Maks Plank

Plank Maks Karl Ernst Lüdviq böyük alman nəzəriyyəçi fiziki, kvant nəzəriyyəsinin banisidir. O, 1900-cü ildə tarazlıqdakı istilik şüalanmasına həsr olunmuş işində, ossilyatorların enerjisinin, rəqs tezliyi ilə mütənasib diskret qiymətlər aldığını iddia edən fərziyyə irəli sürmüşdür.
Plank Maks Kile şəhərində ana¬dan olub, onun atası Vilhelm Plank Kile universitetinin hüquq fakültəsinin professoru idi. Maksın 9 yaşı olanda ailəsi Münhenə köçür. Maks əvvəlcə Münhen sonra isə Berlin universitetini bitirmiş, məşhur alimlərdən Kirxhov, Helmholts və Veyerştrassın mühazirələrini dinləmişdir. Tələbəlik dövründə Plankı termodinamika, xüsusilə termodinamikanın ikinci qanunu daha çox maraqlandırmışdır. Münhenə qayıtdıqdan sonra Plank imtahanlarını verib ali məktəblərdə işləmək hüququ qazanır.
1879-cu ildə Plank «İstiliyin mexaniki nəzəriyyəsinin ikinci qanununa dair» mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Plankın elmi yaradıcılığı termodinamika, istilik şüalanması nəzəriyyəsi, nisbilik və kvant nəzəriyyəsi, fizika tarixi və fəlsəfəyə aid olmuşdur.
1887-ci ildən Plank, Gettingen universitetinin fəlsəfə fakültəsinin mükafatı uğrunda təklif olunmuş müsabiqə əsəri üzərində işləməyə başlayır. Əsərdə Plank enerjinin saxlanması qanununun tarixi-metodoloji təhlilini vermiş və bu əsərə görə mükafat almışdır.
PLANK MAKS (23.04.1858-04.10.1947)1897-ci ildə Plank istilik şüalanması problemi üzərində işləməyə başlayır. Ö, mütləq qara cismin spektri üçün universal düstur axtarırdı.
Maks Plank bilirdi ki, atomların rəqsinin orta enerjisi mütləq temperaturla mütənasibdir / Erəqs = kT /
O, eyni zamanda müəyyən edir ki, şüalanmanın enerjisi tezliyin böyüməsi ilə artır. Necə artması barədə o, belə bir yeni fikir söyləyir: şüalanma enerjisi onun tezliyi ilə mütənasibdir / Eşüalanma = h υ /.
1900-cu il 19 oktyabrda Almaniya fizika cəmiyyətinin iclasında mütləq qara cismin spektrinin yeni, daha dəqiq ölçülməsi haqqında alimlərdən Rubens və Kurlbaum məruzə etdikdən sonra diskussiya başlayır. Eksperimentatorlar şikayətlənirlər ki, bizim nəticələri izah etmək üçün nəzəriyyə yoxdur. Elə bu vaxt Plank yenicə kəşf etdiyi düsturunu onlara təqdim edib, yoxlanmasını təklif edir. Həmin gecə Rubens öz ölçmələrini Plankın düsturu ilə müqayisə edərək, düsturun doğruluğunu təsdiq etdi. Səhəri günü o, yaxın dostu Planka bu barədə xəbər verib, düsturun doğruluğuna görə onu təbrik edir.
Var qüvvəsi ilə iki ay fasiləsiz işləyən Plank hesablamalarını dəqiqləşdirir.
14 dekabr 1900-cü ildə cəmiyyətin iclasında yeni elm-kvant haqqında təlim meydana gəldi. «Normal spektrdə enerjinin paylanması qanununun nəzəriyyəsinə dair» adlı məruzəsi ilə Maks Plank çıxış etmişdir. Bu kvant nəzəriy¬yəsinin yarandığı gün idi.
Plank mütləq qara cismin şüaburaxma qabiliyyəti üçün empirik düsturu müəyyən etmişdir ki, həmin düsturu çıxarmaq üçün klassik fizikanın əsas qanununu- enerjinin arası kəsilmədən bütün qiymətlər ala bilməsi faktını mikrosistemlər üçün rədd etmək lazımdır.
Plank, vaxtında çox zəruri olan hipotez söyləmişdir: harmonik ossilyatorun enerjisi istənilən qiymətləri ala bilməz. Şüaudma və şüaburaxma yalnız ossilyatorun bir diskret səviyyəsindən digərinə keçidi zamanı baş verə bilər. Enerji porsiyasının ən kiçik qiyməti üçün:
E0 = hν olar. Burada h mütənasiblik əmsalı olub, Plank sabiti adlanır.
Plank statik fizika sahəsində də bir çox görkəmli tədqi¬qatlar aparmışdır.
1906-cı ildə Plankın «İstilik şüalanması nəzəriyyəsinə dair» monoqrafiyası nəşr olunur. «İstilik şüalanmasının nəzəriyyəsi» adı ilə həmin monoqrafiya 1935-ci ildə rus dilinə tərcümə olunmuşdur.
Təsir kvantının kəşfinə görə Plank 1918-ci ildə Nobel mükafatı almışdır.

Plankın həyatının son dövrü olduqca kədərli keçmişdir. Birinci dünya müharibəsində oğlu öldürülmüş və daha iki qızı ölmüşdür.
1945-ci ildə Hitler əleyhinə danışıqlarda iştirak etdiyinə görə oğlu edam olunmuşdur. Müharibənin gedişində evinə bomba düşmüş, bütün həyatı boyu topladığı zəngin kitabxanası məhv olmuşdur.
Plank, Berlin EA-nın üzvü (1894), Peterburq EA-nın müxbir üzvü (1913), SSRİ EA-nın fəxri üzvü (1936), London Kral Cəmiyyətinin üzvü (1926) olmuşdur.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

0 şərh