2.2.2. Federal ehtiyat sistemi

1913-cü ildə Federal ehtiyat sistemi (FES) haqqında qanunun qəbul edildiyi dövrdə ABŞ-da 20000 bank fəaliyyət göstərirdi. Onların 7000-i emissiyalı milli banklar idi, qalanları isə öz ştatlarının qanunları ilə fəaliyyət göstərir və banknot­la­rın emissiya hüququna malik deyildilər. ABŞ-ın bütün ərazisi 12 dairəyə bölünmüşdür. Hər bir dairədə kapitalı 4 milyon dollardan az olmayan federal ehtiyat bankı təsis edilmişdir. Əvvəllər Federal ehtiyat sisteminin əsas məqsədi bank böh­ran­larında və birja çaxnaşmalarında banklara kömək etməkdən ibarət idi. 1914-cü ildən 1922-ci ilə qədərki dövrdə on iki federal ehtiyat bankının rəsmi nümayən­dələri dövri şəkildə məsləhətçi görüşlər və iclaslar keçirirdi. Bu iclaslarda monetar siyasətin istiqamətləri ha­zırlanırdı. Federal ehtiyat sisteminin təşəkkülü döv­ründə ictimai -siyasi faktorlar federal ehtiyat ban­k­larına bu təşkilatın fəaliyyətində əsas rol oynamaq imkanı verirdi.
Federal ehtiyat sistemi üç səviyyədən ibarətdir: ida­rə­çilər şurası, 12 federal ehtiyat bankı, FES-in üzvü olan 6000 -ə qədər bank. Bundan başqa, FES –ə iki komitə daxildir: Açıq bazar üzrə federal komitə və Federal məsləhət şurası.
Federal ehtiyat sisteminin mərkəzi Vaşinqtonda ( Ko­lum­biya dairəsi) Idarəçilər şurasıdır. Şuranın əsas funksiyası pul siyasətinin formalaşdırılmasıdır. Şura yeddi daimi üzvdən ibarətdir. Onlar ABŞ prezidenti tərəfindən senatın razılığı ilə 14 il müddətinə təyin olunur. Əgər şura üzvlərinin vəzifədə qalma müddətləri bitmişdirsə (ölüm və ya istefa halları istisna olmaqla), hakimiyyətdə olduğu dörd il ərzində prezident Şuranın yalnız iki yeni üzvünü təyin etmək hüququna malikdir. Bununla belə, Idarəçilər şurasının üzvlərinin istefası adi hallardandır. Belə ki, C.Karter öz prezidentliyinin ilk 3 ilində Şuraya yeni dörd üzv təyin etmişdir. R.Reyqan iki prezidentlik dövründə Şuranın yeddi üzvündən altısını dəyişmişdir. Şuraya sədr və onun müavini  rəhbərlik edirlər. Onları dörd illik müddətə prezident təsdiq edir. Idarəçilər şurasının sədri vəzifəsini 1987-ci ilin avqustundan Alan Qrinspen tutur.
Idarəçilər şurasında FES–nin bütün dairələrindən bəra­bər nümayəndəlik təmin edilir. Şura üzvlərinin sərən­ca­mında əməkdaşların böyük ştatı olur: iqtisadçılar, hüquq­şünaslar, müfət­tişlər, inzibatçılar.
Şura depozit müəssisələrinin məcburi ehtiyat sə­viy­yə­si­nin müəyyənləşdirilməsi ilə bağlı müstəsna hüquqa malikdir. Şura həmçinin açıq bazarda əməliyyatların keçi­ril­məsi üzrə və daha məqbul bank uçot dərəcələrinin müəy­yənləşdirilməsi üzrə məsuliyyəti federal ehtiyat bankları ilə bölüşdürür.
Federal ehtiyat bankları Idarəçilər şurası direk­tivlərinin bələdçiləridir və ABŞ-ın pul siyasətinin reallaş­dı­rıl­masında mühüm rol oynayırlar. Onlar hər həftə Şura qarşısında hesa­bat verir, şura isə daxil olan məlumatı cəmləyərək hazırlayır və hər həftənin sonunda hesabatı nəşr etdirir. Ehtiyat banklarının daha əhəmiyyətlisi və nüfuzlusu Nyu –Yorkun federal ehtiyat bankıdır (Federal Rreserve Bank of New York). Ehtiyat bankların filialları 25 şəhərdə işləyir. Federal ehtiyat bankla­rının ərazi üzrə bölüşdürül­məsi cədvəl 2.3.-də göstərilmişdir.

