Beynəlxalq hüququn subyektləri

Beynəlxalq hüquqdan irəli gələn hüquq və vəzifələri daşımaq və onları həyata keçirmək qabiliyyətinə malik olan quruma (bəzi hallarda-şəxsə) beynəlxalq hüququn subyekti deyilir. Beynəlxalq-hüquqi subyektliyin əsas ünsürləri aşağıdakılardır:

  • beynəlxalq hüquqdan irəli gələn bütün və ya bəzi vəzifələri daşımaq;
  • beynəlxalq hüquqdan irəli gələn hüquqların bərpası məqsədilə beynəlxalq (və ya dövlətdaxili) məhkəmə qarşısında iddia qaldırmaq hüququ;
  • beynəlxalq-hüquqi normalar yaratmaq səlahiyyəti;
  • digər dövlətlərin məhkəmələrinin yurisdiksiyasından tam və ya qismən imunitetə malik olmaq.

Beynəlxalq-hüquqi subyektliyin bu ünsürləri bütövlükdə yalnız dövlətlərə və müəyyən beynəlxalq təşkilatlara (məsələn, BMT) məxsusdur. Beynəlxalq hüququn digər  subyektləri isə, aşağıda göstərəcəyimiz kimi, bu hüquqi keyfiyyətlrdən bəzilərinə malikdir və ya onların hamısından cüzi istifadə edə bilər.
Beynəlxalq-hüquqi subyektliyin əldə olunma qaydasına görə iki növünü göstərmək olar:

  1. ilkin subyektlik; Bu, yalnız dövlətlərə məxsusdur, çünki dövlət ipso facto beynəlxalq hüququn subyektidir.
  2. törəmə subyektlik. Müəyyən qurumlarda və ya şəxslərdə beynəlxalq-hüquqi subyektlik yalnız dövlətlərin bu keyfiyyəti ona verməsindən və ya tanımasından sonra ortaya çıxır.
    Məsəln, beynəlxalq təşkilatlar dövlətlər tərəfindən yaradılır; fərdlərin və ya trasmilli korporasiyaların beynəlxalq hüquq münasibətlərində iştirakı dövlətlərin iradəsindən, daha doğrusu, dövlətlərin müvafiq beynəlxalq sazişlərdə onlar üçün belə bir imkan nəzərdə tutmasından asılıdır. Belə ki, hər hansı bir qurum əgər dövlətdirsə, deməli, o, beynəlxalq-hüquqi subyektliyə malikdir. Lakin fərd və ya kompaniya özü-özlüyündə beynəlxalq hüququn subyekti sayılmlr.

