Təyəmmüm qaydaları

Məsələ 710: İstər qəsdən, istər məsələni bilməməkdən və ya unudaraq, alının və ya əllərin arxasının azacıq bir miqdarı belə məsh edilməzsə, təyəmmüm batildir. Amma çox diqqət yetirmək də lazım deyildir. Alının və əllərinin arxasının tamamilə məsh edildiyi iddia edilərsə, kifayətdir.
Məsələ 711: Əgər əllərinin arxasını tamamilə məsh etdiyinə əmin olmasa, buna əmin olması üçün biləyin üstündən bir miqdarı da məsh etməlidir. Amma barmaqlarının arasına məsh etməsi lazım deyildir.
Məsələ 712: Alını və əllərin arxasını, ehtiyata əsasən yuxarıdan aşağıya doğru məsh etməli və təyəmmüm işlərini ardıcıl olaraq yerinə yetirməlidir. Əgər onların arasında «təyəmmüm edir» deyilməyəcək qədər fasilə verərsə, təyəmmümü batildir.
Məsələ 713: Niyyət zamanı təyəmmümün qüsl əvəzi ya dəstəmaz əvəzi olmasını müəyyən etməsi lazım deyil. Amma iki təyəmmüm etməsi lazım olan yerlərdə, onun hər birini təyin etməlidir. Əgər üzərinə bir təyəmmüm vacib olsa və hal-hazırkı vəzifəsinə əməl etmək qəsdilə təyəmmüm edərsə, onu müəyyən etməkdə səhv etsə belə, təyəmmümü səhihdir.
Məsələ 714: Mümkün olduğu təqdirdə, təyəmmüm edərkən alının və əllərin içi və arxasının pak olması ehtiyat-müstəhəbbdir.
Məsələ 715: İnsan əllərinə məsh çəkən vaxtda gərək üzüyünü barmağından çıxarsın. Əgər alında və ya əllərin içində və arxasında maneçilik olsa, məsələn, bir şey onlara yapışmış olsa, gərək onu aradan qaldırsın.
Məsələ 716: Əgər alın və ya əllərin arxası yara olsa və ona bağladığı parçanı aça bilməsə, gərək əlini onun üstünə çəksin və habelə əgər əlin içi yaradırsa və ona bağladığı parça və ya şeyi aça bilməsə, gərək əli həmən parça ilə təyəmmüm səhih olan şeyə vursun, sonra alına və əllərinin üstünə çəksin.
Məsələ 717: Əgər alın və əlin arxası tüklü olsa eybi yoxdur. Amma əgər başın tükü, alnın üzərinə düşsə, onu yana vurmalıdır.
Məsələ 718: Əgər insan, alnında, əllərinin içində və ya arxasında bir maneə olduğuna ehtimal versə və onun bu ehtimalı ürfün nəzərində doğru bir ehtimal olarsa, maneə olmadığına əmin oluncaya qədər araşdırmalıdır.
Məsələ 719: Əgər vəzifəsi təyəmmüm etmək olduğu halda, təyəmmüm edə bilməsə, başqa birisindən yardım diləməlidir. Bu zaman yardımçı onun əllərini təyəmmümün səhih olduğu bir şeyə vurub, onun alnına və əllərinin üstünə çəkməlidir. Belə ki, mümkün olduğu təqdirdə onun özü hər iki əllərinin içini alnına və əllərinin arxasına çəkməlidir. Əgər bu mümkün deyilsə, naib onun öz əli ilə ona təyəmmüm verməlidir. Əgər bu da mümkün deyilsə, naib öz əlini təyəmmümün səhih olduğu şeyə vurub, onun alnına və əllərinin arxasına çəkməlidir. Bu iki təqdirdə, lazım-ehtiyat olaraq hər ikisi də təyəmmümün niyyəti etməlidir. Amma birinci surətdə, mükəlləfin öz niyyəti kifayətdir.
Məsələ 720: Təyəmmüm əsnasında, təyəmmümün bir qismini unudub-unutmadığından şübhə edərsə, onun zamanı keçmişdirsə, şübhəsinə etina etməməlidir. Əgər zamanı keçməmişdirsə, o bölümü yerinə yetirməlidir.
Məsələ 721: Sol əlini məsh etdikdən sonra, təyəmmümü düzgün edib-etmədiyindən şübhə edərsə, təyəmmümü səhihdir. Amma əgər şübhəsi, sol əlinin məshində olarsa, onu məsh etməlidir. Əgər ürfün nəzərincə, artıq təyəmmümdən çıxmış hesab olunursa, məsələn; təharətli olmağın şərt olduğu bir əmələ başlamışdırsa yaxud ardıcıllıq pozulmuş olarsa, onu məsh etməsi lazım deyil.
Məsələ 722: Vəzifəsi təyəmmüm olan şəxs, namazın tamam vaxtında üzrünün aradan getməsindən ümidsiz olsa, təyəmmüm edə bilər. Əgər başqa bir vacib yaxud müstəhəbb iş üçün təyəmmüm etsə və namaz vaxtına qədər üzrü qalsa, həmən təyəmmümlə namaz qıla bilər.
Məsələ 723: Vəzifəsi təyəmmüm olan şəxs, əgər vaxtın axırına qədər üzrünün qalacağını bilsə, yaxud onun aradan getməsindən ümidsiz olsa, geniş vaxtda təyəmmümlə namaz qıla bilər. Əgər vaxtın sonuna qədər üzrünün aradan gedəcəyini bilərsə, səbr edib dəstəmaz və ya qüsl ilə namaz qılmalıdır. Hətta əgər vaxtın sonuna qədər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, ümidi kəsilməyincəyə qədər təyəmmümlə namaz qıla bilməz.