Cədvəl 2.3.
Federal ehtiyat banklarının yerləşdirilməsi


Dairənin
nömrəsi

Şəhər

Dairənin
nömrəsi

Şəhər

1
2
3
4
5
6

Boston
Nyu-York
Filadelfiya
Klivlend
Riçmond
Atlanta

7
8
9
10
11
12

Çikaqo
Sent-Luis
Minneapolis
Kanzas-Siti
Dallas
San-Fransisko

Hər bir federal ehtiyat bankının öz şurası var. Şura bank əməkdaşları olmayan doqquz direktordan ibarətdir. Qanuna görə, bankları təmsil edən A dərəcəli üç direktor FES üzvləridir. Ictimaiyyəti təmsil edən B dərəcəli üç direktor isə hər bir regionda banklar tərəfindən – FES üzvləri tərəfindən seçilir. Idarəçilər şurası C dərəcəli üç direktor təyin edir və onlar da ictimaiyyəti təmsil edirlər. FES –in idarəçilər şurası C dərəcəli direktorlardan direktorlar şurasının sədrini və onun müavinini seçir və təyin edir. Ehtiyat bankların direktorları öz banklarının əməliyyatlarına nəzarət edir (idarəçilər Şurasının himayəsi altında). Regional bankların hər birinin baş auditoru olur. O, banka yox, Idarəçilər Şurasına tabe olur.
Federal ehtiyat bankları əsasən FES-in qiymətli kağız­larda olan yatırım paylarına uyğun faizlərdən, daha az səviy­yədə FES-də olan valyutaların faizlərindən, həmçinin depozit müəs­sisələrinə verilən borcların faizlərindən və valyuta nəza­rə­tindən gəlir götürürlər.
FES –ə girmək istəyən hər bir bank öz dairəsinin fede­ral ehtiyat bankında səhmlər əldə etməlidir. Bu səhmlərin məb­ləği  onun səhm kapitalının və bölüş­dürül­məmiş gəlirinin 3%-nə bərabər olmalıdır. FES-in tələbi ilə bu məbləğ iki dəfə artırıla da bilər. Səhm kapitalının və gəlirin artımına uyğun olaraq, kommersiya bankı üçfaizli səviyyəni saxlamaq üçün səhmləri əldə etməyə borcludur. 1970-ci illərdə sərfəli olma­dığına görə FES üzvlərinin ixtisara salınması baş verirdi. On il ərzində 500-dən çox bank FES-dən çıxmışdır. 1980-cı ildə konqres tərəfindən monetar nəzarət və depozit institutların qeyri tənzim­lənməsi barədə qanunun qəbulun­dan sonra vəziy­yət dəyişdi. Bu qanuna əsasən, FES-in ehtiyat tələbləri ölkənin bütün depozit institutlarına yayılmışdır. Qanun ABŞ-ın kredit sistemində FES-in rolunun güclən­məsinə kömək etmişdir.
Federal ehtiyat bankları bank və əmanət müəs­sisə­lərinin əmanətlərini qəbul edir, onlara borc verirlər. Bununla da onlar son mərhələli kreditorun funksiyalarını yerinə yetirir­lər. Bundan başqa konqres federal ehtiyat banklarına nağd pulları buraxmaq səlahiyyəti vermişdir. Bu nağd pullar isə kredit pulların ölkə iqtisadiyyatına təklifini əmələ gətirir.
Pul vəsaitlərinin və kreditin dəyər və kifayət etmə­sinin dövlətin qiymətli kağızlarının satış və alış prosesinə təsirtnə görə məsuliyyəti Açıq bank üzrə federal komitə (ABFK) daşıyır. ABFK formal şəkildə 1935-ci ildə təşkil olunmuşdur. Hərçənd federal ehtiyat bankları hələ 1920-ci illərin əvvəl­lə­rində qiymətli kağızların açıq bazarında əməliyyatları uzlaş­dıran orqan yaratmışdılar.
Açıq bank üzrə federal komitə 12 daimi üzvdən ibarət­dir:

  • FES-in idarəçilər şurasının 7 üzvündən;
  • federal ehtiyat banklarının 5 prezidentindən (ro­tasiya əsasında seçilirlər; Nyu-York bankının prezidenti ABFK-nın daimi üzvüdür). Ehtiyat bankların bütün 12 prezidenti komitənin iclaslarında iştirak etməyə borclu­durlar.