Dövlətlər

Əvvəllər qeyd edildiyi kimi, beynəlxalq hüquq dövlətlər arsındakı münasibətləri nizama salan hüquqi normalar sistemi kimi başa düşülür. Bunun nəticəsində dövlətlər beynəlxalq hüququn subyektləri içərisində ən əsası və ən mühümü kimi çıxış edir. Dövlətlər ilkin və universal beynəlxalq-hüquqi subyektliyə malikdirlər.
Qeyd etmək lazımdır ki, yalnız dövlətlər: a) Birləşmiş Millətlər Təşkilatına üzv ola bilər (BMT Nizamnaməsinin 4-cü maddəsi); b) BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası qarşısında beynəlxalq mübahisə ilə bağlı məsələ qaldıra bilər (BMT Nizamnaməsinin 35-ci maddəsinin 2-ci bəndi); BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərəf ola bilər (BMT Nizamnaməsinin 93-cü maddəsinin 2-ci bəndi).
Bəs hansı quruma dövlət demək olar? Beynəlxalq hüquqa görə dövlətin hansı meyarları vardır? 1933-cü ildə bağlanmış Dövlətlərin hüquq və vəzifələri haqqında Montevideo Konvensiyası bu suala cavab verir (aşağıdakı müddəalar hal-hazırda beynəlxalq hüquq elmində və praktikasında geniş qəbul edilmişdir). Konvensiyanın 1-ci maddəsində deyilir: “Beynəlxalq-hüquqi şəxs kimi dövlət aşağıdakı meyarlara malik olmalıdır: a) daimi əhali; b) müəyyən ərazi; v) hökumət; q) başqa dövlətlərlə əlaqələrə girmək qabiliyyəti”.       
Daimi əhali o demək deyil ki, ərazidən kənara adamların miqrasiyası olmur və ya hər hansı ərazidə yaşayan adamların dəqiq müəyyən olunmuş sayı olmalıdır. Hər halda bu meyar müəyyən adamlar qrupunun konkret bir əraziyə müəyyən bağlılığını tələb edir.
Məsələn, BMT Beynəlxalq Məhkəməsi Qərbi Sahara işi üzrə verdiyi məsləhət xarakterli rəyində qeyd etmişdi ki, Qərbi Saharanın ərazisi torpaq sərhədlərinə məhəl qoymadan sərhədi o tərəf-bu tərəfə keçən köçəri tayfalarla məskunlaşmışdır: lakin həmin köçəri tayfaların bu ərazi ilə əlaqəsi elədir ki, onlar ümumənQərbi Saharanın ”əhalisi” kimi nəzərdən keçirilə bələr.
Müəyyən ərazi. Hər bir qurumun dövlət kimi fiziki mövcudluğu və fəaliyyət göstərməsi üçün o, onu qonşu dövlətlərdən ayıran müəyyən əraziyə malik olmalıdır. Bu yenə də o demək deyildir ki, ərazinin ölçüləri və sərhədlərlə bağlı tam müəyyənlik olmalıdır. Hazırda dövlətlər arasında xeyli sayda sərhəd mübahisələri mövcuddur, lakin bu, onların dövlətçiliyinə heç cür xələl gətirmir.
Hökumət. Dövlətin fiziki mövcudluğu üçün ərazi, siyasi-hüquqi mövcudluğu üçün hakimiyyət mexanizmi olmalıdır. Söhbət burada dövlətin beynəlxalq hüquq və vəzifələrinə görə məsuliyyət daşıyan hökumətdən (geniş mənada) gedir. Başqa sözlə desək, dövlətin olması üçün,hər hansı bir qurumun dövlət kimi nəzərdən keçirilməsi üçün müəyyən ərazi çərçivəsində olan daimi əhali üzərində nəzarət həyata keçirən hakimiyyət aparatının olması zəruridir. Lakin qeyd edilməlidir ki, artıq mövcud olan dövlətin öz effektiv hökumətini itirməsi və ya iki hökumətə malik olması (1980-cı illərdə Livanda, 1990-cı illərdə Sudanda və Əfqanıstanda olduğu kimi) onun öz dövlətçiliyini itirməsi demək deyildir.
Hüquqi münasibətlərə girmək qabiliyyəti. Bu meyar hüquqi müstəqilliyin ön plana çəkilməsini tələb edir. Başqa dövlətin qanuni suveren hakimiyyəti olan ərazi ”dövlət” sayıla bilməz. Məsələn, məlum olduğu kimi, Honq Konq çox yüksək faktik muxtariyyətə malikdir, lakin Çinin suverenliyi altında olduğuna görə (1997-ci ilin iyulun 1-dən) dövlət deyildir. Digər tərəfdən, bəzi dövlətlərin başqa dövlətdən siyasi və ya maliyyə baxımından asılılığı, məsələn, Mərkəzi Amerika ölkələrinin ABŞ-dan, MDB ölkələrinin Rusiyadan faktik asılılığı bu ölkələrin suveren dövlət olmasına xələl gətirmir.

