Dəri tutumlar

Heyvan dərisindən tutumların, torbaların hazırlanması daş dövründən başlanır. Belə tutumlar ərzaq saxlamaq və hazırlamaq üçün istifadə edilir.
Keçi və qoyun dərisindən düzəldilmiş torbalarda dən, un, duz, pendir yaxşı qalır. Belə torbaları hazırlamaq üçün heyvanın dərisi bütöv çıxarılır, müəyyən qaydada emal edilir və torba (davarcıq) şəklinə salınır.
Qədim Babilistanda iri və xırda mal-qaranın qurudulmuş dərisindən məişətdə müxtəlif mayeləri saxlamaq üçün istifadə edirdilər.
Azərbaycanda ən qədim zamanlardan bəri yağı «qarın»dan hazırlanmış dəri qabda saxlamışlar. Bunun üçün kəsilmiş keçi və ya qoyun mədəsini çevirir, təmizləyib yaxşı yuyur, duzlayır, içərisini hava ilə doldurur, «boğazını» möhkəm bağlayır və qurumaq üçün asırlar. Bir neçə gündən sonra «qarın»ı yumşaldıb istifadə edirlər. Ölçüsündən asılı olaraq belə dəri qablara 8-dən 16 kiloqrama qədər yağ tökmək olur.
XII əsrdə ispanlar öküz dərisindən böyük tutumlar tikmiş və onu odda yaxşı emal etmişlər. Belə dəri tutumları ilk elastik sisternlər hesab etmək olar. Azərbaycanda öküz, inək dərisindən tikilmiş dol adlanan qabdan quyudan su çəkmək üçün istifadə olunurdu.
Başqırdlar at və ya iri mal-qaranın dərisindən ustalıqla müxtəlif qablar düzəldirdilər. Bu qablar at südünün sağılması, saxlanması, kumıs hazırlanması və gəzdirilməsi üçün istifadə olunmuşdur. Məlumdur ki, başqırdların həyatında bir ərzaq kimi kumısın böyük əhəmiyyəti var. Onlar dəridən mehtərə (murtay), butulka (botlok), vedrə (baş künək) və başqa qabları böyük ustalıqla tikirlər. Bunların içərisində «haba» on çox tutumlu olub 6 ÷ 12 vedrə süd tutur. Başqırdlar inək əmcəyinin dərisini emal etməklə qida məhsulu saxlamaq üçün dəri qab (murzay) düzəldirlər.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

Həmçinin bax:

 

0 şərh