Arximed

Arximed (e.ə. təqr. 287-212) riyaziyyatçı, fizik, və mühəndis, riyazi fizikanın əsasını qoyan, mexanikanın banilərindəndir. O, Siciliya adasındakı Sirakuz şəhərində anadan olmuşdur. (anadan olduğu gün məlum olmadığından Moskva universitetində fizika və riyaziyyatçılar hər il may ayının 12-ni Arximedin anadan olduğu gün kimi qeyd edirlər). Arximedin atası astronom Fidiy Aleksandriyalı Heronla yaxın olduğundan Arximedə yaxşı təhsil verə bilmişdir. Ona görə Arximed Aleksandriyaya getmiş, orada görkəmli riyaziyyatçı və coğrafiyaçı Eratosfendən dərs almışdır. Arximed Siciliyaya kamil riyaziyyatçı kimi qayıtmış və onun ilk əsəri mexanikaya həsr olunmuşdur. O, kürənin və onun hissələrinin, silindr və ellipsin, hiperbola və parabolanın fırlanmasından alınan cisimlərin həcmlərini hesablamışdır.
∏ ədədinin qiymətini böyük dəqiqliklə müəyyənləşdirmiş, ortaq vuruğu 1/4 olan sonsuz həndəsi silsilənin cəmini tapmışdır. Üçbucağın üç tərəfinə görə sahə düsturu Arximedə məxsusdur, ədalətsiz olaraq səhvən Heron düsturu adlandırılıb. Mexanikada lingin tarazlıq qaydası, cisimlərin üzmə şərti (Arximed qanunu), paralel qüvvələrin toplanması qaydası Arximed tərəfindən müəyyən olunmuşdur. O, bir çox maşın və mexaniki aparatların konstruktoru olmuşdur, sahələri suvarmaq üçün su qaldıran mexanizm (Arximed vinti), manivela və blok sistemlərini ixtira etmiş, hərbi maşın konstruksiyasını hazırlamışdır.
Arximed mayeyə batırılmış cismə mayenin göstərdiyi itələyici təsir qüvvəsi haqqındakı qanunu kəşf etmişdir. Onun kəşf və ixtiraları mexanikanın inkişafına güclü təkan vermişdir. Sadə mexanizmlər və sadə mexanizmlərin kombi­nasiyasından qurulmuş maşınlar, əl əməyinin yüngülləşdirilməsinə və əzələ qüvvəsinin maşınla əvəz edilməsinə səbəb oldu. Cisimlərin ağırlıq mərkəzi anlayışı Arximedə məxsus­dur. Lingin tarazlıq şərtini Arximed öyrənmiş və onun riyazi ifadəsini vermişdir. «Mənə dayaq nöqtəsi ver, mən yeri tərpədim» kəlamı Arximedə məxsusdur.
Qeyd etməliyik ki, antik dövrdə optikanın inkişafı Arximedin yaradıcılığı ilə bağlı olmuşdur. O, optikanın çox sahələri ilə məşğul olmuşdur. Lakin bu məlumatların az hissəsi gəlib bizə çatmışdır.
Arximed günəşin zahiri diametrini təyin etmək. Ay və Günəş tutulmalarını, planetlərin hərəkətlərini, Ayın Səfhələrini müşahidə etmək üçün cihaz qurmuşdur.
Texnikanın yaranması və inkişafı dövrün, cəmiyyətin tələbindən asılıdır. Arximedin dövründə işğalçı müharibələr çox olduğundan o, vətənini qorumaq üçün mümkün olan hərbi döyüş texnikası yaratmışdır. Sirakuz şəhərinin müdafiəsi üçün Arximedin düzəltdiyi qəribə hərbi maşınlardan romalılar xəbərdar idilər. Ona görə onun hərbi maşınlarından qorxaraq şəhəri hücumla ala bilməyib, uzunmüddətli mühasirədə saxlamağa məcbur olmuşlar!
Rəvayətə görə hücumların birində Roma ordusu Yunanıstana hücum edərkən Arximed özünün hazırladığı güzgü ilə düşmənin donanmasını yandırmışdır. O dövrdən bəri bu hadisəni əfsanə hesab edərək ona inanmayanlar çox olmuş­dur. Artıq indi bu rəvayət əfsanə hesab edilə bilməz.
Çünki, 1973-cü ilin sonunda Yunan mühəndisi İoanas Sakkaz bunu yoxlayıb Arximedə bəraət qazandırmışdır.
Sakkaz laboratoriyasında 91x50 sm ölçüdə güzgülər hazırlamışdır. Sonra onun rəhbərliyi ilə sahildən 50m məsafədə 60 nəfər əsgər, əllərində güzgü tutaraq əyri xətt boyunca düzülmüşlər. Dənizdən sahilə doğru qayıq üzərkən Sakkaz komanda verəndə güzgülər qayığa tərəf tuşlanır. Az vaxt içərisində qayığı alov bürüyür. Buna görə də Arximedi ilk heliotexnikanın banisi sayırlar.

