"Avesta" Həqiqətləri

«Doğrusu odur ki, Zərdüşt Azərbaycandandır» 

Əbu Reyhan Biruni

«Avesta» və bu barədəki gizlinlər və acımasız saxtakarlıqlar haqqında danışmazdan əvvəl Zərdüşt peyğəmbərin özü haqqında da məlumat vermək lazım gəlir. Əslində Zərdüşt haqqında kifayət qədər yazıldığından bunun üzərində çox durmamaq da olar. Zərdüşt Peyğəmbərin haradan olması məsələsinə qədim və orta əsr tarixçilərinin baxışları isə maraq doğurduğundan bunun üzərində qısaca da olsa dayanmağı lazım bildik. Yuxarıda da qeyd etdiyimiz kimi, Babil tarixçisi Berossa göre, kutilerin 21 şah sülaləsi midiyalı olub ve onların içinde Zərdüşt də var. Əbu Reyhan Biruni və 9-cu əsr tarixçisi Əhməd Bəlazuri Zərdüştün ana vətəninin Azərbaycan olduğunu yazır. Yaqut Həməvinin (1179-1229) də bu barədə yazdığı qeydlər çox maraqlıdır: «Şiz Azərbaycanda nahiyədir. Deyilir: məcusların peyğəmbəri Zərdüşt buralıdır. Bu nahiyənin qəsəbəsi Urmiyədir». Və ya Qütbəddin Şiraziyə (1236-1311) müraciət edək. O, zərdüşt peyğəmbəri öz əsərində belə xatırladır: «görkəmli filosof, kamil imam Zərdüşt Azərbaycani…».

Hind-avropa mənşəli farslarla türklərin və ya türklərlə hind-avropa xalqlarının eyni kökdən olması ilə bağlı fikirlər isə ümumiyyətlə absurddur və tarixşünaslıqda qəbul edilməyib və bu bir aksiomadır ki, söhbət tam fərqli etnoslardan, fərqli mədəni sivilizasiyalardan gedir. 
Əslində farslarla türklərin ortaq tarixi səhifələr yazma ərəfəsi Əhəmənilərin Ön Asiya bölgəsinə nüfuz etələrindən sonra yaranmağa başlayıb. Lakin, bu iki millətin ümumi tarixi olsada (o da müəyyən tarixi şəraitdə və tarixi məkan çərçivəsində) mədəniyyəti və kuralları, eyni zamanda ailə və məişət baxışları çox fərqlidir. 

Farslarda çox arvadlılıq və insest (ailə üzvü ilə nigah) qədim zamanlarda təbii hal hesab edildiyi halda türklərdə bu cür hallara rast gəlmək mümkün deyil. Bu faktın özü artıq ailə ilişgilərində, eyni zamanda sosial həyat tərzindəki böyük fərqləri və baxışları göstərir. 
Başqa bir səbəb etiqad və inamla bağlı idi. Əsasını bir türk mütəfəkkirinin qoymuş olduğu və ya Zərdüştiliyin mahiyyətini sonradan dəyişməyə müvəffəq olmuş farslar hər zaman atəşpərəst olmuşlar. İlkin zərdüştilik, eyni zamanda türklərlə bağlı dini inanc sistemlərinin əsasını isə tək tanrıçılıq, bir növ tövhid təşkil edir. Əslində «Avesta»nın və Zərdüştiliyin mahiyyətinin məhz farslara, başında türk tayfaları duran ARİlərin vasitəsi ilə agah olmasını da söyləmək olar. Lakin, maraqlıdır ki, zərdüştilik türklərin arasında bir o qədər də yayıla bilmir ki, bu barədə bir qədər sonra. 

Əslinə qalsa Əhəmənilər dönəmindən əvvəlki «Avesta»nın əsas leymotivini təşkil edən və farsların gələcəkdə istər bu müqədəs kitab, istərsə də digər əfsanə və rəvayətləri üçün başlıca dinamik xətt ola bilən müharibə süjeti heç də farslar və türklər arasında getməyib, baxmayaraq ki, dövrümüzə gəlib çatan «Avesta» ilə tanış olarkən İşquz-Əhəməni və Midiya-Əhəməni savaşları barədə təsəvvürlər yaranır. Əslində fars Əhəmənilərin, istərsə də fars Sasanilərin həm türk işquzlar, həm də türk madaylarla müharibələrini İran-Turan savaşı şəklində türk kitabəsi olan «Avesta»ya əlavə etmələri təbiidir. Dəhşət burasındadır Ki, biz hətta bu günlərədək bu təhrif olunmuş «Avesta»da belə Turan deyildikdə Midiyalıların- Madayların nəzərdə tutulduğunu deməyə cürət etməmişik. Nə isə… 

Ümumiyyətlə, digər həqiqətlər kimi «Avesta» ilə bağlı məsələlər də tarixin uzun müddət siyasi işbazların və irqçi ideoloqların təsiri altında olması səbəbi ilə işıq üzü görməyib. Əslində bu əski dastanımız iki türk tayfasının müharibəsindən bəhs edir. Bu tayfalardan biri Turanı, digəri isə İranı təmsil edirdi. 


Professor Kamil Hüseynoğlunun bu barədə – iki türk etnosunun apardıqları müharibənin «Avesta»da əksi – yazdıqları ciddi araşdırmalara və inkaredilməz dəlillərə əsaslanır (Bax: «Qafqaz Universitesi. Türk halklarının edebi geçmişi: Türk destanları». Bakı, 2004, səh. 77). Düzdür eyni zamanda biz onun bəzi fikirləri ilə də (Zərdüşt peyğəmbərin mühacirət zamanı və məkanı, eyni zamanda yaşadığı dövrlə əlaqədar fikirləri) qəti olaraq razı deyilik ki, onları da sizə təqdim edəcəyik. Qayıdaq mövzuya. 


