Hamilə qadının qidalanması

Hamilə qadının orqanizmində baş verən dəyişikliklər fiziolojidir və normal həyat tərzi kecirilərsə, hamiləlik hec bir problem yaratmaz.Normal həyat tərzi dedikdə qiqiyenik normalara riayət, fiziki əməyin və istirahətin düzgün balanslaşdırılması, ətraf mühitin qənəətbəxş şəraiti və düzgün qidalanma nəzərdə tutulur.
Uşaq öz inkişafı üçün lazım olan maddələri ananın qanından alır, buna görə də hamilənin düzgün qidalanmasının dölün sağlamlığının qorunması və normal inkişafı ücün böyük əhəmiyyəti var. Hamilənın qidalanma rejimini tərtib edərkən həm qadının orqanizmində baş verən dəyişikliklər, həm də dölün yeni qurulan və inkişaf edən orqanizminin tələbləri nəzərə alınmalıdır.
Uzun illər hesab olunub ki,hamilə qadın iki adamın əvəzinə yeməlidir. Son illər isə artıq qida qəbulunun təhlükəsi haqqında o qədər danışılıb ki, gələcək analar az qidalanmaya üstünlük verirlər ki, bunun da zərəri az deyil.


Bəs əslində hamilə qadın nə qədər və necə qidalanmalıdır?
hamilə qadının qidalanması
Orta boylu və normal çəkili (~60 kq) qadın sutka ərzində energetik dəyəri 1850-2000 kkal olan qida qəbul etməlidir. Hamiləlik zamanı əsas mübadilə 25% artdığı üçün qidanın da energetik dəyəri artaraq 2500 kkal, hamiləliyin sonunda isə 2800-2900 kkal təşkil etməlidir.
Hamiləliyin birinci yarısında xüsusi rejim tələb olunmur:gün ərzində 4 dəfə, tərkibində əsas qida maddələri olan adi qidaya icazə verilir. Qida rasionunda zülallar 100-110q, yağlar təxminən 75q, karbohidratlar 350- 400q olmalıdır. Bu dövrün özəlliyi ondadır ki, hamiləliyin ilk aylarında bəzi qadınlarda hər-hansı qida maddəsinə qarşı, xüsusilə ət məhsullarına qarşı ikrah hissi olur.


Bunun mənfi təsiri varmı?
– Sözsüz ki, hamilənin qida rasionu hərtərəfli olmalıdır. Hamilə həm meyvə-tərəvəz, həm süd məhsulları, həmdə ət və balıq məhsulları qəbul etməlidir. Lakin hər-hansı qidadan hamilənin halı pisləşirsə, ondan istifadə etmək lazım deyil. Xoşa gəlməyən məhsulu eyni vitamin və elementlərlə zəngin başqa məhsullarla əvəz etmək lazımdır. Məsələn, hamilə qadın ət məhsulu qəbul edə bilmirsə,süd məhsullarına üstünlük verə bilər.
Hamiləliyin ikinci yarısında dölün intensiv inkişafı baş verir, hamilənin orqanlarında funksional gərginlik artır. Buna görə də qidalanmaya daha ciddi yanaşmaq tələb olunur. Hamilə sutka ərzində 5-6 dəfə qidalanaraq 110-120q zülal, 85-100q yağ, 400-500q karbohidrat qəbul etməlidir. Tərkibində zülal olan məhsullardan süd və süd məhsullarını, yumurta, ətin yağsız növlərini və balığı göstərmək olar. Hamiləliyin ikinci yarısında ətin bir hissəsini kəsmik ilə əvəz etmək məsləhətdir; ət həftədə 3-4 dəfə icazə verilir. Bu dövrdə yumurta və pendirə də müəyyən məhdudiyyətlər qoyulur.

Meyvə, giləmeyvə və tərəvəzə üstünlük vermək məsləhət görülür. Bu zaman nəzərə almaq lazımdır ki, sitrus meyvələri(apelsin, mandarin,qreypfrut) güclü allergendirlər, üzüm isə köp yarada bilər. Almanın yaşıl növləri, armud və banandan isə istənilən qədər istifadə etmək olar.
“Klassik “allergenlər siyahısına həmçinin şokolad aiddir və ondan istifadə məsləhət görülmür.
Yağlar daha çox kərə yağı, xama və bitki yağı şəklində rasiona daxil edilməlidi.

Hamiləliyin ikinci yarısında sutka ərzində qəbul olunan mayenin miqdarı 1,5 litrdən çox olmamalıdır. Buraya su, çay, süd, şirələr və başqa içkilər daxildır. Hamilələr bilməlidirlər ki, spirtli içkilər hamiləlik vaxtı qəti qadağandır, onlar döldə inkişaf qüsuru yarada bilər. Bu dövrdə spirtsiz içkilərə də ehtiyyatla yanaşmaq lazımdır. Məsələn:qazlı sular həzm problemləri yarada, sitrus meyvələrinin şirələri allerqen mənbəyi ola bilər. Çox rəngli olmayan təzədəm çay içmək olar, kofe isə gələcək analara məsləhət görülmür.
Müxtəlif salatlar hazırlayarkən mayonezdən çox istifadə etmək olmaz, çünki onun tərkibində müxtəlif konservantlar, sirkə və istiot var ki, bunlar da mədə-bağırsaq problemləri yarada bilər. Mayonezi xama və zeytun yağı ilə əvəz etmək olar. Elə bu səbəbdən də kolbasa və hisə verilmiş məhsulları qəbul etmək məsləhət deyil.Hamiləlik vaxtı ümumiyyətlə duzlu, istiotlu və yağlı qidadan uzaq olmaq lazımdır.
Çox vaxt hamilələrdə qəbzliyə meyillik olur.Bunu da aradan götürmək üçün təzə meyvə, tərəvəz və qara çörəkdən istifadəyə üstünlük vermək lazımdır.

Hamiləlik vaxtı qadın həkim nəzarəti altında olmalıdır.Bu zaman hər bir qadın müayinələrdən keçir, hamiləliyin inkişafına və hamilənin sağlamlığına və çəkisinə sistematik nəzarət olunur (hamiləlik zamanı qadının bədən cəkisi normada 8-10 kq artmalıdır), onlara individual olaraq qidalanmaya aid və s. məsləhətlər verilir
 

0 şərh