ABFK ildə səkkiz - doqquz dəfə iclas keçirir. Hər bir görüş­də qiymətli kağızların açıq bazarında əməliyyatların strategiyası hazırlanır və bu strategiya FES idarəçisinə çatdı­rı­lır. Komitə iqtisadi və maliyyə qərarlarını hazırlayır və proq­no­zlaşdırır. Komitənin qərarı Nyu –Yorkun regional bankının xarici ticarət şöbələri tərəfindən reallaş­dırılır.
FES haqqında qanuna görə, ABŞ-ın bank sistemində bütün bank sferasının FES ilə əlaqə yaratması üçün uzlaşdırıcı məsləhət orqanı – Federal məsləhət şurası fəaliyyət göstərir. Federal məsləhət şurası FES-in regional bank­larından göndərilmiş 12 üzvdən ibarətdir. Şura ildə dörd dəfə Federal ehtiyat sisteminin idarəçiləri ilə birgə iclas keçirir və burada maliyyə-kredit müna­sibətlərinin geniş spektri üzrə fikir müba­di­ləsi aparılır. Federal məsləhət şurasının üzvləri öz dairələ­rinin ehtiyat banklarını iclas haqqında məlumtlandırırlar.
Federal ehtiyat sisteminin yaradılması ABŞ iqtisa­diy­ya­tını 1929 -1933-cü illərin depresiyasından qoruya bilmə­di. Bu dövrdə dolların 41% devalvasiyası,  geniş miqyaslı müflis­ləş­mələr baş verdi və qızıl standart ləğv edildi. Böyük depre­siyanın başlanğıcı 1929-cu ilin oktyabrındakı birja çaxnaşması ilə assosiasiya edilirdi. Birja çaxnaşması oktyabrın 23-də başlandı və oktyabrın 29-da öz kulminasiya nöqtəsinə çatdı. Birja bumundan sonra 1930-cu ilin noyabrında birinci bank böhranı, 1931-ci ilin martında ikinci bank böhranı başladı. Daha sonra 1931-ci ilin sentyabrında funt sterlinqlərin qızıl böhranı və 1933-cü ilin martında «bank tətilləri» oldu. Əslində,1929-cu il böhranının əsas günahı ABŞ FES şurasında idi. 1927-ci ildə Şura funt sterlinqlərin qızıl standartının müdafiəsi ilə bağlı Böyük Britaniyaya kömək etmək barədə qərar çıxarmış və uçot dərəcəsini 4%-dən 3,5%-ə endirmişdir. Bundan başqa, şura dövlətin qiymətli kağızlarının alışını təşkil etmiş və bu da bank ehtiyatlarının artmasına gətirib çıxar­mış­dı. Bu tədbirlər səhm kurslarının artımına səbəb olmuş və qiy­mətli kağızların əldə edilməsi üçün kreditlərin verilmə təcrübə­sini genişləndirmişdir. Kreditlər onkol hesablar vasitəsilə –qiymətli kağızlarla təmin olunmuş və onları açan bankın ilk tələbi ilə ləğv edilən hesablar vasitəsilə verilirdi. Böhranın əvvə­lində kommersiya banklarının birja alverçilərinə borc ölçüsü 8,3 milyard dollar idi. Bu zaman kotirovka olunan bütün qiymətli kağızların bazar qiyməti 89,7 milyard dollar idi. Banklar ödəniş qabiliyyətini yoxlamadan və kiçik qarant­lar­la da olsa, qiymətli kağızların əldə edilməsi üçün pul vermə­yə hazır idilər.
Bundan başqa, investorlar pullarını istehsalata yox, qiymətli kağızlara yatırtmağa üstünlük verir və onları təkrar bazarda əldə edirdilər. Onlar qiymətli kağızların alışı üçün bankdan kredit götürür və onları kredit resursları qismində istifadə edirdilər. Istisna təşkil edənlər vətən­daşların pul əma­nətləri, şirkətlərin müvəqqəti sərbəst vəsaitləri, Federal ehtiyat sisteminin kreditləri idi. Portfel səhmdarlarının kreditləşmə həcminin artımına səbəb banklar tərəfindən tutulan kiçik faizlər idi. Bankların istiqa­mət götürdüyü uçot dərəcəsi öz faizlərini müəy­yən­ləşdirirdi və 1926 -1927-ci illərdə inkişaf etmiş ölkələrdə ən kiçik idi. (Böyük Britaniyada – 4,5 – 5%, Almaniyada 5 -8%, Fransada 5 – 7,5%). Kommersiya banklarının özləri də qiymətli kağızların alqı satqısına böyük diqqət göstərir və bu iş təsərrüfatın kreditləşməsi ilə müqa­yisə­də onlara daha çox gəlir gətirirdi.
