Bəxtiyar Vahabzadə - Nə sən gülsən, nə mən bülbül

Bir qız qarlı qış günündə
Dibçəkdə bir gül bitirdi.
Qış fəslində gülə baxıb
Ürəyinə yaz gətirdi.

Bu gül, əsl qızılgüldü –
Ləçəkləri varaq-varaq.
Tikanı bol, rəngi qızıl,
Ətri yoxdu onun ancaq.

* * *
Qonşuluqda bir oğlanın
Qəfəsdə bülbülü vardı.
Oğlan onun nəğməsilə
Dərdlərini ovudardı.

Nə oldusa… oxumadı,
Susdu bülbül birdən-birə.
Oğlan düşdü min fikirə.
Qonşudakı qızılgüldən
Xəbər tutdu oğlan bir gün.
Bülbülünü o gətirib
Qənşərinə qoydu gülün.

Gül, bülbülü görən kimi,
Sığallandı,
tumarlandı.
Gözlərinə naz-qəmzədən
Sürmə çəkib xumarlandı...

Oxumadı bülbül yenə
Susub durdu, Lal kəsildi
Bu hal gülə acıq gəldi.
Gül daha da şivələndi,
Susub durdu bülbül yenə
Həsrət qaldı bu dar qəfəs
Nəğməkarın nəğməsinə.

Bu inadı görüncə gül,
Rəngi soldu,
Xəzan oldu
Yumaq kimi tez yumuldu.

Yavaş-yavaş dilə gəldi
Bu dəm bülbül
Dedi: — Ey gül,
məni tanı,
Ürəyimdə qəm karvanı,
Sən gülsənsə, ətrin hanı?
Demə susub nədən bülbül?
Yazım dönüb sazaq olub
Köksüm başı dağ-dağ olub
Vətənində dustaq olub
Çox desə də, «Vətən», bülbül.
Dibçəkdəsən, qəfəsdəyəm.
Sən əlacsız, mən xəstəyəm.
İndi özgə həvəsdəyəm,
-Ağlar zədən-zədən bülbül.
Zaman bizdən kam alıbdır,
Daha ürək qocalıbdır. Bizdən ancaq ad qalıbdır,
Nə sən gülsən, nə mən bülbül.

2 şərh

pascal
Gözəl. Bəxtiyar Vahbzadə şeirlərinin hər biri məna dolu bir yazıdı. Orda boşa yazılan bir cümlə, mənasız, məzmunsuz söz tapmaq olmaz. 
Düzü, mən şeir həvaskarıyam, hələ Bəxtiyar Vəhabzadə yaradıcılığını sevə-sevə oxuyuram. Bu şeirə ilk dəfədir ki, rast gəldim. Paylaşdığına görə çox sağ ol, gulwan.
gulwan
məndə təzə eşitmişəm dedim paylaşmasam ayıb olar :)