İdrak

İnsanın təbiətə münasibətinin rəngarəng formaları sistemində mühüm yeri idrak, yaxud insanı əhatə edən aləm haqqında biliklər, onun təbiəti və strukturu, inkişaf qanunauyğunluqları, həmçinin insanın özü və bəşər cəmiyyəti haqqında bilgi tutur. İdrak insanın yeni bilik əldə etməsi prosesi, əvvəllər məlum olmayanın kəşfi deməkdir. İdrakın mühüm nailiyyətləri insanın həmin prosesdə fəal rolu ilə əldə edilir. Əslinə qalanda elə fəlsəfi təhlili də maraqlandıran həmin məsələdir. Başqa sözlə desək, söhbət həqiqətə çatmaq yolları, anlayışları və metodlarından gedir.
İdrakın fəlsəfi problemləri dedikdə, idrak nəzəriyyəsinin pred­meti, yaxud qnoseologiya nəzərdə tutulur. «Qnoseologiya»– yunan mənşəli olub, qnozis– bilik, loqos– söz, təlim deməkdir. İdrak nəzəriyyəsi aşağıdakı suallara cavab verir: İdrak nədir? Onun hansı əsas formaları vardır? Biliksizlikdən biliyə keçidin qanunauyğun­luqları necədir? İdrakın subyekti və obyekti nədir? İdrak prosesinin strukturu necədir? Həqiqət nədir və onun hansı kriteriyaları vardır? və s. və i.a. Fəlsəfəyə «İdrak nəzəriyyəsi» terminini ilk dəfə Şotlandiyalı filosof C.Ferrey 1854– cü ildə gətirmişdir.
İdrak vasitələrinin təkmilləşdirilməsi insanın fəaliyyət tari­xinin ayrılmaz hissəsidir. Keçmiş dövrlərin filosofları çoxsaylı idrak məsələlərinin həllinə diqqət yetirmişlər. Təsadüfi deyildir ki, bu problem fəlsəfi fikrin inkişafında müəyyənedici yer tutmuşdur. Əvvəlcə idrak sadəlövh, bəzən isə hətta primitiv formada çıxış edir, yəni adi idrak kimi mövcud olur. Onun funksiyası bu günə qədər öz əhəmiyyətini itirməmişdir. İnsan praktikasının inkişaf səviyyəsi ilə əlaqədar olaraq onun ətraf aləmi qavramaq vərdişləri və bacarığı da təkmilləşmişdir. Nəticədə təkcə idrak vasitələri ilə deyil, elmin bu və ya digər növləri ilə gerçəkliyin öyrənilməsi davam etdirilmişdir. Bu zaman bütövlükdə dünyanı əhatə edən ümumfəlsəfi prinsiplərlə yanaşı, idrak sahəsi (insan idrakının dünyaya münasibəti), eləcə də xüsusi elmi təfəkkür prinsipləri və xüsusi elmi nəzəriyyələrin prinsipləri inkişaf etmişdir.
Ümumiyyətlə, XX əsrdə elm cəmiyyətin həyatını dəyişə bilən qüdrətli amillərdən birinə çevrilmişdir. Bu zamandan başlayaraq elm özünü tədqiqat obyektinə çevirmiş və onu tədqiq etməyə baş­lamışlar. Bununla yanaşı, cəmiyyətin və insanın idraki fəaliyyəti mər­kəzi tədqiqat obyektinə çevrilmişdir. Elmi yaradıcılığın psixolo­giyası, elmin məntiqi, elmin sosiologiyası, elmin tarixi, nəhayət, elmşünaslıq– bütün bunlar elmi idrakın müxtəlif forma və sahələrini öyrənən xüsusi fənlərin qısa siyahısıdır. Lakin fəlsəfə də kənarda qalmamışdır. Bu sahədə yaranan elm fəlsəfəsi (konkret sahələrə gəldikdə isə, biologiyanın fəlsəfəsi, fizikanın fəlsəfəsi, riyaziyyatın fəlsəfəsi və s.) geniş fəaliyyətə başlamışdır.