Məsələ 724: Dəstəmaz ala bilməyən və ya qüsl edə bilməyən şəxs, əgər üzrünün aradan getməyəcəyinə əmin və ya aradan getməsindən ümidini kəsmişdirsə, qəza namazlarını təyəmmümlə qıla bilər. Amma üzrü aradan getdikdən sonra, o namazları dəstəmaz və ya qüsllə yenidən qılması ehtiyat-müstəhəbbdir. Əgər üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, lazım-ehtiyat olaraq, qəza namazlarını təyəmmümlə qıla bilməz.
Məsələ 725: Dəstəmaz ala bilməyən və ya qüsl edə bilməyən şəxs, gecə və gündüz nafilələri kimi, müəyyən vaxtları olan müstəhəbb namazları təyəmmümlə qıla bilər. Amma onların vaxtlarının sonuna doğru üzrünün aradan getməsindən ümidini kəsməmişdirsə, lazım-ehtiyat olaraq onların vaxtlarının əvvəlində yerinə yetirməməlidir.
Məsələ 726: Ehtiyat üzrə cəbirə qüslü və təyəmmüm etməli olan şəxs, əgər qüsl və təyəmmümdən sonra namaz qılsa və namazdan sonra kiçik bir hədəs baş verərsə, məsələn; bövl edərsə, sonrakı namazlar üçün dəstəmaz almalıdır. Belə ki, əgər hədəs namazdan əvvəl baş verərsə, o namaz üçün də dəstəmaz almalıdır.
Məsələ 727: Əgər su tapılmamasına yaxud başqa üzrə görə təyəmmüm etsə, üzrü aradan gedəndən sonra təyəmmümü batildir.
Məsələ 728: Dəstəmazı batil edən şeylər dəstəmaz əvəzinə olan təyəmmümü də batil edər. Qüslü batil edən şeylər qüsl əvəzinə olan təyəmmümü də batil edər.
Məsələ 729: Qüsl edə bilməyən şəxsin üzərinə bir neçə dəfə qüsl vacib olarsa, onların hamısının əvəzinə bir təyəmmüm etməsi caizdir. Amma hər birisinin əvəzinə bir təyəmmüm etməsi ehtiyat-müstəhəbbdir.
Məsələ 730: Qüsl edə bilməyən şəxs, əgər o qüsl üçün vacib olan əməli yerinə yetirmək istəsə, qüslün əvəzinə təyəmmüm etməlidir. Həmçinin, dəstəmaz ala bilməyən şəxs də, əgər o dəstəmaz üçün vacib olan bir əməli yerinə yetirmək istəyərsə, dəstəmaz əvəzinə təyəmmüm etməlidir.
Məsələ 731: Əgər cənabət qüslü əvəzinə təyəmmüm etsə, namaz üçün dəstəmaz almaq lazım deyildir və əgər başqa qüsllərin əvəzinə təyəmmüm etsə, ehtiyat müstəhəbb odur ki, dəstəmaz da alsın. Əgər dəstəmaz ala bilməsə, başqa bir təyəmmüm də dəstəmaz əvəzinə etsin.
Məsələ 732: Əgər cənabət qüslü əvəzinə təyəmmüm etsə və sonra dəstəmazı batil edən bir iş onun qarşısına çıxsa, belə ki, sonrakı namazlar üçün qüsl edə bilməsə, gərək dəstəmaz alsın və ehtiyat müstəhəbb odur ki, təyəmmüm də etsin. Əgər dəstəmaz ala bilməsə, gərək onun əvəzinə təyəmmüm etsin və ehtiyat müstəhəbb odur ki, təyəmmümü «ma fizzimmə» qəsdi ilə yerinə yetirsin.
Məsələ 733: Bir əməli yerinə yetirmək, məsələn; namaz qılmaq üçün, dəstəmaz və qüsl əvəzinə təyəmmüm etməli olan şəxs, əgər birinci təyəmmümdə dəstəmaz əvəzi və ya qüsl əvəzi niyyəti edər və ikinci təyəmmümü, öz vəzifəsini yerinə yetirmək qəsdi ilə əmələ gətirərsə, kifayət edər.
Məsələ 734: Vəzifəsi təyəmmüm olan şəxs, əgər bir iş üçün təyəmmüm edərsə, təyəmmümü və üzrü aradan getməyənə qədər, dəstəmaz və ya qüsllə etməli olan əməlləri, yerinə yetirə bilər. Amma əgər üzrü vaxtın darlığı imişsə yaxud suyu olduğu halda meyit namazı üçün və ya yatmaq üçün təyəmmüm edibsə, yalnız onun üçün təyəmmüm etdiyi işi yerinə yetirə bilər.
Məsələ 735: Bir neçə yerdə, insanın təyəmmümlə qıldığı namazları yenidən qılması daha yaxşıdır:
1) Sudan istifadə etməkdən qorxduğu halda qəsdən özünü cünub edib, təyəmmümlə namaz qılmışdırsa;
2) Su tapa bilməyəcəyini bildiyi və zənn etdiyi halda, qəsdən özünü cünub edib, təyəmmümlə namaz qılmışdırsa;
3) Vaxtın axırına qədər, qəsdən su axtarmağa getməmişdir və təyəmmümlə namaz qılıb, sonradan, axtardığı təqdirdə su tapa biləcək olduğunu başa düşərsə;
4) Qəsdən namazı təxirə salıb, vaxtın axırında təyəmmümlə namaz qılmışdırsa;
5) Su tapa bilməyəcəyini bildiyi və ya zənn etdiyi halda, mövcud olan suyunu dağıdıb, təyəmmümlə namaz qılmışdırsa;

0 şərh