Xümsün hökmləri

Məsələ 1760: Yeddi şeydə xüms vacib olur:
  1. Qazanc.
  2. Mədən.
  3. Xəzinə.
  4. Harama qarışmış halal mal.
  5. Dənizə baş vurmaqla əldə olan cəvahirat.
  6. Döyüş qəniməti.
  7. Məşhura əsasən, zimmi kafirin müsəlmanlardan satın aldığı yer; bunlarla bağlı olan hökmlər qarşıda genişcə açıqlanacaqdır.
 
  1. Qazanc


Məsələ 1761: Əgər insan ticarət, sənət və ya digər qazanc yolları ilə mal əldə edərsə, məsələn; bir meyitin oruc və namazını yerinə yetirərək muzd alıb bir mal əldə etsə belə, bu onun özünün və ailəsinin illik xərclərindən çox olarsa, çox olan qismin xümsünü (5/1) aşağıda deyiləcək üsulla verilməlidir.
Məsələ 1762: Əgər qazancdan qeyri bir yol ilə mal əldə edərsə, məsələn; ona bir şey bağışlayarsa, illik xərcindən artıq qaldığı təqdirdə, onun xümsünü verməlidir.
Məsələ 1763: Qadının aldığı mehriyənin və kişinin xüli talağın əvəzində aldığı malın xümsü yoxdur. Həmçinin miras bəhsində mötəbər olan qanunlara əsasən, insana yetişən miras da eyni hökmü daşıyır. Amma şiə olan bir müsəlmana, bu deyilən yoldan əlavə, məsələn; təsib yolu ilə miras olaraq bir mal yetişərsə, o mal mənfəətdən hesab olunur və onun xümsünü verməsi gərəkdir. Həmçinin əgər ona, ata və oğuldan qeyri, ümidi olmayan bir yerdən miras yetişərsə, vacib ehtiyata əsasən, illik xərcindən artıq qaldığı təqdirdə, o malın xümsünü verməlidir.
Məsələ 1764: Əgər bir şəxsin əlinə miras yolu ilə bir mal yetişsə və insan miras edən şəxsin o malın xümsünü vermədiyini bilərsə, gərək onun xümsünü versin. Həmçinin əgər o malın özündə xümsü yoxdursa, miras edən şəxsin xüms borcu olduğunu bilərsə, mirasdan onun borclu olduğu xümsü verməlidir. Lakin hər iki təqdirdə, əgər miras edən şəxsin xüms verməyə əqidəsi yoxdursa və ya əsli xüms verməmişdirsə, varisin onun boynunda vacib olan xümsü verməsi lazım deyildir.
Məsələ 1765: Əgər insan qənaət yolu ilə illik xərcindən bir şey artırarsa, gərək onun xümsünü versin.
Məsələ 1766: Xərcləri başqası tərəfindən verilən şəxs, əldə etdiyi bütün malların xümsünü verməlidir.
Məsələ 1767: Əgər bir şəxs, bir mülkü müəyyən şəxslərə, məsələn; öz övladlarına vəqf edərsə, əgər onlar o mülkdən bağçılıq və ya əkinçilik yolu ilə bir mal əldə etsələr və illik xərclərindən artıq qalsa, gərək onun xümsünü versinlər. Həmçinin əgər o mülkdən icarə haqqı almaq kimi, başqa şəkildə faydalanarlarsa, illik xərclərindən artıq qalanının xümsünü verməlidir.
Məsələ 1768: Fəqirin vacib və ya müstəhəbb sədəqə olaraq aldığı mal, onun illik xərclərindən artıq qalarsa və ya ona verilən maldan bir mənfəət əldə etsə, məsələn; ona verilən bir ağacdan meyvə əldə etsə və illik xərclərindən artıq qalsa, onun xümsünü verməlidir. Amma ona zəkat və ya xüms olaraq verilən malın xümsünü vermək lazım deyildir.
Məsələ 1769: Əgər bir şəxs xümsü verilməmiş pul ilə bir şey satın alarsa, yəni satıcıya «Mən malı bu pulla alıram», deyərsə və satıcıda 12 imam şiəsi olan bir müsəlman olarsa, zahir budur ki, bütün mala olan nisbətdəki müamilə səhihdir və bu pulla alınan malın üzərinə xüms gəlir. Bu müamilələrin səhih olmasında şəri hakimin icazə və imzasına ehtiyac yoxdur.
