Fəlsəfədə insan problemi haqda

Varlıq haqqında (ontologiya), idrak haqqında (qnoseologiya) təlimlərində insan problemi, xüsusilə onun mənşəyi, mahiyyəti, təbiətdə tutduğu yeri, cəmiyyətdə rolu məsələləri fundamental fəlsəfi problemlərdən biri kimi nəzərdən keçirilir. Fəlsəfə meydana gələndən bu günə qədər insan onun diqqət mərkəzində olmuşdur. Bu gün artıq digər elmlər də (psixologiya, təbabət, pedaqoqika və s.) insan fəaliyyətinin bu və ya digər cəhətini öyrənməkdədir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müasir elm necə inkişaf edirsə– etsin, insan, onun mənşəyi və mahiyyəti məsələlərində hələ də sirli cəhətlər çoxdur. Əslində təkzibedilməz fakt və arqumentlərlə bəşəriyyətin təşəkkülünün tarixdən əvvəlki dövrünü izah etməyə qadir olan elə bir nəzəriyyə hələ də yaranmamışdır. İnsan haqqında mövcud təsəvvürlər başlıca olaraq hipotez və fərziyyələrə əsaslanır. Lakin buna qətiyyən təəccüb etmək lazım deyildir. Çünki dünya o cümlədən insan haqqında müasir elmi təsəvvürlər 300– 400 il bundan əvvəl formalaşmağa başlamışdır. Bu isə bəşəriyyətin çoxəsrlik tarixində bir ana bərabərdir. Ancaq bütün bunlara baxmayaraq, insanın təbiətinin fəlsəfi izahı ümumnəzəri səviyyədə kifayət qədər inandırıcıdır və gediləcək yolun istiqamətini düzgün müəyyən edir. İnsan haqqında ilk ideyalar fəlsəfə meydana gəlməmişdən əvvəl olmuşdur. Bu barədə bizə gəlib çatan miflər və ibtidai dini təsəvvürlər çoxlu məlumat verir. Antik dövr mütəfəkkirləri– Qədim Hindistanda, Çində, Yunanıstanda insana kosmosun bir hissəsi, hardasa zamandan kənarda təbiətin «nizamı», «qaydası» kimi çıxış edən, özündə dünyanın ilk əsaslarını– suyu, odu, havanı, torpağı, efiri birləşdirən varlıq kimi baxırdılar. Sonra struktur baxımından Platonda qeyd edildiyi kimi, insan ruh və bədəndən ibarət hesab olunurdu. Aristotel isə iki– ruh və bədəni bir reallığı təşkil edən kimi təsvir etmişdir.

Ənənəvi olaraq Hind və Çin mütəfəkkirlərinin rolunu azaltmadan insan haqqında təlimi yaradan ilk filosof kimi Sokratın (b.er.əv.470– 399) olduğu göstərilir. Onun sələfləri və müasirləri, mə­sələn, sofistlər insan probleminə mühüm əhəmiyyət verməklərinə baxmayaraq, ilk dəfə olaraq Sokrat, Siseronun şəhadətinə görə, antik müdriklərin hamısından əvvəl fəlsəfəni və kosmik problematikanı yerə endirdi, şəhərlərə və digər insan məskənlərinə diqqət artırıldı, vətəndaşları, hər şeydən əvvəl öz həyatı, zövqü, xeyir və şər haqqında düşünməyə məcbur etdi. Sokrat əsas diqqəti insanın daxili həyatına vermişdir. Sokratın fikrincə, müdriklərin məşğul olduğu ali fəaliyyət səviyyəsi insanı öyrənməklə əlaqədar olmalıdır. Əgər onun sələflərini təbiətin nə olduğu, şeylərin sonuncu reallığının nə olduğu maraqlandırırdısa, Sokratı insanın mahiyyəti nədir, onun təbiəti və sonuncu reallığı nəylə bağlıdır sualları maraqlandırırdı. Sokrat insan anlayışını mənəviyyat səviyyəsinə, ruh haqqında təlim səviyyəsinə qədər məhdudlaşdırmasına baxmayaraq («insan– ruhdur» və «ruh– insandır»), tam əsasla təsdiq etmək olar ki, Sokratın ideyaları insanın mahiyyətinin sonrakı tədqiqlərinə güclü təsir göstərmişdir.