Qədim fars əlyazmalarında («Xodaynamə», «Şahnamə») əsas süjet xətti İran-Turan müharibələridir. Burada İranı təmsil edən tərəf Kəyanilər sülaləsi, Turanı təmsil edən tərəf isə Əfrasiyabdır. Tarixdə Əfrasiyabın Alp Ər Tonqa, turanlıların isə Skif-İşquzlar olduğu barədə kifayət qədər faklar və dəlillər var. O zaman Kəyanilər hansı etnik mənşəyi paylaşırdılar? Maraqlıdır ki, turanlıların düşmənləri olan kəyanilərin adı «Avesta»da çəkilmir, orada turanlılarla müharibə aparan tərəf arilər adlandırılır, onlar barədə Əhəməni kitabələrində də bircə cümlə belə yoxdur. Onların adı «Şahnamə» və «Xodaynamə»də dəqiqləşdirilir. Bu zamandan sonra, hand-avropaçı alimlər tələm-tələsik qərar verərək Kəyaniləri farsların əcdadları hesab edilirlər. Lakin bu belədirmi? 


Bildiyimiz kimi, e.ə. I minilliyin əvvəllərində Turan tayfaları Baykal gölündən Qara dənizə qədər uzanan böyük bir ərazidə məskunlaşmışdılar. Türk tayfalarından ən qərbdə yerləşənləri kimmer və maday (kuti, lullubi və turukki tayfaları ilə birgə Midiya dövlətinin əsasını qoyan tayfa) tayfaları idilər. Əvvəllər onlar öz həmsoyları olan turlarla (yəni işquzlar – skiflərlə) müttəfiq idilər. Lakin e.ə.VIII əsrin sonlarında işquzlarla kimmerilər arasında müharibə başlandı. Kimmer mifologiyasındakı «Turan oğlanlarının aqibəti» adlı dastana əsasən eyni tayfa birliyi – Danu ilahəsi tayfaları («Avesta»da (V Yaşt, 39) da Danu tayfalarının adı çəkilir) tərkibində olan kimmerilərlə turanlı işquzların müharibəsi başlayır. Müharibəyə səbəb isə bizə gəlib çatanlara görə, Turanın övladı Briyanın («Avesta»da Friyan) kimmerilərin tayfa başçısı Kiyanı öldürməsi olmuşdur (Bax: Kelt mifologiyası. Ensiklopediya. Moskva, 2002, səh. 97-98). Turan mifologiyasında isə kimmerilər «xəyanətkarlıqda», «qaniçənlikdə» və «cadugərlikdə» günahlandırılırlar (Bax: Mifoloji sözlük. Moskva, 1990, səh. 280). Bu türk etnosları arasındakı qanlı çarpışmalara Heredotun «Tarix» əsəri də şahidlik edir. Ümumiyyətlə tarixi araşdırmalar göstərir ki, e.ə.VIII əsrin sonlarında Heredotun «skif» adlandırdığı işquzlar qamərləri (kimmeriləri) təqib edərək onları Qara dəniz sahillərindən də qovdular. Və sonuncuların çox hissəsi Qərbi Avropaya köç etdilər. Burada yunanlar onlara «keltoi» («qaranlıq, gizli həyat tərzi keçirənlər» mənasını verir. Kelt etnik adı buradan yaranıb. Ümumiyyətlə Keltlərin, skandinav etnoslarının və druidlərin həqiqi etnik mənşəyi barədə ciddi araşdırmalara böyük ehtiyac vardır. Fikrimizcə onlar digər qohum etnoslardan ayrı düşərək avropalaşmış əski prototürk kimmerilərin övladlarıdır (təəssüf ki, bu barədə yazmaq cəsarətini hələ ki, biz öz tarixçilərimizdən Murad Acıda, qərb tarixçilərindən isə Tur Xeyerdalda görmüşük). Ari əsilli olan bu etnosların Hind-avropa xalqları ilə heç bir bağlılığı yoxdur. Bunu onların dini-mistik görüşləri, adət-ənənələri və antropoloji-etnoqrafik xüsusiyyətləri də ortaya qoyur. Hər halda bu başqa bir araşdırma mövzusudur. Və biz inanırıq ki, nə zamansa bu etnoslarla bağlı gizlinlər də tədqiq edilərək ortaya qoyulacaq) adlandırdılar. Kimmerilərin xeyli hissəsi Roman və German tayfaları arasında assimilyasiyaya uğrasalar da, X əsrədək onların adı Avropa mənbələrində «kimr» şəklində qeyd edilir (Bax: Ümumdünya tarixi: erkən orta əsrlər. Minsk-Moskva, 2001, səh. 244-245). Professor K.Hüseynoğlunun da bildirdiyi kimi, qeyd edilən ərazilərdə turanlı kimmerilərlə bağlı bir sıra toponim və hidronimlər indiyədək qalmaqdadır. Elə isə ortaya başqa bir sual çıxır? Axı işquzları nə bu dərəcədə hiddətləndirmişdir ki, öz həmsoyları olan müttəfiq kimmeriləri bu cür cəzalandırsınlar, uzunmüddətli müharibələr və təqib etmələr ilə onları bütövlüklə arealdan sıxışdıraraq, Qərbi Avropaya istiqamətləndirsinlər? Bəlkə də bu suala cavab istər arilərlə, istər «Avesta» ilə bağlı bütün gizlinlərə işıq salmaq gücündədir. Məhz bu işığın köməyi ilə türk tarixinin ən qədim qatlarında nələrin başverdiyinin, türklərin «ari» adını götürmə səbəblərini, digər türk – işquzların onlarla savaşmalarının əsas səbəblərini, «Avesta»nın başına nə kimi «oyunlar» gətirildiyini görəcəyik. 