Məsələ 1770: Əgər bir şəxs, bir malı satın alır və müamilədən sonra, onun qiymətini xümsü verilməmiş puldan verirsə, etdiyi müamilə səhihdir. Amma satıcıya verdiyi pulun xümsünü xüms sahiblərinə borclu qalır.
Məsələ 1771: Əgər on iki imam şiəsi olan bir müsəlman, xümsü verilməmiş bir malı satın alsa, onun xümsü satıcının boynundadır və alıcının üzərinə düşmür.
Məsələ 1772: Əgər xümsü verilməmiş bir şeyi, 12 imam şiəsi olan bir müsəlmana bağışlayarsa, onun 5/1-i (xümsü) bağışlayanın öz üzərindədir. Bağışlanan şəxsin üzərinə bir şey gəlməz.
Məsələ 1773: Əgər kafirdən və ya xümsü əqidəsi olmayan bir şəxsdən insanın əlinə bir mal keçərsə, onun xümsünü vermək vacib deyildir.
Məsələ 1774: Tacir, işçi, sənətkar və bu kimi işlərlə məşğul olanlar işə başladıqları tarixdən bir il keçdikdən sonra, illik xərclərindən artıq qalan qazanclarının xümsünü verməlidirlər. İşçi olmayan bir şəxs bir mənfəət əldə edərsə, fayda götürdüyü vaxtdan bir il keçdikdən sonra, illik xərcindən artıq qalan qazancının xümsünü verməlidir.
Məsələ 1775: İnsan, ilin ortasında hər zaman qazanc əldə edərsə, onun xümsünü verə bilər, onun xümsünü ilin sonuna qədər gecikdirməsi mümkündür. Xüms vermək üçün şəmsi (günəş) ilini ölçü qərar verirsə, bir maneəsi yoxdur.
Məsələ 1776: Tacir və əməkçi kimi xüms verməsi üçün il başı təyin edən bir şəxs, bir qazanc əldə etdikdən sonra, ilin ortasında ölərsə, ölüm zamanına qədərki xərcini qazancından götürüb, yerdə qalanının xümsünü verməlidirlər.
Məsələ 1777: Əgər ticarət üçün aldığı bir malın qiyməti qalxarsa və onu satmazsa və ilin ortasında qiyməti düşərsə, yüksələn miqdarın xümsü ona vacib deyildir.
Məsələ 1778: Əgər ticarət üçün aldığı malın qiyməti qalxdığı halda daha da qalxma ümidi ilə il bitdikdən sonraya qədər onu satmazsa və onun qiyməti düşərsə, qalxan miqdarın xümsü ona vacib olar.
Məsələ 1779: Əgər ticarət malından başqa bir mal satın alarsa və ya bu kimi bir yolla əldə edərsə və xümsünü verərsə, sonra da onun qiyməti yüksələrsə, onu satdığı təqdirdə, qiymətinə əlavə olan miqdarın xümsünü verməlidir. Həmçinin, əgər məsələn; satın almış olduğu ağac meyvə verərsə və ya qoyun yetişdirərsə, onları saxlamaqda məqsədi bir qazanc əldə etmək olmasa da gərək onun xümsünü versin.
Məsələ 1780: Əgər qiyməti yüksəldikdən sonra satmaq niyyəti ilə bir bağ düzəldərsə, meyvələrin, ağacların və bağın artan qiymətinin xümsünü verməlidir. Amma əgər məqsədi o ağacların meyvələrini sataraq faydalanmaq olsa, yalnız meyvələrin xümsünü verməlidir.
Məsələ 1781: Əgər bir şəxs söyüd, çinar və bunlar kimi başqa ağaclar əkərsə, hər il onun artan qiymətinin xümsünü verməlidir. Həmçinin, əgər normal olaraq hər il budanan budaqlardan bir mənfəət əldə etsə və bu özlüyündə və ya başqa qazanclarla birlikdə bir illik xərclərdən çox olarsa, gərək hər ilin sonunda onun xümsünü versin.
