Pifaqor

Pifaqor eramızdan əvvəl 570-ci ildə Sidonda (və ya Samosda) anadan olub. Onun 490-cı ildə öldüyü güman edilir. Metafizika, riyaziyyat, musiqi, etika, siyasətə dair araşdırmalar müəllifidir.
Pifaqorun həyatı əfsanələşdirilib. Onu hətta möcüzə sahibi, peyğəmbər sayanlar da olub. Herodot Pifaqoru böyük Ellin müdriki adlandırırdı.
Həyatı
Antik dövrdə Pifaqorun həyatı haqqında yazan çox olub. Amma ilk bioqrafiyası ölümündən iki yüz il sonra qələmə alınıb. Atasının adı Mnesarx,  anasınınkı Partenid imiş. Mnesarxın daşyonan olmasıını yazanlar var. Porfiriyə görə, Mnesarx samoslu yox, suriyalı imiş. Özü də varlı tacir olub. Ərzaq qıtlığı vaxtı Samos camaatına pulsuz taxıl payladığına görə vətəndaşlıq alıb. Bir sıra müəlliflər (Epimenid, Evdoks, Ksenokrat) yazır ki, Apollon Partenidlə əlaqəyə girib… onu hamilə edib və bundan Pifaqor doğulub. Pifaqorun bioqrafı Yamvlix isə bunu uydurma adlandırır.

Elm dalınca Şərqə
Antik müəlliflərə inansaq, Pifaqor öz dövrünün bütün tanınmış müdrikləri ilə görüşüb. Yunanlar, farslar, xaldeylilər, misirlilərlə təmasda olub, bəşəriyyətin topladığı bütün elmləri öyrənib. İlk təhslini Samosda alıb. Sonra bura ona darlıq edib və Miletə gedib.
Burada böyük filosof Falesin tələbəsi olub. Fales daha da irəliləmək üçün ona məsləhət görüb ki, elm dalınca Misirə getsin. Pifaqor onun tövsiyəsinə əməl edib. Misirdə o vaxt matah bilikləri məxfi saxlayar, xüsusən əcnəbilərə öyrətməzdilər. Laertli Diogen və Porfiri yazır ki, Samos tiranı Polikrat firon Amasisə təqdimat yazıbmış. Bu səbəbdən Pifaqorun başqa əcnəbilərə yasaq edilən elmləri öyrənməsinə şərait yaradılıb. Yamvlixə görə, Pifaqor ölkəni 18 yaşında tərk edib, iyirmi iki il Misirdə olub. Oradan Babilistana gedib. Özü kefinə yox. 525-ci ildə xəracın vaxtında ödənmədiyini bəhanə edərək Misiri işğal edən İran şahı Kambiz Pifaqoru da əsirlərlə bərabər Babilistana aparıb. Pifaqor 12 il də Babilistanda qalıb, maqlarla ünsiyyətə girib, onlardan elm öyrənib. Nəhayət, 56 yaşında müdrik bir şəxs kimi vətənə qayıdıb.

Pifaqorun icması
Qayıdandan sonra Pifaqor Cənubi İtaliyadakı yunan koloniyası Krotonda yerləşib. Burada özünə çoxlu davamçılar toplayıb. Qısa müddətdə o, əhali arasında populyarlıq qazanıb. Hətta qızlar və qadınlar da qanunu pozub onun dərslərinə gələrmiş. Belə qanun pozanlardan biri – Teano adlı qız tezliklə Pifaqorun həyat yoldaşı olur. Pifaqorun tərəfdarlarının bir neçə min olduğu deyilir. Onları Pifaqorun çox şövqlə təbliğ etdiyi mistik fəlsəfəsi ilə yanaşı, sağlam asketizm və ciddi əxlaqa söykənən həyat tərzi cəlb edib. Onun fikrincə, hakimiyyət müdrik və bilən adamlara verilməlidi. İnsanlar bu müdriklərə uşaq valideynlərinə tabe olan kimi tabe olmalıdı.

