4.2.3. Fransanın kredit-maliyyə sistemi

Fransanın kredit-maliyyə sisteminin fəaliyyəti 1984-cü ilin qanunu ilə tənzimlənir. O, üç səviyyədən ibarətdir: mər­kəzi bank (Fransa Bankı); kommersiya bankları; ixtisaslaşmış kredit-maliy­yə müəssisələri; investisiya, ipo­teka, xarici ticarət bank­la­rı, sığorta və maliyyə şirkətləri, pensiya fond­ları və başqa­la­rı.
Bank müəssisələri. Onlar kapital qoyuluşlarının kredit­ləş­məsində və maliyyələşməsində ixitisaslaşırlar. Fran­sız bank­la­rının payına ümumi milli məhsulun 4%-i düşür. Bu isə təq­ri­bən nəqliyyat, energetika və ya kənd təsərrüfatı kimi sahələrin xüsusi çəkisinə uyğun gəlir. AFR-də olduğu kimi, Fransada da bankları universal və ixtisaslaşmış bank­lara ayırmaq olar.
Universal banklar fəaliyyətin bütün növləri ilə, o cümlədən bank funksiyaları ilə əlaqədar olmayanlarla – sığor­ta, turizm xidməti, informasiya xidməti, məslə­hət­ləşmə və baş­qa­­ları ilə məşğul olurlar. Iri universal banklar müəyyən müştəri xid­mətində (müəssisələr, şəxsi adam­lar) və ya fəaliy­yət növ­lə­rin­də (qısamüddətli, uzun­müd­dətli kredit­ləş­mə və s.) ixti­sas­laşmış kre­dit müəssisələri ilə yanaşı mövcuddurlar. 1981-ci ildə Fran­sa­nın, demək olar ki, bütün bankları milliləş­diril­miş­dir. 1984-cü ilin yan­varında banklar haqqında qanun qəbul edilmişdir. Qanun bankların özəlləşdirilməsinə keçidi ifadə edir­di.
Indiki zamanda Fransada 400-dən çox kom­mer­siya və investisiya bankı var. Bu banklarda işləyənlərin sayı 250 min nəfərdən çoxdur. 1984-cü ildə bankların hamısı Fransız banklarının assosiasiyasında birləşdilər. Assosiasiyaya 35 iri milliləşdirilmiş bank, onların 120-ə qədər filialı, 74 fransız şəxsi bankı və xarici kapital tərəfindən nəzarət olunan 151 şəxsi bank daxildir.
Kredit müəssisələrinin daha böyük əhəmiyyət kəsb edən kateqoriyası kommersiya banklarıdır. Onlar, bir qayda olaraq, səhmdar müəssisələri formasında olurlar. Kommer­si­ya banklarının fəaliyyəti qısamüddətli kreditlərin verilməsi üçün müddətsiz əmanətlərin qəbulundan ibarətdir. Lakin banklar əmanətlər və ya borclar şəklində ka­pital almaqla, borcları daha uzun müddətə təqdim etməklə, digər müəs­sisələrin kapi­ta­lında iştirak etməklə, qiymətli kağızların emissiyasını və yerləş­dirilməsini təşkil etməklə, müştərilərin əmlakının idarə­etməsini həyata keçirməklə öz fəaliyyət sferelarını genişləndirə də bilərlər. Kommersiya bankları beş əsas funksiyanı yerinə yeti­rir­lər:

  • ehtiyatların formalaşdırılması;
  • xüsusi aktivlərin idarəetməsi;
  • ödəniş vasitələrinin idarəetməsi;
  • banklararası əməliyyatların yerinə yetirilməsi;
  • maliyyə və digər xidmətlərin göstərilməsi.