Daha yüksək səviyyədə insan antik mütəfəkkirlər Platon (427– 347) və Aristotel (384– 322) tərəfindən öyrənilmişdir. İnsanın mahiyyəti haqqında onların irəli sürdüyü ideyalar insan haqqındakı sonrakı təsəvvürlərə kömək etmişdir.
Platonun insan haqında təlimi iki postulata əsaslanır. Birincisi, onun ümumfəlsəfi konsepsiyasından çıxır. Həmin konsepsiyaya görə, insan yaratmamalı, artıq ideyalar dünyasında olanları təcəs­süm etdirməlidir. İnsan yalnız mövcud ideyaları seçməkdə azaddır. İkincisi, Platona görə insanın mahiyyəti onun ruhudur, onun bədəni isə ruha düşmən olan materiya kimi çıxış edir. Gerçəklikdə insan elə bil ki, iki qeyri– bərabər hissəyə bölünür: yuxarı (ali) hissə– ruh, aşağı hissə isə bədən hesab olunur.

Platonun əksinə olaraq Aristotel insana bir– birilə sıx əlaqədar olan bədənin və ruhun birliyi kimi baxırdı. Aristotelə görə, bədənin ruhdan asılı olmasına baxmayaraq, onlar bir– birindən təcrid olunmuş şəkildə mövcud ola bilməz. Aristotelin olduqca maraqlı fikirləri yalnız bir neçə əsr keçdikdən sonra dərk edilmişdir. Məsələn, O, ardıcıl olmasa da, insana təbii inkişafın məhsulu kimi baxmışdır. İnsanın heyvandan prinsipial fərqi odur ki, insan siyasi varlıqdır. Çünki təbiət adamlara dövlət ünsiyyətinə cəhdi aşılamışdır ki, bunun da sayəsində dövlət yaranmışdır. İnsanın ikinci fərqli cəhəti onun dilə, nitqə malik olmasıdır ki, bunun köməyi ilə o, xeyir və şər, ədalət və ədalətsizlik anlayışlarını qavramaq və ifadə etmək imkanına malik olmuşdur. İnsanın və dövlətin mənşəyi və onların qarşılıqlı əlaqəsi məsələsinə toxunaraq, Aristotel belə hesab edirdi ki, insan bütün hallarda fərddən irəlidə durmalıdır. Çünki tam həmişə hissələrdən əvvəl olmalıdır. Bütövlükdə Aristotelin insana baxışlarını səciyyələndirsək deyə bilərik ki, O, ilk dəfə olaraq insanın mahiyyətinin müəyyənləşdirilməsində sosial amillərin əhəmiyyətini qeyd etmişdir.

b) İnsanın mahiyyəti

Müasir elmin nailiyyətinə əsaslanaraq təsdiq etmək olar ki, insan evolyusion inkişafın məhsuludur. Burada bioloji amillərlə ya­naşı sosial amillər də mühüm rol oynamışdır və yenə də oyna­maq­dadır. Bununla əlaqədar insanın yüksək səviyyədə inkişaf etmiş hey­vanlardan əsas fərqini, fakt və proseslərin elmi izahı ilə göstərmək vacibdir.

