Sonsuzluq problemi

Ailə cəmiyyətin ən kiçik nümunəsidir. Buna görə də ailəni kiçik cəmiyyət adlandırırlar. İnsan Allah və onun yaratdıqları qarşısındakı vəzifələrini — böyüklərə hörmət, kiçiklərə şəfqət, mərhəmət və insanlıq borcunu ilk növbədə ailədə öyrənir. Ailə sevgi və tərbiyənin ilk mənbəyidir. Ər və arvad ailənin iki köküdür. Ailənin qurulması, yəni kiçik cəmiyyətin yaranması evlənmək ilə baş verir. Buna görə də Peyğəmbərimiz (s): «Evlənin, çoxalın, çünki mən qiyamət günü başqa ümmətlərə sizin çox olmanızla iftixar edərəm», — buyurur. Amma çoxalmanın da özünəməxsus problemləri var. Son zamanlar ailə quran gənclərin qarşılaşdığı ilk problemlərdən biri də elə sonsuzluqdur.

Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən sağlamlıq yalnız xəstəliklərin olmaması kimi deyil, tam fiziki, mental, sosial tarazlıq kimi qiymətləndirilir. 1 ildən az olmayaraq, müntəzəm cinsi əlaqə zamanı hamiləliyin müşahidə olunmaması sonsuzluq adlanır və insanlarda müxtəlif psixoloji pozulmalara, şəxsi komplekslərin inkişafına səbəb olur. Bütün qeyd olunan bu faktorları nəzərə alaraq, yeni beynəlxalq təsnifata əsasən sonsuzluq xəstəlik hesab olunur. Bu xəstəliyin ən mühüm tərəfi həm qadının, həm də kişinin ətraflı müayinə olunmasının vacibliyindədir. Aparılan statistik araşdırmalara əsasən, bütün dünyada 50-80 milyon insanın sonsuzluqdan əziyyət çəkməsi qeydə alınıb.
İnsanın fertilliyi (mayalanma keyfiyyəti və qabiliyyəti) digər canlılardan daha yüksəkdir. Belə ki, qadın orqanizmi artıq 13-14 yaşlarında mayalanmaya hazır olur. Reproduktiv dövr 40-50 yaşa qədər davam edə bilər. Kişilər isə hətta ahıl yaşlarda da nəsil törətmə qabiliyyətini saxlayır.


Mayalanmanın baş tutması və ya hamiləliyin başlanması üçün yüzlərlə hormonal, kimyəvi, fermentativ və fiziki proseslər ardıcıl olaraq həyata keçməlidir. Prosesin mahiyyəti spermatozoidin xayalarda yaranması, müəyyən yollar keçərək yetişməsi, uşaqlıq borularına keçməsi və nəhayət, yumurta hüceyrə ilə görüşməsindədir. Yumurta hüceyrələri yumurtalıqlarda follikuların əlverişli mühitində yetişməli, ovulyasiya mərhələsindən keçməli, uşaqlıq borusunun ampulyar hissəsində mayalanmalıdır. Bundan sonra mayalanmış embrion uşaqlığa düşərək, onun divarına yapışaraq, implantasiya olunur və növbəti mərhələ, hamiləlik baş verir.