Emitentlər, qiymətli kağızların sahibləri onları məm­nuniyyətlə kreditə satırdılar (marj sövdələşmələri). Bütün səhmdarların 40%-i çox kiçik marj təminatı altında kreditlə səhmlər alırdılar. Nəticədə investisiya «qızması» baş verdi. Sifarişlərini itirən müəssisələr istehsalatı azaltmağa başladı­lar. Nominaldan kəskin şəkildə ayrılan səhmlərin kursları aşağı düşməyə başladı. Kommersiya bankları borcların qaytarılma­sını tələb edir, qiymətli kağızların sahibləri isə krediti ödəmək üçün onları satır­dılar. Lakin alıcılar olmadığından, kursların aşağı düşməsi axına­bənzər xarakter almışdır.
1929-cu ilin birja çaxnaşması bütöv bir nəslə təsir göstərsə də, əvvəlki dövrlərdə olduğu kimi tam bir maliyyə böhranına çevrilmədi. Nyu-Yorkun Federal ehtiyat bankı ehti­yat resurslarını şəhərin bütün banklarına vaxtında təqdim etdi və bu, həmin anda vəziyyəti xilas etdi. 1929-cu il oktya­brın 24-də Nyu-York birjası səhm kurslarının sürətlə aşağı düşməsinin şahidi oldu. Elə bu səbəbə görə də həmin gün «qara cümə axşamı» adını aldı. Məhz həmin gün Nyu-Yorkun fond birjasına satış üçün «Ceneral Motors» (General Motors) şirkətinin səhmləri daxil oldu. Daha sonra iri şirkətlərin müflisləşməsi xəbəri yayıldı və satışa yeni iri səhmlər paketi qoyuldu. O zaman Nyu-Yorkda 12,8 milyon səhm, yaxud həmişəkindən 1,5 dəfə çox səhm satılmışdır. Həmin gün və növbəti dörd ardıcıl ticarət sesiyası ərzində bir çox məşhur səhmlərin qiyməti 100 bənd üzrə və daha da aşağı düşdü. 1929-cu ildən 1932-ci ilə ilə qədər «Radio Korporeyşn» (Radio Corporation) şirkətinin səhmlərinin kursu 33 dəfə, «Nyu-York Sentral» (New York Central) -51 dəfə, «Kraysler» (Chrysler) – 27 dəfə, «Ceneral Motors» (General Motors) – təqribən 80 dəfə, «Ceneral Elektrik» (General Electric) – 11 dəfə, «Yunaytid Stil» (United Steel ) 17 dəfə ucuzlaşdı. Bir neçə gündən sonra «qara bazar ertəsində» - oktyabrın 28-də 16,4 milyon səhm satılmışdır. Nəticədə kapitalların birjadan kütləvi axını başlamış, dolların kursu sürətlə düşmüş və bu da kiçik səhm sahibləri arasında çaxnaşma yaratmışdır. Səhm kurslarının düşməsi 15 milyondan 25 milyona qədər amerika­lıya təsir etdi. Onların əksəriyyəti bir anda müflisləşdi. Bu pro­ses üç ildən artıq müddət ərzində davam etdi, 1929 -1933-cü illər­də isə səhmlərin ümumi dəyəri təqribən 4,5 dəfə aşağı düşdü. 1929-cu ildən 1932-ci ilə qədər Dou –Cons (Dow Jones Industrial) sənaye indeksi 90% aşağı düşdü. Müəyyən müddətlərdə indeksin ucuzlaşmasında xüsusi intensivlik qeyd olunmuş, 1929-cu ildə oktyabrın 24-dən 28-ə kimi 20%, 1932-ci ildə avqustun 5-dən 10-a kimi 15,15%, 1933-cü ildə iyulun 17-dən 22-ə kimi 16,66%  olmuşdur.
