Qəhvənin tarixi

İnsana gümrahlıq gətirən bu qiymətli bitkinin vətəni Efiopiyanın Kaffa şəhəridir. Qəhvənin kəşf edilməsi ilə bağlı bir əfsanə də vardır.
Şərqşünas alim F.Biber öz gündəliyində yazır: «Mən fikir verirdim, qoca Kaffiço iki kələ-kötür daşla qovrulmuş qəhvə dənələrini əzib, onu narın toza çevirir. Sonra tozu qatı balla qarışdırır, alınmış kütlədən kürəciklər düzəldir və onu qaynar suya atır.
Məni də qonaq etdilər. Qəhvənin qədim əcdadı çox xoşuma gəldi. Bir vaxtlar burada — Kaffa dağlarında qəhvə dənindən hazırlanmış içki çox dəbdə imiş. Qoca Kaffiço belə nəql edir ki, bir gün sürü meşədə otlayarkən qoyunlar, keçilər yerə tökülmüş qəhvə dənələrini yeməyə başlayırlar. Sonra da bütün gecəni yatmaq əvəzinə tullanıb-düşürlər. Bu kiçik dənələrin qeyri-adi təsiri çobanların diqqətini cəlb edir. Özləri də bu dənələrin dadına baxırlar. Hiss edirlər ki, gücləri və dözüm qabiliyyətləri artmışdır, gecə də yatmaq istəmirlər. Sonra çobanlar qəhvə dənlərini balaca qablarda qovurur və onu «buna» adlandırırlar».

Ədalətsiz olaraq qəhvə kolunun vətəni Ərəbistan yarımadası sayırlar. Ərəb tacirləri kolu Kaffadan Yəmənə aparıb və onu kaff kolu (və ya kaff ağacı) adlandırıblar. Buradan isə bütün dünyaya yayılıb. Kaffa — qəhvənin əsl vətənidir.
Yəməndə mədəniləşdirilmiş ilk qəhvə plantasiyaları XII əsrdə meydana gəlib. XII-XV əsrlərdə qəhvə ərəblər arasında geniş yayılmağa başlayır. XVI əsrdə artıq qəhvə içmək adəti Ədənə, Məkkəyə, Mədinəyə, Qahirəyə və sair şəhərlərə yayılır.XVIII əsrdə Yəmənin Beyt-əl-Fakih şəhəri qəhvə ticarəti mərkəzinə çevrilir.
Maraqlıdır ki, illər ötdükcə qəhvəyə münasibət müxtəlif olub. Əvvəlcə onu qida məhsulu kimi qəbul etmiş, sonralar şərab saymış, bir müddətdən sonra müalicə vasitəsi kimi hesab etmiş və nəhayət kütləvi içki kimi içmişlər.
Qəhvənin odda qovurulması təqribən yeddi əsr əvvəl baş vermişdir.
Onu içki kimi ilk dəfə istifadə edənlər ərəblər olmuşdur. Qəhvənin dəmlənmə üsulunu da onlar kəşf etmişlər.
Qəhvə bir zamanlar din xadimlərinin qəzəbinə düçar olub. 1511-ci ildə hökmlü Məkkə ruhanilərindən biri qəhvəxanaların bağlanmasına sərəncam verib. Buna əsas səbəb şəhər əhlinin qəhvə içərkən öz dərdlərini bölüşdürməsi olmuşdur. Camaatın bir yerə toplanması din xadimlərinə sərf etmirdi və ona görə də onlar bu addımı atmışdılar.

