Kiaksar

Elə xalq yoxdur ki, onun az-çox təcavüzkar qonşusu olmasın və qonşular arasında bu mübarizə o vaxta qədər davam edir ki, onların biri digərini ya əsarət altına alıb məhv və ya assimilyasiya olunca istismar edir, ya məhv edib ərazisinə sahib olur, ya da qüvvələr bərabər olub dinc şəkildə yaşamağa məcbur olurlar.
Qədim babalarımız midiyalılar əsrlər boyu aqressiv qonşuları olan aşşurların fasiləsiz hücumlarına məruz qalırdı. Əsrlər boyu vaxtaşırı Aşşur qoşunları bu və ya digər Midiya şəhər və kəndlərinə hücum edib evləri talayır, adamları əsir edib əllərini, başlarını kəsib aparır, insan kəllələrindən ehram düzəldirdilər.
Əsrlər boyu yağı düşmənlərin hücumu zamanı qadınlar və qocalar uşaqlarını götürüb meşələrə, dağlara qaçır, kişilər, cavanlar daldalanıb düşmənə zərbə vurur, yollarında pusqular qurub mümkün olduqca əvəz çıxmağa çalışırdılar.
Lakin qüvvələr qeyri-bərabər idi. Hər şəhər, hər kənd özünü müdafiə edir, bir-birlərinin köməyinə gəlmir, fəryadına səs vermirdilər.
Qərinələr, əsrlər boyu beləcə davam edirdi. Aşşurlar çox güclüydülər. Onların döyüş arabalarının sayı-hesabı yox idi. Aşşurlar yüzlərlə bu cür döyüş arabalarıyla hücuma keçir, qabaqlarına çıxan qiyamçı şəhər və kəndləri yer üzündən silib gedirdilər.
Lakin xalq sınmırdı, diz çökmürdü. Əksinə, bu mübarizələrdə bərkiyirdi. Keçilməz meşə və dağlarda məskən salan ulu babalarımız inad və dözüm məktəbindən keçirdilər.
İllər keçir, yağı düşmən eyni vaxtda bir neçə cəbhədə işğalçılıq müharibəsi apardığından get-gedə gücdən düşürdü.
İri, sivrigöz aşşurlar əsrlər boyu əsarət altında saxladıqları ölkələri, xüsusilə qızıl, qiymətli ağac və cins at ilxıları ilə zəngin olan Midiyanı heç cür əldən vermək istəmirdilər.

Nəhayət, eradan qabaq VIII əsr gəlib çatdı. Mübarizələrdə get-gedə bərkiyən Midiyada Deyok adlı müdrik bir ər doğuldu. O, hərc-mərclik və pərakəndəlik hökm sürən vətənini vahid bir paytaxt ətrafında birləşdirmək, xalqı ayrı-ayrı tayfalardan vahid, yekdil millətə çevirmək qərarına gəldi. Və uzun, inadı mübarizədən sonra məqsədinə çatdı.
Ölkənin mərkəzində böyük, gözəl, yeddiqat divarlı paytaxt saldırıb adını Ekbatan qoydu.
Budur, axır ki, VII əsrin ortalarında Midiyada azadlıq uğrunda qiyamlar başlandı. Midiyalıların azadlıq hərəkatından ruhlanan babilər də qiyama qalxdılar.
Aşşur hökmdarı Asarxaddon işi belə görüb tez başqa bir türk dilli xalq olan skiflərlə danışığa girdi. O bilirdi ki, cəngavər və döyüşkən skiflər midiyalılarla əlbir olsalar, onların qabağında durmaq olmaz. O, son ümid yeri olan bir vasitəyə əl atıb qızını skif şahına verdi və skiflərlə midiyalıların azadlıq mübarizələri arasına təfriqə saldı.
Nəticədə bütün Midiya deyil, onun iki böyük vilayəti istiqlaliyyət qazandı. Deyokdan sonra taxta çıxan Fraort Aşşurlarla təkbətək döyüşə girdi. Onları sıxışdırıb, paytaxtları Neynəvaya qədər qovdu. Lakin burada təsadüfi bir düşmən oxuna hədəf olub həlak oldu.

625-ci ildə Midiya taxtına qədim dünyanın ən böyük hökmdarlarından biri olan Kiaksar oturdu. Ağıllı, qüdrətli Kiaksar indiyə qədər qarmaqarışıq Midiya ordusunu ayrı-ayrı nizami korpuslara ayırıb mütəşəkkil ordu yaratdı. Bu, ölkə tarixində böyük dönüş idi.
616-cı ildə Babil hökmdarı Nabopalasar Aşşur üzərinə yeriyib Kablin yanında aşşurları əzdi. Lakin Kiaksar onları qabaqlayıb əvvəlcə Aşşur şəhərini alıb yerlə-yeksan etdi. Bütün aşşur zadəganları qılıncdan keçirildi. Nabopalasar gəlib çatanda artıq şəhərin yerində viranəlik gördü.
Qarşıda qədim, zəngin, lənətə gəlmiş «Aslanlar oylağı» — Neynəva dururdu. Kiaksarla Nabopalasar müqavilə bağlayıb Neynəvaya birgə hücum planı hazırladılar. Müqavilə möhkəm olsun deyə, Kiaksar öz gözəl qızı Amitidanı Nabopalasarın oğlu şahzadə Navuxodonosora verdi.
Böyük ingilis şairi Bayron «Sardanapal» adlı məşhur pyesində Assuriyanın son hökmdarının son günlərini böyük ehtirasla təsvir edir.