Ümumiyyətlə, «idrak» mövzusunun öyrənilməsi üçün bir sıra anlayışları nəzərdən keçirmək lazımdır. Filosofların və digər elm sahələrinin bir sıra cəhdləri sayəsində idrakın mühüm prinsiplərinə əsaslanaraq sübut etmək olar ki, elm mürəkkəb, dinamik və funk­sional bir sistemdir. «Sistem», «struktur» anlayışları bu baxımdan fikrimizin anlaqlı olmasına kömək edir. Birinci növbədə təbiət­şünaslıq sahəsindəki tədqiqatlarda alimlər belə bir nəticəyə gəldilər ki, hər bir hadisəni daha kiçik hissələrə və elementlərə bölmək olar. Uzun müddət belə bir fikir hakim idi ki, mexaniki yollarla (mexani­sizm) mürəkkəbi sadəyə, bütövü hissələrə, sistemi öz elementlərinə, cansız təbiətdəki və cəmiyyətdəki rəngarəng hadisələri isə mexaniki hərəkətə müncər etməklə onların düzgün izahını anlamaq müm­kündür. Lakin yeni– yeni faktların aşkarlan­ması ilə aydın oldu ki, bu cür təfəkkür üsulu kifayət qədər təsirli deyildir. Onun məhdud­luğunu aradan qaldırmaqdan ötrü sistem­lilik prinsipinin işlənməsi zəruri hesab edildi, sonra isə bu, elmdə və praktikada sistemli yanaşmanın yaranmasına gətirib çıxardı.
Hər hansı bir obyekti hansı üsullarla olur olsun tərkib hissə­lərinə bölmək mümkündürsə, ona sistem deyilir. Başqa sözlə desək, sistem yunanca bütöv, tam sözündən olub ayrı– ayrı hissələrdən, çoxsaylı elementlərdən ibarət olana deyilir. Əslində elmi idrakın hər bir obyektinə sistem kimi baxmaq da düzgün hesab edilir. Sistemlər isə bəzən sabit, funksiyalı və dinamik kimi növlərə bölünür. Struk­tura gəldikdə isə obyektə, predmetə, prosesə bütövlük verən ele­ment­lərin nisbətən sabit vəhdəti və onların əlaqə və münasibətlərini ifadə edən anlayışdır.

a) İdrakın subyekti və obyekti

Əgər elmi idrak prosesinə bütövlükdə sistem qurumu kimi baxsaq, onun elementi kimi birinci növbədə idrakın subyekti və obyektini ayırmaq lazımdır.
İdrakın subyekti– predmet– praktik fəaliyyətin və idrakın da­şıyıcısı, idrak predmetinə istiqamətlənmiş idraki fəallığın mən­bəyidir. İdrakın subyekti kimi ayrı– ayrı insanlar (fərdlər, eləcə də sosial qruplar), bütövlükdə cəmiyyət çıxış edə bilər. İdrakın subyek­ti ayrı– ayrı fərdlər olduqda o zaman həmin fərdin şüuru və özünü dərki (şəxsi «Mən») bəşər tarixi boyu yaradılmış bütün mədəniyyət dünyası ilə müəyyən olunur. Uğurlu idraki fəaliyyət yalnış idrak prosesində subyektin aktiv rolu sayəsində mümkündür.
İdrak obyekti– subyektin praktiki və idraki fəaliyyətinin istiqamətləndiyidir. Obyekt nə materiya, nə də obyektiv reallıqla eyni deyildir. İdrak obyekti həm maddi qurumlar (kimyəvi element­lər, fiziki cisimlər, canlı orqanizmlər), həm də sosial hadisələr (cəmiyyət, adamların qarşılıqlı münasibətləri, onların davranışı və fəaliyyəti) ola bilər. İdrakın  nəticələri də (eksperimentin yekunu, elmi nəzəriyyələr, bütövlükdə elm) idrak obyekti ola bilər. Beləliklə, insandan asılı olmayaraq mövcud olan şeylər, hadisələr, proseslər və s. idrak obyekti hesab edilə bilər. Bununla əlaqədar demək olar ki, obyekt anlayışı və predmet bir– birindən fərqlənir. Predmet bu və ya digər elmin diqqət yetirdiyi obyektin yalnız bir tərəfidir. Lakin bununla yanaşı, qeyd etmək lazımdır ki, predmet anlayışı öz həcminə görə obyekt anlayışından genişdir.