Homo Sapiens (ağıllı insan) evolyusion inkişafın müəyyən mərhələsində heyvanlar aləmindən ayrılmışdır. Bu proses nə qədər davam etmişdir, bu cür çevrilmənin mexanizmi necə olmuşdur– suallarına müasir elm tam dəqiqliklə cavab verə bilmir. Bu da təəccüblü deyildir. Çünki canlının cansızdan əmələ gəlməsini izah etməkdən ötrü elm hələ də kifayət qədər faktlara malik deyildir. Kifayət qədər faktların olmaması, yeni kəşflərin indiyə qədər insana olan baxışları alt– üst etməsi insanın mahiyyəti və təbiəti haqqında müxtəlif konsepsiyaların yaranmasına gətirib çıxarmışdır. Həmin konsepsiyaları şərti olaraq rasionalist və irrasionalist adlandırıb iki qrupa bölmək olar. İrrasionallıq qrupuna: eksiztensializm, neoto­mizm, freydizm cərəyanları daxildir. Onların baxışlarına görə, insanın fəaliyyəti, daha geniş şəkildə götürsək, insanın varlığı izah­edilməz daxili motivasiya, arzu, istək və s. təzahürü mövqeyindən təhlil edilməlidir. Bu zaman bir qayda olaraq bu hadisələr yalnız qeyd olunur. Birinci sıraya fəaliyyətinin şərtləri deyil, onun təbiəti və məzmunu deyil, guya insanın mahiyyətini müəyyən edən bir sıra xassələrinin xarakteristikasının təsviri çıxır. Bəzi müəlliflərin fikrincə, həmin konsepsiyalarda səbəb– nəticə əlaqələrini axtarmaq faydasızdır. İnsanın mahiyyəti haqqında ancaq çoxsaylı təzahürlər, manifestasiyalar, daha dəqiq desək insanın hisslərinin qəbul etdiyi kimi mühakimə yürütmək olar. Belə çıxır ki, insanın daxili aləmi haqqında onun hərəkəti, əməli, arzusu, fikri və istəklərinə əsasən danışmaq mümkündür. Bütün bunlarda arqumentli bir izah kimi qəbul edilə bilən qanun halında bir əsas tapmaq qeyri– mümkündür. Əgər belədirsə, onları axtarmaq lazımdır, ancaq faktları, hadisələri, prosesləri etiraf etmək (qeydə almaq) kifayətdir. Məsələnin bu cür qoyuluşu və həlli praktiki olaraq insanın fəaliyyətini determinə edən əlaqələrini, yaxud qanunları izah etməyi istisna edir. Nümunə kimi biz ekzistensialist filosofların fikirlərinə müraciət edə bilərik. Məsələn, fransız filosof– ekzistensialist yazıçısı Alber Kamyu (1913– 1960) həyata irrasional absurd bir proses kimi məna və qanunauy­ğunluğa malik olmayan bir proses kimi baxmışdır. Burada başlıca rol təsadüfə məxsusdur. A.Kamyu yazırdı: «İnsan dünyanın irrasio­nallığı ilə toqquşur. O, hiss edir ki, xoşbəxtlik və ağıllı olmağı arzu edir. Bu toqquşmada insanın qabiliyyəti (həvəsi) ilə dünyanın ağılsız susmağı arasında absurd yaranır. İntellekt nöqteyi nəzərindən mən deyə bilərəm ki, absurd insanda deyil, dünyada deyil, onların birlikdə olmağındadır».

Bütövlükdə irrasionalist idrakda ağılın rolunu inkar edən) konsepsiya bəzən insanın bir sıra xassə və cəhətlərini çıxarsa belə, məntiqi şəkildə işlənmiş nəzəriyyə vermir, hətta insanın mənşəyi haqqında hipotezlər belə deyə bilmir.

İnsan haqqında müasir təsəvvürlər irrasionalist mütəfəkkirlərin nəaliyyətlərini nəzərə alsa da, ən rasionalist materialist və idealist baxışlara əsaslanır. Onların arasında insanın təbiətinin izahı haq­qında marksist nəzəriyyəsini də qeyd etmək lazımdır. Özlərinə qədərki nəzəri və empirik fikrə dərindən yiyələnmiş marksizm klassikləri «Alman ideologiyası» əsərində yazırdılar: «İnsanları heyvanlardan şüura görə, dinə görə– ümumiyyətlə istənilən hər şeyə görə fər­qləndirmək olar. Onların özləri bədənlərinin quruluşundan asılı olan addımı ataraq, özləri üçün zəruri olan həyat vasitələrini istehsal etməyə başlayan kimi özlərini heyvanlardan fərqləndirməyə başlamış olurlar. İnsanlar özləri üçün zəruri olan həyat vasitələrini istehsal etməklə öz maddi həyatlarının özünü də dolayı yolla istehsal edirlər.

