Doğuşun süni stimulyasiyasının təhlükələri

Doğuş vaxtı gələndə qadının orqanizmində müəyyən mexanizmlər işə salınır, hormonlar, bioloji aktiv maddələr ifraz olunur ki, bütün bunlar qadına körpəni dünyaya gətirməkdə kömək edir.

Nənələrimizdən biz dəfələrlə eşidirdik ki, onlar özləri və həmçinin onların anaları, nənələri və s. evdə, hətta tarlada, həkimsiz, dərmansız uşaq dünyaya gətirirdilər. Bu əsil həqiqətdir. Əksər hallarda qadınlara doğuş zamanı heç bir tibbi müdaxilə lazım deyil.

Lakin hal hazırda biz daha tez-tez eşidirik ki, doğuş zamanı stimulyasiyadan istifadə olunur. Doğuşun stimulyasiyası nə deməkdir? Stimulyasiya zamanı qadının orqanizminə (vaginal şamlar, damardaxili inyeksiyalar, həblər şəklində) xüsusi dərman preparatları yeridilir ki, bu preparatlar doğuş fəaliyyətinin başlanmasına təkan verir, doğuş prosesini sürətləndirir. İlk baxışdan burada pis bir şey yoxdur. Lakin bu yanlış fikirdir.

Doğuşun stimulyasiyası heç də ziyansız deyil. Bu təbii doğuş prosesinə olan müdaxilədir. Stimulyasiya körpədə oksigen çatışmazlığına səbəb ola bilər ki, bu uşağın sağlamlığı üçün ziyanlıdır.

Digər tərəfdən süni şəkildə yaradılmış doğuş sancıları təbii doğuş sancılardan daha ağrılıdır. Bunu stimulyasiyadan keçmiş qadınların əksəriyyəti təsdiq edə bilər. Doğuş zamanı qadının qanına xüsusi təbii ağrısızlaşdıran maddələr ifraz olunur ki, qadın hətta güclü doğuş ağrısına dözə bilir. Lakin doğuş prosesinə olan müdaxilə (stimulyasiya) bu incə mexanizmləri pozur və doğuş daha ağrılı keçir. Bəzən ağrılar o dərəcədə güclü olur ki, həkimlər doğuş zamanı epidural anesteziyadan istifadə etmək məcbur olurlar. Anestetiklər isə həm qadın, həm də körpə üçün heç də ziyansız deyil.

Bəzən stimulyasiya heç bir effekt vermir. Bəzən isə hiperstimulyasiyaya səbəb olur ki, bunun nəticəsində uşaqlıq hətta yırtıla bilər.

Bütün bu səbəblərə görə doğuşun stimulyasiyasından yalnız buna ciddi səbəblər  yarandıqda istifadə olunmalıdır. Həkim 100% əmin olmalıdır ki, stimulyasiya həqiqətən zəruridir və körpə məhz indi və məhz bu üsulla dunyaya gəlməlidir.

1. İlk növbədə stimulyasiya gecikmiş doğuşlarda istifadə oluna bilər. Normal hamiləliyin müddəti 40 həftə sayılır. Uşaqların əksəriyyəti 38-41 həftələr arası doğulur. Əgər hamiləliyin 41-ci həftəsi tamam olubsa, lakin doğuş fəaliyyəti yoxdursa, bu halda həkimlər doğuşun stimulyasiyasını tətbiq edə bilərlər. Daha çox ana bətnində qalmaq uşaq üçün ziyanlıdır. Cift qocalır və öz fəaliyyətini tam yerinə yetirə bilmir, uşağa oksigen və qidalı maddələr lazım olan miqdarlarda çatmır, uşaqda xroniki oksigen çatışmazlığı inkişaf edə bilər ki, bu onun sağlamlığı və hətta həyatı üçün təhlükəlidir.

Dölün vəziyyətindən asılı olaraq stimulyasiya hamiləliyin 40-cı həftəsində də tətbiq oluna bilər.

2. Qadında olan və onun özünün və körpəsinin sağlamlığı üçün təhlükəli olan bəzi xəstəliklər və pozulmalar, döldə olan bəzi pozulmalar doğuşun hətta 38-ci həftəsində stimulyasiyası üçün səbəb ola bilər.

3. Bəzən qadında dölyanı sular açılır, lakin doğuş fəaliyyəti (doğuş sancıları) başlamır. Əgər bu halda doğuş fəaliyyəti 12 saat ərzində başlamazsa, qadına doğuşun stimulyasiyası təyin olunur.

4. Bəzən doğuş fəaliyyəti zəif olduqda, uşaqlıq boynu açılmadıqda, doğuş sancıları azaldıqda, qadın doğuş zamanı çox yorulduqda da stimulyasiya tətbiq oluna bilər.

Stimulyasiyanın müxtəlif üsulları mövcuddur. Dərman preparatların arasında bu məqsədlə bu kimi preparatlardan istifadə olunur:

— Prostaqlandinlər. Bu fizioloji aktiv maddələr orqanizm tərəfindən ifraz olunur. Doğuş zamanı onlar uşaqlıq boynunu yumşaldır və açır. Süni sintez olunmuş prostaqlandinlər preparatları qadına şam və ya gel formasında vaqinaya yeridilir. Bir neçə saatdan sonra doğuş sancıları başlayır. Lakin bəzən bu baş vermir və həkimlər təkrar bu preparatdan istifadə edir və ya digər stimulyasiya üsullarına müraciət edirlər.

— Oksitosin. Bu süni şəkildə sintez olunmuş təbii oksitosin hormonunun analoqudur. Oksitosin doğuş zamanı qadının orqanizmində hazırlanır və uşaqlığın yığılmasını təmin edir.

Doğuşun stimulyasiyası məqsədi ilə süni oksitosin damardaxili sistem şəklində qadının orqanizminə yeridilir. Yüksək dozada orqanizmə düşdükdə oksitosin körpədə oksigen çatışmazlığına və hiperstimulyasiyaya səbəb ola bilər. Bu səbəbdən oksitosin həkimin nəzarəti altında yeridilir və bu zaman körpənin vəziyyətinə (ürək döyüntüsü və s.) ciddi nəzarət edilir.

— Antihestagenlər (mifepriston və s.). Hal hazırda doğuşun stimulyasiyası üçün mama-ginekoloqlar süni sintez olunmuş antihestagenləri (həblər şəklində) istifadə edirlər. Bu həblər doğuş fəaliyyətin inkişaflna təkan verir, uşaqlıq boynunun yetişməsini və açılmasını sürətləndirir.

Bütün tibbi prosedurlarda olduğu kimi doğuşun stimulyasiyasının da müəyyən əks-göstərişləri var. Məsələn, əgər qadının uşaqlığında (Qeysəriyyə kəsiyi və digər cərrahiyyə əməliyyatlardan sorna) çapıqlar varsa, bu doğuşun stimulyasiyası üçün əks-göstəriş sayılır. Bu zaman hiperstimulyasiya uşaqlığın yırtılmasına səbəb ola bilər. Dölün uşaqlıqda düzgün olmayan yerləşməsi (köndələn və s.), gölün vəziyyətində olan bəzi pozulmalar, qadında olan bəzi xəstəliklər və patologiyalar, istifadə olunan preparatlara qarşı fərdi dözümsüzlük və s. stimulyasiyanın tətbiq edilməsi üçün əks-göstəriş sayılır.

saglamolun.az 

0 şərh