Fəlsəfə yaranandan bəri subyektin obyektə münasibəti prob­lemi dərkedənin dərkedilənə münasibəti kimi həmişə filosofların diqqət mərkəzində durmuşdur. Bu münasibət səbəb və xarakterin izahını mürəkkəb bir təkamülə uğratmışdır. Subyektin özü və onun fəaliyyəti konkret sosial– mədəni və tarixi şəraitin, eləcə də subyektin digər subyektlərlə vasitəliyi nəzərə alınmaqla düzgün başa düşülə bilər.
Elmi idrak nəinki subyekti obyektə, həmçinin subyektin özünə (refleksiya) şüurlu münasibətini zəruri edir.

b) İdrakın formaları

İdrak obyektiv aləmin, onun qanun və qanunauyğun­luqları­nın insan beynində müəyyən məqsədə yönələn fəal inikasıdır. İd­rakın mənbəyi insanı əhatə edən xarici aləmdir. Xarici aləm insana təsir göstərir və onda müvafiq duyğular, təsəvvürlər, anlayışlar doğurur. İnsan idrakının fəallığı, müəyyən məqsədə yönəlməsi məhz praktikada, insanların maddi istehsal fəaliyyətində meydana çıxır. Praktika prosesində insan dünyaya təklikdə deyil, başqa adamlarla, bütövlükdə cəmiyyətlə qarşılıqlı əlaqədə fəal təsir göstərir. Bu isə o deməkdir ki, əgər idrakın obyekti, onun mənbəyi maddi aləmdirsə, idrakın subyekti, onun daşıyıcısı bəşər cəmiyyətidir. İdrakın ictimai təbiətini qəbul etmək dialektik idrak nəzəriyyəsinin mühüm fərqləndirici cəhətidir. Dialektik fəlsəfəyə görə, idrak təfəkkürün dərk edilən predmetə yaxınlaşmasından, fikrin biliksizlikdən, biliyə doğru, yarımçıq və mükəmməl olmayan bilikdən daha tam, mükəmməl biliyə doğru hərəkətindən ibarət sonsuz bir prosesdir.
Uzun illər Sovet fəlsəfi ədəbiyyatında idrakın hissi və məntiqi idraka bölünməsi ehkam kimi qəbul edilmişdir. Biz əvvəlcə hissi idrak və məntiqi idrak mərhələləri haqqında məlumat verək, sonra isə indiyə qədər fəlsəfi ədəbiyyatda olmayan idrak formalarından da danışacağıq.
Hissi idrakın əsas forması duyğudur. Duyğu predmetin ayrı– ayrı xassələrinin, xüsusiyyətlərinin, tərəflərinin inikasıdır. Predmet­lər isti və soyuq, tünd və açıq, hamar və kələ– kötür ola bilər. Onla­rın bütün bu və ya bir çox başqa xassələri bizim hiss üzüvlərimizə təsir göstərərək müəyyən  duyğular yaradır. Duyğulardan başqa, qavrayış və təsəvvür də hissi idrakın formalarıdır. Bununla belə, qavrayış hissi idrakın daha yüksək formasıdır. Qavrayış predmeti onun bilavasitə hissi bütövlüyü halında, onun xarici tərəflərinin, xüsusiyyətlərinin məcmusu halında əks etdirir. Təsəvvür əvvəlcə qavranılanın insan şüurunda bərpasıdır.
Məntiqi idraka gəldikdə isə o, hissi idrakın gördüyü işi bir növ tamamlayır. Hiss üzvlərinin verdiyi bilik son dərəcə zəngin və rən­garəngdir. Lakin o tam deyil, məhduddur. Hissi bilik bizə şeylərin yalnız ayrı– ayrı xarici tərəfləri haqqında təsəvvür versə də, onların daxili təbiətini, onların mahiyyətini, onların inkişaf qanunlarını aşkara çıxara bilməz. İdrakın əsas vəzifəsi isə məhz bundan iba­rətdir. Məntiqi idrak idrakın inkişafında keyfiyyətcə yeni, ən yüksək mərhələdir. Onun rolu predmetin başlıca xassələrini və əlamətlərini aşkara çıxarmaqdan ibarətdir. Məntiqi təfəkkür pilləsində gerçək­liyin inkişafının insana öz əməli işlərində son dərəcə zəruri olan qanunları dərk edilir. Anlayış predmetlərin bütün tərəflərini deyil, yalnız mühüm, ümumi tərəflərini əks etdirir, ikinci dərəcəli əlamət­ləri nəzərə almır, bunları kənara atır. Anlayışların inkişafı prosesi iki istiqamətdə davam edir: 1. Əvvəlki anlayışlar dərinləşdirilir, dürüstləşdirilir və daha yüksək abstraksiya səviyyəsinə qaldırılır; 2. Yeni anlayışlar meydana gəlir. Anlayışlar əsasında təfəkkürün başqa formaları– mühakimələr, əqli nəticələr formalaşır.
