Şah İsmayıl Xətai

1493-cü ilin payızında Savalanın ətəkləriylə qurumuş otları, yarpaqları xışıldada-xışıldada gündoğan tərəfə dörd atlı çapırdı. Başlarında on iki zolaqlı qırmızı çalma, çiyinlərində polad sinəbənd, bellərində uzun, əyri qılınc olan ucaboy, enlikürək dörd atlı... Atlar köpük içində idilər. Atlıların sifəti isə daş kimi sərt və hissiz idi. Onlar dinib-danışmadan çapır, çapırdılar. Yalnız qabaqda çapan atlı sürəti azaltmadan arabir əlini qaşları üstünə qoyub ətrafı seyr edirdi. Hamının nəzəri ikinci atlıda, daha doğrusu onun tərkindəki uşaqda idi.
Bu atlılar kim idi? Onlar hara belə dördnala çapırdılar? İkinci atlının tərkindəki balaca oğlan kim idi? Xülafə bəy Ustaclı, Hüseyn bəy Lələ, Məhəmməd bəy Ustaclı və Piri bəy Qacari... Bu atlılar uzaq Gilana, Ləhicana çapır, Ağqoyunlu hökmdarı Rüstəm Mirzənin təqibindən qaçırdılar. Qaçırdıqları isə Azərbaycan torpağının, Azərbaycan xalqının və Azərbaycan dilinin gələcək xilaskarı, 7 yaşlı İsmayıl idi. Gələcəkdə Amudəryadan Bağdada kimi, Dərbənddən Herata kimi ucsuz-bucaqsız Qızılbaş səltənətinin banisi və hökmdarı olacaq Şah İsmayıl Səfəvi.
Qızılbaş əmirləri pənah axtardıqları yerə qaçmaqda səhv etmədilər. Gilan hakimi Mirzə Əli, İsmayılı altı il təqiblərdən qoruyub saxladı. Ağqoyunlu hökmdarları nə qədər elçi və qoşun göndərib İsmayılı tələb etsələr də Səfəvilərin qüdrətinə inanan Gilan hakimi onu düşmənlərə vermədi.
1499-cu ildə 13 yaşlı İsmayıl öz tərəfdarları ilə ilk yürüşə çıxdı. Babası Şeyx Cüneyd, atası Şeyx Heydər kimi o da Azərbaycan taxt-tacı uğrunda mübarizəyə başladı.
Allah ondan heç nə əsirgəməmişdi. Boy-buxun, yaraşıq, güc, ağıl və nəhayət, istedad. Bütün bunlar bir şəxsin simasında cəm olmuşdu. Üstəlik bu şəxs müqəddəs bir nəslin son yadigarı idi, ulu nəsəbi həzrəti Əliyə gedib çıxırdı. Bütün bunlara görə Azərbaycanın hər yerindən igid, seçmə cavanlar onun yanına axışdılar. Qışı Ərzincanda keçirəndən sonra İsmayıl öz əmirləri və yeddi minlik kiçik qoşunuyla qədim pars nəslinin qalıqlarından olan Şirvanşahlar üzərinə yeridi. Şirvanşah Fərrux Yasarın iyirmi minə qədər ordusu Şamıxı yaxınlığındakı Cabani düzənliyində qızılbaşlarla üz-üzə gəldi. Bu döyüşdən qızılbaşlar qalib çıxdılar. Bu onların ilk qələbəsi idi. Yasar öldürüldü və uzun müqavimətdən sonra Bakı qalası da alındı. Bu zaman Ağqoyunlu səltənəti iki əmioğlu, Əlvənd və Murad arasında bölünmüşdü. Səltənətin quzey ölkələrinə Əlvənd, güney ölkələrinə isə Murad şahlıq edirdi. Onlar Fərrux Yasardan qat-qat güclü idilər. Ancaq tarix öz hökmünü vermişdi. Ağqoyunluların bəxt günəşi batabatda idi.
Əlvənd Mirzə böyük bir ordu ilə Naxçıvan yaxınlığındakı Şərur düzənliyində qızılbaşların yolunu kəsdi. Əlvənd qoşunun arxa hissəsində dəvələri zəncirlə bir-birinə bağlatdırmışdı ki, qoşunları geriyə qaça bilməsinlər. Amma nə faydası. Əlvəndin bütün sərkərdələri öldürüldü. Böyük ordusu pərən-pərən olub dağıldı. Yalnız şahın özü kiçik bir dəstə ilə Ərzincana tərəf qaçıb canını qurtardı.