Fransız banklarında xüsusi kapital iki hissədən ibarət olur: baza vəsaitlərindən və əlavə vəsaitlərdən. Bankın passiv­lərinə xüsusi kapitalla yanaşı, cəlb edilmiş vəsaitlər də – depozit və qeyri depozit vəsaitlər daxil olur. Kredit əməliy­yatları bank aktivlərinin ən böyük maddələr qrupudur. Kre­dit­ləş­mənin ən geniş yayılmış növləri: məssisələrin cari ehtiyaclarının maliyyələşdirilməsi üçün, onların investisi­yaları, şəxsi adamların istehlak və investisiya xərcləri üçün.
Investisiya bankları müəssisələrə onların yatı­rım­larının maliyyələşdirilməsi üçün kreditlər verir və uzun­müddətli, ortamüddətli əməliyyatları həyata keçirirlər. Bankların bu kateqoriyasına aşağıdakılar aiddir:

  • maliyyə məsləhətləşmələrində, əmlakın idarə edil­məsində, həmçinin fransız müəssisələrinin kapitallarının beynəlxalq yerdəyişməsində ixtisaslaşan şəxsi banklar. Məsə­lən, «Bank Eropen de Pari» (La Bangue europeenne de Paris);
  • sənaye bankları; onlar işçi banklara və uzun­müddətli, ortamüddətli kredit banklarına ayrılırlar. Işçi banklar müəs­si­sə­lərin fəaliyyətində iştirak edir. Uzun­müddətli və orta­müddətli kredit bankları isə müəssisələrə vəsaitlərin yatırılması üçün əmanət toplayır və borc verir.