Mühakimə elə bir idrak formasıdır ki, bunda nə isə iqrar edi­lir və ya nə isə inkar edilir. Mühakimənin tərkibinə müəyyən an­layış­lar daxildir. Bundan başqa hipotezlərdən də idrak prosesində istifadə edilir. Hipotezlər hadisələr, vaqiələr, qanunlar haqqında ehtimaldır. Həmçinin idrakda elmi nəzəiyyələrdən də istifadə olunur. Elmi nəzəriyyələr gerçəkliyin hər hansı müəyyən prosesləri və ya sahələri haqqında dərin, hərtərəfli bilikdir.
Yuxarıda hissi ilə məntiqinin vəhətindən danışdıq. Onlar bir– birini tamamlayır. Lakin idraka müxtəlif münasibətlər mövcuddur. Onlardan biri də empirizmdir. Empirizmin (yunanca «empiriya»– təcrübə sözündəndir) nümayəndələri idrakda abstrakt təfəkkürün rolunu lazımınca qiymətləndirmir və hesab edirlər ki, yalnız hissi təcrübə insana dünyanın həqiqi mənzərəsini verir. Empiriklər an­layış­ların hissi əyaniliyi olmadığına əsaslanaraq (məsələn, «ümu­miyyətlə insan», «ümumiyyətlə ağac» və i.a. təsəvvür etmək olmaz), iddia edirlər ki, gerçəklikdə anlayışlara heç bir şey uyğun gəlmir, an­layışlar insan fantaziyasının məhsuludur. Empirizmin meydana gəlməsi Yeni dövr fəlsəfəsi ilə əlaqədardır. Onun ən çox inkişaf etdiyi dövr XIX əsrdir. Həmin dövrdə empirizm filosof– idealist­lərin təlimində geniş yayılmışdır. Empirizmin əksi olan cərəyan­lar­dan biri rasionalizmdir. Empiriklərdən fərqli olaraq, rasio­nalizmin (latınca «rasionalist»– ağla uyğun sözündəndir) nü­ma­yəndələri hiss üzvlərinə inanmır və zəkanı, abstrakt təfəkkürü həqiqi biliyin yeganə mənbəyi hesab edirlər. Rasionalistlər hissi idrakın rolunu lazımınca qiymətləndirmir və güman edirlər ki, insan dünyanı xalis intuitiv surətdə, hər hansı təcrübədən kənarda dərk edə bilər. Anla­yışları və təfəkkürün başqa formalarını duyğulardan və qavrayış­lardan ayırmaq son nəticədə realistləri idealizmə aparıb çıxarır. Rasionalizmin fəlsəfi mahiyyəti əqlin, varlığın, idrakın, əxlaqın əsasıdır. Rasionalizm termini də XIX əsrdə geniş yayılmışdır. Rasionalizm ontoloji və qnoseoloji hissələrə bölünür. Qnoseologiya idrak haqqında təlimdir. Ontologiya varlıq haqqında təlimdir. On­toloji rasionalizm– varlıqda əqli başlanğıcı qəbul edir. Qnoseoloji rasionalizm  əqli idrakın baş forması hesab edir.
Hazırda biliyi empirik və nəzəri səviyyələrə bölürlər.

