Finikiya xurması

Xurmanı (finikiya palmasının meyvəsi) İraq ərazisində yaşamış şumerlər 9 000 il bundan əvvəl mədəniləşdirmişlər. Xurma Şərqin ən qiymətli ağaclarından biri sayılır. Haqlı olaraq ona çörək ağacı da deyirlər. Şübhəsiz ki, xurma Misirdə, Assuriyada, Finikiyada və İranda mədəniləşdirilib.
Qədim Misirdə-Fivada bir-birindən gözəl xurma palmaları becərilmişdir. Bu ölkədə o zamandan xurmanın şöhrəti həmişə yüksəkdə olmuşdur.
XIX əsrin axırında Misirdə 4 milyon ədəd bar verən finika palması var idi. Hər ağac ildə orta hesabla 150-160 kiloqram məhsul verirdi.
Tarixin atası Herodot yazır ki, Babilistan düzənliklərində finika palmaları ucalır, çoxu da məhsul gətirir. Palma meyvəsindən çörək, şərab və bal hazırlayırlar.
Finika palmasının Babilistan əhalisi üçün nə demək olduğundan bəhs edən Strabon yazır: «O, çörəkdir, şərabdır, baldır. Bu ağacdan həmçinin müxtəlif toxunma əşyalar hazırlayır, dəmirçilər onun tumlarını kömür yerinə işlədirlər, isladılmış tumları yem kimi öküzlərə və qoyunlara verirlər. Deyirlər ki, bir fars mahnısı vardır ki, orada palmanın 360 cür tətbiqindən söz açılır».
İslam intibahı dövründə (IX-XI əsrlərdə) İranın Kerman vilayətində bol xurma yetişdirilirdi. Bu əyalət, demək olar ki, bütün İranı xurma ilə təchiz edirdi. Bununla yanaşı, Kerman vilayətindən ildə 100 dəvə yükü qədər xurma göndərilirdi.
Ərəblərin həyatında xurmanın xüsusi əhəmiyyəti vardır. Xurmanın növləri də, ondan istifadə üsulları da çoxdur. Ərəbistanda sahibsiz finika palmasına rast gəlməzsən, gəlsən də bil ki, onun qayğı çəkəni vardır.
Rəvayətə görə Məhəmməd peyğəmbər ərəblərə müraciətlə demişdir: «finika palmasına səcdə edin, çünki o, sizin ananızdır».Ərəblər həqiqətən də palmanın qədrini bilir, onu həmişə uca tuturlar.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

 

0 şərh