətlər daima inkişaf edir, yeniləşir. E-bankinq xidmətlərinin inkişafı ilə istifadəçilər hesablarından daha rahat istifadə edir, hesab haqda ixtiyari məlumatı alır. Banklar web texnologiyalara böyük məbləğdə pul investisiya edir və bu investisiyaların faydalı olacağını gözləyirlər. Internet istifadəçilərinin sayı getdikcə artır, bu da istifadəçilərin daha məlumatlı olmasına, onların mövcud xidmətlərə olan tələbatının artmasına, yeniliklər axtarışında olmalarına gətirib çıxarır. Buna görə də e-kommers və xüsusilə də e-bankinq sahəsində istifadəçilərin arzu və istəklərinin nəzərə alınması rəqabətli bazar mühitində böyük əhəmiyyətə malikdir. Bu gün müştərilərinin tələbini nəzərə alan şirkət uğurlu sayılır. Müştərilərin tələblərinə diqqət yetirən şirkət/bank müştərisinin etibarını qazanır. Bu baxımdan istifadəçi haqda məlumat əldə etmək əsas aspektdir. Müştərilərin tələb və istəkləri haqda kifayət qədər məlumata malik olmayan internet bankinq xidməti istifadəçilərinin inamını qazanmaqda çətinlik çəkəcək. Artıq 1980-ci ilin sonlarından tədqiqatçılar əmin idilər ki uğur qazanmaq istəyən şirkət göstərilən xidmətin keyfiyyətinə daha çox üstünlük verməlidirlər. Müştərilərinə də yüksək keyfiyyətli xidmət göstərmək istəyən şirkət ilk olaraq istifadəçilərinin tələb və istəklərini nəzərə almalıdır. Məlum olduğu kimi web-only yalnız internetdə fəaliyyət göstərirlər. Buna görə də müştərilərin məmnun qalmaları e-xidmətin səviyyəsindən asılıdır. E-xidmətin səviyyəsinə bu 5 element təsir edir: Istifadənin asanlığı, web saytın dizaynı, müştərinin tələbinə görə uyğunlaşdırma, cavabdehlik və təminat vermə. Təminat vermə təhlükəsizlik və məxfilik məsələlərini əhatə edir. Müştərinin etibarının qazanılmasında bunlar çox önəmlidilər. Təhlükəsizlik üçüncü şəxsin istifadəçi haqda məlumat əldə etməsi ilə bağlıdır. Elektron bankinqin bir neçə fəaliyyət növü mövcuddur. Məsələn, müştərilərə əməliyyatlarını onlayn şəkildə aparmağa imkan verən EFT xidməti. Müştəri 24 saat işləyən ATM-dən istifadə edərək hesabından pul götürə, balansını öyrənə, bir hesabdan o birinə pul köçürə bilər. Həmçinin müştərilər Pay-by-Phone (telefon bankinq) xidmətindən istifadə edərək istifadəçisi olduğu maliyyə institutuna zəng edə, hesabları ödəmək və ya hansısa hesaba pul köçürmək kimi göstəriş və tapşırıqlarını verə bilərlər. Xidmətin başqa növü də onlayn bankinqdir.
Bu xidmətlə istifadəçi öz fərdi kompüteri vasitəsilə bankın internet səhifəsinə daxil olmaqla müvafiq əməliyyatları apara bilər. Elektron bankinq və ya e-bankinq anlayışı həm kompüter həm də telefon bankinqi əhatə edir. Kompüter bankinq xidmətindən istifadə edərkən istifadəçinin kompüteri ya birbaşa olaraq bankın kompüterinə qoşulur, ya da internet vasitəsilə bankın kompüterinə qoşulur. Telefon bankinqdə isə istifadəçi telefon vasitəsilə göstərişlər verməklə əməliyyatları yerinə yetirir. Həm kompüter bankinq həm də telefon bankinqdə müştəri hesabından istifadə etmək üçün parola malik olur. Bu metodlardan istifadə etməklə günün 24 saatı hesab istifadəçi üçün əlçatan olur. Elektron bankinqin üstünlüyünü 4 kateqoriyada qruplaşdırmaq olar.