Zərdüşt tarixi Azərbaycan torpaqlarında anadan olsa da, o, öz təlimini Turanın mərkəzi əyaləti olan Kəng əyalətində yaradır. Bu əyalət Baykalın qərbində – indiki Turan və Kən çayları arasındakı Kən çölündə yerləşirdi. Lakin bütün peyğəmbərlərdə olduğu kimi, bir qədər yuxarıda da qeyd etdiyimiz kimi, Zərdüştün də təlimi irqdaşları tərəfindən rədd edilir və o, əcdadlarının adət-ənənələrinə müxalif çıxmış qiyamçı kimi oradan qovulur. Ənənəvi məlumatlara görə, miladdan öncə 503-cü ildə Zərdüştü qara maq Rvaxş Tur qətlə yetirib. Ən qədim əlyazmalarda onun sifətcə qurda oxşadığı bildirilir. Bundan belə nəticə çıxarmaq olar ki, Zərdüşt qurd sifətli bir türk kahini tərəfindən qətlə yetirilib və bu Zərdüştün yeni din gətirmək istəyi ilə bağlı ola bilər. 


Tanrıçılığın mahiyyəti ilkin Zərdüştilikdə saxlandığından türklərin bir çoxu məhz əski tanrıçılıqda qalmağa üstünlük verirlər. On il sərkərdan gəzdikdən sonra onun dinini qəbul etmiş bir qrup həmsoyu ilə birgə Midiya bölgəsinə – Azərbaycana qayıdır. Professor K.Hüseynoğlu bu mühacirət nöqtəsini Parfiya adlandırır. Lakin bizim fikrimizcə bu belə ola bilməzdi. Belə ki siyasi anlamda Parfiya dövləti mövcud olan zaman (e.ə. III əsr – b.e. III əsri) Zərdüştilik nəinki artıq mövcud idi, hətta orada rəsmi statusa malik idi, fars kahinləri hətta «Avesta»nı bir neçə dəfə «saxtalaşdırmağa»da vaxt tapmışdılar. Həm də o faktı unutmayaq ki, Midiya dövlətində də (təqr. e.ə. VII əsrdən etibarən) Zərdüştilik təlimi rəsmi statusa bərabər tutulur və yüksək nüfuza malik idi. Bu təsir digər turan soylarına (köçərilərə) da keçir. Və beləliklə türk dünyasında tanrıçılıqla paralel Zərdüştilik də aparıcı mövqeyə sahib olur. Zatən soysuz və bölgəyə gəlmə olan Əhəmənilər də bu səbəbdən öz kimsizliklərini gizlətləmək məqsədi ilə özlərini Midiya hökmdarları və ari soylu adlandırmalarından (Kirin anasının Midiya hökmdarı Astiaqın bir qızı, arvadının isə digər qızı (Kir hakimiyyət taxtına yiyələnən kimi, xalasının ərini öldürtdürərək onunla evlənir) olmasını hüquqi əsas kimi gətirərək) sonra zərdüştiliyi «mənimsəmişlər». Bütün bu tarixi proseslər cərəyan edən zaman isə Parfiya dövlətinin heç əsası qoyulmamışdı. Parfiya dövlətinin sonralar əsasını qoyacaq türkəsilli Sak tayfaları isə bu ərəfələrdə Azərbaycanın şimal torpaqlarında məskunlaşmış və kiçik idarə sistemi yarada bilmişdilər. Məhəmmədhəsən Vəlili Baharlı isə bu məsələni «Azərbaycan» adlı əsərində belə təsvir edir: «Dinini düzəltdikdən sonra Zərdüşt onu öz vətəndaşları arasında nəşr edə bilməyib, məcbur oldu ki, farsların içinə getsin. Farslar bu yeni dini az bir zamanda qəbul etdilər» (Baharlı Məhəmmədhəsən. Azərbaycan. Azərnəşr. Bakı, 1993, s.8). Əslində Baharlı Midiya dövlətini hind-avropa mənşəli, madayları isə fars tayfası qəbul etdiyindən o, bu cür yanaşmaya üstünlük verir (Baharlının bu kitabında bu cür yanlış fikirlər az deyildir. Məsələn, o, albanları da qafqazdilli hesab edir. Əslində kitabın yazılma tarixini (1921-ci il) nəzərə alsaq, bunu anlamaq mümkündür. Belə ki, o zaman Azərbaycan tarixşünaslığı nəinki var idi, hətta bu barədə bir tədqiqat belə aparılmırdı. O zamanın tarixçiləri isə istinad mənbəyi kimi bu tip problemləri öz inhisarlarına götürmüş hind-avropaçı alimləri götürürdülər). Lakin ən əsası, Baharlı da Zərdüştün mühacirətə məruz qaldığını və Midiya ərazisinə gəldiyini təsdiq edir. Oturaq türk etnoslarının qurduqları dövlət olan Midiyada Zərdüştilik ehkamları, köçəri və təktanrıçı işquzlardan fərqli olaraq daha tez yayıla bilərdi. Həm də Manna, ondan sonra Midiya dövlətlərinin əsasını qoymuş oturaq türklərin müxtəlif dinlərə qulluq edən qonşularla əhatələnməsi və bu qonşularla iqtisadi-siyasi münasibətlər, birinciləri dədə-baba dini olan tanrıçılıqdan qismən də olsa uzaq salmışdı. Zərdüştün gətirdiyi yeni dində isə nüvəni türkün təktanrıçılığı təşkil etsədə, xeyir-şər mübarizəsi fəlsəfəsinin mistik təzahürlərlə qabardılması və müəyyən mənada dual sistemin mövcudluğu digər qonşuluqda yerləşən etnosların dini ehkamları ilə də uyğunluq təşkil edirdi. Görünür bu cür baxışları Zərdüşt hələ Azərbaycanda olarkən qonşu etnoslardan mənimsəmiş və sonradan öz dinini yaradarkən bundan faydalanmışdır. 


