Qızılca

QızılcaBu kəskin infeksion xəstəliyi qızılca virusu törədir. İnfeksiya xəstə insandan hava-damcı yolu ilə (asqırarkən, öskürərkən) digər insanlara keçir. Virus çox uçucu və davamlı olub uzaq məsafələrə yayıla bilər.

İstənilən yaşda olan uşaqlar və böyüklər bu xəstəliyə yoluxa bilərlər.

Xəstəlik hərarətin yüksəlməsi ilə başlayır, uşaq əzgin, zəifləmiş olur, burundan xeyli miqdarda əvvəlcə selikli, daha sonra selikli-irinli ifrazat xaric olur, xırıltılı səs, öskürək qeyd edilir. Gözlər qızarır, işıqdanqorxma, gözün tez-tez yaşarması baş verir.

Xəstəliyin 2-3-cü günü praktik olaraq bütün bədən xırda qırmızımtıl səpgilərlə örtülür. Xəstəliyin 4-5-ci günü səpgilər qəhvəyi rəng alır. Qızılca zamanı müxtəlif fəsadlar da (pnevmoniya, otit, enterokolit) baş verə bilər. Qızılca xəstəliyindən ölüm halları da baş verə bilir (xoşbəxtlikdən çox nadir hallarda — əksərən kiçik yaşlı körpələrdə).

Qızılca xəstəliyinin müalicəsi əsasən ev şəraitində aparılır. Xəstəxanaya ancaq kiçik yaşlı uşaqları yerləşdirirlər (fəsad vermək qorxusu olduğundan). Uşağın olduğu otaq mütəmadi olaraq nəm əsgi ilə silinməli, havası tez-tez dəyişdirilməlidir. Otağa işıq düşməsini maksimal şəkildə məhdudlaşdırmaq lazımdır. Uşağın əl-üzünü tez-tez yumaq, gündə 1-2 dəfə gözlərini yumaq, hər qida qəbulundan sonra isə ağızı yaxalamaq (stomatitin profilaktikası üçün) lazımdır.

Xəstə uşağın qidası ilıq, yumşaq şəkildə olmalı, ona mümkün qədər çox miqdarda mayelər (şirələr, üzüm və itburnu dəmləmələri, ilıq süd, limonlu və ballı çay) vermək lazımdır. Antibiotiklər əsasən 3 yaşınadək olan uşaqlara (həmçinin fəsadlaşmış hallarda) təyin edilir.

Xəstəlik keçirildikdən sonra orqanizmdə ömürlük immunitet formalaşır.

Digər infeksion xəstəliklər kimi, qızılca xəstəliyindən də qorunmağın ən yaxşı yolu müvafiq peyvəndin edilməsindən ibarətdir.

0 şərh