Dayə seçimi

Son zamanlar işləyən qadınların sayının artması onların ev, uşaq saxlamaq kimi işlərdə köməkçiyə ehtiyac duymalarına səbəb olub. Bağçaların azlığı, onların keyfiyyətli xidmətinə inamın olmaması valideynlərin dayələrə üz tutmasına səbbə olur. Amma hər uşaq baxan dayədirmi? Tarixən dayəlik daha çox yüksək təbəqədən olan, vəzifəli şəxslərin uşaqlarına baxan elmi, savadı ilə seçilən bir insan olub.

Amma dövr keçdikcə bu sahəyə olan münasibət dəyişməyə başlayıb. Artıq dayəlik iş tapa bilməyən və ya işdən qovulan orta yaşlı qadınların yeni qazanc yeridir. Yəni, onlar öz övladlarını böyütdükləri üçün bu sahədə yetərincə təcrübəli olduqlarını düşünürlər. Çünki bizim kimi cəmiyyətlərdə dayə sadəcə uşağın yeməyinə, geyiminə nəzarət edən, vaxtında yatıb durmasını təmin edən, və bəzən də ev işlərində köməkçi olan biridir. Əgər bir qadın bunları bacarırsa, deməli o normal dayə hesab oluna bilər. Əlbəttə, bu düşüncələr dayəlikdən daha çox xidmətçi peşəsinə uyğun gəlir. Ona görə də, illərdir bu sahədə inkişaf yox əks proses yaşanır. Yəni, dayəliyə hər kəsin görə biləcəyi bir iş kimi baxılır.

Sosioloq Rafiq Təmrazov da dayəliyin qədim tarixi olsa da, son dövrlər bu sahədə vəziyyətin ürək açan olmadığını deyir. “Dayələrin keyfiyyəti, təlim görmələri, göstərdikləri xidmət heç də ürək açan deyil. Ölkəmizdə dayəliklə bağlı ən ciddi problemlərdən biri bu sahə ilə məşğul olan insanların hüquqlarının pozulmasıdır. Çünki onlar müqavilə bağlaya bilmirlər, əmək hüquqları tanınmır, sosial müdafiə və vergi orqanlarından yayınırlar. Bu sahədə maarifləndirmə işi aparılmadığına görə, insanlar başa düşmürlər ki, onların işi qeyri-formaldır, gələcəkdə sosial təminat, pensiyalar məsələsində problemlər yaşayacaq, bu imkanlarda məhrum olacaqlar”.

Dayələrə ali təhsil lazımdırmı?

Bu gün dayələrin təhsilli olmaması da bir problemdir. Çünki, dayələr üçün konkret bir məktəb yoxdur. Buna görə də, hələ də dayədən nələrin tələb olunması, onun hansı keyfiyyətlərə sahib olması hələ də müzakirə mövzusudur. Rafiq müəllim isə, dayələrin uzun müddətli təhsil almalarına o qədər də ehtiyac olmadığınıı deyir: “Sadəcə onların müəyyən təlim görmələrinə ehtiyac var. Bu təlimin, təhsilin olmaması onların gələcəkdə öz hüquqlarından xəbərsiz olmalarına şərait yaradır. Onlar şəxsi münasibətlər hesabına işə düzəlirlər, işdən çıxarılarkən də xəbərdarlıq olunmur. Bəzən müqavilələrin olmamasında dayələr də maraqlı olur. Çünki onlar dövlətə vergi ödəmək istəmirlər, amma bunun hüquqi tərəfləri ilə maraqlanmırlar”.

Dayə yoxsa, ana

Uşaqların uzun müddət dayə ilə birlikdə olması valideynlə olan münasibətlərinə də təsir edə bilir. Çünki adətən, belə uşaqlar valideyndən daha çox dayə ilə vaxt keçirir və nəticədə yalnız onun dediklərinə əməl etməyə, hətta onu doğma ana kimi qəbul etməyə başlayır. Sosioloq da uşağın dayə yoxsa, valideyn tərbiyə eməli olduğu hər zaman mübahisə doğurduğunu deyir. “Əgər ailələrin maddi imkanları yaxşı, həm də işləri uşaqla məşğul olmağa imkan vermirsə, bu zaman dayəyə ehtiyac olur. Ancaq qadın və ya kişi növbə ilə uşağı saxlaya bilsələr yaxşı olar. Çünki uşağın valideynlər tərəfindən tərbiyə olunması daha yaxşı variantdır. Bu həm də valideyn övlad münasibətlərinin yaxınlığı qorunmasına xidmət edir”.