Bu yerdə Arilərin mənşəyi barədə dahi mütəfəkkir və türkoloq Lev Nikolayeviç Qumilyovun fikirlərinə yer verək. Belə ki, onun fikrincə, nə vaxtsa İran və Turan tayfaları bir yerdə olmuş, eyni dil və mədəni bağlara sahib imişlər. Onların İran və Turan deyilən iki yerə parçalanmalarına səbəb isə Zərdüştilik dininin qəbul edilməsi ilə bağlı olub. «Avesta»nı qəbul edənlər özlərini «ari» adlandıraraq İrana, tanrıçılığı qəbul edənlər isə özlərini turlar adlandıraraq Turana çəkilirlər. Və İranla Turan əbədi rəqiblərə çevrilir. Hətta bu nəzəriyyəni (bu nəzəriyyənin müdafiəçiləri əsasən «vahid Avroasiya evi» nəzəriryyəsinin müdafiəçiləridir) qəbul etsək belə eyni nəticəni alırıq: arilər və turlar türklər idi. Ən azı ona görə ki, turların türk olduqları tarixdə qəbul edilmiş fakt sayılır. Zərdüştiliyi qəbul edən turlar özlərini «ari» adlandırırlarsa deməli onlar da türklərdir. İkinci məsələ isə farsların bu bölgəyə gəlmə zamanları ilə bağlıdır. Onlar buraya nüfuz edərkən artıq «Avesta» bir müqəddəs kitab kimi, zərdüştilik isə bir din kimi mövcud idi. Araşdırmaçı Meri Boyns yazır: «Zərdüştlüyün sanballı yetkinliyi haqqındakı söhbət belə bir faktla üzləşir ki, midiyalılar və farslar, yəqin ki, onu çoxdan yaranıb aydın təsis edilmiş fəlsəfi nəzəriyyəsi, ənənəsi və müqəddəs «Avesta» dilində yazılmış qanunları olan, artıq mahiyyətcə heç bir Qərbi Avropa təsirinə düşə bilməyəcək bir din kimi qəbul etmişlər» (Meri Boys, «Verovaniə i obıçii», M.1987, s. 62). Bu faktdır ki, farsların bölgəyə gəlişləri zərdüşti dini ehkamlarının yaradılmasından sonra baş verib. Eyni zamanda, «ari»lərin ilkin mədəniyyətinin əsasında köçəri türk – bozqır – mədəniyyətinin durduğunu unutmaq olmaz. 


Lakin, arilərin tarix səhnəsinə «Avesta»dan çox-çox əvvəl çıxdıqlarını müxtəlif tədqiqatlarla ortaya qoyan alimlər də var. Onlar ən əsas sübut kimi, sözügedən kitabda arilər barədə maraqlı tarixi və mifik hadisələrin öz əksini tapdığını göstərirlər. Buna cavab olaraq biz deyə bilərik ki, Zərdüşt ari türklərinin dini ehkamlarını sistemləşdirən və «Avesta» adı atında toplayan, öz soydaşları tərəfindən müqddəs bir övliya kim qəbul edilmiş baş kahin də ola bilərdi. Hər halda bunun əksini sübut edəcək tarixi dəlillər yoxdur, necə ki, bu peyğəmbərin nə zaman yaşadığı barədə konkret dəlillər gətirmək mümkün deyil! 


İstənilən halda Zərdüştün təliminin ilkin əsasları Turan reallıqları ilə bağlı olduğuna və bu reallıqlar da əsasən mif və dastanlarda əks olunduğuna görə aydındır ki, zərdüştilik dini ilə birgə türklərin digər ana vətəni – İran coğrafi arealına müvafiq rəvayətlər və dastanlar da gəlməli idi. Sözsüz ki, belə dastanlardan biri də işquzlarla Kiyanın başçılıq etdiyi kimmerilərin arasında gedən müharibələrdən bəhs edən Turan dastanı ola bilərdi. Professor K.Hüseynoğlunun da bildirdiyi kimi, bu dastan «Avesta»nın Zərdüştün dövründə hazırlanmış qədim hissələrinə daxil edilməmişdir. Bildiririk ki, «Avesta»da sonralar öz əksini tapmış bu türk dastanı farslar tərəfindən eybəcər hala salınacaq dərəcədə təhrifə uğramışdır. Lakin, Midiyanın süqutu və Qalmat üsyanının zorakılıqla yatırılmasından sonra zərdüştiliyi tamamilə öz nüfuz dairələrinə keçirməyə müvəffəq olan fars – əhəmənilər, bəlkə də sasanilər bu dastanın fərqli şəkildə «Avesta»ya daxil edilməsinə yol açdılar. 