Qarşılıqlı kredit bankları və ya kooperativ banklar kreditləri almaqda çətinlik çəkən kiçik və orta müəssisələrin kreditləşdirilməsində ixtisaslaşırlar. Kredit kooperativləri – 1917-ci ildə dövlətin köməyi ilə yaradılmış xalq bankları da onlara aiddir.
Bankların digər qrupu xarici iqtisadi fəaliyyətin xidmətində ixtisaslaşır. Məsələn, Fransız xarici ticarət bankı 1947-ci ildə xarici iqtisadi əməliyyatların maliy­yə­ləş­dirilməsi məqsədilə yaradılmışdır.
Iri banklar tərəfindən əyalət kredit müəssisələri – regional inkişaf bankları yaradılmışdır. Onlar dövlət zəma­nətlərindən istifadə edir, yerli müəssisələrin ka­pital­larında işti­rak edir, həmin müəssisələrə 5-15 il müd­dətinə kredit verirlər. Lakin onların sayı durmadan azalır. Inkişaf bank­la­rının vəzi­fəsi qısa müddət ərzində rentabelli ola bilməyən əməliyyatların maliyyələşdirilməsi üçün ictimai və ya şəxsi fondların birləş­dirilməsidir. Məsələn, 1919-cu ildə yaradılan və xarici ticarət əməliyyatlarının kreditləşdiril­məsində aktiv şəkildə iştirak edən «Kredi nasyonal» (Credit Nacional) bankını göstərə bilərik. Bu bank həmçinin xarici iqtisadi fəaliyyətin xidmə­tində ixtisaslaşmış bank qrupuna da aid edilə bilər.
Dörd ən iri depozit bankı 1945-ci ilin qanunu ilə milliləşdirilmişdir. Sonradan həmin banklar birləşmələr yolu ilə üç banka çevrilmişlər: «Bank nasyonal de Pari» (Bangue Nacional de Paris), «Kredit Lionne» (Credit Lyonnais), «Sosyete jeneral» (Societe General). Ölkədəki bütün əməliyyatların böyük hissəsi bu bankların payına düşürdü. Indi isə onlar şöbələrin şaxələnmiş şəbəkəsinə malikdirlər (ölkənin bütün əməliyyat şöbələrinin 22%-i; bank qulluq­çu­larının 30%-i bu üç bankda işləyir ) və dünya bank bazarında aktiv şəkildə işləyirlər. Bütün fransız banklarına yatırılmış pul vəsaitlərinin 27%-i onların hesablarında yerləşir. 1982-ci ilin qanunu ilə iki iri işçi bankı da –«Pariba» (Paribas) və «Indosyuez» (Indosuez) milliləş­dirilmişlər.
1960-cı illərin əvvəllərində Fransanın bank sekto­runda böyük dəyişikliklər baş verdi. Depozit bankların işçi (kom­mer­siya) bankları ilə klassik qarşıdurması aradan qaldırıldı, çünki depozit banklar sənayeyə investisiyalar həyata keçir­məyə başladılar, kommersiya bankları isə öz şöbərərinin şəbə­kəsini yaratmaq imkanı əldə etdilər. «Kredi Lionne», «Bank nasyonal de pari» və «Sosyete jeneral» kimi iri kommersiya bankları bütün ölkəni əhatə edən və Fransanın xaricində də yayılan şöbələr şəbəkəsinə malik­dirlər. Fransız banklarının mindən çox şöbəsi 139 ölkədə fəaliyyət göstərir. Qədim işçi banklar – «Pariba» və «Syuez» (Suez) əvvəlki kimi yenə də sənayeyə investisiya qoymaqla məşğul olmağa üstünlük verir və çox mürəkkəb sxem üzrə çarpazvari iştirak vasitəsilə fransız və xarici müəssisələrin böyük sayına nəzarət edir. Bu bank müəssisələrinə regional banklar, o cümlədən xalq bankları və regional tipli müəssisə­lər də qoşulur. Onlara əmanət kassaları şəbəkəsini də, o cümlədən «Kredit nasyonal» və «Kredi fonsye de Frans» (Credit Foncier de France) kimi ixtisaslaşmış bank müəs­sisələrini də əlavə etmək lazımdır. Xarici ticarətin qlobal­laşma çərçivəsində və Parisin maliyyə əhəmiyyətini yüksəlt­mək işində Fransanın səylərinə uyğun olaraq, bankların fəaliyyəti daha da beynəlmiləşir. Avropa birliyi daxilində kapitalların sərbəst yerdəyişməsi də buna kömək edir (1990-cı ildə iyulun 1-də tətbiq olunmuşdur).
Banklar rəqabətədavamlılıq qabiliyyətinin yüksəl­dil­məsi üçün öz xidmətlərinin kütləvi informasiyalaşmasını həyata keçirir, xidmət göstərmədə daha bahalı çeklər əvəzinə kredit kartlarından istifadə edirlər. Banklar dayanıqlığı artır­maq məqsədilə xüsusi fondları artırırlar. Onlardan bəziləri sığorta şirkətləri ilə tərəfdaşlıq müna­sibətlərinə girir. Bu isə məsələn, «Bank nasyonal de Pari» bankının və «Yunyon dez asyurans parizyen» (Uniob des assurans parisien) sığorta qrupunun kapitallarında çar­pazvari iştirakla təsdiq olunur. Həmçinin «Kredi endyustiel e kommersyal» (Credit Industriel et Commerciol) bankı tərəfindən «Qrand  assyurans nasyonal» (Grand assurans nacional) sığorta şirkətinə nəzarətin müəy­yən­­ləş­­diril­məsində öz təsdiqini tapır. Bankların sənayedəki iştirak həcmi artmışdır. Nəhayət, bir çox banklar öz fəa­liy­yət­lərinin diversifikasiyası və müştərilən artırılması məqsədilə hə­yatın sığortalanmasında ixtisaslaşan filiallar yarat­mışlar.
1999-cu ildə fevralın əvvəlində Parisdə ölkənin iki aparıcı şəxsi bankının birləşəcəyi barədə elan edilmişdir. Bunlar ölkənin iri bankı «Sosyete jeneral» və ölçüsünə görə beşin­ci olan «Pariba» idi. Bu addımın nəticəsi olaraq, Fransada iri, Avropada üçüncü və dünyada dördüncü olan «SJ Pariba» (Societe General (SG) Paribas) bank qrupu yarandı. Bank qrupunun bazar dəyəri 30 milyard avronu aşır, aktivlərinin ölçüsünə görə Avropa banklarından yalnız Alman federal bankına və Isveçrənin «Yu Bi Es» (UBS) bankına güzəştə gedir. Yeni banka «Pariba»nın keçmitş prezidenti A. Levi-Lanq başçılıq edir. Onun müavini isə «Sosyete jeneral»ın rəhbəri D.Butondur.
Bankların birləşməsi «Sosyete jeneral»ın beş səh­minin «Pariba»nın səkkiz səhminə mübadiləsi yolu ilə həya­ta keçi­rilirdi. Birləşmə nəticəsində bankların Fran­sa­da­kı işçi heyətləri işdən çıxarılmamış, xarici filial­larda isə «uyğun yenidən strukturlaşma» aparılmışdır. Hər iki bankın ölkə daxilində və ölkə xaricində olan qulluq­çularının sayı 70 min nəfərdir. Bankların birləşməsi ölkədə sosial gərginliyə gəti­rib çıxarmadı. Hərçənd «Sosyete jeneral» və «Bank nasyo­nal de Pari» bank­larının plan­laşdırılan yaxınlaşması bank qulluqçu­larının böyük ixtisarı ilə müşayiət olunmalı idi.
Paribas bank logo,Paribas