Məsələ 1782: Bir neçə yoldan qazancı olan, məsələn; həm mülkünü icarəyə verən və həm də ticarət edən şəxs, əgər o işlərin hamısı ticarətin mədaxil-məxaric və hesab kimi işlərində bir olurlarsa, ilin sonunda onun xərclərindən artıq qalan qismin xümsünü verməlidir. Bu təqdirdə, əgər bir bölümdən mənfəət, digər bölümdən isə zərər edərsə, bir bölümün zərərini o biri bölümün mənfəəti ilə örtə bilər. Amma əgər iki müxtəlif işdə çalışırsa, məsələn; ticarət və əkinçilik edirsə, bu təqdirdə, vacib ehtiyata əsasən, bir bölümün zərərini o biri bölümün mənfəəti ilə örtə bilməz.
Məsələ 1783: İnsan qazanc əldə etmək üçün xərclədiyi kommersiya və daşıma xərci kimi məsrəfləri, qazancdan çıxa bilər və o miqdarın xümsünü vermək lazım deyildir.
Məsələ 1784: İnsanın qazanclarından il ortasında yemək, geyim, ev əşyaları, ev ləvazimatları, gəlin gətirmə, qız cehizi, ziyarət və bu kimi işlər üçün etdiyi xərclərin, öz ictimai mövqeyindən yüksək olmayıb israf etmədiyi təqdirdə də, xümsü yoxdur.
Məsələ 1785: İnsanın nəzir və kəffarə üçün xərclədiyi məsrəflər, onun illik məxaricindən hesab olunur. Həmçinin, başqasına hədiyyə etdiyi və ya mükafat olaraq verdiyi bir mal onun ictimai mövqeyindən yuxarı olmadığı təqdirdə onun illik məxaricindən hesab olunur.
Məsələ 1786: Əgər insan, məsələn; qızının cehizini evlənmə zamanında bir dəfəyə hazırlaya bilməsə, gərək onu bir neçə il ərzində, tədricən hazırlasın, cehizi hazırlamamaq onun şəninə layiq olmasa, ilin ortasında o ilin qazancından şənindən yuxarı olmayan bir təqdirdə cehiz alsa, onun xümsünü vermək lazım deyildir. Amma əgər şənindən yuxarı və ya bu ilin qazancından sonrakı ildə cehiz alarsa, gərək onun xümsünü versin.
Məsələ 1787: İnsan həcc və digər ziyarətlər üçün xərclədiyi mal, o il xərclədiyi, illik xərcindən hesab edilir, amma əgər onun müsafirliyi sonrakı ildən bir müddətə qədər davam edərsə, sonrakı ildə xərclədiyi miqdarın xümsünü verməlidir.
Məsələ 1788: Ticarət, iş və ya bu kimi yolla qazanc əldə edən bir şəxsin, xümsü vacib olmayan bir malı da olsa, illik xərclərini, o maldan əldə etdiyi mənfəətlərdən hesab edə bilər.
Məsələ 1789: İllik məsrəfi üçün aldığı qida maddələri ilin sonunda artarsa, gərək onun xümsünü versin və əgər onların qiymətini vermək istərsə, əgər satın aldığı zamana nisbətlə qiymətləri artarsa, gərək il sonunun qiymətini hesablasın.
Məsələ 1790: Əgər qazancından xümsü verməzdən əvvəl evi üçün əşya alarsa, mənfəət ili keçdikdən sonra ehtiyacı qalmasa, onun xümsünü vermək lazım deyildir. Həmçinin əgər ilin ortasında ona ehtiyacı qalmasa, amma o şey ki, qışlıq və yaylıq paltarı kimi normal olaraq sonrakı illər üçün saxlanan bir şey olsa, bu təqdirdə xümsü vacib deyildir. Əks halda, ona ehtiyacı olmadığı vaxta, vacib ehtiyat odur ki, xümsü versin. Qadınların zinət əşyaları da, qadının onları zinət olaraq istifadə zamanı keçdiyi təqdirdə, eyni hökmü daşıyır.
Məsələ 1791: Əgər şəxs bir il qazanc mənfəəti götürməzsə, o ilin məsrəfini gələn ilin qazancından götürə bilməz.
Məsələ 1792: Əgər ilin əvvəlində mənfəət gətirməyib sərmayədən xərcləyərsə və il tamam olmazdan əvvəl bir qazanc əldə edərsə, sərmayədən xərcləmiş olduğu miqdarı qazancdan götürə bilər.
