Alkoqol DNT zədələnməsinə səbəb olur

Alkoqol istifadəsi ilə DNT zədələnməsi və xərçəng riskinin artması arasında bağlantı ola biləcəyini göstərən bir çox araşdırmalar vardır. İngiltərə elm adamları bu əlaqənin səbəbinin nə ola biləcəyinə dair yeni bir açıqlama verdilər.

Siçovullar üzerində aparılan tədqiqatda, alimlər alkoqolun qan istehsal edən kök hüceyrələrdəki DNT-yə zərər verdiyini müəyyən etdilər. Bu zədələnməyə səbəb olan şey isə alkoqol metabolizasiya etmə prosesində bir əlavə məhsul olan və asetaldehit adlanan kimyəvi bir birləşmədir.

Asetaldehit parçalanmazsa, ya da başqa sözlə orqanizm həddən artıq çox alkoqol qəbul edərsə asetaldehit hüceyrələrdə toplanır. Kembric Universiteti “MRC Molekulyar Biyoloji Laboratoriya”sının tədqiqatçılarına görə bu hal xüsusilə DNT-də ciddi zədələnməyə səbəb ola bilir. 

Alkoqolun insan vücuduna necə zərər verdiyi mövzusu olduqca mübahisəlidir. Bu yeni araşdırma ilə bir alkoqol metabolitinin toxuma istehsalında rolu olan kök hüceyrələr də daxil DNT zədələnməsinə səbəb olduğu istiqamətində əsaslı dəlillər təqdim olunur.Əvvəlki araşdırmalarda da asetaldehidin DNT-yə zərər verdiyi kəşf edilmişdi. 

Ancaq bu təcrübələr canlı bir vücudda deyil, qablarda yerləşdirilmiş hüceyrələrdə reallaşdırılmışdır. Canlı bir orqanizmin istifadə edildiyi təcrübələrdə elm adamları vücudun reaksiyasını müşahidə etmək fürsətinə sahib olurlar. Siçovulların istifadə edildiyi bu təcrübə alkoqolun səbəb olduğu zədələnmənin necə ortaya çıxdığını anlamaqda çox önəmlidir. Təcrübədə siçovullara seyrəkləşdirilmiş alkoqol və ya etanol verildi. Daha sonra tədqiqatçılar, genetik zədələnməni ölçmək üçün xromosom analizi və DNT sıralanmasını istifadə etdilər. Alınan nəticələrə görə asetaldehit hüceyrələrdəki DNT-də zədələnməyə səbəb ola bilir və ikili sarmal qırılmalara yol açaraq qalıcı dəyişikliklərin olmasını təmin edir.

Alimlər təcürbələrdə qan kök hüceyrələrindən istifadə etdilər, çünki DNT analizi üçün asanlıqla nüsxələnə bilən bu hüceyrələr eyni zamanda genetik zədələnməni bədənə yaya bilirlər.

Vücudumuzda, asetaldehitə qarşı asetaldehid dehidrogenazlar(dehydrogenases) (ALDH) adı verilən ferment qrupu müdafiə vəzifəsini icra edir. Bu müdafiə sistemi düzgün fəaliyyət göstərəndə asetaldehit, enerji üçün istifadə oluna biləcək asetata çevrilərək zərərsiz hala gəlir. Asetaldehitin toplanmasının hüceyrələrə necə təsir etdiyini görmək üçün tədqiqatçılar qan hüceyrələrində ALDH2 istehsalına əngəl olan bir mutasiyaya sahib genetikası dəyişdirilmiş siçovulları istifadə etdilər. Nəticələr bu hüceyrələrdə böyük miqdarda DNT zədəsinin olduğunu göstərdi. DNT bitləri silindi, qırıldı və hətta xromosom parçalarının yenidən düzənləndiyi müşahidə edildi. ALDH2 istehsal etməyən siçovullar, normal ALDH2 istehsal edən siçovulların sahib olduğu hüceyrə zədələnməsinin 4 qatına sahib idi.

Vücudumuzun digər bir müdafiə sistemi də DNT zədəsini düzəltmək üçün işləyən bir təmir sistemidir. Lakin bəzi insanlar, ALDH müdafiəsindən və təmir sistemindən birinin və ya hər ikisinin də fəaliyyət göstərmədiyi mutasiyalara sahibdirlər. Məsələn, Asiyada yaşayan təqribən 540 milyon insan ALDH2 genində mutasiyaya sahibdir. Bu vəziyyət, bu insanların asetaldehit müdafiə sisteminin işləyə bilmədiyi mənasına gəlir. Alimlərə görə, bu mutasiyaya sahib insanlarda qida borusu xərçəngi riski çox böyükdür. Alkoqolun vücud tərəfindən faydalı şəkildə qəbul edilməməsinin, DNT zədəsinə və xərçəng riskini artıracaq bir amil olduğunu deyə bilərik. Ancaq alkoqol təmizləmə və DNT təmir sistemlərinin mükəmməl olmadığının və müdafiə mexanizmaları pozulmamış insanlarda belə alkoqolun DNT zədələnməsinə və xərçəngə səbəb ola biləcəyini yadda saxlamaq lazımdır.

Müəllif: Şıxı Əyyubov
Redaktə: Aytac Şirinova
 

0 şərh