1501-ci ilin payızında qocaman Təbriz görünməmiş bayram və təntənə içində idi. Minlərlə təbrizli küçələrə axışıb qızılbaş qoşunları qabağında doğma şəhərə varid olan 16 yaşlı İsmayılı qarşılamağa çıxmışdı. Həmin gün dünya Qızılbaş dövləti adlı yeni bir səltənət tanıdı. İki il sonra Şah İsmayıl Həmədan yaxınlığında Ağqoyunlu Murad bəyin yetmiş minlik ordusuna da qələbə çalıb, Ağqoyunlu sülaləsinin hökmranlığına son qoydu. Bütün İran və Bağdad da daxil olmaqla Böyük bir ərazi qızılbaşların hakimiyyəti altına keçdi. Xülafə xan qızılbaş canişini kimi Bağdadda oturdu.
1510-cu ildə hər il Şah İsmayıla təhqiramiz məktub yazıb ona hədə-qorxu gələn özbək şahı Şeybaniyə qalib gələndən sonra Qızılbaş dövləti Şərqin böyük və qüdrətli səltənətinə çevrildi. Bütün Şərqdə Azərbaycan-türk dili yayılmağa başladı. Təbriz isə şərqin mədəni mərkəzi oldu.
Özün cavan və sağlam, neçə-neçə ölkənin hökmdarı, üstəlik dahi şair olasan və nəhayət, adın xalqının qəlbində və dilində əzbər ola... Dünyada bundan böyük xoşbəxtlik olarmı?
1512-ci ildə atasını və qardaşlarını qətlə yetirib taxta çıxan türk sultanı I Səlim Şah İsmayıla bir-birinin ardınca dörd təhqiramiz məktub yazdı və bunlarla kifayətlənməyib 1514-cü ilin yayında 300 minlik bir ordu ilə Azərbaycana yeridi. Maku yaxınlığındakı Çaldıran düzənliyində misli-bərabəri olmayan iki türk ordusu üz-üzə gəldi. Şah İsmayıl öz türk qardaşları ilə vuruşmaq istəmirdi. O, Sultana cavab məktubunda bunu dönə-dönə qeyd edir, dostluğa, barışığa dəvət edirdi. Ancaq Yavuz (zalım) ləqəbli Sultan Səlim bu təkliflərə məhəl qoymadı. Döyüş iki gün çəkdi. Hər dəfə qızılbaşların qalib gələcəkləri anda top atəşləri onları qırıb biçdi.
Beləliklə, Fransadan aldığı topların köməyi ilə Sultan Səlim qalib gəldi. Şah İsmayılın ən yaxın silahdaşları Hüseyn bəy Lələ, Məhəmməd və Xülafə Ustaclılar, Əbdi bəy və başqaları bu döyüşdə həlak oldular. Şahın özü bir dəstə qızılbaşla osmanlı toplarının üstünə gedərək onları qırıb-dağıtdı. Tarixə düşən bu döyüşlə gələcək qanlı osmanlı-qızılbaş müharibələrinin əsası qoyuldu.
Bu müharibələr həm bizim, həm də osmanlı qardaşlarımızın köksünə ağır yaralar vurdu. Nəticədə dünyaya meydan oxuyan osmanlı orduları 1536-39-cu illərdə iki dəfə Vyananı mühasirəyə alsalar da məğlub olub geri çəkildilər və beləliklə, türklərin Avropaya müzəffər yürüşünə son qoyuldu.
Çaldıran məğlubiyyəti Azərbaycan dövlətinə elə bir itki vermədi. Amma Şah İsmayılın qüruruna toxunulmuşdu. O, Çaldırandan sonrakı 10 il ərzində bir daha qılınca əl atmadı. Yazıb-yaratdı, tikdi-qurdu. Xalq dilində bayatılar, qoşma və təcnislər yazdı. Cəmi 37 il yaşasa da xalqımızın zehnində və tarixində dərin izlər buraxdı. Onun şərəfinə dastan qoşuldu, aşıq havası yaradıldı. Onun adı sonra gələn bütün şərq aşıqlarının dilinin əzbəri oldu.
Çaldıran məğlubiyyətindən sonra onun Nigar xanım bənzərli arvadı Taclı xanım şah ərinin kədərləndiyini görüb demişdi:

İranın şahısan, Türküstan xanı,
Mürşidi kamilsən, cahanın canı,
Əbdi bəyim oldu şahın qurbanı,
Taclı bəyim sənə qurban, ağlama.

Rəvayətlərin birində deyilir ki, Çaldıran vuruşmasının qızğın vaxtında Şah İsmayılın yanına düşən topun mərmiləri ətrafına səpələnir. Sərkərdələri onun yaralandığını zənn edib tez yanına yüyürürlər.
- Şahım, yaranız hanı? - deyəndə soruşanda, hökmdar topun dağıtdığı torpağı göstərib deyir:
- Odur yaram.
Şah İsmayıl vətənini çox sevir, onun meşələrini, yaylaqlarını gəzməkdən yorulmurdu. O, qədim paytaxtımız Təbrizi «Azərbaycanın anası» adlandırırdı.
Onun qəbri bu gün Ərdəbildə Şeyx Səfi məqbərəsində atasının, anasının və babalarının yanındadır. Şeyx Səfi türbəsi bu gün də Azərbaycan xalqı üçün müqəddəs bir yerdir.

