Maykl Faradey

Faradey(Michael Faraday) dahi ingilis fiziki, kimyaçısı və elektromaqnit sahəsi təliminin banisidir. O, Londonda kasıb dəmirçi ailəsində anadan olmuşdur. İbtidai məktəbi bitirdikdən sonra 12 ya­şında ikən kitab dükanında olan cildçi emalatxanasında işə girir və bir ildən sonra cildçilik sənətini öyrənmək üçün şagird qəbul edilir. 14 yaşlı Faradey işləməklə yanaşı cildxana sahibinin yanında təhsil almışdır. Cildlədiyi kitabların məzmunu ilə Faradey həmişə maraqlanmış və işlədiyi müddətdə çoxlu kitab oxumuşdur. Onlar içərisində ən çox sevdiyi kimya və elektrikə aid kitablar olmuşdur. Onun xoşuna gələn kitablardan Marsenin «Kimya haqqında söhbətlər» və «Britaniyanın ensiklopediyası»nın fizikaya aid olan fəsilləri olub.Kral institutunda məşhur alim H.Devinin mühazirələrinə qulaq asdıqdan sonra Faradeydə bu alimə qarşı böyük hörmət hissi yaranır və onun yanında işləməyi arzulayır. Faradey 1812-ci ildə Deviyə məktub yazıb, elmə böyük həvəsi olduğunu bildirir və öz laboratoriyasında onu işə götürməyi xahiş edir.
H.Devi məktubu alandan sonra bilmir nə cavab yazsın. Bu barədə öz iş yoldaşı Pipisə xəbər verir ki, — Faradey adında oğlandan məktub almışam, elmə böyük həvəsindən yazır, institutda ona iş verməyimi xahiş edir. İndi mən nə edim?
— Nə edəsən? Qoy gəlib butulkaları yusun. Əgər razı olarsa, deməli ondan bir şey çıxacaq, razı olmazsa, deməli heç nəyə yaramır.
Devi Faradeyi özünə katib götürür, sonra isə laborant keçirir.
1813-cü ilin axırında Devi Avropaya iki illik səyahətə çıxarkən Faradeyi özü ilə getməyə dəvət edir. Bu səyahət Faradeyə böyük təsir bağışlayır. Belə ki, o, görkəmli alimlərlə — Amper, Gey-Lüssak, Volta və s. ilə görüşür. Bu görüşlər onun elmi dünya görüşünün genişlənməsinə kömək edir.
Faradeyin tədqiqatları elektrik, maqnetizm, maqnit optikası, elektrokimya və s. sahələrə aiddir.
Demək lazımdır ki, Faradeyin ailəsi sadə, əməksevər, kiçik yaşlarından uşaqlarını əməyə alışdıran və sevdirən ailə olub. Anasının təhsili olmayıb, atası 1810-cu ildə vəfat edib. Lakin anası oğlunun şöhrətləndiyi vaxta qədər yaşayıb, həmişə oğlunun kəşf və ixtiraları ilə fəxr etmişdir.
Kimya elmi tarixində Faradey görkəmli yer tutur. O, 24 yaşında ikən gözəl tədqiqatlar apararaq benzol və butilen almışdır.
Faradey o