Əhəmənilərin taxt-tacı qəsb etmələri ilə bu dinə dağıdıcı təsir göstərilir, sasanilər dövründə bu siyasət «eyni uğurla» davam etdirilir, «Avesta» əyəməni ideologiyasına tabe etdirilir. Lakin zərdüştiliklə öz baxışlarındakı uyğunsuzluqlar onları bu sistemi tədricən dəyişdirməyə məcbur edir. Elməddin Əlibəyzadə yazır: «O («Avesta» nəzərdə tutulur-müəl.), əldən-ələ düşüb, çox xalqlara təsir edib, onların həyatına, məişətinə keçib, hər xalq onu öz istəyinə uyğun mənimsəyib, yozub, dəyişdirib» (Əlibəyzadə Elməddin. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. Gənclik nəşriyyatı. Bakı, 1998, s.156). İran tarixçisi Nasir Purpirar «On iki əsrlik sükut» kitabının Əhəmənilərin tarixini incələdiyi birinci hissəsində yazır: «5-6-cı əsrlərdə Hind parslarının əski tarix adı ilə hazırladıqları «Avesta»nın etibarsızlığı, o kitabın konkret olaraq üzərinə götürdüyü «tarixçilik mission»undan bəllidir. Peyğəmbərinin (Zərdüşt nəzərdə tutulur – V.Z.) zühurundan 2000 il sonra azalmış tərəfdarlarının ciddi böhran keçirdiyi bir ortamda «Avesta»nın hazırlanması, kitablaşdırılması ancaq xəyalçılıqla, saxta müqəddəsləşdirmələrlə iç-içə olmuşdur ki, bunların heç birisi tarixdə mövcud olmamış və ya onların mövcudluğunu isbat edəcək heç bir tarixi sənəd mövcud deyildir» (Purpirar Nasir. On iki əsrlik sükut. Əhəmənilərin zühuru. AME nəşriyyatı. Bakı, 2002, s. 58). 


Farsların zərdüşt etiqadını ilkin olaraq nə vaxt qəbul etmiş olduqları da maraqlı məsələdir. Meri Boys yazır: «Antik müəlliflərin məlumatları imkan verir təxmin edək ki, farslar Kiçik Asiyada ilk dəfə yunanlarla toqquşan zaman artıq Zərdüşt etiqadlı idilər, bununla əlaqədar da təbii olaraq Zərdüştü «peyğəmbər» və «ulu maq» saymışlar. Onlar bilirdilər ki, o, çox-çox əvvəllər yaşayıb. Bəli, smirnli Hermodor və Hermipp Zərdüştün yaşadığı dövrü Troya müharibəsindən 5 min il əvvələ aid edirlər. Lidiyalı Ksanf Zərdüştün Kserksin Yunanıstana basqınından 6 min əvvəl, Aristotel isə müəllimi Platonun ölümündən 6 min il əvvəl yaşadığını qeyd edir» (Meri Boys, göstərilən əsəri, səh 62). Şübhəsiz ki, antik müəlliflərin Zərdüştün hansı tarixdə yaşaması ilə əlaqədar xanım alimin təqdim etdiklərinin sübuta ehtiyacı var və onların həqiqəti əks etdirdiyini söyləmək olmaz! Lakin onunla razılaşmaq olar ki, farslar Əhəməni adı altında bölgəyə gəldiklərindən və Midiyanın razılığı ilə Qərbi İranda məskunlaşdıqdan sonra midiyalılarla əlaqələr zamanı Zərdüştilik barədə ilkin təsəvvürlər almışlar. Bu zaman isə Zərdüşt artıq həyatda deyildi. Boysun fikrincə, «Midiya dövləti 60 il çiçəkləndi. Görünür bu ərəfədə Zərdüştlük qərbi iranlılar arasında uğur qazanmağa başladı». 


Burada bir faktı qeyd edək: əski «Avesta»nın ilk zamanlarda ümumiyyətlə yazıya alanmaması bir faktdır. Zərdüşti ehkamlarına görə, dini ehkamların yazıya alınması günah sayılırdı (eyni inanış turan mənşəli druidlərdə də mövcud olub). «Avesta» şifahi olaraq yayılır və təbliğ olunurdu. «Avesta»nın ən qədim əlyazması isə görünür Əhəmənilərin hakimiyyəti ələ keçirdikdən sonra zərdüşti kahinləri maqları kütləvi məhv etmələri səbəbi ilə, ilkin ehkamların sonrakı nəsillərə ötürülməsini təmin etmək üçün məcburən qələmə alınıb. Lakin o da dəyişdirilir. Makedoniyalı İskəndərin yandırdığı öküz dəriləri isə artıq fars kahinlərinin Əhəmənilərin dövründə yazıya aldıqlarıdır. Ümumiyyətlə, Əhəmənilər bir çox zərdüşti ehkamları öz istəklərinə müvafiq olaraq dəyşdirdikləri kimi bunu da dəyişdirdilər. Beləliklə farslar və digər tabe xalqlar – məsələn, hindlilər, slavyanların bir qismi, qotlar – isə öz növbələrində türklərin gətirdikləri bu mədəniyyəti özünküləşdirərək eybəcər bir hala – atəşə və inəyə və ya filə sitayiş edə biləcək bir səviyyəyə gətirib çıxarırlar. Bəşəriyyətin durmadan hərəkətdə olmasını, tanrı övladları türklərin də bundan enerji alaraq daim köçə çıxmaları və qarşılarına çıxan yadelliləri özlərinə tabe etdiklərini, dünyanın göydə bir tanrısı olduğu kimi, yerdə də bir türkü var anlamını verən çərxi-fələyimiz bu qayda ilə «svastika» adı alır və elə türkün də əleyhinə çevrilir. 


Sonrakı əhəməni nəsilləri (məsələn, Firdovsi kimi şovinistlər) isə bu dastanları yeni motiv və süjetlərlə «zənginləşdirərək» «milliləşdirməyə» müvəffəq olsalar da, dastanların ilkin variantlarındakı türk motivlərini, bizim xoşbəxtliyimizdən, tam farslaşdıra bilmədilər. Belə ki, «Pəhləvi kitabələrində Kiyanilər bəzən andı pozanlar, xəyanətkarlar, qan tökənlər, hətta allaha qarşı çıxanlar və cadugərlər kimi təsvir edilir. «Şahnamə»də də Kiyanilərə qarşı ikili münasibəti görmək olur» (Bax: Mifoloji sözlük. Moskva, 1990, səh. 280). 


