Gərəkməz qəzəli

Gərəkməz

Mana sənsiz cahanu can gərəkməz,
Vüsalın var ikən hicranın gərəkməz.

Ləbi-ləlin zülal abindən ayru,
Şərabi-çeşmeyi-heyvan gərəkməz.

Qəmindir könlümün təxtində sultan,
Bir iqlimə iki sultan gərəkməz.

Yetər dərdin dəva müştaqə, neçün,
Ki, dərdin bilənə dərman gərəkməz.

Gülüstanın gülü sənsiz tikandır,
Mana sənsiz gülü reyhan gərəkməz.

Gəl, ey aşiqlərin rizvani hüsnün,
Ki, sənsiz aşiqə rizvan gərəkməz.

İki aləmdə didarından özgə,
Mana, ey sürəti-rəhman, gərəkməz.

Vüsalın şərbətin içən mühibbə,
Fəqanın ağusu çəndən gərəkməz.

Mana səbr eyləmək sənsiz, nigara,
Əgər müşkil, əgər asan gərəkməz.

Əzəldə qılmışam eşqinlə peyman,
Bütün peyman, sınıq peyman gərəkməz.

Kəsilməz gərçi vəslindən Nəsimi,
Gözündən olduğun pünhan gərəkməz.


Kitab: İmadəddin Nəsimi
Mən bu cahana sığmazam.

3 şərh

ramzes
Təşəkkürlər. O, yalnız şair deyil, həm də dövrünün baş bilənlərindən olub.
Arzt
Onun qəzəllərini oxuduqca adam özünü başqa bir aləmdə hiss edir.
Raskolnikov
Şeir hal-hazır ki dilimizə görə çox qəlizdir. Amma bəzi misralardan bu şeirin Allahın tərifiylə bağlı olduğunu anlamaq olur. Məsələn «Mana sənsiz cahanu can gərəkməz, Vüsalın var ikən hicranın gərəkməz», «Bir iqlimə iki sultan gərəkməz» və ya "İki aləmdə didarından özgə, Mana, ey sürəti-rəhman, gərəkməz"