Рейтинг
+70.55

ginekologiya

56 üzv, 230 topik

Uşaqlıqdan kənar hamiləklə bağlı olan bəzi yalnış fikirlər

1. Uşaqlıqdan kənar hamiləlik normal inkişaf edib uşağın dünyaya gəlməsi ilə nəticələnə bilməz. Bu birmənalıdır.

Uşaqlıqdan əlavə qadın orqanizmində uşağın inkişafı üçün uyğun olan orqan yoxdur. Bəzən eşidmək olur ki, hansısa qadının qarın doşluğunda uşaq inkişaf edib və sağlam doğulub. Bu cəfəngiyatdır. Dölün inkişafı üçün qidalı maddələr və oksigen lazımdır. Bunun üçün mayalanmadan sonra döl uşaqlığa düşür və uşaqlığın divarına implantasiya edir (bərkidilir). Bu yerdə kapilyarlar və damarlar əmələ gəlir və daha sonra cift formalaşır. Bu damarların vasitəsi ilə döl uşaqlıqdan ona lazım olan maddələri alır.

2. Bəzi qadınlar fikirləşir ki, hamiləliyin əvvəlində qarının aşağı hissəsində olan ağrılar və qanlı ifrazatlar normal haldır. Lakin bu belə deyil. Bir çox hallarda belə ağrılar və ifrazatlar uşaqlıqdan kənar hamiləliyin ilk simptomlarıdır. Bu səbəbdən özündə bu kimi simptomları aşkar etdikdə, qadın mütləq ginekoloqa müraciət etməlidir.


Ardı →

Doğuşun süni stimulyasiyasının təhlükələri

Doğuş vaxtı gələndə qadının orqanizmində müəyyən mexanizmlər işə salınır, hormonlar, bioloji aktiv maddələr ifraz olunur ki, bütün bunlar qadına körpəni dünyaya gətirməkdə kömək edir.

Nənələrimizdən biz dəfələrlə eşidirdik ki, onlar özləri və həmçinin onların anaları, nənələri və s. evdə, hətta tarlada, həkimsiz, dərmansız uşaq dünyaya gətirirdilər. Bu əsil həqiqətdir. Əksər hallarda qadınlara doğuş zamanı heç bir tibbi müdaxilə lazım deyil.

Lakin hal hazırda biz daha tez-tez eşidirik ki, doğuş zamanı stimulyasiyadan istifadə olunur. Doğuşun stimulyasiyası nə deməkdir? Stimulyasiya zamanı qadının orqanizminə (vaginal şamlar, damardaxili inyeksiyalar, həblər şəklində) xüsusi dərman preparatları yeridilir ki, bu preparatlar doğuş fəaliyyətinin başlanmasına təkan verir, doğuş prosesini sürətləndirir. İlk baxışdan burada pis bir şey yoxdur. Lakin bu yanlış fikirdir.

Doğuşun stimulyasiyası heç də ziyansız deyil. Bu təbii doğuş prosesinə olan müdaxilədir. Stimulyasiya körpədə oksigen çatışmazlığına səbəb ola bilər ki, bu uşağın sağlamlığı üçün ziyanlıdır.


Ardı →

Ovulyasiya ilə bağlı olan bəzi suallar

Yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı«ovulyasiya» adlandırılır.

Ovulyasiya baş tutmadıqda hamiləlik mümkün deyil. Yumurtalıqdan çıxan yumurta hüceyrəsi uşaqlıq borusuna düşür və burada onu spermatozoidlər «gözlədikdə», mayalanma baş verir.

Qadınlarda ovulyasiya ilə bağlı bir çox suallar yaranır. Bu sualların bəziləri bu məqalədə cavablandırılır.

1. Ovulyasiya gününü necə dəqiq təyin etmək olar?
Bu ən tez-tez verilən suallardan biridir. Bu heç də asan iş deyil. Menstrual dövr (bir menstruasiyadan növbəti menstruasiyaya kimi olan müddət) müxtəlif qadınlarada müxtəlif olur. Birində bu dövr 24 gün, digərində 28, 30 və s. 40 günə kimi ola bilər. Təbii ki, bu qadınlarda ovulyasiya menstrual dövrünün müxtəlif günlərində baş verir — 11-ci, 14-cü, 16-cı günündə və s.

Amerikada olan Hamilə qadınların assosiasiyası ovulyasiya ilə bağlı araşdırmalar apardı və belə nəticələrə gəlidi ki, ovulyasiya sonuncu menstruasiyadan 11-21 gün sonra və ya növbəti menstruasiyadan 12-16 gün əvvəl baş verir.


Ardı →

Hamiləlik və peyvəndlər

Hamiləliyə hazırlıq dövründə qadına bəzi peyvəndlərin vurulması lazım ola bilər.