Xarici ölkələrin dayəlik məktəbi ilə təcrübələrinə toxunan sosioloq deyir: “Bır sıra avropa ölkələrində dayəlik xidməti bizdən daha əvvəl yaranıb və artıq bu iş bir sənət hesab olunur. Amma bizdən fərqli olaraq həmin ölkələrdə ailə münasibətləri aşağıdır. Dayə tərbiyəsinin bir üstünlüyü isə, həmin uşaqların əmək tərbiyəsini daha tez mənimsəmələridir”.

Psixoloq Asəf Kərimov isə dayə tərbiyəsinin uşaqların inkişafında önəmli rol oynadığını deyir: “Dayə tərbiyəsi ilə böyüyən bir çox dahi insanın həyat təcrübələrinə əsasən deyə bilərik ki, dayələr uşaqların tərbiyəsində mühüm rol oynayır. Dayənin uşaq psixologiyasına təsiri, həmin dayəni seçən şəxsin onu hansı meyarlar əsasənda seçməsindən asılıdır. Bundan başqa dayələr kifayət qədər öz ahəsinin bilicisi olmalıdır. Dayə sadəcə uşağı yedirib içirən şəxs deyil, çünki bu halda onlar baxçalardakı texniki işçilərdən fərqlənməzlər. Ancaq dayə daha geniş bir anlayışdır. Ancaq dayə tərbiyəsi ilə yanaşı uşaqların bağçaya da getməsini vacibdir”.

Bəs hansı yaş dövründə uşağı dayəyə etibar etmək olar?

Nə qədər valideyn tərbiyəsinin önəmli olduğunu bilsək də bəzən valideynlərin hər ikisinin işləmək məcburiyyətində olması, onların bağçalara etibar etməmələri dayələrə ehtiyac yaradır. Dayələrin uşaq valideyn münasibətlərinə təsirini də nəzərə alaraq uşaqları hansı yaşda dayələrə etibar edək? Psixoloq şərq ölkələrində dayələrin daha çox körpə uşaqlara baxan biri kimi anlaşıldığını deyir: “Körpə vaxtında uşağa baxan şəxs süd anasıdır ki, bu həm də bəzən uşağın sonrakı tərbiyəsində də mühüm rol oynayır. Lakin bir yaşdan sonra uşağın anası ilə münasibəti daha çox olmalıdır, nəinki dayəsi ilə. İki yaşdan sonra isə uşağı dayənin nəzarətinə vermək olar”.

Dayələrə inam

Dayənin uşaq saxlamaq bacarığı ilə yanaşı onun etibarlı olması da, önəmlidir. Çünki biz onlara canımızdan daha əziz olan övladlarımızı etibar edirik. Amma bu gün ölkəmizdə bu sahə ilə məşğul olan hansısa bir qurumun olmaması, onlara olan inama da təsir edir. Axı kim övladını tanımadığı, hətta hansısa bir problem yaranarsa şikayət edəcəyi bir insanın olmadığı birinə etibar edə bilər? Sabah hansısa bir dayə uşağa yaxşı baxmasa, valideyn kimə şikayət edəcək? Rafiq müəllim burada həm dövlətin nəzarəti, həm də hansısa hüquqi məsələnin aydınlaşdırılması üçün bir müstəvi olmamasının müəyyən problemlər yaratdığını deyir: “Ona görə də, onlar qeydiyyata alınmalı və müqavilə bağlanmalıdır. Müqavilə olmadığı zaman da, hər iki tərəfin qarşılıqlı məsuliyyəti də olmur. Bəzən dayə adı ilə aparıb başqa işlər də gördürürlər”.

İnternetdə kiçik bir araşdırma apararaq xeyli dayəlik elanlarına rast gəlmək mümkündür. Biz də həmin elanlarda qeyd olunan əlaqə nömrələri vasitəsilə bir neçə dayə ilə danışıb göstərdikləri xidmət və əmək haqqı barədə maraqlandıq. Ümumi nəticəyə əsasən, onlar uşağın qidası, yatmağına nəzarətlə yanaşı ona müxtəlif şeirlər, mahnılar həmçinin rus dili öyrətmək və 7-8 saatlıq iş üçün 500 manat tələb edirlər. Rafiq müəllim isə Azərbaycan reallığında dayəyə 500 manatın verə bilənlərin çox az olduğunu bildirir. Onun sözlərinə görə, dayələr əsasən, səhərdən axşama qədər iş saatı üçün 300-350 manata gedirlər.