Mənbə: böyük insan Əlisa Nicatın "Dünya sərkərdələri" kitabı

 

8 şərh

ramzes

Öz qızlarını basdırana dahi demək gülüncdür, onun kimi dahim olduğu üçün utanıram.

2ral
Bu barədə ətraflı. Harda yazılıb bu?
ramzes
Elə şeylər yazılmır, amma maraqlansan məlumat əldə edə bilərsən.
papatürk
Xətainin beş qızı olub.Hamısı da şah qızı kimi yaşayıb.Hətta biri Şirvanşahın oğluna ərə verilib. Qızı basdırmaq isə cəfəngiyyatdır.
kerimovv
Nece yəni öz qızlarını anlamadım xaiş edirəm bu barədə dəqiq yazasız çünki men o şəxsi həmişə üstun tutmuşam
girl_moon

Mənim fikrimcə səhvsiz hökmdar olmayıb. Onun təxəllüsü barədə «Xəta» sözü bir tayfa adıdır deyənlər də var, amma Şah İsmayıl özü isə bu barədə bir gün belə deyir:" Mən doğulanda dünyaya yox, xətalar içinə gəlmişəm. Lakin həmişə mənə bir hikmətli səs deyir ki, bu xətaların hamısından çıxacaqsan. O xəta sözü taleyimdə yox, gələcək ləqəbimdə qalacaq."  Özü bir sıra müdriklərdən ,sərkərdələrdən, vəzirlərdən məsləhət alsa da, bununla bərabər onun da gözəl zəkası və fikirləri olmuşdur .Vahid hakimiyyət, dil uğrunda mübarizə cəsarət tələb edən bir iş idi. Bu baxımdan mən onu xüsusi qiymətləndirirəm. Heç ruslar 1-ci Pyotru bu qədər pisləmirlər, hansı ki, Puşkin yazırdı ki, onun fərmanlarının çoxu elə bil qələmlə yox, qamçı ilə yazılıb. Öz xalqını isə uşaq adlandıraraq deyirmiş:" Əgər onları məcbur etməsən əlifbanı da öyrənməzlər." Millətinin saqqalını qırxdırıb, geyimlərini başqa ölkələrin geyimləri ilə əvəz edib. Amma bir tərəfdən isə ölkəsinə çox xeyri dəyib. Hər kəsin öz metodu olub. hər halda mən ancaq yaxşı tərəfləri görmək istərdim. İndi düşündüyümüz əslində bu olmalıdır ki, görəsən biz tarixdən qalan, millətimizə hər zaman hava, su kimi vacib olan nələri qoruyub, saxlaya bilirik və biləcəyik.


Təşəkkürlər.

bloqçu
Xətai ləqəbi ilə bağlı mən belə şeitmişəm: İmamların dövründə baş verən qırğınlar vaxtı kafirlərin tərəfindən olan bir nəfər öz fikrini dəyişmiş və İmamların tərəfinə keçmiş və onlarla birlikdə çiyin-çiyinə verib döyüşürmüş. Belə ki, sonra o alnından vurulur və imam (dəqiq bilmədiyim üçün ad da qeyd eləmirəm) onun alnını öz şalı ilə bağlayır ki, qanı axıb getməsin. Rəvayətə görə onu basdırırlar, amma,  ölən vaxtından basdırılanacan guya nə zaman alnındakı şalı açsan qan axırmış. Onu guya elə o şalla da basdırırlar. Neçə-neçə illər sonra Şah İsmayıl da bu rəvayəti eşidir, amma, inanmır, bunu öz gözləri ilə görmək istəyir və qəbri açdırır və kəllədən şalı açanda görür ki, ordan hələ də qan fışqırır. Bu səbəbdən o qəbri açdırdığına, inanmadığına görə peşman olub, özünə Xətai ləqəbini götürübmüş.
girl_moon
Şah İsmayılın belə bir qəbr açdırması barədə "Çaldıran döyüşündə" yazılıb. Qəbrləri ziyarət edərkən ayrılıqda olan bir qəbrə baxır, bu Hürrün qəbri olur, fikirləşir ki, bəlkə heç burda meyit yoxdur, adları yalandan daşların üzərinə yazıblar .Ona görə hansınısa açıb baxmaq istəyir, Lələ istəmir ki, o  bunu etsin ,çünki dində günah sayılırdı. Deyilənə görə Lələ bilirdi ki, bunu İsmayıl həm də ona görə edir ki, adi insanla müqəddəs insan arasındakı fərqi görsün. Ona görə də belə deyir ki, guya İsmayıla bu yuxuda deyilib. Şah İsmayıl qəbrlərin olduğu yerdə ziyarətgah tikdirmək istəyirmiş.