Fransa prezidenti J.Şirak yeni bankın yaradılması qərarını alqışladı və qeyd etdi ki, bu qərar «fransız bank sektorunun birləşməsinə və möhkəmlənməsinə yönəl­mişdir». Prezident bildirdi ki, Fransa sıx və müxtəlif bank şəbəkəsinə malikdir və o, beynəlxalq rəqabətdə öz mövqelə­rini möhkəm­lətməlidir.
A.Levi-Lanqın məlumatına görə, yeni «SJ Pariba» bankı «Kredit Lionne» səhmlərini əldə etməkdə maraqlıdır və onun özəlləşdirilməsi yaxın zamanlarda başa çatmalıdır.
Fransız bankları dünya arenasında nəzərə­çar­pa­caq rol oynayırlar. Dörd aparıcı bank dünyanın 25 iri bankı sırasın­da­dır. Bunlar «Bank nasyonal de Pari», «Kredi aqrikol» (Gredit Agricole), «Kredi Lionne», «Sosyete je­neral» bank­larıdır. Iri fransız banklarının əsas göstəriciləri cədvəl 4.4-də göstərilmişdir.
Cədvəl 4.4.
Iri fransız banklarının maliyyə-iqtisadi göstəriciləri,
1999-cu il, milyon franklarla

Adı

Dövriyyə

Xüsusi kapital

Təmiz gəlir

 

«Bank nasyonal de Pari»
«Kredi Lionne»
«Kredi aqrikol»
«Sosyete jeneral»
«Pariba»
«Syuez»
«Kredi endyustriel e kom­mer­myal»
«Bank popyuler»
«Kredit Myutyuel»
Fransız xarici ticarət bankı
(Francaise du commerce Eterieur)

 

1193,3
1083,8
1021,4
942,1
736,9
408,3

381,8
338,9
281,1

 

250,3

 

35,0
34,6
26,9
30,5
36,7
40,3

14,2
14,4
16,9

 

3,3

 

3,1
2,1
1,4
3,0
2,7
2,7

71,0
13,7
1,4

 