c) İdrakın metod və vasitələri

Məlum olduğu kimi, müxtəlif elmlər özünün spesifik tədqiqat metodları və vasitələrinə malikdir. Fəlsəfə bu spesifikanı unutma­yaraq idrakın yalnız ən ümumi (həm nəzəri, həm də paraktiki elmlər üçün) metod və vasitələrinə üstünlük verir. Psixologiyadan fərqli olaraq fəlsəfəni idrak prosesinin ümumi qanunauyğunluqları maraqlandırır. Fəlsəfədə metodologiya (metod haqqında təlim) adlanan böyük bir sahə vardır. bu, gerçəkliyin dəyişdirilməsi, idrak üsulları, dünyagörüş prinsiplərinin idrak prosesinə, yaradıcılığa, praktikaya tətbiqini əks etdirən fəlsəfi təlimdir. Əslində elmi idrakın vəzifəsi predmetlərin və hadisələrin daxili təbiətini, mahiyyətini, onların fəaliyyət və inkişaf qanunlarını aşkara çıxarmaqdan ibarət­dir. Lakin  mahiyyət,  qanunlar hadisələrin səthində deyildir, bun­ları aşkara çıxartmaq üçün elmin və praktikanın uzun sürən mürək­kəb inkişafı prosesində bütöv bir elmi– tədqiqat üsulları işlənib ha­zır­lanmışdır. Bu üsullar ən ümumi əhəmiyyətə malik olub, gerçək­liyin ən müxtəlif hadisələri araşdırılarkən hər hansı elmə tətbiq edilə bilər. Empirik tədqiqatların əsas vasitələri (metodları) müşahidə və ekisperimentdir. Onları çoxsaylı ölçü proseduraları tamamlayır.
Müşahidə– ətraf aləmin predmet və hadisələrinin məqsədyön­lü və təşkil olunmuş qavrayışıdır. Müşahidə hissi idraka əsaslanır. Müşahidə obyekti kimi təkcə xarici aləm predmetləri çıxış etmir. Müşahidəyə subyektin özünün əhval– ruhiyyəsi, həyəcanlarının, hisslərinin, psixi və emosional vəziyyətlərinin özü də daxildir (burada söhbət özünümüşahidədən– introspeksiyadan gedir).
Qeyd etmək lazımdır ki, müşahidə təkcə faktların mexaniki və avtomatik qeydiyyatı ilə məhdudlaşmır. Müşahidə prosesində fəal funk­siyanı insanın şüuru yerinə yetirir. Bu o deməkdir ki, müşa­hi­dəçi təkcə faktları qeydə almır, eyni zamanda məqsədyönlü şəkil­də onları axtarır, öz axtarışında hipotezlərdən və mövcud təcrübə­dən istifadə edir. Əldə edilən nəticədə hipotezlər (nəzəriyyələr) ya təsdiq olunur, yaxud da təkzib olunur. Müşahidələr subyektin hissi, arzu, istək və iradəsindən asılı olmayaraq nəticə verməlidir, daha də­qiq desək onlar obyektiv informasiya verməlidir. Müşahidələr bilavasitə və bilvasitə kimi iki hissəyə bölünür. Bilavasitə müşahidə­lər­dən fərqli olaraq, bilvasitə (dolayı ilə) müşahidələrdə tədqiqat pred­meti rolunda bəzən obyektin, yaxud prosesin özü iştirak etmir, di­gər predmet və proseslərlə qarşılıqlı əlaqədə (təsirdə demək olar) iştirak edir. Bu cür müşahidələrə fizika istənilən qədər material verir.
Elmi tədqiqatlarda müşahidə aşağıdakı funksiyaları yerinə yetirir; empirik informasiya ilə təminat; eksperiment vasitəsilə həyata keçirilməsi mümkün olmayan nəzəriyyə və hipotezlərin yox­lanılması; nəzəri tədqiqatlar gedişində əldə edilən nəticələrin müqa­yisəsi; onların həqiqiliyi və adekvatlığının yoxlanılması və s. Bu, obyekti xalis şəkildə ayırıb öyrənmək, bu və ya digər şəraitin təsiri altında bütövlükdə obyektin və ya onun ayrı– ayrı tərəflərinin necə dəyişildiyini müəyyən etmək imkanı verir. Təcrübə ən böyük idrak üsullarından biridir. Təcrübə təbiətşünaslıqda geniş tətbiq edilir, ictimai elmlərdə isə get– gedə daha böyük əhəmiyyət qazanır. Təcrübələr öz xarakterinə görə müxtəlifdir.
Ümumiyyətlə, eksperiment (təcrübə) empirik tədqiqat metodu olub, öyrənilən hadisə və prosesə fəal, praktiki təsir imkanını təmin edir. Eksprimentator şüurlu və məqsədyönlü şəkildə onun təbii gedişinə müdaxilə edir. Tədqiq edilən obyektdən və elmi fənnin xarakterindən asılı olaraq aşağıdakı eksperimentlər fərqləndirilir. Fiziki, kimyəvi, bioloji, kosmik, psixoloji və sosial eksperimentlər.
