Uşaqda immunitetin zəifləməsinin əlamətləri və səbəbləri

Bəzi uşaqlar az-az hallarda xəstələnir və xəstələndikdən sonra da sağlamlıqlarını tez bir zamanda bərpa edirlər. Digərləri isə asanlıqla bir xəstəlikdən digərinə “keçir” və bunun sonu görünmür.

Bunun səbəbi isə uşaq immunitetinin vəziyyətindən asılıdır. Doğulduğu ilk günlərdən uşağın immunitetinin qayğısına qalmaq valideynlərin əsas vəzifələrindən biridir. Uşağın həyatının nə qədər sağlam və tam dəyərli şəkildə keçməsi bir çox hallarda məhz onun immunitetinin vəziyyətindən asılı olur.

Kiçik yaşlı uşaqlarda immunitetin zəifləməsinin əlamətləri bunlardır:

— Uşaq soyuqdəymə və infeksion xəstəliklərə (KRVX — kəskin respirator virus xəstəliyi, qrip) il ərzində 5 dəfədən artıq tutulur.

— Bu xəstəliklərin uşaqda hərarətin qalxmadan keçməsi mənfi əlamətdir. Bu, immun sisteminin fəaliyyətində ciddi pozulmaların olmasını sübut edir. Bu halda immun sistemi o qədər zəifləmiş olur ki, bakteriya və viruslara qarşı ciddi şəkildə müqavimət göstərə bilmir.

— Uşaq hətta adi soyuqdəymələri də ağır keçirir və bu zaman bir çox fəsadlar (otit, bronxit, tonzillit və s.) yaranmış olur.

— Uşaq orqanizmi aparılan müalicəyə zəif reaksiya verir, onda xəstəlik digər uşaqlara nisbətən daha uzun müddət davam edir, xəstəlikdən sonra bərpa prosesi isə çox ləng və ağır keçir.

— Uşağın boyun, qoltuqaltı və s. limfa vəziləri tez-tez böyümüş olur. Əllənərkən bu vəzilər yumşaq, tamamilə ağrısız olur.

— İmmuniteti aşağı olan uşaqların bir qismində, bir çox hallarda dalaq xeyli böyümüş olur.

— Uşaqda göbələk infeksiyaları tez-tez baş verir.

— Uşaqda bir sıra qidalara və dərmanlara qarşı allergiyanın olması da onun immunitetinin zəifləməsindən xəbər verir.

— Uşaq tez yorulur, hər zaman yatmağa meyilli olur.

— İmmunitetin zəifləməsinin əlamətlərindən biri də disbakteriozun olmasıdır. Disbakterioz iştahanın azalması, qarında qurultunun olması, uşaqda çoxlu qaz xaric olması, qəbizlik, ishal kimi əlamətlərin olması və bədən çəkisinin azalması ilə xarakterizə olunur.

Uşaqda immunitetin zəifləməsinin ilkin əlamətləri qeyd olunan kimi, valideynlərin vəzifəsi tez bir zamanda uşağı həkim-immunoloq və ya sahə pediatrına göstərməkdən ibarətdir. Bu problemləri özbaşına həll etməyə cəhd etməyin!
 

Uşaq immunitetinin zəifləməsinin səbəbləri aşağıdakılar ola bilər:

— vaxtından qabaq doğuş və ya uşaqda doğuş travmasının olması;

— anada hamiləlik dövründə olan problemlər (toksikozlar və s.);

— genetik meyilliliyin olması (yaxın qohumlarda immunitetin aşağı olması hallarına təsadüf edilməsi);

— uşağın ana südü ilə çox qısa bir müddət ərzində (6 aya qədər) əmizdirilməsi;

— uşağın qidalanmasına ana südü və ya süni süddən savayı, digər qidaların (sıyıq, püre, şirə və s.) vaxtından tez, çox gec və ya düzgün olmayan qaydada əlavə olunması;

— balanslaşdırılmamış qidalanma (vitaminlərin, mikroelementlərin çatışmazlığı);

— mədə-bağırsaq sisteminin, böyrəklərin, qara ciyərin, qalxanvari vəzinin xəstəlikləri;

— bağırsaqlarda qurdların, lyamblilərin olması;

— xroniki infeksiya ocaqlarının (xroniki tonzillit, otit, haymorit, kariesli dişlər) olması;

— xəstəliklər zamanı antibiotiklərdən, hərarəti salan və s. dərmanlardan əsassız şəkildə tez-tez istifadə olunması.

Mənbə: saglamolun.az 

0 şərh