Məsələ 1793: Əgər sərmayənin bir miqdarı ticarət və bu kimi şeylərin səbəbilə azalarsa, sərmayədən azalan miqdarı həmin ilin mənfəətindən götürə bilər.
Məsələ 1794: Əgər sərmayədən qeyri mallarından başqa bir şey əlindən çıxsa, əldə etdiyi qazancdan onu təmin edə bilməz. Amma əgər həmin il daxilində o şeyə ehtiyacı olarsa, qazancdan il ortasında onu təmin edə bilər.
Məsələ 1795: Əgər il boyunca bir qazanc əldə edə bilməsə və məsrəfləri üçün borc edərsə, borcunu gələcək illərin mənfəətindən götürə bilməz. Amma ilin başında xərcləri üçün borc etsə və il tamam olmazdan əvvəl bir qazanc əldə edərsə, borcunu o qazancdan götürə bilər. Həmçinin, birinci təqdirdə də, borcunu il arasındakı mənfəətlərdən ödəyə bilər və o miqdarın xümsü yoxdur.
Məsələ 1796: Əgər malını çoxaltmaq və ya ehtiyacı olmayan bir mülkü almaq üçün borc edərsə, il ərzində əldə etdiyi qazancdan o borcu ödəyə bilməz. Amma əgər borc, aldığı bir mal və ya borcla satın aldığı bir şey əlindən gedərsə, bu təqdirdə, borcunu o ilin mənfəətindən ödəyə bilər.
Məsələ 1797: İnsan, xümsü vacib olan şeylərin xümsünü o şeylərdən verdiyi kimi, vacib olan xümsün qiyməti miqdarında pul da verə bilər. Amma əgər üzərinə xüms vacib olmayan bir mal vermək istəsə, bu şəriət hakiminin icazəsilə olmadığı təqdirdə mübahisəlidir.
Məsələ 1798: Malın üzərinə xüms gəlib və o vaxtdan üzərindən bir il keçdiyi halda, xümsünü verməyən şəxs, xüms vermə qəsdi olmasa, o maldan istifadə edə bilməz. Hətta vacib ehtiyata əsasən, xümsü vermə niyyəti də olsa, yenə eyni hökmü daşıyır.
Məsələ 1799: Xüms borcu olan şəxs, onu öz zimməsinə götürə bilməz, yəni özünü xüms əhlinə borclu qəbul edib, malın hamısından istifadə edə bilməz. Əgər istifadə edər və mal tələf olarsa, gərək onun xümsünü özü versin.
Məsələ 1800: Xüms borcu olan şəxs, şəriət hakimi ilə müqavilə bağlayıb xümsü öz zimməsinə alarsa, malın tamamında istifadə edə bilər, müqavilədən sonra o maldan əldə edilən qazanclar da onun özünündür.
Məsələ 1801: Bir kəslə şərik olan bir şəxs, əgər öz qazancının xümsünü versə və onun şəriki öz xümsünü verməsə və gələcək il üçün xümsünü vermədiyi maldan şirkətə sərmayə qoyarsa, o şəxs 12 imam şiəsi olan müsəlmandırsa, o maldan istifadə edə bilər.
Məsələ 1802: Həddi-buluğa çatmamış uşağın sərmayəsi olsa və ondan bir qazanc əldə etsə, əqvaya əsasən onun üzərinə xüms gəlir və o uşağın valisinə onun xümsünü verməsi vacibdir. Əgər verməsə, uşağın özünə həddi-buluğa çatdıqdan sonra, onun xümsünü verməsi vacibdir.
Məsələ 1803: Başqa şəxsdən, xümsünü verib-vermədiyindən şübhə etdiyi bir mal əldə edən şəxs, o maldan istifadə edə bilər. Hətta əgər onun xümsünü vermədiyinə yəqini olsa da, 12 imam şiəsi olan müsəlmandırsa, o maldan istifadə edə bilər.
Məsələ 1804: Əgər bir şəxs il arasında qazancından illik material vasitəsilə və illik xərclərindən sayılmayan bir mülk alarsa, il tamam olandan sonra onun xümsünü verməsi vacibdir. Əgər o mülkün xümsünü verməsə və qiyməti yüksələrsə, o mülkün hal-hazırdakı qiymətinə görə xümsü ödənilməlidir. Mülkdən qeyri xalça və bu kimi başqa bir şey də alarsa, eyni hökmdədir.
