Fəlsəfə intellektual söhbətdir, ya həyat təlimi?

Deyək ki, Vudi Allenin hansısa filmindəyik… Şərab içə-içə fəlsəfədən danışırıq. Və deyək ki, o gün dostlarımıza təsir etmək, biliyimizin nə qədər geniş olduğunu göstərmək üçün hansısa məşhur filosofun ifadəsindən söz açmağı münasib gördük.

Amma sözə gəlincə, baxdıq ki, məişət dilində ifadə edilərkən mənasını itirir. Yəni, əgər filosofumuzun istifadə etdiyi xüsusi terminologiyanı, özü icad etdiyi söz və anlayışları istifadə etməsək, başa saldığımızdan bir məna çıxmır… Bəzi söylədiklərimizi özümüz də anlamırıq, masadakıların başa düşəcəyinə ümid edirik. Çarəsizcə deyirik: "...Bilmirəm, başa sala bilirəmmi?"

Bu halda aşağıdakı variantlardan birinin doğru olması mümkündür:
1. Filosofun ifadəsini anlamamışıq;
2. İfadənin içi boşdur;
3. Hər ikisi.

Birinci variant, yəni filosofun təliminin anlaşılmamış olmaması ağla ilk gələn, insanlara tanış ehtimaldır. Amma xüsusi məclisdə məşhur filosofun «içi boş» olması təsəvvür edilə bilərmi?

Hər nə qədər söylənməsi cəsarət istəsə də… Bəzən kral "çılpaq", filosof da «boş» ola bilir. Filosofların həqiqi həyatdan qopmuş, mənasız boşboğazlıqla məşğul olduqlarını düşünənlər fəlsəfəni belə adlandırmağı xoşlayırlar: 

«Fəlsəfə… Onsuz bu məqsədli yaradılmış terminologiyanın sistemli olaraq yanlış istifadə edilməsidir» (A systematic misuse of a terminology produced just for this purpose).
Bu və oxşar replikaların tamamilə haqlı və ya haqsız olması dəqiq deyil… Amma sevimli və müəyyən estetik ifadələr olması da danılmazdır. Bu xoşagəlimlilikləri sayəsində uzunömürlüdürlər. Çünki «fəlsəfi dairələrin» əhəmiyyətli zəifliyi söylənilən sözdə estetikaya dəyər verilməsi, tam mənasıyla həqiqəti dilə gətirməsə də gözəl sözün asanlıqla tərk edilə bilinməməsi, dəbi keçənə, dadı qaçana qədər təkrarlanmasıdır.

Hərdən bəzi filosofların başları ilə deyil, qələmlərilə düşündükləri hissinə qapılır, yazılarının «sətir aralarında» həqiqi niyyətin, ələ aldıqları mövzunu açıqlamaqdan çox, mövzu haqqında gözəl söz demək olduğunu «görürük».

Onsuz da sözə tökülməsi çətin olan həqiqət, lazımsız metafora və dil bəzəklərilə anlaşılmaz vəziyyətə gətirilir. Ədəbi dəyəri məntiqi dəyərini aşan mətnlər fəlsəfə adı altında qarşımıza qoyulur. Bunlar "İntellektual" məclislərində söhbət mövzusu kimi nəyəsə yarayar, amma fəlsəfəni həyat təlimi olaraq ciddiyə alan insanın gözündə boş gəvəzəlikdən savayı bir şey sayılmaz.

Bəzən bu «fəlsəfi ədəbiyyat» Nitsşenin ağlamadığı, bütün qəzəbini aşkara çıxardığı vaxtlarda etdiyi kimi, vulkan püskürməsini xatırladan hiddətlə yazıya tökülür...
İçki şüşədəki məsumluqla durmadığı kimi, qəzəblə yazılmış mətn da «kitabda durduğu kimi durmaz». Yazan da, oxuyan da «sərxoş olar»… Qəzəbini fəzilət saymağa, nifrətindən asılı olmağa başlayar… Təlim də, mürid də pis istifadəyə açıq olar. 

Əziz dostlar,
Qiymətli vaxtımızı kin, lağlağı, nifrət, təkəbbür kimi rəzil hisləri qidalandırmaqla xərcləyə bilərik… Ya da müdrik yaşamağa üstünlük verib, bu yararsız hiss və həyəcanlardan təmizlənmənin yolunu axtarmağı seçə bilərik.

Əgər ikinci yolu seçmişiksə, həyat və insanları anlamağa deyil, anlamamağa «kilidlənmiş» hər cür ədəbiyyat, fəlsəfə və hətta elmi faydasız sayıb rəfə qaldırmağımız lazım gələ bilər. Bəzi yazıçıların istifadə etməyi xoşladıqları «Başa düşməkdə çətinlik çəkirəm!», "İnanılmazdır!" kimi ifadələr anlaşılmayan şeyin deyil, anlamayan zehnin zəifliyini göstərir. İnsan zehninin gücü də nə qədər anlamadığı ilə deyil, nə qədər anladığı ilə ölçülür.

Moris FRANSEZ

Tərcümə: Ceylan MUMOĞLU
 

0 şərh