Əxlaq senzoru

Krorton əhalisi hamılıqla bu müdrik adamı özlərinin əxlaq senzoru seçir. Pifaqor dünyanı gəzib dolaşarkən topladığı bilikləri öyrətməyə başlayır. O, müxtəlif dinlərdən olan yaxşı hər şeyi bir araya gətirib öz sistemini formalaşdırır. Misir kahinlərindən öyrəndikləri əsasında Pifaqor dinləyicilərinin ruhunu təmizləyir, qəlblərindən nöqsanları çıxarır, ağılları həqiqət nuru ilə doldururmuş. Pifaqorun şagirdləri sonralar islamda təsəvvüf əhli arasında geniş yayılan və unikal bir gücə çevrilən fütüvvət təşkilatları tipində bir növ dini orden və ya qardaşlıq yaradıbmış.

Günlük həyatı
Pifaqorun günü musiqi ilə başlayırmış. İlk öncə lirada çalar, oxuyarmış. Musiqiyə bəzən Homer və Hesiodun şerlərini də qatarmış. Düşünürmüş ki, bu şerlər adamın ruhunu sakitləşdirə bilir. Bəzən rəqsə də meyl edib — sağlamlıq və gözəl hərəkət bədənə faydalıdır deyə. Gəzintiyə çıxanda ya tək, ya da ən çoxu üç nəfər olublar. Sakitlik və gözəllik olan yerdə dolaşmağı sevərmiş. «Dost ikinci məndir» deyib, dostları sağlam olanda onlarla söhbət edər, xəstəlik zamanı və ya ruhani diskomfortları olanda təskinlik verər, musiqi ilə müalicə edərmiş. Səhərlər, adətən, şan balı, nahara darı və ya buğda çörəyi, qaynadılmış və ya çiy tərəvəz yeyib. İldə bir dəfə qırx günlük oruc tutarmış. Şagirdlərindən də tələb edərmiş ki, heç olmasa, çörək və su ilə kifayətlənsinlər.

Seçilmişlərə halal olan avama haramdır
Pifaqorun məktəbində çox sərt qayda-qanun olub. Buraya qəbul olunanlar şuranın nəfinə öz şəxsi mülküiyyətindən əl çəkir, qan tökməmək andı içir, ət yeməmək öhdəliyi götürür, öz müəlliminin sirlərini qorumağa söz verirmiş. Qazanc məqsədi ilə başqalarını öyrətmək qadağan olub. Pifaqorun bir sıra kəlamlarının (Şərq mistik mütəfəkkirlərində də belədir) zahiri və batini mənası var. Zahiri məna kütlə, batini isə seçilmişlər üçün. Məsələn, «Tapdanmış yolla getmə»nin zahiri mənası məlum, batini məna isə budur: kütlənin fikrini yox, biliciləri dinləmək lazımdır. «Evdə qaranquş saxlama». Batini mənası budur: çərənçi və ağzına yiyəlik eləməyən adamları qonaq qəbul eləmə. (bizdə qaranquş gəldi-gedərlik, etibarsızlıq rəmzi kimi işlənir: «Can verəndə sərçəyə ver, qaranquş gəldi-gedərdi»). \«Gedəndə dönüb geri baxma». Yəni ölüm qabağı dünyadan dördəlli yapışma\».

«Mən indi Pifaqoram, əvvəl Evforb olmuşam…»

Pifaqor tənasüxə – reinkarnasiyaya inanıb. Ruhun  ölməzliyinə, onun bədəndən-bədənə keçib yaşadığını düşünüb. Merac barədə də maraqlı fikirləri olub. Pifaqora görə, nəinki peyğəmbərlər, ruhunu yaxşıca təmizləmiş adamlar da merac edə bilər. Özü haqqında deyirdi ki, birinci dəfə deyil dünyaya gəlir. Əvvəl o, Evforb (Troya qəhrəmanı) olub, sonra dünyaya Efalid kimi gəlib (yunan mifologiyasında Hermes və Evpolemeyin oğlu, arqonavtların carçısı, mifə görə, ona növbə ilə yeraltı və yerüstü səltənətdə yaşamaq haqqı verilibmiş. Unikal yaddaşı olub və bunların hamısını yadında saxlayıb).  Sonra Hermotim olub. Sonra Pirr, nəhayət, Pifaqor. Düşünürdü ki, insan mənəviyyatca təmizlənməklə keçmiş həyatında yaşadıqlarını xatırlaya bilər.