Məsələ 1805: Təklifinin əvvəlində xüms verməyən şəxs, əgər məsələn; bir mülk alsa və onun qiyməti qalxarsa, əgər o mülkü qiyməti qalxıb satmaq üçün deyil, məsələn; əkin əkmək üçün almış olsa və aldıqdan sonra, onun qiymətini xümsü verilməmiş puldan vermiş olarsa, onun xümsünü aldığı qiymət üzərindən verməlidir. Amma əgər məsələn; xümsü verilməmiş pulun özünü satıcıya verərək və ona «Bu mülkü bu pulla alıram» — deyərsə, gərək xümsü o mülkün hal-hazırdakı dəyəri ilə versin.
Məsələ 1806: Təklifinin əvvəlində xüms verməyən şəxs, əgər qazancından ehtiyacı olmayan bir şeyi satın almış olsa və o qazancın ələ gəldiyi vaxtdan bir il vaxt keçsə, gərək xümsünü versin. Amma əgər ictimai mövqeyinə uyğun olaraq ev əşyaları və ehtiyacı olan şeyləri alıbsa, bu şəraitdə əgər onları qazandığı ilin ərzində, o ilin qazancından aldığını bilirsə, onların xümsünü vermək lazım deyildir. Əgər bunu bilmirsə, vacib ehtiyata əsasən şəriət hakimi ilə müqavilə bağlamalıdır.
  1. Mədən


Məsələ 1807: Qızıl, gümüş, qurğuşun, neft, daş kömür, firuzə, əqiq, kükürd, duz və digər əşyalar mədən məhsulu sayılır, yəni Məsum İmamındır (ə.s.). Amma əgər bir şəxs, onlardan bir şey istixrac edərsə, şəri bir maneə olmadığı təqdirdə, onu mülkünə daxil edə bilər. Fəqət bu şey nisab miqdarında olarsa, gərək onun xümsünü versin.
Məsələ 1808: Mədənin nisabı, on beş misqal normal sikkəli qızıldır. Yəni mədəndən çıxarılan şeyin qiyməti, on beş misqal sikkəli qızıla çatarsa, onu əldə etmək üçün edilən xərclər azaldıqdan sonra, gərək yerdə qalanın xümsünü versin.
Məsələ 1809: Mədəndən əldə etdiyi şeyin dəyəri 15 misqal sikkəli qızıla çatmazsa, onun xümsünü vermək, ancaq onun özü və digər qazanclarınla birlikdə illik xərclərindən artıq qalarsa, vermək lazımdır.
Məsələ 1810: Əhəng, gips, baş yumaq üçün gil və qırmızı gil lazım ehtiyata əsasən, mədən hökmündədir. Əgər nisab həddinə yetişərsə, illik xərcləri çıxmadan öncə gərək onun xümsünü versin.
Məsələ 1811: Mədəndən bir şey əldə edən şəxs, istər mədən torpağın altında olsun, istər üstündə, istər mülk olan bir yerdə olsun, istər sahibi olmayan bir yerdə, gərək onun xümsünü versin.
Məsələ 1812: Mədəndən əldə etdiyi şeyin qiyməti on beş misqal sikkəli qızıla yetişib-yetişmədiyini bilməzsə, lazım ehtiyata əsasən, ölçməklə və ya başqa bir yolla onun qiymətini məlum etməlidir.
Məsələ 1813: Əgər bir neçə nəfərin mədəndən çıxardıqları şeyin qiyməti 15 misqal sikkəli qızıla yetişərsə, amma onlardan hər birinin payı bu qədər olmazsa, müstəhəbb ehtiyata əsasən, onun xümsünü verməlidirlər.
Məsələ 1814: Əgər bir şəxs, başqasının mülkündə olan mədəni onun icazəsi olmadan yeri qazaraq çıxararsa, üləmanın çoxu hər nə əldə edilmişsə, yer sahibinin olduğunu söyləmişlər. Amma bu hökm işkalsız deyildir. Daha yaxşısı bir-birləri ilə saziş bağlamaqlarıdır. Əgər sazişə razı olmasalar, onların mübahisəsini həll etmək üçün şəriət hakiminə müraciət etməlidirlər.