Birga çaxnaşmasının bütün dövrü ərzində Nyu –York­dan kənarda yerləşən banklar və digər kreditorlar öz broker- müştərilərinə borcu ödəmək tələbi ilə həmlə edirdilər. Nyu –Yor­kun Federal ehtiyat bankının prezidenti L. Harrison bank sahəsindəki qeyri stabilliyi aradan qaldırmaq üçün bankların –FES üzvlərinin kreditləş­diril­məsi üçün geniş imkanlar verdi. Məqsəd borclara olan tələ­bat axınını bu bankların ehtiyat məbləği ilə balans­laşdırmaq idi. Bundan başqa, Federal bank qiymətli kağızların alışı üzrə açıq bazarda 160 milyon dollarlıq əməliyyat keçirmiş­dir. Bu, FES-in Açıq Bazar Komitəsinin tövsiyə etdiyi məbləği üstələyirdi. Iqtisadiyyat üçün likvid vəsaitlərin təqdim edilməsi üzrə FES siyasətinin nəticələri əsas göstəricilərin dinamikasında enişdən ibarət oldu. 1929-cu ilin avqustundan 1930-cu ilin oktyabrına kimi sənaye istehsalı 26% azaldı, topdan qiymətlər 14% , şəxsi gəlirlər 16% aşağı düşdü. 1933-cü ildə isə sənayenin ümumi həcmi 1929-cu illə müqayisədə 46% azaldı və 1911-ci ilin səviy­yəsinə gəldi.
1929-cu ildən 1930-cu ilə kimi aqrar və müstəm­ləkə ölkələrin valyutaları güclü şəkildə qiymətdən düşdü. Buna səbəb dünya bazarında xammala olan tələbatın kəskin düşmə­si və onun qiymətinin 50-70% ucuzlaşması idi. Bu isə həmin malları idxal edən ölkələrə nisbətən daha böyük ucuzlaşma idi. Aqrar və müstəmləkə ölkələrin kasad valyuta ehtiyatları ödəniş balansının kəsirini ödəmək iqtidarında olmadığına görə, bu ölkələrin valyuta kursları aşağı düşürdü (Avstraliya­da, Argentinada 25-54%, Meksikada 80%).
Böyük depressiyanın davamı 1930-cu ildə noyabr-dekabr ayında baş vermiş bank böhranı oldu. Bankların ümum­milli qeyri stabilliyinin təkanı kənd təsərrüfatı region­ları oldu. Vahimə içində olan depozit sahibləri noyabr ayında depozit məbləği 180 milyon dollar olan 256 bankın müflis­ləş­mə­sinin, dekabr ayında isə depozit məb­ləği 372 milyon dollar­dan çox olan 352 bankın müflis­ləşməsinin, o cümlədən deka­brın 11-də depozit məbləği 200 milyon dol­lardan çox olan Bir­ləş­miş Ştatlar Bankının müflisləşmə­si­nin şahidi oldular. Ümu­miy­yətlə, 1929-1933-cü illərdə 135 mindən çox ticarət və sənaye şirkəti, 19 iri dəmiryol şirkəti müflisləşdi, 5760 bank və onların milyonlarla əmanətçisi iflasa uğradı. Təkcə 1932-ci ildə korporasiyaların itkiləri bütövlükdə 3,5 milyard dollar təşkil etdi.
1932-ci ilin noyabrında F.Ruzveltin seçkilərdəki qələ­bə­sindən sonra aydın oldu ki, yeni hökumətin artıq müzakirə etdiyi real imkan var və bu, Amerika dollarının qızıl stan­dar­t­dan azad edilməsidir. Xarici ölkələr dollara təzyiq göstərmək iqtidarında deyildilər. 1932-ci ildə onlar artıq öz depozitlərini şərti vahidlərə keçirmişlər. Tələb oluna bilən qızılın hamısı isə ölkədən çıxarılmışdır. Qızılın Avro­paya sızma qorxusu heç bir əsasa malik deyildi. Birləşmiş Ştatlar 1932-ci ilin əvvəli ilə müqayisədə, 1932-ci ilin sonunda daha böyük qızıl ehtiyat­la­rına malik idilər. Bun­dan əlavə, Amerika qızılı dünyanın bütün qızıl ehtiyat­larının 40%-ni təşkil edirdi, ticarət balansı profisit idi, milli qiymətli kağızların xarici sahibləri isə ABŞ-da bütün xarici investorların beşdə birini təşkil edirdi.
