Bolsman Lüdviq

Bolsman dahi Avstriya nəzəriyyəçi fiziki, molekulyar-kinetik nəzəriyyənin əsasını qoyanlardandır. Bu nəzəriyyə ilk dəfə Bolsmanın əsərlərində ardıcıl fiziki nəzəriyyə şəklini almışdır.
Bolsman (Ludwig Eduard Boltzmann) 1844-cü ildə Vyanada anadan olub. Gimnaziyanı bitirdikdən sonra Vyana universitetinə daxil olur və fizika elminə ürəkdən vurulur. Onun müəllimlərindən biri məşhur fizik Y.Stefan olub. Tələbə olarkən öz müəllimləri Y.Loşmidt və Y.Stefanla dostluq etmişdir. Şüalanmaya aid Stefanın elmi işini ölümündən sonra Bolsman davam etdirib.

L.Bolsman 1876-cı ildə yenidən Qrats universitetinə qayıdır və 1889-cu ilə kimi orada işləyir. Bu vaxtlar o, statistik fizikaya aid bir sıra görkəmli işlərini yazır. O, geniş diapazonlu alim olub, fizikanın demək olar ki, bütün sahələrinə və riyaziyyatın bəzi sahələrinə aid mühüm işlərin müəllifidir. Onun məşğul olduğu sahələr: riyaziyyat, mexanika, elektro­maqnit sahəsi nəzəriyyəsi, optika, şüalanma nəzəriyyəsi, termodinamika və qazların kinetik nəzəriyyəsidir.
Onun, qazların kinetik nəzəriyyəsinə və termodinamikanın statistik əsaslandırılmasına dair işləri daha mühüm yer tutur. Bolsman statistik metoddan istifadə edərək termo­dinamikanın ikinci prinsipini əsaslandırmışdır. Onun fikrincə təbiətdə baş verən hadisələr az ehtimal edilən haldan çox ehtimal edilən hala doğru gedir. Fiziki sabitlərdən k (Bols­man sabiti) onun adını daşıyır (k =1,38.10-23 C/dər).
1879-cu ildə Stefan şüa buraxma üçün E1 = σ т4 düsturunu verir və onun bütün cisimlərə aid olduğunu söyləyir. Lakin Stefanın bu fikri səhvdir. Bolsman 1884-cü ildə nəzəri olaraq istilik şüalanmasının kəmiyyət qanununu müəyyən et­mişdir. Aydın oldu ki, şüalanan istiliyin miqdarı temperaturun yüksəlməsi ilə əlaqədar olub, cismin mütləq temperaturunun dördüncü dərəcəsi ilə mütənasib artır. Bolsman bu qanunun yalnız mütləq qara cisimlər üçün doğru olduğunu sübut etmişdir.
Statistik fizikanın bünövrəsi Bolsman tərəfindən qoyulmuşdur. Entropiya ilə sistem halının ehtimalı arasındakı əlaqəni ifadə edən düstur Bolsmanın abidəsində nəqş olunmuşdur. Buxar maşınlarının texnikadakı tətbiqinin zəruriliyini görən Bolsman buxar texnikasını təkmilləşdirmək üçün istilik nəzəriyyəsi sahəsindəki tədqiqatları inkişaf etdirməyə başlayıb. Bolsmanın sağlığında onun ideya və tədqiqatları mühafizəkar alman filosofları tərəfindən qeyri-elmi hesab edilərək istehzaya səbəb olurdu. Lakin fizika elminin tədqiqatı belə bir həqiqəti aşkara çıxartdı ki, Bolsmanın ideya və nəzəriyyələri doğrudur. Elmin sonrakı inkişafı alimin işlərinin doğruluğunu təsdiq etdi. Onun işləri müasir fizikanın bünövrəsini təşkil etmiş, alim isə maddənin molekulyar-kinetik nəzəriyyəsinin yaradıcısı kimi şərəfli ad qazanmışdır.
Bolsman bir çox Elmlər Akademiyasının üzvü və Peter­burq EA-nın müxbir üzvü (1899) olmuşdur.

Mənbə Fərhad Hacıyev Görkəmli fiziklər kitabı

 

0 şərh