Uşaqlar və əksər hallarda böyüklər üçün yüngül hesab edilən məxmərək xəstəliyi hamiləlik zamanı yoluxan qadınlar üçün çox təhlükəlidir. Hamiləlik dövründə ananın məxmərəklə xəstələnməsinin nəticəsi olaraq doğulan körpədə katarakta, ürək qüsurları, karlıq, bədən sümüklərinin, qara ciyər, dalaq və sidik-cinsiyyət orqanlarının inkişaf qüsurları, sinir sisteminin, xüsusilə baş beyinin zədələnmələri kimi müxtəlif patoloji hallar baş verir.

Hamiləlik dövründə məxmərək xəstəliyinə yoluxmanın əsas profilaktikası — hamiləliyə hazırlıq dövründə bu xəstəliyə qarşı peyvəndin edilməsindən ibarətdir. Məxmərək xəstəliyinə qarşı peyvəndin edilməsinə qərar verməzdən əvvəl, sizdə bu infeksiyaya qarşı immunitetin olub-olmamasını yoxlamaq məqsədi ilə qanda məxmərək viruslarına qarşı anticisimlərin müəyyən edilməsi üçün xüsusi laborator müayinədən keçmək lazımdır.
Ardı →

"Spiral" haqqında bilmədikləriniz

Bir çox qadınlar məhz bu kontrasepsiya (hamiləlikdən qorunma) üsulunu seçir.

Uşaqlıq daxili vasitənin (tibbdə «spiral» belə adlandırılır) bəzi üstünlükləri və zəif tərəfləri var ki, onlar haqqında hər bir qadının xəbəri olmalıdır.

— İlk növbədə «spiral» yalnız sağlam qadına qoyula bilər. Cinsiyyət sistemi iltihabları, infeksiyaları, uşaqlıq boynu eroziyası, uşaqlıq və uşaqlıq boynu xərçəngi, uşaqlıq boynu travmalar və patologiyaları və s. «spiral»ın qoyulması üçün əks-göstərişdir. Bu səbəbdən «spiral» qoyduqdan əvvəl qadın mütləq ginekoloqun müayinəsindən keçməlidir, lazım olduqda bəzi analizlər (infeksiyalar, sitoloji analiz) verməlidir.

— Uşaqlıq daxili «spiral» 100% hallarda hamiləlikdən qorumur. Statistikaya əsasən, «spiral»ı olan təxminən 1% qadınlarda hamiləlik baş tuta bilər. Bir çox hallarda bu uşaqlıqdan kənar hamiləlik olur (embrion uşaqlıq boşluğuna deyil, uşaqlıq borusunun divarına, qarın boşluğuna implantasiya edir). Lakin bəzən bu tam normal hamiləlik də ola bilər (məsələn, «spiral» yerini dəyişdikdə).


Ardı →

Süni mayalanma

İldən ilə sonsuzluqdan əziyyət çəkən ailə cütlüklərin sayı artır.
Bəzən uzunmüddətli müalicə heç bir nəticə vermir və bu cütlüklər üçün yeqanə şans kimi süni mayalanma proseduru qalır.
Əvvəl qadına yumurtalıqların stimulyasiyası proseduru təyin olunur. Bu zaman xüsusi dərmanların köməyi ilə yumurtalıqlarda 1 yox, bir neçə yumurta hüceyrəsi yetişdirilir. USM köməyi ilə bu prosesə nəzarət edilir. Yumurta hüceyrələri müəyyən ölçülərə çatdıqda hüceyrələr qadının yumurtalığından götürülür. Bu prosedur anesteziya köməyi ilə həyata keçirilir.
Davamı →

Hamiləlik zamanı şişkinlik

Hamiləlik zamanı qadınların əksəriyyətində (xüsusilə hamiləliyin sonuna yaxın) ödemlər (şişkinlik) müşahidə olunur.

Qadın fikir verir ki, ayaqqabılar ona dar olur, üzük barmaqdan çıxmır və s. Bir çox qadınları belə dəyişikliklər narahat edir, qorxuzur. Lakin əksər hallarda narahatçılıq üçün ciddi səbəb olmur.

— Hamiləlik zamanı qadının orqanizmində baş verən dəyişikliklər orqanizmdə dövr edən mayenin çoxalmasına səbəb olur. Belə ki, hamiləlik zamanı qadının orqanizmində yeni əlavə qan dövranı — ciftin qan dövranı əmələ gəlir. Bu qan dövranı vasitəsi ilə dölə lazım olan qidalı maddələr və oksigen çatdırılır, parçalanma maddələri və karbon qazı isə çıxardılır. Təbii ki, bunun nəticəsində qanın həcmi orqanizmdə artmalıdır. Hamiləlik zamanı qadının orqanizmində dövr edən qanın həcmi, demək olar, 2 dəfə artır.

Digər tərəfdən orqanizm gələcək doğuşda qanın itirilməsini «bilərək» qanın ehtiyatını yığır.