Fizika elminin tarixçiləri haqlı olaraq deyirlər ki, qızıl tac haqqındakı məsələ Arximedi çox mühüm bir qanunu kəşf etməyə gətirib çıxarmışdır. Rəvayətə görə Sirakuz şahı Hiyeron zərgərə qızıldan tac hazırlamağı tapşırır. Tac hazır olduqdan sonra şah tacın xalis qızıldan olmasına inanmır və onda qatışıq olduğunu güman edir. Arximedə tacda qatışığın olub-olmamasını aşkara çıxarmaq tapşırılır. Bunun üçün Arximed mürəkkəb quruluşlu tacın həcmini tapmalı idi. Lakin həcmi tapmaq heç cür mümkün olmurdu. Bu məsələ ona günlərlə əzab verirdi. Hər dəqiqə bu haqda fikirləşən, tacın həcmini hesablamağa çalışan Arximed, hamamda su ilə dolu vannaya girərkən suyun bir hissəsinin vannadan tökülməsi onun diqqətini cəlb edir. Görəsən nə qədər su vannadan kənara töküldü? O saat onun ağlına gəlir ki, suya salınmış cisim öz həcmi qədər suyu sıxışdırıb çıxarır.

Tacın həcmini də suya salaraq hesablayacağına inanan Arximed öz kəşfindən sevinərək «Evrika! Evrika!», yəni «Tapdım! Tapdım!» deyə qışqırıb evə çılpaq qaçmışdır.
Arximedin hesablaması əsasında məlum olur ki, zərgərin tamahı onu öz sənətinə xəyanət etməyə gətirib çıxarmışdır. Buna görə zərgər layiqli cəza (Tacın qızılından götürüb əvəzinə gümüş qatdığına görə) almış, fizika elmi isə gözəl bir kəşf ilə zənginləşmişdir.
Beləliklə, Arximed «üzən cisimlər haqqında» adlı əsərini yazmışdır ki, bu əsər hidrostatikanın əsasını təşkil edir.
E.ə. 212-ci ildə romalı əsgərlər tərəfindən Sirakuz talan edilərkən, Arximedin qum üzərində çəkdiyi fiquru araşdırmağa başı qarışmışdı. Onun başı üzərində dayanan Roma əsgəri, «mənim cizgilərimə toxunma» deyərək xahiş edən 75 yaşlı alimi qılıncla öldürərək, gözəl kəşf və ixtiralar etməkdən əbədi olaraq məhrum etmişdir.

Mənbə Görkəmli fiziklər kitabı
Müəllif Fərhad Hacıyev

 

2 şərh

bankir
Axır ki bu məqaləni tapdım. Evrika!!!
Zahid_GDMLI
Təşəkkürlər çox maraqli idi. Qanunlarından başqa həyatını da oxumaq maraqlı olur :)