Qəhvənin tərkibində orqanizmə gümrahlıq verən, maddələr mübadiləsini yaxşılaşdıran, qan dövranını fəallaşdıran və ümumiyyətlə orqanizmin fəaliyyətinə müsbət təsir göstərən kofein vardır.
Bu maddəni süni surətdə almaq sevinci 1897-ci ildə alman kimyaçısı Q.Fişerə nəsib olmuşdur. Kofein müasir dövrdə təbabətdə bəzi xəstəliklərin müalicəsində tətbiqini tapıb. Lakin qəhvənin tibbi faydası insanlara çoxdan məlum idi. 1665-ci ildə saray həkimlərindən biri rus çarı Aleksandr Mixayloviçə belə məsləhət görür: «İranlılara, türklərə məlum olan və adətən nahardan sonra içilən… bişirilmiş qəhvə zökəmə, baş ağrılara qarşı olduqca güclü vasitədir».
Qəhvə İranda 875-ci ildə məlum olsa da, o qədər nüfuz qazana bilməyib.XVI əsrə qədər qəhvənin qədrini yalnız ərəblər bilib. 1546-cı ildə türklər Yəməni işğal edəndən sonra, suriyalı iki qəhvə ustası İstanbula gəlir və burada dünyanın ilk qəhvəxanasını açır.

Qəhvənin şöhrəti yavaş-yavaş Avropaya yayılır. 1615-ci ildə Türkiyədən Venesiyaya qəhvə gətirirlər.
1626-cı ildə Roma papasının səfiri Valle italyan elitası üçün ilk dəfə olaraq qəhvə dəmləyir. Bu içkini xoşlayan italyanlar bir müddətdən sonra — 1646-cı ildə Venesiyada ölkənin ilk qəhvəxanasını açırlar.
1644-cü ildə qəhvə Fransaya gedib çıxır. Burada qəhvənin taleyi daha uğurlu olur. Beləki, həmin il fransız kralı XIV Lüdovik qəhvəni rəsmi şəkildə fərmanla bir içki kimi təsdiq edir. 1672-ci ildə isə Parisdə «Prokopio» adlı qəhvəxana açılır. XVIII əsrdə bu kafe ən məşhur ədəbi görüş yerinə çevrilir. Fransanın görkəmli ədib və siyasi xadimlərindən Volter, Didro, Russo, Marat, Robespyer, Danton və başqaları görüşlərə gəlir, burada öz azad fikirlərini söyləyirlər. Əlli il keçəndən sonra Paris qəhvəxanalarının sayı 380-ə çatır.
Bu dövrdə qəhvə Hollandiyada da geniş yayılır. Qəhvənin insan orqanizminə xeyirli olduğunu bilən hollandiyalılar 1690-cı ildə Yava adasında qəhvə plantasiyaları salırlar.
1625-ci ildə İngiltərədə, daha doğrusu, London şəhərində ilk qəhvəxananı Türkiyədə kənizlikdə olduğu zaman qəhvə dəmləməyin sirlərini mənimsəmiş bir yunan qadını açır. Əsrin sonunda İngiltərədə qəhvəxanaların sayı artaraq üç mini keçir.

Qəhvə Hollandiyaya səfəri zamanı I Pyotrun xoşuna gəlir. O, Rusiyaya qayıdandan sonra — 1665-ci ildə saray əyanları arasında qəhvəni təbliğ etməyə başlayır. Lakin burada qəhvə yalnız XIX əsrin əvvəlində diqqəti geniş cəlb etməyə başlayır. 1668-ci ildə qəhvəni Amerikaya aparırlar.1830-cu ildə Hindistanda böyük qəhvə plantasiyaları salınır.
Qəhvə tünd yaşıl, işıldayan yarpaqları olan və hündürlüyü 4-5 metrə çatan tropik ağacdır. Hər ağac il ərzində üç kiloqrama yaxın qəhvə dəni gətirir. Bir hektar plantasiyadan yığılan məhsulun miqdarı iki tona çatır. Statistik hesablamalara görə indi Yer kürəsində qəhvə ağaclarının sayı təxminən 6,5 milyarda yaxındır.
Hal-hazırda iyirmi beşdən çox isti ölkədə, əsas etibarilə Afrika və Cənubi Amerikada 60 sortdan çox qəhvə yetişdirilir. Alınan məhsul dünyanın bir çox ölkələrinə ixrac edilir.
Qəhvəni ən çox Cənubi Amerikada işlədirlər. Burada qəhvə milli içki hesab olunur.
Hal-hazırda Braziliya ən çox qəhvə istehsal edən ölkə sayılır. Hesablamalara əsasən, demək olar ki, burada buraxılan məhsul dünya qəhvə istehsalının yarısını təşkil edir.
Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı
 
 

0 şərh