Dünyada ilk hamam harada yaradılıb?

Hamam həmişə insanlar üçün rahatlıq, təmizlik, dirilik, sağlamlıq, mənəvi dincliyin, istirahətin, ruhun təzələndiyi məkan sayılıb. Tarixən insanların daim icra etdiyi rituallar-çimmək, su ilə yaxalanmaq fiziki təmizliyin başlıca şərtinə çevirilib. Hamam həm də bir mədəniyyətdir. Bu mədəniyyətinin tarixi isə çox-çox qədimlərdən başlayır.  

Qədim hamamlar
Müxtəlif xalqların folklorunda hamamla bağlı deyimlər, atalar sözləri, mahnılar, şeirlərin olması təsadüfi sayılmamalıdır. Dünyada ilk hamamın harada yaradıldığı barədə dəqiq və konkret məlumat yoxdur. Ayrı-ayrı mənbəələrdə hamamın yaradılması müxtəlif xalqların adı ilə bağlanılır. Amma əksər araşdırmalarda ilk hamamın yaradılması ideyasının Şərqə mənsub olduğu iddia olunur. Bəzi tarixi mənbəələrə görə, hamam mədəniyyəti qədim şumerlərdən başlayıb. Məsələn, tarixi qaynaqlardan birində şumer kralı Bilqamısun xususi bir yerdə su ilə yaxalanmasına dair məlumatlar var.

Suyu müqəddəs sayan qədim hindular da gunahlarını yumaq üçün axar suda yaxalanırmışlar. Ümumiyyətlə ayrı-ayrı xalqların tarixində qədimdə günahlardan qurtulmaq, saflaşmaq üçün suda yaxalanmaq rituallarının həyata keçirildiyi qeyd olunur. Ona görə də, qədimdə su ilə yaxalanmaq üçün istifadə olunan yerlər məbəd kimi müqəddəs məkan hesab olunub.

«Hamam» sözünün mənası «isitmək», «isti etmək» anlamını verir. Antik dövrlərdə yaşamış insanlara məlum olub ki, isti suda yaxalanmaq yorğunluğu çıxartmaqla yanaşı, bir çox xəstəliklərin qarşısını alır, əhval-ruhiyyəni qaldırır. Yəqin elə bu səbəbdən də qədimdə indi bizim «qeyzerlər» adlandırdığımız isti bulaqları ələ keçirmək uğrunda müharibələr aparılıb.

Suyun əbəs yerə həyat, dirilik və cavanlıq mənbəyi adlandırılması təsadüfi deyil.  Tarix qədim zamanlarda hunlar, Xəzər türkləri, yununlar, romalılar, yəhudilər, ərəblərin çimmək üçün hovuzlar tikdkiləri barədə məlumatlarla zəngindir.

Bəzi qaynaqlara görə, dünyada ilk örtülü ictimai hamam miladdan öncə, 2500-ci ildə tikilib. Yaxalanmaq üçün örtülü yerlərin tikilmə tarixi qədim Anadolu, Roma, Hindistan, Yunanıstan, Misirin adı ilə bağlanılır. Çox-çox sonralar hamamdan təkcə təmizlik məkanı kimi yox, həm də mədəni, ictimai, sağlamlıq məqsədilə istifadə ediblər. Bir çox xalqların tarixindən bəlli olur ki, dincəlmək, şəkil çəkmək, şeir yazmaq, yorğunluqdan xilas olmaq üçün də ən rahat yer kimi məhz ictimai hamamlar seçilirmiş. Bu gün dünyada ən məşhur hamamlar türk, fin, rus və yapon hamamları hesab olunur.  

Azərbaycan hamamları
Azərbaycan tarixinidə də hamamın özünə məxsus yeri var. Xalqımız hamamı həmişə mədəniyyət məkanı, sanitar və gigiyenik baxımdan təmizliyə qovuşmaq yeri hesab edib. Ölkəmizdə hamamdan həm də digər məqsədlər üçün, məsələn, məscidə getməzdən əvvəl qüsl və dəstəmaz alınması məqsədilə istifadə olunub.

Keçmişdə hamama getmək böyük bir mərasim idi. Orta əsrlərdən etibarən Azərbaycanda kişi ictimai hamamları ilə yanaşı, qadın hamamları da yaradılıb. O zamandan sonra evlənməzdən öncə izdivaca girənlərin hamama getməsi adət-ənənəyə çevirilib. Bəzi zamanlarda oğul evləndirmək istəyən analar qız bəyənmək üçün hamama gedirmişlər.

Azərbaycanın qədim hamamlarından bəziləri indi tarixi abidə kimi qorunub saxlanılır. 1603-cü ildə Gəncədə tikilən Çökək hamam buna misal ola bilər. Bu hamam orta əsr qanunlarına uyğun olaraq müsəlmanların pak olmaq, eyni zamanda müalicəvi əhəmiyyəti olan proseduralar gəbul edilən bir yer idi. Hamamın quruluşu maraqlıdır. Onun «Çökək hamam» adlandırılması texniki quruluşdan irəli gəlir. Suyun təzyiqini təmin etmək üçün bu hamamı çökəkdə inşa ediblər, tikilinin  altında olan zırzəmi isə qızdırıcı soba rolunu oynayır. Belə ki, su qızdırılan zaman qazanın altında yandırılan odunun tüstüsü zirzəmiyə yönəldilir, buxar vasitəsi ilə, hamamın altının və divarlarının qızdırılmasını təmin edilirdi. Digər tərəfdən isti suyun özünü də kirəmit borularla divarın içərisindən dolanma yolllarla istifadə nöqtəsinə çatdırırmışlar.

1886-cı ilə Bakıda inşa olunan və bu gün də istifadə edilən «Təzəbəy hamamı» tarixi memarlıq kompleklərindən biridir. Bura köhnə Bakının əsas kişi hamamlarından biri olub. Sütunları və günbəzi olan qədim hamamlarda adətən bir neçə hücrələr inşa edilib. Həmin otaqlar ayrı-ayrılıqda paltarların soyunması, onların saxlanılması, çimməyə xidmət edib.

Vaxtilə Azərbaycan hamamlarında mövcud olan xidmətlərin arasında çimməkdən əlavə ətirli yağlardan istifadə etməklə massaj da vardı. Bunun üçün hamamlarda bir neçə masajçı çalışırdı. Masaj fiziki və psixoloji yorğunluğu aradan qaldırır və qan dövranını yaxşılaşdırır. Hamamlarda insanların saçını kəsən, onlara xına, vəsmə və başqa təbii boyalar qoyan bərbərlər çalışırdı. Çiməndən və massaj aldıqdan sonra insanlar xüsusi otaqda dincələ bilərdilər. Burada onlara ətirli bitkilərlə dəmlənmiş çay təklif olunurdu. Qədim hamamların içində bir neçə otaq və hovuz yerləşir. Sanitar və gigiyenik funksiyalarıyla yanaşı Azərbaycan hamamları məhəllə sakinlərinin toplaşıb yeni xəbərləri müzakirə etdikləri, boş vaxtlarını keçirdikləri, qadanların dedi-qodu və qeybətlə məşğul olduğu yer idi.

Müəllif:Adəm Qorxmaz-modern.az
 

1 şərh

ElcinHesenov
maraqlıdır təşəküürlər