  1. Xəzinə


Məsələ 1815: Xəzinə torpaqda, ağacda, dağda və ya divarda saxlanmış olub bir şəxs tərəfindən tapılan maldır və o, xəzinə deyiləcək bir şəkildə olmalıdır.
Məsələ 1816: İnsan, bir şəxsin mülkü olmayan bir yerdə xəzinə taparsa, onu özünə götürə bilər. Amma onun xümsünü verməlidir.
Məsələ 1817: Xəzinənin nisabı, yüz beş misqal sikkəli gümüş və ya on beş misqal sikkəli qızıldır. Yəni xəzinədən əldə etdiyi şeyin qiyməti, bu ikisindən birisinin qiymətinə bərabər olarsa, onun xümsünü vermək vacibdir.
Məsələ 1818: Başqasından satın aldığı mülkdə xəzinə tapıb və o xəzinənin yerinin əvvəlki sahiblərə məxsus olmadığını bildiyi halda, özünə və ya varisləri diri olan başqa bir müsəlmana yaxud İslamın zimmətində olan bir kafirə aid olduğunu da bilməsə, xəzinəni özünə götürə bilər. Amma gərək onun xümsünü versin. Lakin, əvvəlki sahibinə aid olduğuna ehtimal verirsə, əgər onun və ya dolayasıyla xəzinəyə sahiblik hüququ çatırsa, ona xəbər verməlidir. Əgər onun malı olmadığı məlum olarsa, ondan əvvəlki yerin sahibi olub, o xəzinəyə sahiblik hüququ çatan şəxsə xəbər verməlidir. Bu qayda ilə ondan əvvəl o yerin sahibi olub, o yerdə əli olan şəxslərin hamısına xəbər verməlidir. Əgər onların heç birisinin malı olmadığı məlum olarsa, onu özünə götürə bilər. Amma gərək onun xümsünü versin.
Məsələ 1819: Əgər bir yerdə basdırılmış bir neçə qab xəzinə tapılarsa və üst-üstə qiymətləri yüz beş misqal gümüş və ya on beş misqal qızıla çatarsa, gərək onun xümsünü versin. Amma əgər bir neçə yerdə xəzinə taparsa, onlardan, qiyməti bu miqdara çatan hər birinin xümsünü vermək vacibdir. Qiyməti bu miqdara çatmayan xəzinənin isə xümsü yoxdur.
Məsələ 1820: Əgər iki şəxs bir xəzinə tapsalar və onun qiyməti yüz beş misqal gümüş və ya 15 misqal qızıla yetişsə, amma hər birisinin payı bu qiymətə yetişməsə, onun xümsünü vermək lazım deyildir.
Məsələ 1821: Satın almış olduğu bir heyvanın qarnından mal tapan şəxs, əgər o malın, satıcının və ya heyvanın əvvəlki sahibinin malı olduğuna ehtimal verib və onların da heyvana və qarnından tapılan malda maraqları olarsa, onlara xəbər verməlidir. Əgər onların heç birisinin malı olmadığı məlum olarsa, lazım ehtiyata əsasən, o xəzinə nisab miqdarına yetişməsə də, onun xümsünü verməlidir. Bu hökm xas bir yerdə yetişdirilib bir şəxsin yeməyini təşkil edən balıq və bu kimi heyvanlara da aiddir. Amma əgər dəniz və ya çaydan tutulmuş olsa, heç bir şəxsə xəbər vermək lazım deyildir.
  1. Harama qarışmış halal mal


Məsələ 1822: Əgər halal mal, haram mal ilə bir-birinə ayırd edilməyəcək şəkildə qarışarsa, haram malın sahibi və miqdarı da məlum olmadığı kimi haram malın miqdarının xümsündən az və ya çox olduğu da bilinməzsə, malın hamısının xümsünü, mütləq qürbət və sahibi bilinməyən mal qəsdi ilə xümsə layiq olan şəxsə verərsə, xümsü verdikdən sonra, malın qalan hissəsi halal olur.
Məsələ 1823: Əgər halal mal haramla qarışsa və insan haramın xümsündən az ya çoxunun miqdarını bilsə və amma sahibini tanımasa gərək o miqdarın sahibinin niyyətinə sədəqə versin və vacib ehtiyat odur ki, şəriət hakimindən də icazə alsın.