Mümkün ola bilən təhlükə Amerika investorları tərə­findən kapitalın hərəkətində və  qızılın çıxardılma im­ka­nında idi. Şəxsi sahibkarlar Ruzveltin qızıl standartla bağlı siyasə­tinin reallaşdırılmasından ehtiyatlanaraq, qızılı ixrac etməyə başladılar. Şəxsi bank sahibləri isə, öz növbələrində, dollarları satıb sterlinqləri almaq qərarına gəldilər. Funt əvəzinə dollar alan  ingilis bankları qızılı öz hesablarına köçürürdülər. Təəssüf ki, həmin dövrdə Federal ehtiyat bankı valyuta bazarının bütün alət və rıçaqlarına malik olma­dı­ğından əl-qol açan möhtəkirlərə qarşı müqavimət göstərə bilmirdi. Federal ehtiyat sis­teminin banknotlarının xeyli sayda buraxılması valyuta depozitlərinin payını artıra­raq, ehtiyatların payını müvəq­qəti olaraq qanunvericiliklə müəyyənləşdirilmiş səviyyə­dən aşağı azaltdı. Bu səviyyə dövriyyədəki banknotların qızılla 40%-i idi. Nyu- Yorkun Federal ehtiyat bankında qopan çax­naş­ma «bank tətillə­rinin» tətbiqi üçün əsas oldu. 1933-cü ilin ilk aylarında bank sistemi iflasın asta­nasında idi. Əmanət­çilə­rin əksəriyyəti qızıl və dol­larları bankdan çıxararaq onları evdə saxlamağa üstün­lük verirdi. Cəmi iki gün ərzində, 1933-cü il martın 2-də və 3-də banklardan 500 milyon dollar çıxar­dılmışdır. Bank böhranının kəskinləşməsinin daha bir səbəbi ondan ibarət idi ki, banklar özləri də bazara çoxlu sayda təmin edil­məmiş qiymətli kağızlar atırdılar. Bu qiymətli kağızlara olan inam sürətlə azalırdı. Çaxnaşma nəticəsində ölkənin əsas maliyyə mərkəzlərində – Nyu-York və Illinoys ştatlarında yerləşən banklar bağlanmağa başladı. Bir çox ictimai xadimlər və siyasətçilər bankları milliləşdirmək tələbi ilə çıxış etsələr də, F.Ruzvelt buna getmədi, 1933-cü ildə martın 6-da ölkədə fəvqəladə vəziyyəti tətbiq edərək bütün bankları bağladı. Bir həftə ərzində (bank tətillərində) ban­knot­ların qızıla mübadiləsi dayandırıldı. Qızıl dövriyyədən çıxa­rılırdı. Bu müddət ərzində fövqəladə bank qanunu qəbul edilmişdir. Bu qanuna əsasən, bütün banklar üç qrupa bölünürdü: birinci qrupa «sağlam» banklar daxil idi. Onları dərhal açmaq mümkün idi. Ikinci qrupa yenidən fəaliyyət göstərmək üçün kiçik kömək tələb edən banklar daxil idi. Üçüncü qrupda ümidsiz banklar toplaşmışdı və onları ləğv etmək lazım idi. Martın 15-dən «sağlam» hesab edilən banklar işləməyə başladılar. Onların sayı 1932-ci ildə 6145-dən 1933-cü ildə 4890-a qədər azaldı.
1933-cü ildə qızılın xaricə aparılmasına və möh­təkirlik məqsədilə şəxsi əllərdə toplanmasına qadağa qoyan qanun qəbul edildi. Hiperinflyasiyadan qaçmaq üçün qızılın əhali­dən alınması üzrə tədbir həyata keçirildi. Əhalidən alınan qızılın qiyməti dolların qızıla nəzərən kursunu üstələyirdi. 1933-cü ilin sonuna kimi 187,8 milyon dollarlıq qızıl alınmışdır. Bu isə valyuta kursunu süni şəkildə aşağı salmağa imkan verirdi. Eyni zamanda qızılla təmin edilməmiş yeni banknotların buraxılışı da başlandı. Bu, qızıl standartdan uzaqlaşmaq və qızıla nəzərən dolların qiymət­dən düşməsi demək idi. 1934-cü ilin yanvar ayında dolların devalvasiyası keçirilmiş və bu zaman onun qızıl tərkibi 1929-cu illə müqayisədə 41% aşağı düş­müşdür. Gümüş pulların kəsilməsi başlanmış, yəni ölkədə bimetallizm bərqə­rar olmuşdur. Federal ehtiyat bank­larından qızıl ehtiyatı çıxar­dılır, xəzinəyə verilir, əvəzində qızıla bərabərləşdirilmiş və bank ehtiyatını təmin edən qızıl serti­fi­kat­lar təqdim olunurdu. 