Pifaqorun Əsərləri
Pifaqorun şifahi şəkildə yaydığı biliklər seçilmişlər üçün idi, məxfi, fövqi-təbii təlimi yazıya alına bilməzdi. Yamvlix onun kitablarının olmamasını belə izah edir: «Təlimin yayılmamasında təkidli idi. Bu səbəbdən illər boyu heç kəs onun bir dənə də olsun kitabına rast gəlməyib — Filolaya qədər. Pifaqorçulardan ilk dəfə Filolay onun üç kitabını üzə çıxardı və bu, çox böyük səs-küyə səbəb oldu. Deyilənə görə, Filolay çox ağır maddi duruma düşəndə Platonun tapşırığı ilə sirakuzlu Dion o kitabları çox fantastik qiymətə alıb». Laertli Diogen yazır ki, Pifaqorun bu kitabları belə adlanıb: «Tərbiyə haqqında», «Dövlət haqqında», «Təbiət haqqında».

Pifaqorun Təlimi
«Filosof» termini Pifaqora aid edilir. O, deyilənə görə, özünü və müdrikliyi sevənləri belə adlandırıb. Onun fikrincə, filosof xüsusi insan tipidir. Şöhrət və özünü təsdiq barədə, pul və gəlir barədə  düşünmür, bütün ömrünü şeylərin mahiyyətini öyrənməyə həsr edir. Kainatı kosmos adlandıran ilk şəxs də Pifaqor olub. Deyirdi ki, kainat kürə şəklindədir, on sferadan ibarətdi. Mərkəzdə Yerdən görünməyən od durur. Yer də daxil bütün kainat onun ətrafında fırlanır. Deyirdi ki, şeylərin mənbəyində rəqəmlər durur.
Dünyanı dərk etmək onu idarə edən bu rəqəmləri öyrənmək deməkdir. Bertran Rassel yazır ki, riyaziyyat deduktiv sübuti əsaslandırma kimi məhz Pifaqordan başlayır və mistisizmin xüsusi bir forması ilə sıx bağlıdır. Pifaqor deyirdi ki, Yer kürə formasındadır və kainatın mərkəzidir. Günəş, Ay və planetlər öz orbiti üzrə göydə hərəkət edir. Pifaqorun geosentrik təlimini Kopernik özünün heliosentrik sisteminin sələfi adlandırırdı. Təsadüfi deyil ki, kilsə Kopernikin sistemini «yalançı Pifaqor sistemi» elan etmişdi.
Hər bir sfera rəqəmlə müəyyən edildiyindən özünəməxsus səsi var. Bunun nəticəsində kosmos harmonik bir dünya xoru təşkil edib. Allah təkdir, O rəqəmlər rəqəmidir. Allah qanun kimi təzahür edir. O, qanunun özüdür. Bu qanunun qəbul edilməsi qanuna əməl etməyə and içmək deməkdir. Pifaqorçular and içəndə düşünürdülər ki, öhdələrinə götürdükləri vəzifə Allah tərəfindən təqdis edilir.

Harmoniya haqqında
Deyirdi ki, kainatda hər şeydə bir harmoniya var. Göy cisimlərinin ritmlərinin kombinasiyasında da – onlar bu harmoniya üzrə fəzada hərəkət edirlər və bu, sferalar musiqisi adlanır – musiqi sənətində də. Elə bu harmoniya ilə musiqi ruhu müalicə edə bilir. Harmoniya təkcə fiziki səviyyədə deyil, kosmik və əxlaqi nizam arasında da bir harmoniya var. Yəni Yerdə insanların əxlaqi deqradasiyaya uğraması kosmik kataklizmlərlə nəticələnə bilər (maraqlı deyilmi, Qurani-Kərimdə yazılır: «Kafirlərin küfründən AZ QALIRDI GÖY ÇATLAYA»)
Pifaqor melodiyaları bölmüşdü: bir qismi ruha zülm edən iztirablara, ümidsizlik və məyusluğa qarşı olanlar; qəzəb və qərəzə olanlar; ehtiraslara qarşı olanlar. Pifaqorçular oktava, kvint və kvartın harmonik qarşılıqlı əlaqəsini, bundan başqa, onları idarə edən ədədi qanunları kəşf etmişdilər. Bütün bu kəşflər onun Şərqdə öyrəndiklərinin əsasında vücuda gətirilmişdi…