Məsələ 1824: Əgər halal mal haramla qarışsa və insan haram malın miqdarını bilməsə, amma sahibini tanısa, bir-birlərini razı sala bilməsələr, gərək o şəxsin malı olduğunu yəqin etdiyi miqdarı ona versin. Hətta əgər o iki malın qarışmasında özü günahkardırsa, ehtiyata əsasən onun malı olduğunu ehtimal etdiyi artıq miqdarı ona verməlidir.
Məsələ 1825: Harama qarışmış halal malın xümsünü verdikdən sonra, haramın miqdarının xümsdən çox olduğunu başa düşərsə, gərək çox olduğunu bildiyi miqdarı sahibinin adından sədəqə versin.
Məsələ 1826: Əgər harama qarışmış halal malın xümsünü versə və ya sahibini tapmadığı təqdirdə malı onun niyyətilə sədəqə verərsə və sahibi tapıldıqdan sonra buna razı olmasa, lazım ehtiyata əsasən gərək onun malının miqdarını özünə versin.
Məsələ 1827: Əgər halal mal haramla qarışsa və haramın miqdarı məlum olub, insan onun sahibinin bir neçə nəfərdən artıq olmadığını bilərsə, lakin kimin olduğunu bilməsə, gərək onlara xəbər versin. Belə ki, onlardan biri «mənim malımdır» deyərsə və o biriləri isə onların malı olmadığını və ya məsələdən xəbərsiz olduqlarını bildirirlərsə, onu «mənim malımdır» deyən şəxsə verməlidirlər. Amma iki və daha çox adam «mənim malımdır» deyərlərsə, onların mübahisəsi anlaşma və bu kimi yolla həll olunmazsa, mübahisələrinin həll edilməsi üçün, şəri hakimə müraciət etsinlər. Əgər onların hamısı məsələdən xəbərsiz olduğunu bildirib saziş etməyə hazır olmasalar, zahirə əsasən o malın sahibi püşk ilə təyin edilər. Ehtiyat odur ki, şəri hakim və ya onun nümayəndəsi püşk işini icra etsin.
  1. Dənizə baş vurmaqla əldə olunan cəvahirat


Məsələ 1828: Əgər üzgüçülük, yəni dənizə girmək vasitəsilə mirvari, mərcan və bu kimi şeylər əldə edilərsə, istər göyərən, istərsə də mədəni olsun, onun qiyməti 18 noxud qızıla yetişərsə, onun xümsü verilməlidir. Bu xüsusda, onun bir dəfəyə və ya neçə dəfəyə çıxarılması arasında bir fərq yoxdur. Amma birinci dəfə ilə ikinci dəfə arasında hər biri bir ayrı fasilədə çıxarılması kimi, çox fasilə olmaması şərtdir. Əks təqdirdə hansının qiyməti 18 noxud qızıla yetişməsə, onun xümsünü vermək vacib deyildir. Həmçinin üzgüçülükdə iştirak edən bir neçə şəxsdən hansının payı 18 noxud qızıla yetişməzsə, onun xümsünü vermək vacib deyildir.
Məsələ 1829: Əgər dənizə baş vurmaqdan başqa, digər vasitələrlə cəvahirat əldə edilərsə, ehtiyata əsasən onun xümsü vacibdir. Amma əgər dənizin suyu üzündən və ya dənizin kənarından cəvahirat əldə edilərsə, yalnız o və ya başqa qazancları ilə birlikdə, illik xərclərindən artıq qalarsa, gərək onun xümsü verilsin.
Məsələ 1830: İnsan dənizin dibinə girmədən tutduğu balıq və ya digər heyvanların xümsü o surətdə vacibdir ki, təklikdə yaxud başqa mənfəətləri ilə onun qazancı illik xərclərindən artıq olduğu surətdə vacibdir.
Məsələ 1831: Əgər insan dənizdən bir şey çıxarmaq məqsədi olmadan dənizin dibinə girib, təsadüfən cəvahirat əldə edib, ona sahib olmağı qəsd edərsə, gərək onun xümsünü versin. Hətta vacib ehtiyat odur ki, hər təqdirdə onun xümsünü versin.
