İkinci dünya müharibəsinin yekunları

İkinci dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə olmuşdur. Onun müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən eyni zamanda 8 milyondan - 12,8 milyona kimi insan, 84 mindən -,163 minə qədər top, 6,5 mindən - 18,3 minə kimi təyyarə iştirak etmişdi. Hərbi əməliyyatların əhatə etdiyi ərazi I dünya müharibəsindəkindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdi. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşmüşdü.
İkinci dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir. Bu, müharibədə nasist Almaniyanın, faşist İtaliyanın və onların müttəfiqlərinin məğlubiyyəti nəticəsində baş vermişdi. Dünyada iki sistem - burjua demokratik və sosializm sistemləri qalmışdı.
Müharibədən sonra dünyada çox ciddi geosiyasi və ictimai dəyişikliklər baş vermişdi. Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradılmış, sərhədlər yenidən qurulmuş, Mərkəzi və Cənub-Şərqi Avropanın bir çox ölkələri faşizmdən azad olduqdan sonra SSRİ-nin təsiri altına düşərək sovet modelli siyasi inkişaf yolunu götürmüşdülər, Asiyada, Afrikada və Latın Amerikası ölkələrində milli-azadlıq hərəkatı güclənmişdi.
Müharibə dövlətlərarası münasibətlərdə yeni mütənasiblik yaratmışdı: qalib və məğlub dövlətlər qrupu yaranmış, qalib dövlətlər sırasında ABŞ-ın və SSRİ-nin nüfuzu olmazın dərəcədə artmış, onlar dünyanın super dövlətlərinə çevrilmişdilər, İngiltərə və Fransanın dünyada rolu zəifləmişdi. Müharibədən sonra Almaniya, Vyetnam, Koreya parçalanmışdı.
İkinci dünya müharibəsindən sonra sülhə və təhlükəsizliyə xidmət edən kütləvi beynəlxalq təşkilat və qurumlar yaranmışdı. Onların arasında hələ müharibənin gedişində formalaşmış BMT müstəsna yer tuturdu.
İkinci dünya müharibəsinin ən başlıca yekunlarından biri də, onun dünya sivilizasiyasını məhv olmaqdan xilas etməsidir. O, dünya sivilizasiyasını yeni inkişaf yoluna yönəltdi, onun yeni mahiyyət alması üçün möhkəm zəmin verdi. Müharibə, həmçinin dünyanın müəyyən zaman kəsiyində 2 ictimai-siyasi dünya sisteminə parçalanması üçün şərait yaratdı. Sonradan SSRİ-nin, dünya sosializm sisteminin süqutu nəticəsində sözügedən parçalanma aradan qalxdı.
İkinci dünya müharibəsi dünya sivilizasiyasını qoruyub inkişaf etdirmək üçün çox mühüm dərslər vermişdir. Belə ki:

  • o, bəşəriyyətə böyük fəlakətlər gətirən müharibələrin mahiyyətini dərk etmək dərsini verdi;
  • o, xalqlara yeni dünya müharibəsinə, özü də dəhşətli kütləvi qırğın silahlarının mövcud olduğu indiki dövrdə yol verilməsinə imkan yaratmamaq dərsini verdi;
  • o, xalqlara dünya müharibəsinə yol verməməyin ən başlıca şərtinin bu təhlükəyə qarşı birləşməyin çox vacib olması dərsini verdi;
  • o, göstərdi ki, dünya müharibəsinə yol verməmək üçün ilk növbədə regional müharibələrin baş verməsinin
  • qarşısı alınmalıdır;
  • o, göstərdi ki, müharibənin qarşısını almağın ən önəmli yollarından biri də, müharibə əleyhinə təbliğatı gücləndirmək, bunun üçün möhkəm ideya-siyasi baza yaratmaqdır;
  • müharibənin qarşısını almağın ən mühüm şərtlərindən biri də, silahlanmaya son qoymağa, kütləvi qırğın silahlarını məhv etməyə və yenilərinin yaradılmasının qadağan edilməsinə nail olmaqdır.
 

0 şərh