Kiaksarla Nabopalasar Neynəvanı güclü həmlə ilə almaq istədilər. Lakin məlum oldu ki, şəhər hədsiz möhkəmdir və onun həmlə ilə alınması çox çətindir. Buna görə müttəfiqlər böyük şəhəri mühasirəyə aldılar. Lakin «aşşur aslanı» öz yuvasında hələ güclü idi. Bu zaman iki hökmdar belə qərara gəldilər ki, Dəclə çayının suyunu çoxaldıb onu Neynəvaya yönəltsinlər. Belə də etdilər. Güclü axın şəhər divarlarını vurub dağıtdı. Qoşunlar şəhərə girdi və dünya tarixində intiqam adlanan və insan təbiətinə xas olan güclü ehtiraslardan birinə rəvac verildi.
Neynəvanın son gününün daha parlaq təsvirini Tövratda — «Naumun kitabı»nda oxuyuruq.
Yəhudi peyğəmbəri Naum o zaman bir çox başqa yəhudilər kimi Neynəvada sürgündə idi və o canlı şahid kimi bu böyük hadisəni qırıq-qırıq və sistemsiz olsa da özünə məxsus ehtirasla xəbərdarlıq, vəhy kimi təsirli Şəkildə təsvir edərək yazır:
 
«Budur ey Assur! Tanrı qərar verib; artıq heç kim sənin adını çağırmayacaq. Sənin Allahının evində bütlərini məhv edəcəyəm. Hamı sənə həqarətlə baxacaq.
Budur, dağlardan xoş müjdəsi gəlir. Şənlən, İuda, şənlən! Əhd-peymanın yerinə yetdi. Bədbəxtlik bir də sənin qapını döyməyəcək. O artıq məhv edildi.
Odur gəlir xilaskar! Onların al-qırmızıdır qalxanları! Döyüşçülər qan-qırmızı paltardadır. Döyüş arabalarının çarxlarından od saçılır. Nizələr meşələr kimidir.
Küçələrdən yel kimi şığıyan arabalar şimşək kimi parıldayır.
Darvazalar uçulur, saraylar dağılır, viran qalır kaşanələr!
Daşıyın! Qızıl, gümüş, ləl-cavahirat tükənməzdir bu şəhərdə.
Nooldu aslanlar yuvası? Körpə şirlər dəstə ilə çəmənlərdə gəzərdi.
Qanlı şəhər! Yalan ilə, riya ilə dolu olan, talan olur.
Qılıncların səsi gəlir, fırlanaraq arabalar guruldayır küçələrdə.
Odur döyüş arabaları, parıldayır tunc qılınclar.
Ölənlərin sayı yoxdur, hər tərəfdə meyitlərdir, qalaq-qalaq.
Zalımlığın, namərdliyin cəzasıdır bütün bunlar.
Tayfaların, ölkələrin qisasıdır.
Odur, odur, xalqın sənin arvad kimi. Hamı qaçır, hər şey yanır».

Qədim yəhudi peyğəmbəri Naum beş əsr qələbə bağırtılarından başqa heç nə eşitməyən Neynəvanın son gününü belə təsvir edir. Rəvayətə görə, son Aşşur hökmdarı Sardanapal şəhərin alındığını görəndə sarayına od vurub bütün əyanları və cariyələri ilə bərabər özünü yandırır.
Bayronun pyesi də həmin dramatik hadisənin təsviri ilə bitir.
Beləliklə, Midiya türkləri eradan əvvəl 612-ci ildə dahi sərkərdə və dövlət yaradıcısı Kiaksarın başçılığıyla həm özlərinin, həm də elamların intiqamını aldılar. Bundan sonra beş yüz minlik əhalisi olan möhtəşəm şəhər bir daha özünə gələ bilmədi və tədricən üstünü ot basıb adı tarixdən şilindi.
Paytaxt məhv ediləndən sonra başsız aşşurlar əsrlər boyu etdikləri zülmə görə heç kimdən aman görməyib dünyaya səpələndilər və bir neçə əsr sonra müstəqil bir etnos kimi də xəritələrdən silindilər.
 

1 şərh

istorik_c
Bir tarixçi kimi vicdanıma and olsun bu cür yalanlar görəndə özümü saxlaya bilmirəm. Birincisi Midiya türkləri deyilən bir xalq olmayıb. Bu qondarma söz birləşməsindən dərhal başa düşmək olur ki belə bir etnos mövcud olmamışdır. Hələ bir Kiaksarın adına fikir verin-adın sonunda sar hissəciyi İran dillərində baş və ya başçı mənasını verir. Əgər orijinala qalsa Kiaksarın əsl adı Hutvaxthaştra kimidir. Bunun harası türk olur? Üstəlik vikipediyada yanlış olaraq bu adı qədim fars dilində olduğu kimi göstərilir. Bunu görkəmli alimlər Miller, Dyakonov və digərləri sübut edirlər. Midiyada türk dilli xalqlar yaşamamışdır. Buna aid heç bir sübut yoxdur. Bizim Q.Qeybullayev kimi vicdansız alimlərimiz utanmadan Midiya adlarını hissəciklərə bölüb heç bir leksik qanuna əsaslanmadan türk dilinə uyğunlaşdırırlar. Bəsdirin də…