Ardı →

Qız uşaqlarının ginekoloji sağlamlığı

Yeni doğulmuş qız uşağında ilk növbədə xarici cinsiyyət üzvlərinin quruluşunun düzgün inkişaf edib-etməməsinə xüsusi diqqət yetirmək lazımdır. Böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarının üstünü tamamilə örtməli, klitorun ölçüsü böyük olmamalı və xarici müayinə zamanı nəzərə çarpmamalıdır. Böyük cinsiyyət dodaqlarını aralayan zaman sidik kanalı və uşaqlıq yolu dəliyi aydın görünməlidir. Əgər xarici cinsiyyət üzvlərinin quruluşunda hər hansı bir normadan kənar hal olmasına şübhəniz yaranarsa, qızınızı mütləq endokrinoloq və pediatra (daha yaxşı olar ki, pediatr-ginekoloqa) göstərin.

Analar qızlarının ginekoloji sağlamlığına daim diqqət yetirməli, sonralar isə qızların özünü də orqanizmlərinə qarşı diqqətli olmağa alışdırmalıdırlar. Əgər erkən yaşlarda cinsiyyət üzvləri sistemində baş verən hər hansı bir pozğunluq vaxtında aradan qaldırılmazsa, bu, gələcəkdə qız uşağının sağlamlığına çox pis təsir edərək sonsuzluğa və qadın cinsiyyət üzvlərinin müxtəlif xəstəliklərinə səbəb ola bilər. Balaca qızları soyuqlamadan qorumaq, onların gigiyenasına riayət etmək və özlərinə də gigiyenik vərdişləri öyrətmək lazımdır.
Ardı →

Dölün boynuna göbək ciyəsinin dolanması

Bir çox hamilə qadınlar (həkimlərin müşahidələrinə görə 1/4 hissəsi) növbəti USM zamanı bu qorxulu ifadəni eşidir:

«Dölün boynuna göbək ciyəsi dolanıb». Hamilə qadınların əksəriyyəti bu xəbəbdən təşvişə düşür. Lakin əksər hallarda narahatçılıq üçün səbəb olmur. Nəzərinizə çatdıraq ki, ana bətnində olan uşaq ağciyərlərlə nəfəs almır, oksigen onun orqanizminə qanla daxil olur.

Göbək ciyəsi ana ilə dölü birləşdirən bağdır. O, birləçdirici toxumadan və 3 damardan ibarət olur — damarlardan biri oksigeni və qida maddələrini anadan dölə çatdırır, qalan 2-si isə parçalanma maddələrini döl orqanizmindən çıxardır. Daha sonra isə bu maddələr   ananın orqanizmdən xaric olunur.

Hamiləliyin əvvəllərində döl dölyanı mayedə sərbəst üzür və bunun nəticəsində onun qoluna, ayağına, gövdəsinə, boynuna göbək ciyəsi çox asan dolana bilər. Hamiləliyin əvvəlində dölün boynuna göbək ciyəsinin dolanması təhlükəli sayılmır. Bu zaman dölün ölçüləri kiçikdir, uşaqlıqda kifayyət qədər yer var və döl üzdükdə asanlıqla açıla bilər.

Lakin əgər belə dolanma hamiləliyin 32-ci həftəsindən sonra aşkar olunubsa, bu zaman qadın mütləq əlavə müayinələrdən keçməli (doppleroqrafiya, kardiotokoqrafiya) və daim həkimlərin nəzarətində olmalıdır. Məsələ burasındadır ki, göbək bağın dolanması nəticəsində ciftdə qan dövranı pozula bilər. Bu isə çox təhlükəli haldır.


Ardı →

Əmizdirmə problemləri: mastit

Əmizdirmə zamanı döşdə süd qurğunluğu yarana bilər.

Bu hal laktostaz adlandırılır. Əgər qadın laktostazdan vaxtında azad olmazsa, onda mastit (döşün iltihabı) inkişaf edə bilər. Xəstəlik bədən hərarətinin 38 C və daha çox yüksəlməsi ilə müşayiət olunur, döşün müəyyən bir sahəsində ağrılı və səthində qızartı olan şişkinlik əmələ gəlir. Bir çox hallarda zədələnmiş sahədə olan ağrı gəzərkən, bədənin vəziyyətini dəyişərkən daha kəskin hiss olunaraq, ananı xeyli dərəcədə narahat edir.

Xəstəliyin müalicəsi gün ərzində xəstə döşün 3 dəfə sağılması və uşağın tez-tez əmizdirilməsindən ibarətdir. Hərarətin yüksəlməsi ana üçün dözülməz olduqda, vəziyyətini bir qədər yaxşılaşdırmaq üçün o, parasetamol (və ya parasetamol tərkibli hər hansı hərarətsalan dərman) qəbul edə bilər.


Ardı →