Dövlətəbənzər qurumlar

Dövlətəbənzər qurumlar müəyyən həcmdə beynəlxalq-hüquqi subyektliyə malik olur. Onların öz ərazisi, vətəndaşlığı, hakimiyyət orqanlarə olur  və bir sıra beynəlxalq müqavilələrdə iştirak edirlər.
Bu qurumlara azad şəhərləri və Vatikanı misal göstərmək olar.
XIX-XX əsrlərdə Krakov, Dansiq və Triyest kimi azad şəhərlər olmuşdur.
Azad şəhərlərin beynəlxalq-hüquqi subyektliyi beynəlxalq müqavilələr və bu şəhərlərin konstitusiyaları ilə müəyyən olunurdu. Onlar tam özünüidarəyə malik deyildi. Azad şəhərlərin sakinləri üçün xüsusi vətəndaşlıq tətbiq olunurdu. Onlardan bəziləri beynəlxalq müqavilələr bağlamaq və beynəlxalq təşkilatlara daxil olmaq hüququna malik idi. Azad şəhərlərin ən mühüm xüsusiyyətlərindən biri onların hərbsizləşdirilməsi və neytrallaşdırılmasıdır.
Vatikanın beynəlxalq – hüquqi statusu 1929-cu ildə papa nümayəndəsi ilə İtaliya hökuməti arasında bağlanmış və 1984-cü ildə yenidən baxılmış Lateran müqaviləsi ilə müəyyən olunmuşdur. Zahirən o, dövlətin, demək olar ki, bütün atributlarına – kiçik əraziyə, hakimiyyət orqanlarına və s. malikdir. Lakin Roma şəhərində yerləşən Vatikanın əhalisi haqqında şərti dnışmaq olar: burada yalnız katoliq kilsəsinin işləri ilə məşğul olan vəzifəli şəxsləri yaşayır. Vatikana sosial mənada dövlət kimi baxmaq olmaz; o, əslində katoliq kilsəsinin inzibati mərkəzidir. Bununla belə, Vatikan bir çox dövlətlərlə rəsmi əlaqələr saxlayır, bu ölkələrdə öz daimi nümayəndəliklərini təsis edir. Vatikanın nümayəndə heyəti beynəlxalq təşkilatların və konfransların işində iştirak edir. O, bir sıra beynəlxalq təşkilatların (MAQATE, Beynəlxalq elektron rabitəsi ittifaqı, Ümumdünya poçt ittifaqı və s.) üzvüdür, BMT, YUNESKO, FAO və digər təşkilatlar yanında daimi müşahidəçiləri vardır.

Beynəlxalq təşkilatlar

Beynəlxlq təşkilalarən əlamətləri, təşkili və fəaliyyətinin hüquqi əsasları haqqında qabaqda ətraflı bəhs ediləcəkdir. Aşağıda isə beynəlxalq təşkilatların beynəlxalq-hüquqi subyektliyinin izahı ilə kifayətlənəciyik.
Öz nizamnamə məqsəd və vəzifələrini yerinə yetirmək üçün beynəlxalq təşkilatlar bu və ya digər dərəcədə beynəlxalq-hüquqi subyektliyə malik olmalıdır. Lakin beynəlxalq təşkilatların beynəlxalq-hüquqi subyektliyi müəyyən xüsysiyyətlərə malikdir. Belə ki:

  • onlar beynəlxalq-hüquqi subyektliyi törəmə xarakteri daşıyır (beynəlxalq təşkilatlar dövlətlər tərəfindən yaradılır);
  • bu subyektlik spesifik xarakter daşıyır (beynəlxalq təşkilatların subyektliyi onun məqsəd və vəzifələri ilə şərtlənir):
  • beynəlxalq təşkilatların və onların vəzifəli şəxslərinin (baş katib və müavinlərindən başqa) imtiyaz və immunitetləri diplomatik deyil, funksional xarakter daşıyır;
  • beynəlxalq təşkilatlar BMT Beynəlxalq Məhkəməsində iş üzrə tərif ol bilməzlər;
  • beynəlxalq təşkilatda nümayəndəlik birtərəfli xarakter daşıyır.

Təşkilatın məqsədlərindən və fəaliyyət istiqamətlərindən, onun təsis aktının (“konstitusiya”sının) şərtlərindən asılı olaraq, beynəlxalq-hüquqi subyektli-yin dərəcəsi müxtəlif ola bilər. Bu mənada Birləşmiş Millətlər Təkilatının beynəlxalq hüquqi subyektliyinin həcmi digər təşkilatlarda, məsələn, Ümumdünya Səhiyyə Təşkilatında olduğundan xeyli genişdir.
Beynəlxalq təşkilatlar dövlətlərə və başqa beynəlxalq təşkilatlarla müqavilələr bağlaya bilər, zərərin ödənilməsi barədə iddialar qaldıra bilər, milli yurisdiksiyalardan immunitetlərə malikdir.
Zərərin ödənilməsi haqqında işdə BMT-nin Beynəlxalq Məhkəməsi qeyd etmişdi ki, öz funksiyalarını səmərəli həyata keçirmək üçün BMT-yə beynəlxalq-hüquqi subyektlik zəruridir. Bu ideya Beynəlxalq Məhkəmə tərəfindən digər işdə — Birləşmiş Millətlər imtiyaz və immunitetləri haqqında Konvensiyanın 6-cı maddəsinin tətbiq olunması haqqında məsləhət xarakterli rəydə bir daha bəyan edilmişdi. Bu işdə BMT-nin işçisinin ona qarşı hətta öz hökuməti tərəfindən görülən tədbirlə bağlı immuniteti təsdiq olunmuşdur.

