Ayət namazı

Məsələ 1500: Göstərişi sonra deyiləcək Ayət namazı üç şeyin vasitəsilə vacib olar.
  1. Günəşin tutulması;
  2. Qismən tutulsa və ondan heç kim qorxmasa da, ayın tutulması.
  3. Vacib ehtiyata əsasən əgər bir kəs qorxmasa da, zəlzələ zamanı. Amma göy gurultusu və ildırım, qara, qırmızı, küləklər və s. səma hadisələri baş versə, dənizin suyu çəkilsə, dağlar uçmağa başlasa və bu, camaatın çoxunun qorxmasına səbəb olsa, müstəhəbb ehtiyata əsasən, ayət namazı tərk olunmamalıdır.
Məsələ 1501: Əgər ayət namazını vacib edən şeylərdən bir neçəsi baş versə, insan gərək onların hər biri üçün bir ayət namazı qılsın. Məsələn; əgər günəş tutularsa və zəlzələ olarsa, gərək iki ayət namazı qılınsın.
Məsələ 1502: Bir şəxsin boynuna bir neçə ayət namazının qəzası vacib olarsa, istər onların hamısı eyni səbəbdən onun boynuna vacib olmuş olsun (məsələn; üç dəfə günəş tutulur və onların ayət namazını qılmamış olarsa) istər bir neçə səbəbdən boynuna vacib olmuş olsunlar (məsələn; günəş tutulması, ay tutulması və zəlzələ olması səbəbindən onun boynuna vacib olmuş olarlarsa) bunları qəza edərkən, səbəblərdən hansı biri üçün ayət namazı qıldığını müəyyən etməsi lazım deyildir.
Məsələ 1503: Ayət namazı vacib olan şeylər harada baş versə, ancaq o yerin camaatı gərək ayət namazı qılsın və başqa yerin camaatı üçün bu vacib deyil.
Məsələ 1504: Ayət namazına başlama zamanı, günəşin və ayın tutulmağa başladığı andan başlayıb, onların təbii hala dönmə zamanlarına qədər davam edər. Amma onların açılmağa başladıqları zamana qədər təxirə salınmaması yaxşıdır. Lakin ayət namazının tamamlanması, günəş və ayın açılmasından sonraya qədər təxirə salına bilər.
Məsələ 1505: Əgər ayət namazını günəş və ayın açılmağa başladığı zamana qədər təxirə salarsa, onu əda niyyətinə qılmağın eybi yoxdur. Amma əgər tamamilə açılmalarından sonra ayət namazını qılarsa, onu qəza niyyəti ilə qılmalıdır.
Məsələ 1506: Əgər Günəşin ya Ayın tutulmağının müddəti namazın bir rükəti və ya ondan bir qədər az olsa, şəxsin qıldığı namaz ədadır. Həmçinin onların tutulma vaxtının çox olmasına baxmayaraq, insan namazı qılmaz və bir rükət və ya daha az qıla biləcək qədər bir müddət, onun vaxtının sonuna qalırsa da, hökm eynidir.
Məsələ 1507: Zəlzələ, göy gurultusu, şimşək çaxması və bu kimi hadisələr baş verdiyi zaman, əgər bunlar uzun müddət davam edəcəkdirsə, ayət namazını dərhal qılması lazım deyildir. Əks təqdirdə, xalqın nəzərində təxirə salmaq sayılmayacaq şəkildə dərhal qılması gərəkdir. Əgər təxirə salarsa, onu sonradan əda və ya qəza niyyəti etmədən qılması ehtiyat-müstəhəbbdir.
Məsələ 1508: Əgər Ay və ya Günəşin tutulduğunu bilməsə və onun açılmasından sonra, Günəş və ya Ayın bütünlüklə tutulmuş olduğunu bilərsə, ayət namazının qəzasını qılması lazımdır. Amma əgər onun bir miqdarının tutulmuş olduğunu anlayarsa, ayət namazının qəzası ona vacib deyildir.ayet namazi
Məsələ 1509: Bir qrup insan, Ayın və ya Günəşin tutulduğunu söylədikləri halda, onların sözündən yəqinlik və ya xatircəmlik hasil etmədiyinə görə ayət namazını qılmasa, beləki, sonradan doğru söyləmiş olduqlarını anlayarsa, Günəşin və ya Ayın tamam tutulmuş olduğu təqdirdə, ayət namazını qılmalıdır. Amma onun bir miqdarı tutulubmuşsa, ayət namazı qılmaq ona vacib deyildir. Günəş və Ayın tutulduğunu xəbər verən iki nəfərin adil olmasına şəxsin şübhəsi olsa və sonrada onların adil olduqları məlum olarsa, bu zaman şəxs ayət namazı qılmalıdır.
Məsələ 1510: İnsan, elmi qaydalar yolu ilə Günəş və Ayın tutulma vaxtını bilən şəxslərin sözündən Günəş və ya Ayın tutulmasına xatircəm olarsa, ayət namazı qılmalıdır. Həmçinin əgər, «filan vaxt Günəş və ya Ay tutulacaq və bu filan müddətə qədər çəkəcək» desələr və sonradan onların adil olduqları anlaşılırsa, hökm eynidir.
Məsələ 1511: Qılmış olduğu ayət namazının batil olduğunu bilən bir şəxs, onu yenidən qılmalıdır. Əgər vaxt keçmiş olarsa, qəza etməlidir.
Məsələ 1512: Əgər gündəlik namaz vaxtında ayət namazı da insana vacib olsa, belə ki, hər iki namaz üçün vaxt varsa, hər hansını əvvəl qılsa, eybi yoxdur. Əgər hansının vaxtı dardırsa, əvvəl onu qılsın. Əgər hər ikisinin vaxtı dardırsa, gərək əvvəl gündəlik namazını qılsın.
Məsələ 1513: Gündəlik namazlardan birini qılarkən, ayət namazının vaxtının dar olduğunu bilərsə, əgər gündəlik namazının da vaxtı dardırsa, onu tamamlayıb sonra ayət namazını qılmalıdır. Amma əgər gündəlik namazının vaxtı dar deyilsə, onu pozub əvvəl ayət namazını, sonra da gündəlik namazını qılmalıdır.
Məsələ 1514: Əgər ayət namazının arasında gündəlik namazın vaxtının dar olmasını başa düşərsə, gərək ayət namazını buraxıb, gündəlik namazın qılmasına məşğul olsun və namazı bitirəndən sonra namazı pozan bir iş görməzdən əvvəl, ayət namazının qalanını tərk etdiyi yerdən qılsın.
Məsələ 1515: Əgər qadın heyz və nifas halında olsa, Günəş ya Ay tutulması və ya zəlzələ baş verərsə, ona ayət namazı vacib deyil və qəzası yoxdur.

