Enriko Fermi

Enriko Fermi — müasir nəzəri və təcrübi fizikanın inkişafında böyük rol oynamış dahi italyan fizikidir. İstedadına görə onu anadangəlmə fizik adlandırırlar.
Fermi 1901-ci ildə Romada dəmiryol qulluqçusu ailəsində anadan olub, hələ kiçik yaşlarında onda dəqiq elmlərə böyük maraq yaranmışdır.
Uşaq ikən Enriko, bazara qaçar, köhnə kitablar satan dükandan fizika və riyaziyyata aid kitablar alar və onları böyük maraqla oxuyarmış. Hələ orta məktəbdə oxuyarkən, mütəxəssislərin həll edə bilmədiyi məsələləri həll edərmiş.
Fermi 1918-ci ildə Pize universitetinə qəbul olur. Univer­sitetdə oxuyarkən fizikanı çox mükəmməl bildiyinə görə bəzən professorlar mühazirə oxumağı ona həvalə edirlərmiş.
1922-ci ildə universiteti bitirən Fermi müvəqqəti olaraq Roma universitetində kimyaçılara riyaziyyatdan dərs deyir.
1923-cü ildə o, Almaniyaya ezam olunur. Hettingen şəhə­rində Maks Bornun rəhbərliyi altında, 1924-cü ildən isə Hollandiyanın Leyden şəhərində Paulinin yanında işləyib, mahir bir fizik kimi yetişir. Xaricdən İtaliyaya qayıtdıqdan sonra Fermi 1925-ci ilin yanvarından 1926-cı ilin payızına kimi Florensiya universitetində işləyir. Burada o, ilk alimlik dərəcəsi alır və kvant statistikasına aid məşhur elmi əsər yazır.
Fermi 1926-cı ilin dekabrında Roma universitetinin nəzəri fizika kafedrasının professoru olur və 1938-ci ilə kimi həmin vəzifədə işləyir. İşlədiyi müddətdə Fermi öz ətrafına gənc fiziklər toplayıb, yeni fizika laboratoriyası yaradır və geniş tədqiqat işləri aparır. O, gənc fiziklər yetişdirmək qayğısına qalaraq həmişə seminarlar, elmi mübahisələr təşkil edərmiş.
Fermi öz biliyini tələbələrinə verərkən onlarla xoş sifətlə rəftar etməsinə baxmayaraq imtahanlarda çox ciddi tələbkar olarmış. İdmanla məşğul olduğundan çox zirək, enlikürək və çevik olub. O, xüsusi ilə tennis oynamağı və üzməyi sevərmiş. 28 yaşında Fermini İtaliya Elmlər Akademiyasına üzv seçirlər.
1934-cü ildə İtaliyada işlədiyi dövrdə Fermi nəzəri fizika sahəsində bir sıra nailiyyətlər qazanmış və dünyanın görkəmli nəzəriyyəçi-fizikləri sırasına qədər yüksəlmişdi.
Fermi 1934-cü ildən nüvə fizikası sahəsində işləməyə başlayır.
Elmdə qazandığı nailiyyətlər Enriko Fermini sevindirirdisə bir şey onu həmişə narahat edir və kədərləndirirdi. Bir neçə il idi ki, onun ölkəsini faşistlər idarə edirdilər. Faşistlərin başçısı Mussolini müharibəyə birgə hazırlaşmaq üçün Hitlerlə İttifaq bağlamışdı. İtaliyada qalmaqdansa Fermi Amerikaya köçməyi qarşısına məqsəd qoyur.
Uran atomunun parçalanması ilk dəfə 1934-cü ildə Roma universitetində həyata keçirilmişdi və uran atomunu parçalayan qrupun rəhbəri Enriko Fermi olub. Lakin o vaxt gör­kəmli fiziklərin /Eynşteyn, Rezerford, Bor/ fikri belə olub ki, hələlik yer üzərində atomu parçalaya biləcək bir qüvvə yoxdur. Odur ki, onlar atomu parçalamağın mümkünlüyünə inanmırdılar. Ona görə Fermi və onun əməkdaşları atomun ilk parçalanmasını müşahidə etmələrinə baxmayaraq bu hadisənin mahiyyətini dərk edə bilməmişlər. Çox yaxşı ki, dərk edə bilməyiblər, bu bütün tərəqqipərvər bəşəriyyətin xeyrinə olub. Əgər Fermi və onun əməkdaşları təcrübə kamerasında nələr baş verdiyini bilsəydilər, onda həm atom bombası, həm də hidrogen bombasının sirri 1934-cü ilin mayında açılmış olardı. Bu isə o vaxt Hitlerə belə zəhmli dağıdıcı bir silah verə bilərdi.
«Neytron şüalandırılması nəticəsində əldə edilmiş yeni radioaktiv elementlərin kəşfinə və bununla əlaqədar olan yavaş neytronların doğurduğu nüvə reaksiyasının kəşfi»nə görə Enriko Fermi Nobel mükafatına layiq görülür.
1938-ci il dekabrın 10-da Nobel mükafatını almaq üçün Stokholma gedərkən Fermi ailəsini də özü ilə aparır və oradan da Nyu-Yorka gedir. Fermi İtaliyada işləyərkən atom nüvələrini parçalamaq üçün neytrondan istifadəni təklif etmiş və α -zərrəcikdən üstünlüyünü göstərmişdir. 1934-cü ildə Fermi alüminium və ftoru neytronla bombardman edərək natrium və azotun izotopunu almışdır. Eyni zamanda o, göstərib ki, nüvə reaksiyası üçün neytronlar ən yaxşı mərmidir və yavaşıdıldıqda yaxşı effekt verir.
Fermi neytronla, demək olar ki, əksər kimyəvi elementdə çevirmə aparmış və 60-dan çox radioaktiv izotop almışdı. 100-cü kimyəvi element Ferminin şərəfinə adlandırılıb.
Onun gözəl kəşflərindən biri neytronun yavaşıdılmasıdır /Fermi effekti/ ki, sonralar atom enerjisinin alınmasında geniş istifadə olunmuşdur. Yavaşıdıcı olaraq ilk vaxtlar Fermi kimyəvi təmiz qrafit seçmişdir.
Uran nüvəsinin bölünməsininin kəşfindən sonra /O.Han, Ştrassman, Friş, Meytner/ Fermi eksperimental olaraq isbat edir ki, belə bölünmə zamanı bir neçə sərbəst neytron buraxılır ki, bu da nüvə reaksiyasının getməsini təmin edə bilir.
Amerikada olarkən Fermi atom enerjisi almaq problemi üzərində işləyir. Gecə-gündüz tikinti materialları və qrafit kərpiclər daşınırdı, fəhlələrin heç biri nə tikildiyini bilmirdi. Gizli aparılan bu işə italiyalı alim rəhbərlik edirdi. Yalnız bir neçə adam bilirdi ki, Enriko Fermi, atom nüvəsi haqqında elmin yaradıcılarından biri, dahi alimdir. Onun rəhbərliyi ilə 2 dekabr 1942-ci ildə dünyada birinci olaraq Çikaqoda nüvə reaktoru işə düşür. Bəşəriyyət atom enerjisinə sahib olur.
Fermi 1945-ci il iyulun 16-da atom bombasının sınaqdan keçirilməsində iştirak etmişdi. Müharibədən sonra Fermi(29.09.1901-28.11.1954) Çikaqo universitetində professor işləyib, sonra isə yeni təşkil olunmuş nüvə problemləri institutunda işləmişdir.
Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

1 şərh

luminat
100-cü kimyəvi element Femrinin şərəfinə fermium adlandırılmışdır.