Təyəmmüm

Yeddi vəziyyətdə dəstəmaz və qüslün yerinə təyəmmüm almaq lazımdır:
I. Dəstəmaz və qüsl üçün su hazırlamaq mümkün olmasın.
Məsələ 655: Əgər insan abad bir yerdə olarsa, dəstəmaz və ya qüsl suyu tapa bilmək üçün ümidi kəsilincəyə qədər axtarmalıdır. Əgər həmin yer dərə-təpəli və ya ağacların çoxluğundan oraya getmək çox çətindirsə, vacib-ehtiyata əsasən qədim zamanlarda yayla atılan bir ox atışı məsafəsi qədər dörd tərəfə su axtarmaq üçün getməlidir. Əks təqdirdə hər tərəfə iki ox atışı ölçüsündə axtarış etməlidir.
1) Qeyd: Bir qədim ox atışı 200 addımdır («Mən lə yəhzuruhul-fəqih» kitabından).
Məsələ 656: Əgər dörd tərəfin bəzisi hamar, bəzisi alçaq hündür olsa, gərək hamar olan yerdə iki ox atışı ölçüsündə və hamar olmayan yerdə isə bir ox atışı ölçüsündə axtarış aparsın.
Məsələ 657: Su olmadığına yəqin olduğu yerləri axtarmaq lazım deyil.
Məsələ 658: Namaz vaxtı dar olmayan və su tapmaq üçün vaxtı olan şəxs əgər axtarması lazım gələn məsafədən bir az uzaqda su olduğuna yəqini varsa və ya əmindirsə, su əldə etmək üçün oraya getməsi lazımdır. Amma oraya getmək zəhmət və əziyyət tələb edirsə və ya insanın suyu olmayan sayılacağı qədər uzaqdırsa, getməsi lazım deyil. Əgər orada su olduğunu zənn edirsə, oraya getməsi gərək deyil.
Məsələ 659: İnsanın özünün su axtarmağa getməyi lazım deyildir. Sözünə inandığı şəxsi də göndərə bilər. Əgər bir nəfər bir neçə nəfərin tərəfindən getsə, kifayətdir.
Məsələ 660: Əgər öz səfər yüklərinin içində və ya mənzildə (yəni, düşdüyü yerdə) və ya qafilədə su olduğuna ehtimal verərsə, onun olmadığından əmin oluncaya və ya suyun tapılmasından ümid kəsilincəyə qədər axtarış etməlidir.
Məsələ 661: Əgər namaz vaxtından əvvəl axtarış aparıb su tapmasa, digər namazın vaxtına kimi o yerdə qalsa və əgər ehtimal versə ki, su tapacaq, müstəhəbb ehtiyat odur ki, ikinci dəfə su axtarsın.
Məsələ 662: Əgər namazın vaxtı daxil olandan sonra axtarış edib su tapmasa və başqa namazın vaxtına qədər orada qalsa, belə ki, su tapmağına ehtimal versə, ehtiyat müstəhəbb odur ki, təzədən su axtarmağa getsin.
Məsələ 663: Əgər namaz vaxtı dar olsa yaxud oğrudan və ya yırtıcıdan qorxsa və həmçinin su axtarmağın çətinliyinə dözə bilməsə, axtarış aparması lazım deyil.
Məsələ 664: Əgər namaz vaxtı daralıncaya qədər su axtarmağa getməsə, axtarış etdiyi halda su tapa biləcəkdisə, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir.
Məsələ 665: Su tapa bilməyəcəyinə əmin olan bir şəxs, əgər su axtarmağa getməyib, təmmümlə namaz qılar və namazdan sonra, su axtardığı təqdirdə tapa biləcəyini bilərsə, lazım ehtiyata əsasən dəstəmaz alıb o namazı yenidən qılmalıdır.
Məsələ 666: Əgər axtarış apardıqdan sonra, su tapa bilməsə, belə ki, tapacağından ümidini kəsərək təyəmmümlə namaz qıldıqdan sonra, axtardığı yerdə suyun olduğunu bilərsə, namazı səhihdir.
Məsələ 667: Namaz vaxtının dar olduğuna əmin olan bir şəxs axtarış etmədən təyəmmümlə namaz qılarsa, belə ki, namazdan sonra, namaz vaxtı keçməmiş axtarış üçün vaxt qaldığını bilərsə, vacib-ehtiyat olaraq namazını yenidən qılmalıdır.
Məsələ 668: Əgər namaz vaxtı daxil olduqdan sonra, dəstəmazlı olarsa, belə ki, dəstəmazını pozduğu təqdirdə, artıq su tapa bilməsinin mümkün olmadığını və ya dəstəmaz ala bilməyəcəyini anlayarsa, dəstəmazını pozmaması müm­kündürsə, vacib ehtiyat olaraq dəstəmazını pozmamalıdır. Amma qüsl edə bilməyəcəyini bildiyi halda, xanımı ilə yaxınlıq edə bilər.
Məsələ 669: Əgər namaz vaxtından qabaq dəstəmazlı olur və dəstəmazını pozduğu təqdirdə, artıq su tapa bilməsinin mümkün olmadığını bilərsə, dəstəmazını pozmaması mümkündürsə, vacib-ehtiyat olaraq dəstəmazını pozmamalıdır.
Məsələ 670: Yalnız dəstəmaz və ya qüslə kifayət edəcək qədər suyu olan şəxs, onu tökdükdə su tapa bilməyəcəyini bilərsə, namaz vaxtı daxil olduqda o suyu tökməsi haramdır. Vacib-ehtiyat olaraq namaz vaxtından qabaq da o suyu tökməməlidir.
Məsələ 671: Su tapa bilməyəcəyini bilən şəxs, namaz vaxtı daxil olandan sonra dəstəmazını batil edərsə yaxud malik olduğu suyu dağıtsa, günahkardır, amma təyəmmümlə namazı səhihdir. Lakin, müstəhəbb ehtiyat o namazı qəza etməkdir.