1934-cü ilin əvvəlində qızıl ehtiyatı haq­qında qanun qəbul olunmuşdur. Bu qanun qızılın qiy­mətini - troya unsiyasına 35 dollar tərtibində müəy­yənləş­dir­mişdir. Dolların devalvasi­ya­sı sayəsində gəlirin bölüşdü­rül­məsi borc kapitalının yox, sənaye kapi­talının xeyrinə dəyişdi. Bununla da kredit sferasında kütləvi müflisləşmələr aradan qaldırıldı, inhisar­ların höku­mətə borcları azaldı, ABŞ-ın ixrac imkanları gücləndi.
1932-1933-cü illərdə Qlas –Stiqalın bank fəaliyyəti haqqında qanunu (Glass – Steagall Act of 1932) qəbul edilmişdir. Bu qanuna uyğun olaraq, bankların depozit və inves­tisiya funksiyaları ayrılır və Depozitlərin Sığor­ta­lanması üzrə Federal korporasiya yaradılırdı. Bununla da, dövlət əmanətlərin sığortalanmasını öz üzərinə götürürdü. Məqsəd əmanətçilərin banklara olan etibarını yüksəltmək və bu sferadakı gələcək müflisləşmələri aradan qaldırmaq idi. Dövlət həmçinin əmanətləri bankların pul vəsaitlərinin istifadəsi ilə bağlı risklərdən qorumaq öhdəliyini öz üzərinə götürürdü. Sığortalanacaq əmanətin ölçüsü ilkin olaraq hər bir hesabda 2500 dolları keçməməli idi (sığorta bankların ödədiyi sığorta yığımları ilə təmin olunurdu). 1934-cü ilin əvvəlində ölkənin bütün banklarının, demək olar ki, 80 faizi öz depozitlərini sığortalamışlar. Daha sonra sığortanın diferensiallaşma ölçüsü müəyyən­ləş­dirilmişdir. 10 min dollara qədər olan depozitlər 100%-lik sığortaya, 10 min dollardan 50 min dollara qədər olan depozitlər – 75%, 50 mindən yuxarı olanlar isə 50%-lik sığortaya aid edilirdi. Bundan başqa, nəzərdən keçirilən qanun qiymətli dövlət kağızlarını banknot təminatına qəbul etməyə icazə verirdi. Bu, ABŞ-ın pul sisteminin inki­şafında mühüm dönüş nöqtəsi idi, çünki onun mərkəz­ləş­dirilmiş qızıl ehtiya­tından asılılığı əhəmiyyətli dərəcədə zəifləyirdi.
FES özünün mövcud olduğu ilk iki onillikdə vahid monetar siyasətə nail ola bilmədi. Bu isə sonralar bütün FES-də qismən dəyişikliklərin aparılması zərurətini doğur­du. 1940-cı ildən 70-ci illərə qədər Bretton-Vud val­yuta sistemi fəaliyyət göstərirdi. Bretton-Vud valyuta sistemi  ABŞ-ın pul-kredit sis­te­minin müəyyən dövr üçün sta­billəşməsinə kömək edirdi. Lakin dollar standartının böhranı təkcə bütün dünya valyuta sistemində yox, ayrı-ayrı ölkələrin kredit sistem­lərində də isla­hat­ların apa­rılması zərurətinə gətirib çıxardı. 1970-ci ildə ABŞ-da «Bank holdinq şirkətləri haqqında» Akta, «Beynəl­xalq bank işi haqqında» Akta (1978), «Tam məşğulluq və balans­laş­dırıl­mış inkişaf haqqında» Akta (1978), «Depozit müəs­sisələrin işinə dövlət müdaxiləsinin ləğv edilməsi və val­yu­ta nəzarəti haqqında» Akta (1980) düzəlişlər tətbiq edilmiş­dir.
Hal-hazırda Federal ehtiyat sistemi aşağıdakı funk­siyaları yerinə yetirir:

  • tam məşğulluğun və qiymət stabilliyinin əldə edilməsi məqsədilə pul və kredit dövriyyəsinə təsir gös­tərmək yolu ilə milli monetar siyasəti idarə edir;
  • bank və maliyyə sistemlərinin möhkəmliyinin və təhlü­kəsizliyinin təmin edilməsi məqsədilə bank müəs­sisələrinə nəzarət edir və onların fəaliyyətini tənzimləyir;
  • maliyyə sisteminin stabilliyini saxlayır və maliyyə bazarlarındakı riski azaldır;
  • ABŞ hökumətinə, ictimaiyyətə, maliyyə müəssi­sə­lərinə maliyyə xidmətləri göstərir, milli hesablaşma sisteminin idarəetməsində də mühüm rol oynayır.

ABŞ-ın pul-kredit sisteminin təkamülü dünya val­yuta sisteminin genezisinə paralel olaraq keçirilirdi. 1929 -1933-cü illərin maliyyə sarsıntıları, 1944-cü ilin Bretton-Vuds konfransı və 1976-cı ilin Yamaya sistemi göstərdi ki, pul və kredit sfera­ların­dakı çoxsaylı dəyişmələrə bax­ma­yaraq, Amerika dolları hakim mövqe tutan valyuta heqe­monu rolu­nu oynamış və oynamaqda davam edir. Nyu-Yorkun Federal ehtiyat bankı­nın məlumatlarına görə, 2000-ci ildə dünya dövriyyəsində ümumi­likdə 560 milyard nağd dollar var idi. Onların 70%-i ABŞ-dan kənarda dövr edirdi (dövriyyədə olan nağd dol­lar­ların həcminə görə ABŞ-dan sonra dünyada ikinci yeri Rusiya tutur). Bir çox ölkələr öz valyuta kurslarını Amerika dollarına bağladılar. Bunlar Latın Amerikası dövlətləri, Afrika dövlətləri, keçid iqtisadiyyatlı ölkələr idi. Panama, Liberiya, Marşal adaları kimi dövlətlər Amerika valyutasını milli pul vahidi əvəzinə, qanuni ödəniş vasitəsi kimi istifadə edirlər.

 

3 şərh

papatürk

Federal rezerv Bankının prezidenti Ben Bernanke.Hətta 2009-cu ildə Time juranlı onu ilin adamı elan edib.


bankir
Qlobal maliyyə və iqtisadiyyatının yarısına malik ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) rəhbəri Ben Bernankenin maaşı digər həmkarları ilə müqayisədə xeyli azdır.Belə ki, Bernankenin maaşı Avropa Birliyi ölkələri, Kanada, Yaponiya və hətta fövqəladə maliyyə yardımları üçün AB-yə müraciət edən İrlandiyanın mərkəzim banklarının rəhbərlərinin əməkhaqlarından xeyli azdır.Hətta ABŞ ilə müqayisədə olduqca kiçik iqtisadiyyata malik Maltanın Mərkəzinin Bankının rəhbəri belə, Ben Bernankedən çox maaş alır.

Yazıq Ben:-)
fidan

Keçmiş direktor Alan Qrinspen daha böyük uğura nail olub.1987-2006 illərdə (19 il) dünyanın ən böyük bankının sədri olmaq hər igidin işi deyil. Reyqan,Buş,Klinton,oğul-Buşla işləyib Alan müəllim.Bernanke gələn kimi isə qlobal böhran,krizis və s. başladı.