İnsanlar özləri üçün zəruri olan həyat vasitələri istehsal edər­kən işlətdikləri üsul, hər şeydən əvvəl, onların hazır şəkildə tapdıqları və yenidən hasil edilməsi lazım gələn həyat vasitələrinin özünün xassələrindən asılıdır»[1]. Burada bir şey daha tez diqqəti cəlb edir ki, maddi istehsal insanın heyvan vəziyyətindən çıxmasında, onun mə­də­niləşməsində başlıca kriteriya rolunda çıxış edir. Əslinə qalanda istehsalsız hətta primitiv insan birliyinin yaranması da qeyri– mümkündür. Əgər müasir insan cəmiyyətlərindən söhbət gedərsə, nə milli dövlət çərçivəsində, nə planetar miqyasda birgə fəaliyyət olmadan onun mövcudluğu qeyri– mümkündür. Homo sapiens– in əsas fərqləndirici cəhəti, əlaməti kimi istehsal fəaliyyəti çıxış edir. İnsanın sosial– bioloji (antropososiogenez) təkamülündə mühüm yeri F.Engels tərəfindən irəli sürülən, sonralar isə sovet antropo­loqları və arxeoloqları tərəfindən inkişaf etdirilən «meymunun insana çevrilməsi prosesində əməyin rolu» hipotezidir. Əvvəlcə əmək, sonra isə onunla birlikdə səhih nitq elə iki ən başlıca amil olmuşdur ki, bunun nəticəsində insan beyni daha da inkişaf etmiş­dir. Beyin və ona tabe olan hisslərin, getdikcə daha çox aydınlaşan şüurun, mücərrədləşdirmə və əqli nəticə çıxarmaq bacarığının inkişafı əməyə və dilə əks təsir göstərərək, bunların hər ikisinin daha da inkişafına getdikcə yeni– yeni təkanlar vermişdir. Müxtəlif xalqlarda və müxtəlif dövrlərdə dərəcəsi və istiqaməti müxtəlif olan bu inkişaf yerli və müvəqqəti hərəkətlər üzündən bəzən hətta kəsilmişsə də, hazır insanın peyda olması ilə əlavə bir yeni ünsürün– cəmiyyətin yaranması sayəsində, bir tərəfdən yeni– qüvvətli bir təkan, digər tərəfdən isə daha müəyyən bir istiqamət alaraq, bütün­lükdə qüdrətli addımlarla irəliləmişdir. Lakin insanlar heyvan­lardan nə qədər çox uzaqlaşırlarsa, onların təbiətə göstərdikləri təsir bir o qədər müəyyən, qabaqcadan məlum olan məqsədlərə çatmaq üçün aydın niyyətlə və müntəzəmliklə icra edilən hərəkətlər xarakteri alır. Qısasını desək, heyvan xarici təbiətdən ancaq istifadə edir və sadəcə olaraq özünün mövcud olması ilə bu təbiətdə dəyişikliklər əmələ gətirir, insan isə öz yaratdığı dəyişikliklərlə təbiəti öz məqsədlərinə xidmət etməyə məcbur edir. Onun üzərində hökmranlıq edir. Bu insanın heyvanlardan sonuncu fərqidir və bu fərqə də insan yalnız yenə əmək sayəsində nail olmuşdur. Hələ XIX əsrin 2– ci yarısında F.Engels indiki ekoloji böhran təhlükəsini görərək təbiət üzərindəki qələbələrlə öyünməməyi məsləhət görmüşdür ki, hər bir qələbə üçün təbiət bizdən intiqam alacaqdır.Onun fikrincə, təbiət üzərində heç də istilaçının özgə xalq üzərində hökmranlıq etdiyi kimi, təbiətdən kənarda olan kimsənin təbiət üzərində hökmranlıq etdiyi kimi hökmranlıq etməməliyik. Əksinə, biz bütün canımız, qanımız və bey­nimizlə təbiətə mənsubuq, onun daxilindəyik və təbiət üzə­rin­dəki, bütün hökmranlığımız ondan ibarətdir ki, bütün başqa vücud­lardan fərqli olaraq, biz təbiət qanunlarını dərk edib bunları düzgün tətbiq edə bilərik.(F.Engels). Əgər biz təbiət üzərindəki hökm­ran­lığımızın mahiyyətini dərk ediriksə, istehsal sahəsindəki fəaliy­yətimizin nəticələrini nəzərə ala biliriksə, bu isə bir fakt olaraq nə qədər qəti şəkil alırsa, insanlar bir o qədər artıq dərəcədə özlərinin təbiətlə birliyini yenidən nəinki yalnız hiss edəcək, habelə dərk də edəcəkdir, beləliklə də ruhla materiya, insanla təbiət, canla bədən arasında nə isə bir əksliyin olması haqqında mənasız və təbiətə zidd təsəvvür bir o qədər qeyri– mümkün olacaqdır, bu təsəvvür isə klassik qədim dünyanın tənəzzülü zamanından bəri Avropada yayılmış və xristianlıqda ən yüksək inkişafını tapmışdır (F.Engels).

Əməyi təhlil edərkən görürük ki, əməyin özü təbii prosesdir. Çünki o, insanın mövcudluğunun təbii şəraitini təmin edir. Əvvəllər sosial cəhət o qədər də nəzərə çarpmasa da, müəyyən dövr keçdik­dən sonra əməyin sosial əhəmiyyəti daha çox özünü büruzə verir. Əməklə bərabər nitq də insan psixikası və təfəkkürünün yaranması və inkişafına mühüm təsir göstərir.

Müəllif:Rzayev Camal

1 şərh

azadmamedov90
Maraqlı topikdir…