II. Təyəmmümün əsaslarından

Məsələ 672: Qocalıq və bacarıqsızlıq, oğrudan, canavarlardan və bu kimi canlıların qorxusundan və yaxud quyudan su çəkmək üçün bir vasitə olmamağından su əldə edə bilməsə, gərək təyəmmüm etsin. Həmçinin əgər su tapmaq və ya onu istifadə etmək dözülməyəcək qədər çətindirsə də, hökm eynidir. Amma son halda, təyəmmüm etməyib dəstəmaz alarsa, dəstəmazı səhihdir.
Məsələ 673: Quyudan su çəkmək üçün vedrə ip və bu kimi şeylər lazımdırsa, satın almaq və ya kirayələmək məcburiyyətində qalırsa, onun qiyməti normadan bir neçə dəfə baha olsa belə, onları təmin etməlidir. Habelə suyu normal qiymətinin bir neçə dəfə bahasına satmış olsalar da, hökm eynidir. Amma əgər suyu təmin etmək üçün, onun vəziyyətinə zərər verəcək qədər bir pul verməlidirsə, təmin etməsi vacib deyildir.
Məsələ 674: Əgər su hazırlamaq üçün əlacsız olaraq borc etməli olarsa, gərək borc etsin. Amma borcunu verə bilməyəcəyini bilən yaxud güman edən şəxsə borc etmək vacib deyildir.
Məsələ 675: Əgər quyu qazmağın böyük əziyyəti olmasa, gərək su əldə etmək üçün quyu qazsın.
Məsələ 676: Əgər bir şəxs minnətsiz su bağışlayırsa, gərək onu qəbul etsin.

III. Təyəmmümün əsaslarından

Məsələ 677: Əgər su işlətmək üçün öz canından qorxsa yaxud su işlətmək vasitəsilə onda bir eybin və ya xəstəliyin əmələ gəlməsindən çəkinsə yaxud çətinliklə müalicə olacağından ehtiyat etsə, gərək təyəmmüm etsin. Amma əgər suyun zərərini zərərsizləşdirə bilsə, (məsələn, suyu isitmək kimi), gərək bu işi etsin və dəstəmaz alsın. Qüsl lazım olan vaxtda qüsl etsin.
Məsələ 678: Suyun ona zərər edəcəyini yəqin etməsi lazım deyildir. Əgər zərər verəcəyini ehtimal etsə və onun bu ehtimalı xalqın nəzərində düzgün bir ehtimal hesab edilərsə, belə ki, bu ehtimaldan ona qorxu hasil olarsa, təyəmmüm etməlidir.
Məsələ 679: Göz xəstəliyinə düçar olan şəxsə su zərər etsə, gərək təyəmmüm etsin.
Məsələ 680: Suyun ona zərər verəcəyini yəqin etməsindən və ya zərərin qorxusundan təyəmmüm edən şəxs namazdan əvvəl suyun ona zərəri olmadığını bilərsə, təyəmmümü batildir. Hətta namaz qıldıqdan sonra da bilərsə, namazı dəstəmaz və ya qüsl ilə yenidən qılmalıdır.
Məsələ 681: Suyun ona zərəri olmayacağını bilən şəxs, qüsl edib və ya dəstəmaz aldıqdan sonra, suyun ona zərəri olduğunu bilərsə, dəstəmaz və ya qüslü batildir.