0,1

Fransanın kredit-maliyyə müəssisələri sisteminin növ­bəti hissəsi ixtisaslaşdırılmış kredit-maliyyə institutları­dır. Onlara əmanət kassaları və 28 ixtisas­laşdırılmış kredit insti­tutu aiddir.
1983-cü ildə qəbul edilmiş qanun əmanət ka­ssalarını «gəlir əldə etmək məqsədləri olmayan kredit müəssisələri» kimi müəyyənləşdirir. Əmanət kassaları 1971-ci ildən başlayaraq şəxsi adamlara borc vermək, 1978-ci ildən isə çek kitabçaları vermək səlahiyyətinə malikdirlər. Əməliyyatları öz coğrafi sektorlarında həyata keçirən 440 adi əmanət kassası mövcuddur. Fransada milli əmanət kassaları şəbəkəsi dövlət poçt təşkilatının himayəsi altında fəaliyyət göstərir. Dövlət əmanət kassaları üç növdə xidmət göstərir: əmanət kitabçaları üzrə hesablar, təcili bonlar və poçt çekləri.
Fransada əmanət işinin təşkilinin özünəməxsus xüsu­siyyəti, birincisi, şəxsi əmanət kassaları ilə Dövlət milli əmanət kassalarının uyğunlaşmasıdır. Onlar həm öz aralarında, həm də banklarla, Poçt çeklər idarəsi ilə, digər kredit müəssisələri ilə rəqabət aparırlar. Ikincisi, əmanət kassaları cəlb edilmiş vəsaitləri dövlət büdcəsinin ödənilməsi üçün mərkəzi bank yox, Depozit –saxlama kassasına – öz nizam­na­məsi olan yarı dövlət kredit müəs­sisəsinə ötürməli­dirlər. Depozit –saxlama kassasının kapitalının 80%-i əmanət kassalarının vəsaitləri hesabına formalaşır və iqtisadiyyatın inkişafı, sosial proqram­ların, xü­susi halda mənzil tikintisi üzrə proqramların reallaş­dırılmasına istifadə olunur.
Qarşılıqlı kredit kassaları Fransanın kredit sis­teminin ayrıca elementi kimi çıxış edirlər. Onlar öz üzvlərinin əmanət­lərini cəlb etmək hesabına onları kre­ditləşdirirlər (mənzilin alınması və təmiri, avadanlığın alınması). Kassa üzvləri kas­sa­nın fəaliyyətinə görə birgə məsuliyyət daşıyırlar. Yerli kas­salar məcburi qaydada rayon federasi­ya­larında birləş­miş­lər. Rayon federasiyaları Qarşılıqlı kredit üzrə milli konfede­ra­siyaya (Confederation national du credit mutuel) daxil­dir­lər. Konfe­de­rasiya kassa­larla dövlət arasında nəzarət funksi­yalarını, həm­çinin vasitəçilik funk­siyalarını yerinə yetirir.
Fransada 28 ixtisaslaşmış kredit institutu möv­cud­dur və onlar  1984-cü ildə Ixtisaslaşmış maliyyə müəs­sisə­ləri Birliyin­də qruplaşmışlar. Onlara aşağıdakı təşkilatlar aiddir:

  • «Kredi fonsye de Frans» təşkilatı tikintinin kredit­ləşdirilməsində ixtisaslaşır. Onun 50 agentliyində 3,6 min nəfər işləyir;
  • «Sosyete de developman rejonal» (Societe de Developpement Repional) – regional inkiqaf təşkilatlarının sistemidir. Bu sistem kiçik və orta müəssisələrə xidmət göstə­rən 19 maliyyə institutunu birləşdirir. Regional inkişaf cəmiy­yətləri ölkənin geridə qalmış rayonlarının iqtisadi cəhətdən mənimsənilməsi məqsədilə 1955-ci ildə iri işçi və depozit banklar tərəfindən  yaradılmışdır. Fransa ərazisi 15 cəmiyyət ara­sın­da bölünmüşdür. Bu cəmiy­yət­lər xüsusi nizamnaməsi olan səhmdar cəmiyyətləri təmsil edir. Cəmiyyətlər öz region­la­rında olan müəssisələrə 5 ildən 15 ilə qədər müddətli kreditlər təqdim edirlər. Səhmdar kapitalı, Fransada qrup istiqrazlarının və xarici bazarlarda borc kapitallarının buraxıl­ması vəsaitlərin mənbəyini təşkil edir. Dövlət cəmiyyətlərə kömək göstərir. Bu kömək vergi güzəşt­ləri, onların borcları üzrə zəma­nətlər və s. şəklində olur;
  • Sofaris (Sofaris) -1982-ci ildə kiçik və orta  müəs­si­sələrin maliyyələşdirilməsi üçün yaradılmışdır.