AYƏT NAMAZININ QAYDALARI


Məsələ 1516: Ayət namazı iki rükətdir və hər rükətdə beş rüku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rükuya getsin, rükudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rükuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rükudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rükəti də birinci rükət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin.
Məsələ 1517: Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, surənin ayələrini beş yerə bölsün və bir ayə ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma gərək ehtiyata əsasən cümlə tamam olsun və sonra rükuya getsin və rükudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rükuya getsin. Bu qayda üzrə beşinci rükudan əvvəl surəni tamam etsin, məsələn; «Fələq» surəsində birinci «Bismillahir-rəhmanir-rəhim». «Qul əuzu birəbbil fələq» — desin və rükuya getsin, sonra qalxsın və desin: «Min şərri ma xələq» — təzədən rükuya getsin və rükudan sonra qalxsın və desin: «Və min şərri ğasiqin iza vəqəb». Yenidən rükuya getsin və qalxıb desin: «Və min şərrin-nəffəsəti fil uqəd». Rükuya gedib, yenə də qalxıb desin: «Və min şərri hasidin izə həsəd». Ondan sonra beşinci rükuya getsin və başını qaldırandan sonra iki səcdə etsin və ikinci rükəti birinci rükət kimi yerinə yetirsin. İkincinci səcdədən sonra təşəhhüd oxusun və sonra namazın salamını versin. Həmçinin, beşdən az hissəyə bölməsi də caizdir. Lakin, nə vaxt surəni tamam etsə, sonrakı rükudan qabaq Həmdi oxuması lazımdır.
Məsələ 1518: Əgər şəxs ayət namazının bir rükətində beş dəfə Həmd və surə oxusa, o biri rükətdə Həmdi oxuyub, surəni beş yerə bölsə, eybi yoxdur.
Məsələ 1519: Gündəlik namazlarda vacib və müstəhəbb olan şeylər ayət namazında da vacib və müstəhəbbdir. Lakin ayət namazı camaatla qılınsa azan və iqamə əvəzinə qəbul olunma ümidi ilə üç dəfə "Əssalat" demək olar. Amma camaatla qılınmadıqda bu lazım deyil.
Məsələ 1520: Müstəhəbbdir ki, rükudan qabaq və sonra təkbir desin. Beşinci və onuncu rükudan sonra və təkbirdən əvvəl «Səmiallahu limən həmidəh» demək də müstəhəbbdir.
Məsələ 1521: İkincinci, dördüncü, altıncı, səkkizinci, onuncu rükudan qabaq qunut oxumaq müstəhəbbdir. Əgər qunutu yalnız onuncu rükudan qabaq da oxusa, kifayətdir.
Məsələ 1522: Şəxs ayət namazını neçə rükət qıldığına şübhə edərsə və şübhəsini aydınlaşdıra bilməsə, namazı batildir.
Məsələ 1523: Əgər şəxs birinci rükətin axırıncı rükusunda və ya ikinci rükətin birinci rükusunda olduğuna şəkk etsə və şəkkini aydınlaşdıra bilməsə, namazı batildir. Amma məsələn; dörd və ya beş rüku etdiyindən şəkk edən şəxs, əgər səcdəyə çatmayıbsa, yerinə yetirib-yerimədiyindən şəkk etdiyi rükunu yerinə yetirməlidir. Əgər səcdə üçün əyilibsə, gərək öz şəkkinə etina etməsin.
Məsələ1524: Ayət namazının rükularının hər biri rükndür. Əgər qəsdən az ya çox etsə, namaz batildir. Həmçinin əgər səhvən az və ya ehtiyata əsasən çox etsə də namaz batil olur.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
 

0 şərh