IV. Təyəmmümün əsaslarından

Məsələ 682: Suyu dəstəmaz və ya qüsl üçün istifadə etdiyi təqdirdə, susuz qalıb zəhmətə düşəcəyindən qorxan şəxs təyəmmüm etməlidir. Belə olan halda təyəmmüm etmək üç halda caizdir:
1) Suyu dəstəmaz və ya qüsl üçün istifadə etməsi, dərhal onun və ya sonradan susuzluqdan ölməsinə, xəstələnməsinə və ya dözülməsi çox çətin olan bir əziyyətə səbəb olacağı təqdirdə;
2) Qorumaları üzərinə vacib olan şəxslərin, susuzluqdan öləcəklərindən və ya xəstələnəcəklərindən qorxarlarsa;
3) Özündən qeyri bir canlı üçün (istər insan olsun, istər heyvan, istər qorunulması lazım olan və nüfuzu hörmətli olan bir şəxs olsun, istərsə də olmasın) ölməsi, xəstələnməsi və ya çətinliyə düşməsindən qorxması kimi, bu üç haldan başqa, suyu olduğu təqdirdə təyəmmüm etməsi caiz deyildir.
Məsələ 683: Əgər dəstəmaz və qüsl üçün sahib olduğu pak su ilə yanaşı, özü içəcəyi qədər nəcis suyu da olsa, pak suyu içmək üçün saxlamalı, namazı isə təyəmmümlə qılmalıdır. Amma onunla bağlı olan şəxslər üçün su lazımdırsa, onlar susuzluqlarını yatırmaq üçün nəcis su içmək məcburiyyətində qalsalar belə, pak su ilə dəstəmaz ala bilər və qüsl edə bilərlər. Hətta əgər onların suyun nəcisliyindən xəbərləri olmasa və ya nəcis su içməkdən çəkinməzlərsə, pak suyu dəstəmaz və ya qüsl üçün istifadə etməsi gərəkdir. Həmçinin nəcis suyu heyvana və ya həddi-buluğa çatmamış uşağa vermək istəsə də belədir. Nəcis suyu onlara verib, pak su ilə dəstəmaz və qüsl etməlidir.

V. Təyəmmümün əsaslarından

Məsələ 684: Əgər bədən və ya libaslı nəcis olan bir şəxsin az miqdarda suyu olsa və bununla dəstəmaz aldıqda və ya qüsl etdikdə, bədən və ya libasını yumağa su qalmayacaqsa, o su ilə bədən və libasını yumalı və təyəmmümlə namaz qılmalıdır. Amma əgər üzərinə təyəmmüm edəcəyi bir şey yoxdursa, suyu dəstəmaz və ya qüsl üçün istifadə etməli və nəcis bədən və ya libasla namaz qılmalıdır.

VI. Təyəmmümün əsaslarından

Məsələ 685: İstifadə edilməsi haram olan su və ya qabdan başqa bir su və ya qab yoxdursa, məsələn, su və ya qabı qəsb olsa, bunlardan başqa su və qabı olmasa, gərək qüsl və dəstəmaz yerinə təyəmmüm etsin.

VII. Təyəmmümün əsaslarından

Məsələ 686: Dəstəmaz və ya qüsl etməsi, namazın hamısının və ya bir qisminin vaxtından sonra qılınmasına səbəb olacaq qədər vaxt dar olarsa, təyəmmüm etməlidir.
Məsələ 687: Əgər namazını qəsdən, dəstəmaz və ya qüsl vaxtı qalmayacaq qədər təxirə salarsa, günah etmişdir. Amma təyəmmümlə qıldığı namaz səhihdir. Ancaq bu namazın qəzasını qılmaq ehtiyat-müstəhəbbdir.
Məsələ 688: Dəstəmaz aldıqda və ya qüsl etdikdə namaz üçün vaxt qalıb-qalmayacağından şəkk edən şəxs, təyəmmüm etməlidir.
Məsələ 689: Vaxtın darlığından təyəmmüm etmiş olan şəxs, namazdan sonra dəstəmaz almağa imkanı olduğu halda, su əlindən çıxıncaya qədər dəstəmaz almazsa, belə ki, vəzifəsi təyəmmüm etmək olduğu təqdirdə, əvvəlki təyəmmümünü pozmamış olsa belə, sonrakı namazlar üçün yenidən təyəmmüm etməlidir.
Məsələ 690: Suyu olan şəxs, əgər vaxtın darlığından təyəmmümlə namaza məşğul olsa və namaz arasında o su əlindən getsə, belə ki, vəzifəsi təyəmmümdürsə, müstəhəbb ehtiyat odur ki, sonrakı namazlar üçün ikinci dəfə təyəmmüm etsin.
Məsələ 691: Əgər insanın dəstəmaz almağa, qüsl etməyə, namazın iqamə və qünut kimi müstəhəbb işlərini görmədən namaz qılmağa vaxtı vardırsa, gərək qüsl etsin və ya dəstəmaz alsın və namazı müstəhəbb işlərsiz yerinə yetirsin. Hətta surəni oxuyacaq qədər vaxtı olmasa belə, qüsl edib və ya dəstəmaz alıb, namazını surəsiz qılmalıdır.

 

0 şərh