Hazırda ekseprementin təbiəti əsaslı şəkildə dəyişilmişdir. Onun texniki imkanları ilə modelləşdirilmənin də imkanları artmış­dır. Yəni eksperiment prosesində modellərdən daha geniş istifadə edirlər. Modellər tədqiqat obyektini əvəz edir (xüsusilə insanın sağlamlığı ilə əlaqədar məsələlərdə və obyektin uzaq məsafələrdə yerləşməsi ilə əlaqədar olaraq modellərdən geniş istifadə olunur). Bu zaman riyazi hesablamalar daha çox yarayır. Tədqiqat metod­larının və nəticələrinin xarakterinə görə eksperimentlər kəmiyyət və keyfiyyət eksperimentlərinə bölünür.
Qeyd etmək lazımdır ki, müşahidəni və eksperimenti tədqi­qatçılar, başlıca olaraq, hiss üzvlərinin köməyi ilə keçirirlər. Lakin hiss üzvlərinin imkanları məhduddur. Hiss üzvlərinin məhdudluğu cihazlar vasitəsilə aradan qaldırılır, cihaz olmadan elm, xüsusilə müa­sir elm yaşaya bilməz. Elmdə istifadə edilən cihazlar müx­təlif­dir. Bunlar, hər şeydən əvvəl, ölçü və müşahidə vasitələridir– xrono­metr­lər, teleskoplar, mikroskoplar, voltmetrlər, ampermetrlər, analitik tərəzilər, seysmoqraflar, Vilson kameraları, («elementar» hissəcikləri müşahidə etmək üçün) və başqalarıdır.
Hər bir predmet qarşılıqlı təsir halında olan müxtəlif kom­ponentlər, cəhətlər, tərəflərin məcmusudur (sistemidir). Bu cür sistemlərin tədqiqində təhlil mühüm rol oynayır.
Təhlil– predmeti onun tərkib hissələrinə, ünsürlərinə, tərəflə­rinə ayırmaq deməkdir, məqsəd isə bunların yerini başa düşmək, bunlardan mühüm, başlıca olanlarını ayırmaqdır. Təhlil– predmet üzərində keçirilə bilər, həmçinin məntiqi, fikri təhlil də ola bilər. Predmet təhlilindən başlıca olaraq qeyri– üzvi təbiətin tədqiqində istifadə edilir. Hər hansı səbəbə görə predmeti parçalamaq mümkün olmadığı hallarda məntiqi təhlildən istifadə olunur.
Təhlildən fərqli olaraq sintez (yunanca birləşmə demək olan «sintesis»sözündəndir) predmetin hissələrini, tərəflərini, maddi su­rət­də və ya fikrən birləşdirməkdir, bu da onların daxili, zəruri əla­qə­lərini, bununla da birlikdə, həmçinin predmetə məxsus qanu­nauy­ğunluqları aşkara çıxarmaq imkanı verir.
İnsanın təhlil– sintez yolu ilə idrak qabiliyyəti praktika əsa­sında meydana gəlmişdir. Təhlil ilə sintez vəhdət halındadır. Bunlar təhlil– sintez yolu ilə gedən vahid elmi idrak üsulunun bir– birinə təsir göstərən momentləridir.
İdrakda induktiv və deduktiv metodlardan da geniş surətdə isti­fadə olunur. İnduksiya (latınca– yönəltmə mənası verən «in­duk­sio» sözündəndir)– fikrin ayrı– ayrı hadisələrdən ümumi nəti­cələrə doğru hərəkəti prosesidir. Biz artıq bilirik ki, qanun hadi­sələrdə təkrarlanan ümumi cəhətdir. Lakin ümumi cəhət yalnız ayrıcadan başqa bir hal deyildir. Ayrıca haqqındakı bilikdən  ümu­mi bilik əldə etmək vasitəsi olan induksiya qanunauyğunluqları, səbəbiyyət əlaqələrini aşkara çıxarmaq üçün mühüm vasitədir. İnduksiya yeni bilik əldə etmək imkanı verir, çünki əvvəllər əldə edilmiş bilik in­duksiya vasitəsilə yeni predmetlərə, hələ öyrənilməmiş predmetlərə şamil edilir. 