Məsələ 1832: Əgər insan dənizin dibinə girib bir heyvan çıxarıb, onun qarnından cəvahirat tapsa (sədəf kimi heyvan bunlara aiddir, çünki adətən onun qarnında cəvahir olur), əgər nisab həddinə yetişərsə, gərək onun xümsünü versin. Amma əgər təsadüfən cəvahiri udmuşsa, lazım ehtiyat odur ki, onun nisab miqdarı çatmasa da, xümsü verilsin.
Məsələ 1833: Əgər Dəclə və Fərat kimi böyük çayların dibinə girib cəvahirat çıxartsa, belə ki, o çaylarda cəvahir əmələ gəlirsə, gərək onun xümsünü versin.
Məsələ 1834: Əgər suya girib qiyməti 18 noxud qızıl və ya daha çox olan bir ənbər çıxartsa, gərək onun xümsünü versin. Hətta əgər suyun üzündən və ya dəniz kənarından da ələ gətirsə, eyni hökmü daşıyır.
Məsələ 1835: Qazancı üzgüçülük və ya mədən çıxarmaq olan şəxs, əgər bunların xümsünü versə və bunlar onun illik xərcindən artıq qalarsa, ikinci dəfə onların xümsünü vermək lazım deyildir.
Məsələ 1836: Əgər bir uşaq mədən çıxarsa və ya bir xəzinə tapsa ya da dənizə baş vurmaqla bir cəvahir əldə edərsə, gərək vəlisi onun xümsünü versin. Əgər vəlisi verməsə, özü həddi-buluğa çatdıqdan sonra onun xümsünü verməlidir. Həmçinin əgər uşağın harama qarışmış bir malı varsa, gərək vəlisi o malı pak etsin.
  1. Qənimət


Məsələ 1837: Müsəlmanların İmamının (ə.s.) əmrilə kafirlərlə müharibədə vuruşduqları zaman əldə etdikləri əşyalar qənimət adlanır. Qənimətdən, onun üçün edilən mühafizə və daşınma xərcləri və İmamın (ə.s.) bir yerdə xərcləməyi məsləhət gördüyü miqdar və İmama (ə.s.) məxsus olan əşyalar ayrıldıqdan sonra yerdə qalanının xümsü verilməlidir. Qənimətə xümsü vacib olması xüsusunda, onun mənqul və qeyri-mənqul olması arasında bir fərq yoxdur. Ənfaldan olan ərazilər, döyüş İmamın (ə.s.) əmrilə olmasa da, müsəlmanların hamısına aiddir.
Məsələ 1838: Əgər müsəlmanlar, İmamın (ə.s.) icazəsi olmadan kafirlərlə döyüşüb, onlardan qənimət ələ keçirirlərsə, ələ gətirdikləri qənimətlərin hamısı İmamındır (ə.s.) və döyüşə gedənlərin onda heç bir haqqı yoxdur.
Məsələ 1839: Kafirlərin əllərində olan malların sahibləri, malının qorunması lazım olan şəxslərdən olarsa, yəni müsəlmanın və ya İslamın zimmətində olan bir kafirin malı olsa, o mallara qənimət hökmü cari deyildir.
Məsələ 1840: İslamın zimmətində olmayan hərbi kafirin malını oğurluq və bu kimi yolla almaq, xəyanət və amanı pozma sayılarsa, haramdır. Bu yollarla onlardan alınan əşyalar da, ehtiyata əsasən gərək qaytarılsın.
Məsələ 1841: Məşhur görüşə əsasən, mömin olan bir şəxs, nasibi olan (Əhli-Beyt düşmənlik edənlər) şəxslərin malını özünə götürüb xümsünü verə bilər. Amma bu hökm mübahisəsiz deyildir.
  1. Zimmi-kafirin müsəlmandan aldığı ərazi


Məsələ 1842: Əgər zimmi-kafir, müsəlmandan bir yer satın alırsa, məşhura görüşə əsasən, onun xümsünü həmin yerdən və ya başqa malından verməlidir. Amma xümsün bilinən mənasıyla bu yerdə vacib olması mübahisəlidir.
 
Müəllif Ayətullah Əl-Üzma Seyid Əli Sistani
Əsərin adı: İzahlı Şəriət Məsələləri
loading...
 

0 şərh