Rentgen Vilhelm

Fizika tarixində XIX əsrin sonu bir sıra görkəmli kəşflərin edilməsi ilə əlamətdardır ki, bu kəşflər bəzi fiziklərin dünyagörüşlərində elmi inqilab yaratdı. Rentgen şüalarının kəşfi məhz belə kəşflərdəndir.
1895-ci il noyabrın 8-də alman fiziki Rentgen gözə görünməyən qəribə xassəli şüalar kəşf edir.
Qazların elektrik keçirməsinin və katod şüalarının tədqiqi, rentgen şüalarının kəşfinə səbəb oldu. Rentgen seyrəldilmiş qazlardan elektrik cərəyanı keçərkən qazın işıqlanmasını öyrənirdi. O, nasosla borunun havasını sorub, boru ilə çox yüksək gərginlikli cərəyan buraxarkən qaz işıqlanırdı. Yorulmuş alim, gecə öz təcrübəsindən ayrılıb gedərkən otağın işığını söndürüb qapıdan çıxandan sonra yadına düşür ki, qurğunu cərəyandan ayırmayıb. Rentgen qaranlıqda geri qayıdarkən borudan bir az aralı qəribə mavi işıq gördükdə təəccüblənir. O, cərəyanı ayırdıqda işıqlanma kəsilir. Yenidən qoşduqda kristallar işıqlanırdı. Rent­gen qalın kitabla borunu kristallardan ayırdıqda işıq­lanma zəifləməyirdi. O, mü­əyyən edir ki, borudan çıxan «yeni» şüalar kitabdan asanlıqla keçdi və zəifləmədi. Rentgen növbəti təcrübələrin birində boşalma borusunu çexolladıqda pla­tin-gümüş sianid ekranının işıqlandığını müşahidə edir. Rentgen ekranın flüoressensiya verməsinin naməlum «X» şüaları vasitəsilə baş verdiyini mülahizə edir.
Yeniliyi görən Rentgen başa düşür ki, boşalma borusu işlədikdə güclü keçmə qabiliyyətinə malik olan şüalanma yaranır. O, öz kəşfini Vürtsburq təbiəti öyrənənlər cəmiyyətinin iclasında nümayiş etdirir və izah edir ki, yeni şüalanma, katod şüalarının borunun şüşə divarına dəyən yerində meydana çıxır. Yeni şüalar yüksək enerjili katod şüalarının istənilən maniə tərəfindən - xüsusi halda metal elektrodlar tərəfindən tormozlandıqda yaranır. Alim, yeni şüaların xassələrini ətraflı öyrəndiyinə görə, yığıncaq həmin şüalara Rentgen şüaları adı verir.
Rentgen, şüaların sirrini öyrənərkən qəribə fotoşəkillər çəkir və yeddi həftə laboratoriyanı tərk etmir. Rentgen şüalarının sədası bütün dünyaya yayılır.
Bu şüaların xassələrinə görə müxtəlif tətbiq sahələri barədə camaat arasında çoxlu şayiələr yayılır. Onlar qorxurdular ki, Rentgen şüalarının köməyi ilə onların fikirlərini oxumaq, divar arxasından onların mənzillərinə baxmaq mümkün olacaqdır. Bəzi qəzetlər hətta Rentgen şüaları ilə işığa salınmanın əxlaqsızlıq, ədəbsizlik olduğunu elan etdilər. Lakin onlar bilmirdilər ki, bu şüalar gələcəkdə təbabətin gözü olub, milyonlara şəfa verəcəkdir.
Rentgenin tədqiqat işləri elektromaqnetizm, kristallar fizikası, optika, molekulyar fizika sahələrinə aid olmuşdur. Vilhelm Konrad Rentgen Almaniyada Lennep şəhərində anadan olub. O, ali texniki məktəb qurtardıqdan sonra, 1866-cı ildə fizika üzrə təhsilini davam etdirir və 1868-ci ildə dissertasiya müdafiə edib fəlsəfə elmləri doktoru olur. Rentgen əvvəlcə fizika kafedrasında assistent vəzifəsində, sonra isə Strasburqda görkəmli fizik Kundtun yanında işləmişdir.
Burada Rentgen yaxşı eksperimentlər aparır və təkmilləşərək birinci dərəcəli eksperimentçi olur. O, qazlar üçün Cp/Cv nisbətini dəqiq ölçmüş, kristalların elastiklik, pyezoelektrik və piroelektrik xassələrini tədqiq etmiş, bir sıra mayelərin dielektrik nüfuzluluğunu təyin etmiş, hərəkət edən yüklərin maqnit sahəsini ölçmüşdür. Rentgen mühüm tədqiqatlarının bir çoxunu öz tələbəsi A.F. İoffe ilə birlikdə aparmışdır.
1888-1900-cu illərdə Rentgen Vürtsburq universitetində professor, 1900-cü ildən ömrünün sonuna kimi Münhen universitetində işləmişdir.
Rentgenin kəşfi elm aləmində elə maraq doğurdu ki, dünyanın bir çox ölkələrinin laboratoriyalarında onun təcrübəsini təkrar etməyə başladılar. Moskvada P.N. Lebedev, Petroqradda isə A.S.Popov rentgen şüaları üzərində eksperiment apardılar. Kembricdə C.Tomson rentgen şüasının qazlardan elektrik cərəyanı keçərkən ionlaşdırma qabiliyyətini öyrənir ki, onun tədqiqatı sonra elektronun kəşfinə gətirib çıxartdı.
Rentgen şüalarının kəşfi fizikanın sonrakı inkişafına böyük təsir göstərmiş, xüsusən radioaktivliyin kəşfinə səbəb olmuşdur. Rentgen şüaları xəstələrin müayinə və müalicəsinin əvəzsiz vasitəsinə çevrildi, bunları texnikada tətbiq etdilər, elmdə yeni dövr açıldı, atomun quruluşunun tədqiqinə başlandı. Atomun kristal daxilində düzülmə qaydasını rentgen şüalarının köməyi ilə öyrəndilər. Alimin kəşfi çox yüksək qiymətləndirildi. İlk Nobel mükafatı dünyada birinci olaraq fiziklər arasında Rentgenə (1901) verilmişdir.
Vilhelm Rentgen Berlin EA-nın müxbir üzvü (1896) olmuşdur.


Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

 

0 şərh