Ümumi maraqlar və ari mədəniyyətinə sahib durmaq arzusu hind-avropaçı alimləri və şovinist fars «tədqiqatçılarını» «Avesta»nın üzərində əməlli başlı «işləməyə» vadar edir. Nəticədə Zərdüştün həyatı haqqında bəzi «rəvayətlər» ortaya çıxır, o, İran şahı Viştaspla, sarayın baş kahini Durasanla əlaqələndirilir, «Avesta» aryanlarının əsl məskəni qeyri-müəyyən «İrane Vac» adlandırılır. Halbuki bunlar farsların «Avesta»ya sahib çıxdığı vaxtlarda Zərdüşt haqqında deyilən xalq rəvayətlərinə olan əlavələrdir. Rəvayətlərin bir çoxunda Zərdüştün İran-Turan müharibələrinin təhrikçisi kimi qələmə verilməsi isə ümumiyyətlə absurddur. «Avesta» da ailə-nigah, evlənmə adətləri ilə bağlı məsələlər, hüquqlar və sair də dəyişdirilir. Tədqiqatçıların fikrincə, qan qohumu ilə (eyni ailə üzvlərinin nigahı) rəsmi (qeyri-rəmi formada bu cür nigahlar artıq hind-avropa xalqlarında var idi) nigahın əsasını da Midiyada taxtı ələ keçirən Əhəmənilər, konkret desək, Kirin oğlu Kambiz qoyur. Tədqiqatçı Meri Boys yazır: «Bu cür ilk həqiqi nigah Kambisin iki doğma bacısı ilə olan kəbinidir». Heredot da bu barədə məlumat verir (Heredot. Tarix. III, 31). «Avesta»da, onun əslində isə belə bir izdivaca yol verilmirdi. Meri Boysun da bildirdiyi kimi, məhz Kambizin belə bir «əməli», «Avesta»ya və zərdüşti qaydalara müəyyən «əlavə və düzəlişlərin» edilməsinə səbəb oldu: «…bir hökmdarın şıltaqlığı ilə ortaya çıxan adətə əməl etmək, dini vəzifə olaraq bütün möminlərin öhdəsinə düşürmüş…» (M.Boys, göstərilən əsəri, səh.97). 


«Avesta»da qədim İran və Turan qəhrəmanlarını (əslinə qalsa hər iki tərəfin təmsil edən türklər idi və bunun qaynağını biz yuxarıda oxuduq) vəsf edən «himn»lər də bu müqəddəs kitaba edilən sonrakı əlavələrdir. «Avesta»nın ilkin yazıldığı dövrdə hansısa İran-Turan müharibələrindən danışmaq mümkün deyildi. Söhbət türk mənşəli qədim «Turan oğullarının dastanı»nın fars kahinlərinin «redaktəsindən keçmiş» «Avesta»ya zorakı interpretasiyasından gedir. Maraqlıdır ki, bizim dövrümüzə gəlib çatmış «Avesta»da İran qəhrəmanlarının bütün duaları qəbul edildiyi halda, türk hökmdarlarının duaları nədənsə Tanrı ilahəsi Anahit tərəfindən «heç cür nəzərə alınmır». Elməddin Əlibəyzadə yazır: «Münasibət aydındır. Qərəzlidir, açıq-aşkar «ögey-doğmalıq» hiss olunur. Bu nə üçün belədir? İnsanlığa Tanrı, ilahə münasibəti, əlbəttə, belə ola bilməz. Bu, bizcə, fars saray münasibətindən irəli gəlir, amma ilahə, Tanrının elçisi Anahitin adından deyilib, «himn» şəklinə salınıb… «Avesta» iranlaşdıqca saxtalaşdırılıb» (Əlibəyzadə Elməddin. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. Gənclik nəşriyyatı. Bakı, 1998, s.224). «Avesta»nın saxtalaşdırılması ilə bağlı Nasir Purpirar yazır: «Sasanilər dönəmində sikkələr üzərindəki atəşdanların təsviri, sasani sənədləri və ümumiyyətlə, atəşpərəstliyin və atəş qoruyuculuğunun Zərdüşt dini ilə bağlı olduğuna inanmıram. Eləcə də sasanilərin zorakılıqla təbliğ etdiklərinin Zərdüştçülük olduğu inandırıcı deyildir» (Purpirar Nasir. On iki əsrlik sükut. Əhəmənilərin zühuru. AME nəşriyyatı. Bakı, 2002, s. 133). Qeyd edək ki, bu cür münasibət eynən özünü Əbdülqasim Firdovsinin «Şahnamə»sində də tam çılpaqlığı ilə ortaya qoyur. Deməli, bütün bunlar türklərə qarşı aparılan bir siyasətin tərkib hissəsi kimi qəbul edilməlidirlər. «Avesta» himnlərində «ari» adının da yalnız iranlılara şamil edilməsi və türklərin Anahitə olan dualarında farsları məhz bu adla çağırmaları da sonrakı «əməyin» məhsuludur. Əhəmənilər hər vəhclə özlərini arilərin övladları sayan türk-Midiya taxt-tacına hüquqları çatdığını gözə soxmağa çalışırdılar. Özlərini «ari» adlandırır, İran və Midiya hökmdarı olduqlarını bəyan edirdilər. Kirin ana tərəfdən Midiya hökmdarının qızı olması faktı, əcnəbi tarixçiləri də əhəməni hökmdarlarını eyni zamanda midiyalıların şahı kimi qəbul etmələrinə və sonunculara şamil edilən təltif və adları onlara da aid etmələrinə səbəb oldu. Bir sözlə, ari türklər öz dini kitablarında saxtakarlıqla mənfi obraza döndülər. Adları və gerçək əməlləri onların üstündən götürülüb digər, fərqli mədəniyyətə və baxışlara malik bir millətin adına yazıldı. 