vaxtlar məlum olan qazların bir çoxunu mayeləşdirmişdir. O, ilk dəfə kükürd 4-oksidini, karbon 4- oksidini, ammonyakı və s. maye halına çevirə bilmişdir.
Faradey fizikanın bir sıra fundamental qanun və hadisələrini kəşf etmişdir. Erstedin təcrübəsi ilə maraqlanan Faradey çoxlu təcrübələr  aparır və ilk böyük kəşfini 1821-ci ildə edir. Faradey öyrənir ki, elektrik cərəyanı keçən naqili maqnit qütbləri arasında yerləşdirəndə naqil itələnir. Bu kəşf elektrik mühərrikinin ixtirasına səbəb olur. Demək lazımdır ki, elektrotexnikanın tarixi öz başlanğıcını Faradeyin çertyoj və ixtiralarından başlayır.
1822-ci ildə Faradey «Maqnetizmi elektrikə çevirmək» məqsədini qarşıya qoyur. Bu məqsədlə Faradey çoxlu sayda təcrübələr aparır, nəticə almadıqca, daha inadla işləyirmiş.
Nəhayət, 9 illik gərgin əmək sərf etməsi öz bəhrəsini verir, 1831-ci il avqustun 29-da elektromaqnit induksiya hadisəsini kəşf edir.
Faradey: «Bütün adamlar səhvə yol verə bilərlər» sözünü işlətməyi xoşlarmış və buna görə də təcrübələr apararkən o özünü və başqalarını dönə-dönə yoxlayarmış.
Faradey elektrokimyanın əsasını qoyanlardandır. 1833-cü ildə o, elektroliz hadisəsini öyrənməyə başlayır və elektrolizin iki qanununu kəşf edir.
«Elektroliz», «Elektrolit», «Elektrod», «Anod», «Katod», «İon» terminlərini 1834-cü ildə Faradey elmə daxil edib.
Elektrik və maqnit sahələri təsəvvürünü ilk dəfə Faradey vermişdir. Yaxına təsir təsəvvürlərinə kəskin dönüş Faradeylə başlanmışdır. Onun ideyalarına görə: elektrik yükləri bir-birinə bilavasitə təsir etmir. Bir yükün sahəsi digər yükə təsir edir və əksinə.
Faradey 1845-ci ildə diamaqnetizm və 1847-ci ildə isə paramaqnetizmi kəşf etmiş, maqnit xassələrinə görə maddələri iki qrupa bölmüşdür. Maddələrin dielektrik xassələrini tədqiq etdikdən sonra o, qazlarda elektrik boşalmasını öyrənməyə başlayır. Bu təcrübələrdən boruda katod yaxınlığındakı fəzada qaranlıq fəzanın alındığını müşahidə edir. Beləliklə Faradey qazlarda elektrik boşalmasının əsasını qoymuş olur ki, fizikanın çox mühüm sahələrinin — elektronika, rentgenofizika, radioaktivlik və s. sonrakı inkişafına kömək edir.
1846-cı ildə Faradey optik və elektromaqnit hadisələr arasındakı əlaqənin varlığını isbat etmişdir. O, müşahidə edir ki, optik fəal olmayan maddələr maqnit sahəsinin təsiri ilə polyarlaşma müstəvisini fırlatma qabiliyyəti əldə edir. Deməli, maqnit sahəsi süni fəallıq yaradır ki, bu hadisə Faradey effekti adlanır.
Hər şeydən əvvəl Faradeyin dünyagörüşündə ən qüvvətli onun materialist olması idi. O, həmişə maddənin zərrəciklərdən ibarət olmasından, təbiətdəki qüvvələrdən danışarmış. Faradeyə görə materiya həmişə hərəkətdə olan, aktiv varlıq olub.
Elektrikə aid tədqiqatları Faradeyə dünya şöhrəti gətirdiyi kimi, dünya elmi böyük kəşflər və tədqiqat sahələri ilə zənginləşdi.
Dahi alim olmaqla Faradey eyni zamanda yüksək insani keyfiyyətlərə malik olub: özünə qarşı tələbkarlığı, insanlara xoş arzular və vicdanla münasibəti, sadəliyi və səmimiliyi ömür boyu alimin gözəl xüsusiyyətlərindən olub.
Faradey London Kral cəmiyyətinin üzvü (1824), Peterburq EA-nın fəxri üzvü (1830) olmuşdur.
Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

2 şərh

Əliyev
Maykl Faradey

Həyat və fəaliyyəti
· 22 sentyabr 1791-ci ildə “Nevinqton”da (İngiltərədə) anadan olub;
· 1813-cü ildə “Zadəganlar İnstitutunda”(London) assissent olaraq vəzifəyə başlayıb;
· 1821-ci ildə o baş inspektor, 1825-ci ildə direktor və 1827-ci ildə kimya üzrə peofessor vəzifələrinə qədər yüksəlib;
· 1832 və 1838-ci illərdə “Koli” medalı, 1835 və 1846-cı illərdə «Royal» medalı və 1846-cı ildə “Ramford” medalı ilə təltif olunub;
· 25 avqust 1867-ci ildə “Hempton Kort”da (İngiltərədə) 76 yaşında vəfat edib.

Elmə gətirdiyi yeniliklər
· Elektromaqnit induksiyasını, dinamonu, paslanmayan polad növünü kəşf edib;
· Təzyiq altında qazın mayeyə çevrilməsinin əsasını qoyub;
· Benzol qazını kəşf edib;
· 1832-ci ildə Fradey elektroliz üçün əsas qanunu tərtib edib (Faradey qanunu);
· 1845-ci ildə “Faradey effekti”ni kəşf edib;

Faradey haqda maraqlı faktlar
· “Royal İnstitutu”nun prezidentliyi vəzifəsindən imtina edib;
· Maykl Faradey ən çox elmi təcrübələr aparmış alim kimi tarixə düşüb;
· 1991-2001-ci illərdə 20 funtluq Britaniya sikkəsinin arxa tərəfində Faradeyin rəsmi olub.
Aynur
Çox sağ olun maraqlı məlumatlara görə