Doğru dayəni necə seçək?

Bəzən valideynlər düzgün dayə seçə bilmədiklərindən bir müddət sonra problemlə rastlaşırlar. Nəticədə düzgün dayəni tapana qədər bir neçəsini dəyişirlər. Əgər bu valideynlərə vaxt və müəyyən qədər pul itkisi deməkdirsə, həmin dayə ilə vaxt keçirən uşaq üçün psixoloji problem deməkdir. Çünki o yeni dayəyə alışmağa çalışarkən onun başqa biri ilə əvəzlənməsi uşaqda psixoloji sarsıntılara səbəb ola bilər. Bəs valideynlər dayə seçərkən nələrə diqqət etməlidirlər?

Rafiq müəllim bizdə dayə seçərkən daha çox onun rus dilini bilməsinə, yaşının çox olmamasına, dünyagörüşü müəyyən qədər normal olan ailələr dayənin uşaqla davranışına diqqət edirlər, qalan məsələlər isə onları maraqlandırmadığını deyir: “Dayə seçərkən onun hansı müddətə uşaqla məşğul olacağına diqqət etməlidirlər. Çünki ola bilər ki, dayə sadəcə uşağın müəyyən müddətə böyütmək üçün, məktəbə qədər tərbiyəsi üçün və s.məqsədlərə görə tələblər də dəyişə bilər”. Psixoloqun da valideynlərə dayə seçərkən diqqət etməli olduqları məqamlarla bağlı məsləhətləri var. O, dayənin nə qədər həmin ailədə olacağı, onun ailənin bir üzvü kimi qəbul olunmasına diqqət etməyin vacib olduğunu bildirdi. “Dayənin uşaqla münasibəti, səmimiliyi, ixtisasını bilməsi çox vacibdir. Uşaq haqqında tibbi, psixoloji, pedoqoji biliklərə malik olması, ümumiyyətlə, uşaqlarla iş təcrübəsi nəzərə alınmalıdır. Yaxşı olar ki, dayə seçərkən onun hansısa müəsisələrdə uşaqlarla olan iş təcrübəsinə önəm versinlər.

Dayənin nitq qabiliyyəti, uşaqla ünsiyyətdə rəvan danışmağına diqqət edilməlidir. Ümumiyyətlə, dayə həm də yaradıcı şəxs olmalıdır ki, uşağı da yaradıcılığa meylləndirsin. Təbii ki, nə çox yaşlı, nə də çox gənc dayələr məsləhət görülmür. Çünki müəyyən yaş dövründən sonra insanın uşaqlarla işləmək üçün səbri olmur. Bundan başqa uşağı olamyan, heç zaman uşağa baxmayan bir dayəyə də şübhə ilə baxıram. Həmçinin müasir texnologiyalarla da işləmək bacarığı, uşağın suallarına cavab verəcək bir səviyyədə olmalıdır. Artıq iki yaşda uşaq ətraf aləmi dərk etməyə, əşyaları dərk etməyə başlayır ona görə də dayə bu işdə ona yardımçı olmalıdır. Emosiyalarını cilovlamağı, uşağa müsbət hisslər aşılamağı bacarmalıdır. Etiket qaydalarını bilməlidir. Valideynlərlə uşaq arasında bir körpü rolunu oynamalı, müəyyən dövrdən sonra isə, artıq onların birbaşa ünsiyyətini təmin etməlidir”.

Hüquqi və şüur dəyişikliyi

Amma sadaladığımız keyfiyyətə uyğun dayə seçə bilmək üçün yaxşı dayə olmalıdır. Sosioloq əgər günü-gündən dayələrə ehtiyac artırsa, o zaman bu sahədə dəyişikliklərə də ehtiyac olduğunu deyir: “İnsanlar dayəliyə daha ciddi önəmli bir iş kimi yanaşmalarına çalışmalıyıq. Vəziyyət pisdirsə şüur dəyişməlidir, bunun üçün də maarifləndirməyə ehtiyac var. Amma maarifləndirmə, ictimai şüurda dəyişikliklər etməklə yanaşı, hüquqi mexanizmlər də işlənməlidir. Bu mexanizmlər elə formada hazırlanmalı, insanlara başa salınmalıdırlar ki, bu onların əmək haqqından kəsilib vergiyə cəlb olunmasında ibarət deyil, həm də onların gələcək təminatı, işsiz qalmamalarının qarantıdır”.

Mənbə: Olaylar informasiya agentliyi

 

0 şərh