Deduksiya (latınca hasiletmə mənası verən «deduksiya» sö­zündəndir)– fikrin ümumidən təkcəyə doğru hərəkəti prosesidir. De­duksiyadan elmi nəzəriyyə qurma üsulu kimi istifadə edilir. Müasir elmdə, məsələn, aksiom metodu geniş yayılmışdır, bu zaman elmi nəzəriyyə sübutsuz qəbul edilən müddəalardan ibarət olan aksio­m­ların məcmusundan müəyyən qaydalar və qanunlar əsasında hasil edilir.
Təhlil və sintez kimi induksiya və deduksiya da bir– biri ilə əlaqədardır. Əslində ümumi haqqında bilik əldə etmək üçün təkcə haqqında bilik lazımdır və əksinə.

ç) Tarixilik və məntiqilik

İdrakın inkişaf qanunlarını, onun dialektikasını dərindən an­la­maq üçün şey haqqındakı konkret biliyin əldə edilməsi prosesində tarixi ilə məntiqinin qarşılıqlı münasibətini aydınlaşdırmaq lazım­dır. Tarixi dedikdə, real şeyin özünün hərəkəti nəzərdə tutulur; məntiqi isə tarixinin inikasıdır. Tarixi əvvəl gəlir, onun arxasınca isə məntiqi gəlir. Məntiqi tarixinin əsas mərhələlərini əks etdirir. Tarixilik və məntiqilik ilk dəfə Hegel tərəfindən irəli sürülmüşdür. Məntiqi tarixini bütün təfərrüatı ilə təkrar etmir, onun başlıca cəhətini, mahiyyətini abstraksiyalarda, real inkişaf prosesinin bütün zənginliyini öyrənmək əsasında bərpa edir. Doğrudur, şeyin inkişafında təsadüflər, dolanbaclar, əsas yoldan bu və ya digər tərəfə uzaqlaşmalar vardır. lakin bütün bunlara baxmayaraq, məntiqi ilə tarixi vəhdət təşkil edir, lakin bunlar bir– birinin eyni deyildir; bunlar başlıca, mühüm cəhətlərdən bir– birinə müvafiqdir. Məntiqi özü də tarixidir. Lakin tarixi formanın təsadüfi cəhətləri məntiqidən kənar edilmişdir. Onlar həm vəhdətdədir, həm də bir– birilə müəyyən hallarda ziddiyyətə girirlər. Məntiqi yanaşma olmadan tarixi kordur, tarixisiz isə məntiqi məzmunsuzdur. Məntiqi yalnız tarixini dərk etmək vasitəsidir. O, hərtərəfli öyrənmə üçün prinsip verir.

d) Həqiqət və onun meyarları

İdrakın əsas məqsədi elmi həqiqətə nail olmaqdır. Həqiqət dedikdə dialektik fəlsəfə o bilikləri nəzərdə tutur ki, bunlar həmin predmeti düzgün əks etdirsin, ona uyğun olsun. Fəlsəfədə həqiqət təkcə idrakın məqsədi deyil, həmdə tədqiqat predmetidir. Belə demək olar ki, həqiqət anlayışı elmin mahiyyətini ifadə edir. Filosoflar çoxdandır ki, elə bir idrak nəzəriyyəsi yaratmağa çalışırlar ki, ona elmi həqiqətin əldə edilməsi prosesi kimi baxsınlar. Bu yolda əsas ziddiyyətlər subyektin fəallığının və bilik əldə etmək imkanının müvafiq obyektiv real dünyaya qarşı qoyulmasıdır.
Lakin həqiqət çoxlu aspektlərə malikdir, ona müxtəlif nöqteyi– nəzərdən, yəni məntiqi, qnoseoloji və nəhayət ilahiyyat nöqteyi– nəzərindən baxmaq olar.
Bəs həqiqət nədir? Həqiqətin klassik fəlsəfi konsepsiyalarında baxılması tarixi antik dövrə gedib çıxır. Məsələn, Platon belə hesab edirdi ki, şeylərə müvafiq şeylərdən danışanlar doğru danışır. Onların haqqında başqa cür danışanlar yalan danışır. Uzun müddət həqiqətin klassik konsepsiyası idrak nəzəriyyəsində üstün yer tutmuşdur. Fikirlərin gerçəkliklə adekvatlığı bu qəbildəndir. Av­qustin həqiqi ideyaların anadangəlmə olması haqqında təlimi in­kişaf etdirmişdir. Avqustindən fərqli olaraq materialistlər elmin nailiyyətlərinə və bəşəriyyətin əsrlər boyu davam edən praktikasının uğurlarına arxalanıb iddia edirlər ki, həqiqət obyektivdir. Həqiqət obyektiv surətdə mövcud olan dünyanı əks etdirdiyinə görə, həqi­qətin məzmunu insan şüurundan asılı deyildir. Həqiqətin məzmunu tamamilə onun əks etdirdiyi obyektiv proseslərlə müəyyən olunur.