Pifaqor və muğam
Müsəlman alimlərindən Pifaqoru peyğəmbər hesab edənlər də var. Pifaqor meraj etdiyini, göydəki ulduzlarla birlikdə göylərin fırlandığını öz gözləri ilə gördüyünü deyirdi. Bu dönüşdən müəzzəm və ilahi bir ahəng yarandığını, bu ahəngi duyduğunu deyirdi. Onun fikrincə, insanlar öz mənəviyyatını təkmilləşdirməklə, ruhən yüksəlməklə merac edə bilərlər. Pifaqor musişini də rəqəmlərlə izah edirdi. Onu da ilahi dərkə aparan yol sayırdı. Deyilənə görə, o, dövrünün musiqisini ilahi ahəngə görə islah edib. Ondan sonra seçilmişlər üçün olan musiqiyə  elmi-ədvar – dövrələr elmi adı verilibmiş. Onu da yazırlar ki, muğamların əsası da ərəb və ya fars yox, yunan mənşəlidir. Bu musiqidə əsas olan on iki məqam on iki bürcə, yeddi səs yeddi ulduza, iyirmi dörd şöbə iyirmi dörd saata, qırx səkkiz tərkib isə ilin qırx səkkiz həftəsinə uyğundur. Hətta deyirlər,  günün müxtəlif vaxtlarında təsirləri baxımından hansı muğamın dinlənməsinin məqsədəuyğun olmasını təyin edən cədvəl yaradıbmış Pifaqor və ya onun ardıcılları..

Ölümü
Pifaqorun necə ölməsi haqda dəqiq məlumat yoxdur. Deyilənə görə, qardaşlığın şöhrəti bütün dünyaya yayılırmış, onun sərt əxlaq tələb edən təlimi hakimiyyəti qane etmədiyindən şəhərdə qara camaatı onların üstünə qaldırıblar. Başqa bir versiyaya görə, bir gün Pifaqorun yanına Kilon adlı bir varlı və hikkəli adam gəlir. Təkidlə tələb edir ki, onu qardaşlığa qəbul etsinlər. Rədd cavabı alandan sonra Pifaqorla mübarizəyə başlayır və hətta onun evini yandırır. Şagirdlər öz həyatlarını riskə ataraq mülləimlərini xilas edirlər. Ehtimala görə, Pifaqor  üsyançılardan qaçandan sonra Metaponta gəlib, muzaların məbədində qırx gün ac qalıb və aclıqdan ölüb. Aradan 450 il keçəndən sonra Metapontda Pifaqorun sərdabəsi şəhərin diqqətəlayiq yerlərindən biri kimi qonaqlara göstərilirdi.

Pifaqorun aforizmləri
*Günəş batanda uzanan kölgənə baxıb özünü böyük adam hesab eləmə.
*Səadət dalınca qaçma, o, sənin özündədir.
*Böyük vədlər vermədən böyük işlər gör.
*Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz.
*Uşaqlarınızın göz yaşını qoruyun ki, qəbrinizin üstündə axıtmağa göz yaşı qalsın.
Həmçinin bax:Sokrat

Pifaqor teoremi:

Pifaqor teoreminə aid məsələ
Pifaqor terorem

Müəllif: Vasif Sadıqlı, «Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri, tanınmış jurnalist
Mənbə: “Bizim Yol” qəzetində çıxmış “Korifeylərin portreti” layihəsi çərçivəsindəki yazı
 

0 şərh