Aristotel və məntiq

Aristotelin ən başlıca fərqli cəhəti o idi ki, o demək olar ki, heç bir sələfə malik olmadan, yalnız öz gərgin təfəkkürü nəticəsində yeni bir elm yaratmışdı – məntiq elmini. Renan yazırdı ki, dolayısı və ya birbaşa olaraq Yunan intizamına məruz qalmayan zəka, düzgün təlim görmüş hesab edilə bilməz. Amma həqiqətdə yunan intelektinin özü də Aristotelin amansız formullarına kimi intizamdan kənar və xaotik idi. Bu formullar insan fikrinin sınanılması və təshih edilməsi üçün onu hazır metodla təmin etdi. Aristoteldən sonra Yunanıstanın siyasi və iqtisadi tənəzzülü ellinist təfəkkürünün və xarakterinin zəifləməsinə gətirib cıxardı. Amma minillik vəhşi qaranlıqdan sonra üzə çıxan yeni bir xalq, mücərrəd mühakimələr üçün də asudə vaxt və bacarıq əldə etdi.

Boetsi (470-525) Aristotelin məntiq “Orqanon”unu latın dilinə tərcümə etdi. Bu, orta əsr təfəkkürü üçün bir şablon, sxolastik fəlsəfənin tələbkar anası oldu. Sxolastik fəlsəfə faydasız doqmalar ətrafında cərəyan etsə də, gənc Avropanın intellektini mühakimə aparma sənətinə və zərif təfəkkürə öyrətdi. Müasir elmin terminologiyasını, habelə, zəkanın yetkinliyi üçün baza yaratdı. Zəka, bununla da onu doğuran və yaşadan sistem və metodlardan daha çox yüksəldi və inkişaf etdi. Məntiq, sadəcə olaraq, düzgün təfəkkür sənəti və metodudur. O hər bir elmin, fənnin, sənətin metodudur; hətta musiqi də ona bir sığınacaq verir. O elmdir. Çünki, düzgün təfəkkür proseslərinin geniş təfərrüatları azaldılaraq fizikada və həndəsədə olduğu kimi qaydalar şəklinə salınmalı və hər bir normal təfəkkür sahibinə öyrədilməlidir. O sənətdir. Çünki düzgün təfəkkür vərdişlərini aşılayır və nəhayət pianinoçunun pianino üzərində gəzən barmaqlarını instinktiv olaraq cəld dəqiqliklə idarə edir, harmoniya yaradır. Məntiqdən daha darıxdırıcı, eyni zamanda, məntiqdən daha vacib olan heçnə yoxdur. Məntiqin bu arxa cəbhəsindən dəhşət saçan ön cəbhəyə gəlsək, döyüş meydanında Aristotelin qarşısında duranın Platon olduğunu görərik. Bu müharibənin və döyüşün həll etməli olduğu əsas məsələ isə “universaliyalar” haqqında məsələsidir. Bu bizim günlərə qədər davam edən fəlsəfi müharibənin birinci konflikti idi. Bu bütün orta əsr Avropasını məcbur etmişdi ki, “realist”ləri və “nominalist”ləri döyüşə səsləsin.

Universaliya, Aristotelin nöqteyi – nəzərində ümumi addır, üzvləri sinfə aid edə bilən istənilən ad. Beləliklə; canlı, insan, kitab, ağac universiyalardır. Amma bu universiyalar subyektiv anlayışlardır, hissiyyata yatımlı obyektiv reallıq deyildir; bunlar nominallardır, adlardır, res (şeylər) deyildir. Bizdən kənarda mövcud olan hər bir şey – fərdi və spesifik obyektlər dünyasıdır, universal və ümumi şeylər dünyası deyildir. İnsanlar, ağaclar, canlılar mövcuddurlar, ümumiyyətlə – insan və ya ümumi insan real dünyada yox, əgər mövcuddursa, yalnız fikirdə mövcuddur. Bu bir əlverişli zehni abstraksiyadır, bizi əhatə edən mövcudat və ya reallıq deyildir. Bununla belə, Aristotelin münasibəti sağlamdır. O, sözün demək olar ki, müasir mənasında realist idi. O özünü obyektiv olaraq mövcud olan indiyə aid etməkdə qətiyyətli idi, Platon isə subyektiv gələcəyə qərq olmuşdu. Platon ümumi olana qədər bağlandı ki, ümuminin xüsusini müəyyənləşdirməsi nəticəsinə, idealara da o qədər bağlandı ki, ideyaların faktları təyin etməsi və seçməsi nəticəsinə gəlib çıxdı. Aristotel şeylərdən, “təbiətin solmayan siması” və reallığa qayıtmağı məsləhət bilirdi. O, mütləq üstünlüyü konkret olana, təkcə olana, fərdi olana, cana və qana verirdi. Amma Platon ümumi və universal olanı o qədər sevirdi ki, özünün Dövlət əsərində mükəmməl bir dövlət qurmaq üçün fərdi olan hər şeyi məhv edərdi.

Aristotelin fəlsəfəyə verdiyi ən xarakterik və ən orjinal tövhələrindən biri – sillogizm nəzəriyyəsidir. Sillogizm – 3 mülahizənin triosudur. Bu mülahizələrdən üçüncüsü, böyük və kiçik müqəddimələr adlanan digər iki mülahizənin həqiqət olaraq qəbul edilməsindən doğulur və nəticə adlanır. Məsələn; İnsan zəkalı varlıqdır və Sokrat insandır mülahizələrindən Sokrat zəkalı varlıqdır mülahizəsi alınır. Peşəsi riyaziyyatçı olan oxucu, buradan görəcək ki, sillogizmin strukturu belə mülahizəyə bənzəyir ki, iki şey başqa bir eyni şeyə bərabərdirsə, onlar öz aralarında da bərabərdirlər; əgər A, B-dirsə və C, A-dırsa onda C, B-dir. Riyazi nümunədə olduğu kimi, sillogizmdə də nəticə müqəddimələrin hər ikisi üçün ümumi olan terminin (A) ləğv edilməsi ilə əldə olunur. Beləliklə, bizim sillogizmdə nəticə hər 2 müqəddimədən onların ümumi “insan” termininin ləğv edilməsi ilə və qalanların birləşdirilməsilə əldə olunmuşdur. Pirron zamanından başlayaraq Styuart Mill zamanına kimi olan məntiqçilərin rastlaşdıqları çətinlik elə bundadır. Sillogizmin böyük müqəddiməsi o məsələni sübut olunmuş kimi qəbul edir ki, onun özü sübut olunacaq. Əgər Sokrat zəkalıdırsa belə (onun insan olması barədə heç bir şübhə yoxdur), insanın ümumən zəkalı olması müddəası isə heç də həmişə doğru deyildir. Aristotel, şübhəsiz, cavab verərdi ki, fərdi olanın tapıldığı yerdə sinif üçün səciyyəvi olan çoxlu keyfiyyətləri mövcuddur (Sokrat insandır), amma böyük ehtimal o zaman meydana çıxır ki, fərdi olan sinif üçün səciyyəvi olan digər keyfiyyətlərə (zəkalılıq) də malikdir. Beləliklə, sillogizm görünür, həqiqəti kəşf etmək üçün olan bir mexanizm deyildir, daha çox həqiqətin izahı və fikrin aydınlaşdırılması üçün bir mexanizmdir.

Mənbə: “Fəlsəfi hekayətlər” Uill Dürant
 

0 şərh