Bəs həqiqətin kriteriyası nədir? Həqiqətin kriteriyasını müəy­yənləşdirmək məsələsi fəlsəfənin başlıca problemlərindən biri hesab olunur. Bu məsələdə filosoflar arasında böyük fikir ayrılığı mövcu­d­dur. Ən ifrat nöqteyi– nəzərə görə, həqiqətin kriteriyası yoxdur. Onun tərəfdarlarının fikrincə, ya ümumiyyətlə həqiqət yoxdur, yaxud da vardır, hamıya və hər şeyə xasdır.
İdealistlər– rasionalizm tərəfdarları həqiqətin kriteriyası  kimi təfəkkürün özünü götürürdülər. Çünki yalnız təfəkkür predmeti ay­dın təmsil etmək qabiliyyətinə malikdir. Dekart və Leybnits kimi filosoflar ilkin həqiqətlərin öz– özünə olması fikrinə əsaslanaraq onun intellektual intuisiya vasitəsilə daha da aydın olmasını irəli sürürdülər. Onların dəlilləri riyaziyyatın imkanları ilə əlaqələn­diri­lir­di İ.Kant həqiqətin yalnız formal, məntiqi kriteriyasını qəbul edirdi. Digər aqnostiklər də həqiqətin meyarı (kriteriyası) olma­dığını əsaslandırmağa cəhd edirlər. Bir çox filosoflar idrakın həqi­qiliyi kriteriyasını təsəvvürlərin və anlayışların aydın və anlaşıqlı olmasında, bunların ümumi mənasında, kollektiv təcrübədə axtarır­dılar.
Marksa görə, idrak özü öz həqiqiliyinin meyarı ola bilməz. Biliyin həqiqiliyinin meyarını idrak xaricində– praktikada axtarmaq lazımdır. «İnsan təfəkkürünün predmet həqiqiliyinə malik olub– olmadığı məsələsi heç də nəzəriyyə məsələsi olmayıb, əməli məs­ə­lədir. İnsan öz təfəkkürünün həqiqiliyini, yəni kerçəkliyini və qüdrətini, bu dünyaya məxsus olduğunu praktikada sübut etməlidir. Praktikadan təcrid olunan təfəkkürün gerçək olub– olmadığı haqqındakı mübahisə xalis sxolastik məsələdir» (K.Marks). İnsan öz anlayışlarının obyektiv həqiqiliyini praktika vasitəsilə sübut edir. İnsan idrakı mütləqdir., suverendir, çünki obyektiv həqiqəti verə bilir, şeylərin düzgün inikasını verə bilir. Fəlsəfədə mütləq və nisbi həqiqət anlayışlarından istifadə  edilir. Dolğun və bitkin formada olan obyektiv həqiqətə mütləq həqiqət deyilir. Mütləq həqiqət elə bir biliyə deyilir ki, elmin və praktikanın sonrakı inkişafının gedişində onu təkzib etmək mümkün deyildir. İnsan mütləq həqiqətə birdən– birə gəlib çatmır. Mütləq həqiqət nisbi həqiqətlərdən əmələ gəlir.
Nisbi həqiqət belə bilikdir ki, gerçəkliyi əsasən düzgün əks etdirir. Lakin dolğun əks etdirmir, onu müəyyən hüdud daxilində, müəyyən şəraitdə və münasibətlərdə əks etdirir. Elmin sonrakı inkişafında bu bilik dürüstləşir. Dialektik fəlsəfə həqiqətin meyarı kimi praktikanı götürür. Bu və başqa ideyanın, elmi nəzəriyyənin həqiqiliyi haqqında istənilən qədər mübahisə etmək olar, lakin bu mübahisəni yalnız praktika– istehsal, siyasi həyat, elmi eksperiment həll edə bilər.

 

0 şərh