Ilk olaraq e-bankinq rahat xidmətdir. Istifadəçi istədiyi vaxt istədiyi yerdə əməliyyatlarını apara bilər. Bu xidmət həftənin 7 günü, günün 24 saatı istifadəyə hazırdır. Onlayn bankinq xidməti sayəsində bankın xərcləri azalır, nəticədəsə müştərilərdən tutulan haqq da azalır.
İkincisi, təhlükəsizliyin təmini. Hazırda e-bankinq sahəsində təhlükəsizliyin təmini üçün ən müasir texnologiyalardan istifadə olunur. E-bankinq vasitəsilə müştərilər öz hesabları üzərində nəzarətə malik olurlar. Yəni istifadəçi istənilən vaxt bankın işçilərinə müraciət etmədən öz hesabı haqda ixtiyari məlumatı ala bilər.
Nəhayət, e-bankinq vasitəsilə sövdələşmə aparmaq asanlaşır. Bura ATM-lərin, kredit və debet kartların, bankın onlayn səhifələrinin istifadəsi daxildir. Elektron bankinqin verdiyi faydaya 2 mövqedən baxmaq olar-bankın mövqeyindən və istifadəçilərin mövqeyindən. Bazar şəraitində istənilən şirkət və ya müəssisənin əsas istəyi xərcləri azaltmaq və gəliri çoxaltmaqdır. Məlum olduğu kimi e-bankinq xidmətlərinə keçid bankların xərclərini nisbətən azaldır. Çünki onlayn rejimdə fəaliyyət göstərən bankın çoxlu sayda filiallara ehtiyacı olmur, nəticə etibarı ilə də bankda işləyən işçilərin sayı da azalır. Bütün bunlar da bankın xərclərinin azalması ilə nəticələnir. Həmçinin müştəri e-bankinq xidmətlərindən istifadəyə görə haqq ödəməli olur, bu da banka gəlir gətirir. Məsələn, 2002-ci ilin məlumatına əsasən ABŞ-da telefon bankinq vasitəsilə aparılan hər bir əməliyyata görə 54 sent, bankomat vasitəsilə hər bir əməliyyata görə 27 sent, internet bankinq vasitəsilə hər bir əməliyyata görə 1.5 sent tutulur.
E-bankinq xidmətlərinə istifadəçilərin mövqeyindən baxaq. Istifadəçi üçün bu xidmətin ən üstün cəhəti rahatlıq və vaxta qənaətdir. Istifadəçi ona rahat olan vaxtda lazımi bank əməliyyatlarını apara bilər, belə ki e-bankinq xidməti əməliyyatları 24/7 rejimində aparmağa imkan verir. Qeyd olunmalıdır ki, sistemin mövcud üstünlükləri ilə yanaşı onun çatışmazlıqları da mövcuddur.
Bununla belə e-bankinqdəki əməliyyatları çətinləşdirən bəzi məsələlər qeyd olunmalıdır. Ilk olaraq istifadəçi fərdi kompüter vasitəsilə internetə qoşulmalıdır. Bu o deməkdir ki bank hesabına giriş ilk olaraq texnologiyadan asılıdır. Onlayn bankinq web server və kompüterlərin etibarlığından asılıdır. Onlarda nəsə problem baş versə istifadəçi öz hesabına daxil ola bilməyəcək. Texnika və texnologiyanın bu qədər geniş yayılmasına baxmayaraq elə insanlar var ki kompüterdən istifadə edə bilmirlər. Belə insanlar üçün onlayn bankinqdən istifadə ağlasığmaz gəlir. Nəhayət, müştəri nə vaxtsa bankını dəyişməyi qərara alarsa, o, proqram təminatını da əvəz etməli olacaq. İstifadəçi köhnə hesabı haqda bütün məlumatı yeni proqrama daxil etməli olacaq, bu da vaxt itkisinə səbəb olur.

 

3 şərh

Wizard

Düzünü de! Mənim diplom işimdən götürməmisən? :)


Doğurdan bu sahə Azərbaycanda hələ normal şəkildə araşdırılmayıb.Mən Diplom işimdə bu sahəni müdafiə edəndə müəllimlər qoyun kimi üzümə baxırdılar! Təkcə İnformatika kafedrasının bir balaca məlumatı var! (O da kafedra müdiri İT və Rabitə naziri olduğuna görə)


Dostumuza bu sahəni araşdırdığına görə təşəkkürlər!