Fransanın kredit sistemində maliyyə müəssisələri xüsusi yer tutur. Bunlar qiymətli kağız əməliyyatları ilə məşğul olan şirkətlər, ipoteka kredit müəssisələri, maliyyə cəmiyyətləri, dəyirman və lizinq cəmiyyətləridir.
Iqtisadiyyat və maliyyə nazirliyi və Fransa bankı Fran­sa­nın kredit idarələrinin fəaliyyətinin tənzim­lən­məsində mühüm rol oynayırlar. Nazirlik daha çox siyasi rəhbərliyi, Mərkəzi bank isə kredit müəs­sisə­lərinin fəaliyyətinə nəzarəti həyata keçirir. Bu struk­turlardan başqa, banklara nəzarət üzrə dörd orqan da yaradılmışdır.
Milli kredit şurası (1945) monetar hakimiyyətin sərəncamlarını qeydiyyata salır, məsləhətçi funksiyaları yerinə yetirir, böyük tədqiqat işi aparır, monetar siyasət üzrə tövsiyə­lər hazırlayır.
Bank reqlament komitəsi (1984) kredit müəs­sisə­lərinin fəaliyyət qaydalarını müəyyənləşdirir, onların fəa­liyyətlərinin maliyyə şəraitini göstərir, şöbələrin açılış qaydasını və digər müəssisələrin kapitallarında iştirak şərtlərini təyin edir.
Kredit müəssisələr komitəsi kredit müəssisələrinə aid olan qərarları qəbul edir, kredit müəssisəsinin fəa­liy­yə­tinin hüqu­qi status, texnki və maliyyə vəsaitləri, səhmdarların nüfuzu nöqteyi - nəzərindən nizamnamə tələblərinə uyğun olub olmamasını yoxlayır.
Bank komissiyası qanunvericiliyin riayət olun­ma­sına nəzarət edir, mühasibat hesabları və hesabatlar əsa­sında ölkə­nin bütün kredit müəssisələrinin, o cümlədən xarici filialla­rının əməliyyatlarının qanuniliyini yoxlayır. Bank komissiyası mərkəzi bankın sərəncamı ilə yerlərdə təftişlər aparır. Bank komissiyası istənilən bank sənəd­ləşməsinin yoxlanması üzrə geniş sə­lahiyyətlərə malikdir və müştəri reytinqlərinin müəy­yən­ləş­dirilməsi məqsədilə Fransa Bankı nəzdində risklər üzrə mərkəzi büronun məlumatlarından istifadə edir. Hüquqi nəzarətin nəticələri üzrə sanksiyalar tətbiq oluna bilir. Bunlar cərimələrdən və töhmətlərdən başlayaraq rəhbərliyin dəyişil­mə­si və bank lisenziyasının ləğv edilməsinə qədər olan sank­si­ya­lardır.
Əsas nəzarətedici orqanlardan başqa əlavə nəzarət orqanları da mövcuddur:

  • Maliyyə bazarları üzrə şura və Birja əməliyyatları üzrə komissiya. Onlar qaydaların təkmilləşdirilməsinə cavabdeh olur və investisiya şirkətlərinin işlərindəki ən yaxşı təcrübəni ümumiləşdirir, onların fəaliyyətinin müəy­yən­ləşdirilmiş qay­da­la­ra  nə dərəcədə uyğun olma­sına nəzarət edirlər;
  • Kredit idarələrinin və investisiya müəssisələrinin Fransız Assosiasiyası. Bu Assosiasiya Bank aktına mü­vafiq şəkildə ona daxil olan kredit müəssisələrinin kol­lek­tiv maraqlarını, xüsusən də mübahisəli məsələlərdə təmsil etməlidir.

Fransa maliyyə-kredit sistemi,Fransa iqtisadiyyatı,
Fransanın kredit sisteminin strukturu şəkil 4.1-də göstərilmişdir.
ABŞ və Almaniyadan fərqli olaraq, Fransa unitar döv­lətdir və onun büdcə sistemi yalnız iki hissədən iba­rətdir: dövlət büdcəsi və yerli büdcələr. Ölkədə büdcə sisteminin vahidliyi yoxdur. Bütün büdcələr  formal şəkildə ayrılmışlar. Hər bir inzibati vahidin büdcəsi onun icraiyyə hakimiyyət orqanı tərəfindən təsdiq olunur. Fransanın maliyyə sisteminə dövlət (mərkəzi) və yerli büdcələrdən başqa, həmçinin büd­cə­dən­kənar fondlar və dövlət müəssisələrinin maliyyələri  daxildir.

0 şərh