Bu uzun və mürəkkəb zəncirin istənilən hissədə qırılması sonsuzluğun hər hansısa növünün meydana gəlməsinə səbəb olur. Beləliklə, sonsuzluq çox mürəkkəb kompleks olub, müxtəlif səbəblərdən yarana bilər. Sonsuzluğun səbəbləri kimi təsnifatı da müxtəlifdir.
Əgər qadın heç vaxt hamilə olmayıbsa, bu birincili sonsuzluq adlanır. Bəzən elə olur ki, qadın bir və ya bir neçə dəfə hamilə olur, lakin müxtəlif patologiyalar nəticəsində övlad dünyaya gətirə bilmir. Belə hal ikincili sonsuzluq adlanır. Ümumilikdə isə sonsuzluq 2 yerə bölünür: qadın və kişi sonsuzluğu.
Qadın sonsuzluğu — endokrin, boru və uşaqlıq sonsuzluğuna bölünür. Endokrin sonsuzluq qadının hormonal mexanizmində patologiya olduqda; boru sonsuzluğu boru keçiriciliyinin pozulmasında; uşaqlıq sonsuzluğu isə uşaqlığın anatomik çatışmazlığında (anadangəlmə və ya qazanılma) müşahidə olunur.
Kişi sonsuzluğu — hal-hazırkı statistikaya əsasən problemin 45-60%-ni təşkil edir. Kişi sonsuzluğunun da səbəbləri müxtəlifdir: travmalar, keçirilmiş infeksion xəstəliklər, anadangəlmə və qazanılmış inkişaf patologiyaları.
Bütün bu faktorlarla yanaşı cütlərin bioloji uyğunsuzluğu da sonsuzluğa səbəb olan amillərdəndir. Bu proses zamanı qadın orqanizmi ərinin spermalarına qarşı antitellər sintez edir. Bioloji uyğunsuzluq zamanı təbii yolla hamiləlik mümkün deyil. Lakin spermanı xüsusi zülallardan təmizləyərək, qadın orqanizmi üçün bioloji stress olmasın deyə, kiçik dozalarla uşaqlığa yeritməklə hamiləliyə nail olmaq olar. Müşahidə olunan sonsuzluqlar arasında səbəbi məlum olmayan patologiyalar da mövcuddur.
Nəzərə alsaq ki, övladın dünyaya gəlməsində hər iki tərəfin rolu eynidir, bu sual bir qədər yersiz görünür. Əlbəttə, müalicənin daha uğurlu olması üçün hər iki tərəf həm müayinələrdə, həm də təyin olunan müalicənin müzakirəsində iştirak etməlidir.
Vaxtında düzgün müalicə olan cütlər arasında valideyn olmaq şansı daha böyükdür. Bu gün müasir təbabətin imkanları durmadan artmaqdadır.
psixoterapext,psixoloq,doktor,konsultasiya
Sonsuzluğun müalicəsinə hər iki tərəf ətraflı müayinə olunub, diaqnoz dəqiqləşdirildikdən sonra başlanır. Müalicə çox şaxəli və son metodlara əsasən aparılır. Bura cinsi fəaliyyətin planlaşdırılması, hormonal terapiya, uşaqlıq daxili inseminasiya, ekstrakorporal mayalandırma, fallop borularına qametin transplantasiyası və s. metodlar aiddir. Metodlardan hər hansı biri tətbiq olunmazdan öncə xüsusi instrumental və laborator müayinələr aparılır.

EKM metodu mütləq qadın sonsuzluğunun, kişi sonsuzluğunun və sonsuz cütlərin digər formalarının cərrahi və konservativ müalicəsinin effektsizliyi zamanı uğurla tətbiq olunur.
Born Holl klinikasında embrioloq R.Edvards və mama-ginekoloq P.Steptounun sonsuzluğun müali­cəsinin insan oositlərinin in vitro mayalanmasına əsaslanan işləmələri geniş səs-küyə səbəb oldu. Qadın uşaqlığına in vitro mayalandırılmış insan oositlərinin köçürülməsi haqqında məlumat 1976-cı ildə dərc olundu, lakin təəssüf ki, bu hamiləlik ektopik nəticələndi. Və yalnız 1978-ci ildə elə həmin klinikada uşaqlıq boruları götürülmüş qadının «sınaq şüşəsi»ndən olan övladı meydana gəldi. Bu hadisə EKM və köməkçi reproduktiv texnologiyanın praktikada tətbiqinə geniş yol açdı.

EKM metodunun inkişafında tibbi texnikada proqres böyük rol oynadı, belə ki P.Steptou və həmmüəllifləri artıq yumurtahüceyrələri əvvəllər olduğu kimi laparotomik yolla deyil, laparoskopik əldə etməyə başlamışdılar. Lakin bununla belə laparoskopik müdaxilə özünün mürəkkəbliyi və ağırlaşmaları ilə müşayiət olunmuşdu. Preovulyator oositlərin transabdominal yolla US müşayiəti və yerli anesteziya altında follikul punksiyası metodu haqqında məlumatlar meydana gəlməyə başladı. Sonralar bu metod follikulların transvaginal punksiyası metodu ilə əvəzləndi. A.Trounson və həmmüəllifləri (1983) embrionların dondurulması və donu açılmış embrionların uşaqlıq boşluğuna yeridilməsi sahəsindəki müvəffəqiyyətləri ilə köməkçi reproduktiv texnologiya metodlarının imkanlarını nəzərəçarpacaq dərəcədə genişləndirdi.
Qadınların reproduktiv sağlamlığı onların reproduktiv yaşı ilə müəyyən edilir, çünki qadınların reproduktiv yaşı doğulan uşaqlar və doğum əmsalı arasında müəyyən uyğunluq yaradır. Cəmiyyətdə reproduktiv yaşlı qadınlar çox olduqca, gələcəyə və cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına inam artır.
Sevinc Sevdimalıyeva
Ailə Planlanması Mərkəzi həkim-ginekoloq, ekstrakorporal
mayalanma üzrə mütəxəssis
Mənbə Ailə Həkimi jurnalı
 

0 şərh