«Azərbaycan Xalqının Mənəvi Mədəniyyət Tarixi» əsərində «Avesta» ilə bağlı ciddi tədqiqat və araşdırmalara əsaslanan Elməddin Əlibəyzadə zərdüşt etiqadının ilkin mənbəyinin Şumer-Türk inanc sistemindən və fəlsəfi baxışlarından götürüldüyü qənaətinə gəlir və «Bilqamıs» dastanı ilə «Avesta» arasında paralellər aparır, onların qırılmaz tellərlə biri-biriləri ilə bağlı olduqlarını və məhz eyni millətin – Türkün əqlinin məhsulu olduğunu sübut edir. 


Akademikin «Avesta» və Zərdüşt etiqadı ilə bağlı gəldiyi başqa bir maraqlı nəticə Turan – Skif dövləti ilə bağlıdır: «Ağlın məntiqi deyir ki, «Avesta», zərdüştlük Midiyadan əvvəl Turan dövlətinin dini – ideoloji əsasları və qanun kitabı olubmuş» (Əlibəyzadə Elməddin. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. Gənclik nəşriyyatı. Bakı, 1998, s.241). Bu zaman E.Əlibəyzadə türk alimi Camal Anadolun tədqiqatlarına istinad edir. Bütün bu deyilənlərdən isə belə bir nəticəyə gəlmək olar ki, Midiya dövlətinin məlum dini – ideoloji və qanun kitabı olan «Avesta» Turan (Skif) dövlətindən (və ona qədərki qədim türk dövlətlərindən) ənənəvi olaraq Midiyaya keçib. Skif və Midiya dövlətlərinin biri-biriləri ilə son dərəcə yaxın ittifaqda olmaları da bu ehtimalın həqiqət olduğuna böyük inam yaradır. Bununla bağlı Heredotun «Tarix» kitabına verilən «İzahatlar»dakı bir qeyd diqqəti cəlb edir: «Fraort – Deyokun oğlu, ola bilsin ki, «Avesta» təlimi ilə tanış olan ilk Midiya hökmdarıdır (m.ö.675-ci il)». Hörmətli pofessorumuzun yazdıqları bizim yuxarıda irəli sürdüyümüz və professor K.Hüseynoğlunun da təqdim etdiyi fikirlərlə üst-üstə düşür. Zərdüştilik dini əsas kimi məhz köçəri türklərin vətəni Turan çöllərində yaranır, lakin oturaq türklərin məkanı – İranda təşəkkül tapır. 


Hazırki əlyazmanın (!) əsasında «Avesta»nı klassik xalqların qədim əlyazmalarından daha əvvəlki dövrlərə aid etməkdə də bəzi alimlər, tələskənliyə yol verdilər. Darmesteterin də bildirdiyi kimi, «Avesta» indiki anlamda çox sonralar yazılıb. Darmesteter yazır: «…kitabın son redaksiyası e.ə.1-ci əsrdən eramızın 4 –cü əsri arasında Aleksandriyanın fəthi zamanı sona çatıb». Beləliklə də, Darmestrin sözlərinə görə, bizə gəlib çatan nüsxə zendlilərin, yumuşaq desək, redaksiyasına məruz qalır. Lakin bu «redaktorlar» da öz əllərində əsas kimi daha qədim bir nüsxə tutmalı idilər. Bu qədim nüsxənin (Midiyanın süqutundan və «Avesta»nın baş biliciləri maqların Əhəmənilər tərəfindən kütləvi qırılmasından sonra, bu kitabın yazıya alınaraq sonrakı nəsillərə ötürülməsi zərurəti ortaya çıxdığı zaman) isə hansı dildə yazılmış olduğu fikri indinin özündə də böyük mübahisələrə səbəb olmaqdadır. Bircə o məlumdur ki, həmin nüsxədə istifadə edilən söz və yazılış qaydaları Orxon-Yenisey kitabələri ilə bir sıra hallarda üst-üstə düşür. «Və güman ki, «Avesta»nın əsli də qədim Şumer-Türk dilində və əlifbasında yazılıb, sonralar qədim fars dilinə tərcümə edilib, fars saraylarının hakim dini ideologiyası olub, «təkmilləşib», ona əlavələr edilib, zaman keçdikcə fraslar onu mənimsəyib «özünküləşdiriblər» (Əlibəyzadə Elməddin. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. Gənclik nəşriyyatı. Bakı, 1998, s.168). 


Elməddin Əlibəyzadənin dili ilə bütün bu deyilənlərə bu cür məntiqi yekun vuraq: «Zərdüşt maqdır, Şumer-Turan soyudur, «Avesta» əslində «Göy Tanrı dini» olub, Şumer-Türk sivilizasiyasının bir qoludur» (Əlibəyzadə Elməddin. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. Gənclik nəşriyyatı. Bakı, 1998, s. 171).

Vüqar ZİFƏROĞLU 


"OĞUZ" MAQ

 

10 şərh

papatürk

Keltlərin kökünün kimmerlər ilə bağlanması maraqlı və cəsarətli fikirdir.


Amma yazıda ziddiyət də var.Bir tərəfdən qeyd edilir ki,Hind-avropa mənşəli farslarla türklərin və ya türklərlə hind-avropa xalqlarının eyni kökdən olması ilə bağlı fikirlər isə ümumiyyətlə absurddur. digər tərəfdən isə nə vaxtsa İran və Turan tayfaları bir yerdə olmuş, eyni dil və mədəni bağlara sahib imişlər.


Amma məni ən çox maraqlandıran odur ki,Bu faktdır ki, farsların bölgəyə gəlişləri zərdüşti dini ehkamlarının yaradılmasından sonra baş verib. fikri əsaslandırılaydı. Müəllif xeyli bu barədə yazıb,amma bu fikri sübut edəcək fakt gətirməyib.

eysar
Zərdüştün farsların İrana gəlməzdən qabaq mövcudluğunu sadə xronlogiya ilə müəəyən etmək də olar.Bir şərtlə ki, biz ariləri irandilli hesab ediriksə.Çünki arilərin məşhur köçü e.ə 2 -ci minillikdə baş verib.Zərdüştün yaşadığı zaman barəsində olan ehtimallar isə məqalədə verilib.(nədənsə 5-6 min il əvvəl)
2ral
Farslarda çox arvadlılıq və insest (ailə üzvü ilə nigah) qədim zamanlarda təbii hal olub.

Çox maraqlı fikirdir.Amma buna sübut inanmıram ki var.
Magicboy
ailə üzvü ilə nigah yalan şeydi. inanmıram. əmiqızı — əmioğlu evliliyindən o yana keçməyib məncə. düzgün addım olmasa da,bu hal indi də var.
eysar
Yəqin məqaləni axıra qədər oxumamısız.Məqalədə bu hissəni axtarış versəz taparsınız:«Tədqiqatçıların fikrincə, qan qohumu ilə (eyni ailə üzvlərinin nigahı) rəsmi (qeyri-rəmi formada bu cür nigahlar artıq hind-avropa xalqlarında var idi) nigahın əsasını da Midiyada taxtı ələ keçirən Əhəmənilər, konkret desək, Kirin oğlu Kambiz qoyur. Tədqiqatçı Meri Boys yazır: «Bu cür ilk həqiqi nigah Kambisin iki doğma bacısı ilə olan kəbinidir». Heredot da bu barədə məlumat verir (Heredot. Tarix. III, 31).»
2ral
Bir tərəfdən yazlır ki Kirin anası Midiya hökmdarı Astiaqın bir qızıdır,bir tərəfdən də deyirsiz ki,Əhəmənilərdə insest olub.Belə çıxır ki,bizim əcdadlarımızda da insest olub!!!
Bu farsları pisləmək bizə heç nə verməyəcək. Bunu qəbul etmək laızmdır ki,onlarla bir ortaq keçmişimiz,ortaq əcdadımız olub.
eysar

2ral,dediklərindən bir şey qanmadım.Kirin anasının insestə nə dəxli var.Məqalədə söhbət rəsmi olan faktdan gedirdi,ordada Kir yox,Kambiz idi.Bir də ki, tarixdən də bəllidir ki, avesta da bacı ilə qardaşın evlənməsinə yol verilir.Məhz buna görə də İskəndər onu yandırmışdı.


P.S.Məqalə ilə bağlı fikir bildirməzdən öncə ,xahiş edirəm diqqətlə oxuyasınız.Bir də axırıncı abzasda dediyiniz fikirləri qədim «babalarımız» olan parslara desəydiniz pis olmazdı :))

IDEAL
İskəndərin Avaestanı yandırması bununla əlaqədar deyil. Həm İskəndərdi əxlaq müdafiyəçisi? Onun özünü Avropa tarixçiləri bilmir necə müdafiyə edib adam arasına çıxartsınlar. Haqqında çəkilmiş filmə görə o qədər mübahisələr oldu ki, sübutlar olmasa hətda ekrana çıxmasını qadağan etmək istəyirdilər.  Antik dövrdə Yunanların cinsi həyatı barədə araşdırsaz görərsiz ki, elə ən əxlaqsızı onlar olub. Qaldı ki, belə bir nigahın mövcudluğu qədim dövrdə demək olar bütün xalqlarda olub. Elə yunanlarda daxil olmaqla. Məsələn geniş izah vermədən deyə bilərəm ki, Yunan Allahlarının nigahına fikir verin onların öz bacıları ilə nigahı var. Əgər Allahları belə təsəvvür edirdilərsə deməli bu hərəkətə onlarda normal baxıb. 

P.S. Qədim xalqların mədəniyyətində İnsestdən daha dəhşətli faktlarda var. 18+ 108+ olduğu üçün izah edə bilmirəm. Özüdə bunu dini ritual şəklində həyata keçirirdilər. Belə faktlar daş kitabələrdə və miflərdə öz əksini tapıb.  Bu səbəbdən hansısa xalqın qədim tarixində belə halların aşkar edilməsi heç də həmin xalqı yıxıb sürüməyə əsas vermir.
eysar
Geniş izaha görə təşəkkürlər.İnsestlə bağlı məsələdə sizinlə  razıyam.Misirdən tutmuş Hindistana qədər bütün dünya miflərində bu barədə məlumatlar var.Hətta bizim islam rəvayətlərində də.Məqalə müəllifi heç də həmin hala görə onları «yixıb sürəmək» istəmir.Sadəcə olaraq yuxarıda həmin faktın sübuta ediləməməsi ilə bağlı mən məqalədə olan hissələri göstərdim,faktın mövcudluğunu şübhə etməməsi üçün isə  hamıya bəlli olan faktı dedim.(Bəlkə çox da uğurlu alınmassa da)
IDEAL
Düz deyirsiz hətda İslamda da var. İslamda inanca görə hətda Allah bir zamanlar insestə özü icazə verib. Başqa cür Adəmlə Həvvadan bu qədər nəsilin törəndiyini izah etmək olmaz.