Fərdlərin beynəlxalq-hüquqi subyektliyi

Fərdin beynəlxalq-hüquqi subyektliyi haqqında məsələ beynəlxalq hüquq elmində birmənalı həll olunmayan məsələlərdən biridir. Lakin əksər alimlərin mövqeyinə və müasir beynəlxalq təcrübəyə istinad edərək fərdin məhdud beynəlxalq-hüquqi subyektliyə malik olması barədə nəticə çıxarmaq olar. Məhdud beynəlxalq hüquqi subyeklik o deməkdir ki,
— fərd beynəlxalq hüquq normalarının yaradılmasında iştirak etmir;
— fərdin beynəlxalq-hüquqi subyektliyi bütünlüklə dövlətlərin razılığından asılıdır;
— birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır;
— əsas etibarilə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən beynəlxalq sazişlərdə nəzərdə tutulmuş qaydada və həcmdə beynəlxalq instansiyalar qarşısında bu pozuntunu törətmiş dövlətə qarşı iddia qaldıra bilər.
Fərdin beynəlxalq hüququn subyekti kimi çıxış etməsinə başlıca dəlillərdən biri ondan ibarətdir ki, müəyyən beynəlxalq cinayətlərin törədilməsinə görə (təcavüz, genosid, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və s.) fiziki şəxslər birbaşa beynəlxalq hüquq normaları əsasında, dövlətdaxili hüququn bu əməli kriminallaşdırmaması faktından asılı olmayaraq, məsuilyyətə cəlb oluna bilər. Fərdin birbaşa beynəlxalq hüquqdan irəli gələn vəzifələr daşıması prinsipi bir sıra beynəlxalq sənədlərdə, o cümlədən Nürnberq, Tokio, Yuqoslaviya və Ruanda beynəlxalq tribunalların Nizamnamə və hökümlərində, Beynəlxalq cinayət məhkəməsinin Nizamnaməsində, BMT Təhlükəsizlik Şurasının 674 saylı qətnaməsində (burada İraq liderlərinin Küveytin işğalı zamanı törətdikləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə şəxsi məsuliyyət daşıdığı bəyan olmuşdu) və b.təsbit olmuşdur. Yuxarıda göstərilmiş bu prinsip beynəlxalq adət norması kimi tanınmışdır və öz mənbəyini hələ klassik beynəlxalq hüquqda dəniz quldurlarının hostis humani generis (bütün bəşəriyyətin düşməni) kimi nəzərdən keçirilməsindən götürür.
Yuxarıda biz qeyd etmişdik ki, yalnız dövlətlər beynəlxalq məhkəmələr qarşısında prosesual hüquq qabiliyyətinə malikdir. Lakin bəzi, xüsusi müəyyən olunmuş hallarda bu hüquqlar fərdlərə də verilir. Bu o deməkdir ki, belə halda fərdin öz adından beynəlxalq məhkəmə orqanı qarşısında dayanmaq və hətta məhkəmə icraatını başlamaq hüququ olur. Məsələn, Avropa İnsan hüquqları Konvensiyası (34-cü maddədə) və Avropa İkdisadi Birliyi haqqında müqavilə (173-cü maddə) ilə, müvafiq olaraq, Avropa insan hüquqları məhkəməsi qarşısında və Avropa Məhkəməsi qarşısında şəxsin bilavəsitə prosesi başlamaq və prosesdə müstəqil tərəf (iddiaçı) kimi iştirak etmək hüququ təsbit edilmişdir.

Transmilli korporasiyalar

Dövlətlər öz ticarət və maliyyə münasibətlərini təkcə başqa dövlətlərlə və ya müvafiq beynəlxalq hökumətlərarası təşkilatlarla deyil, habelə iri xarici kompaniyalarla da qururlar. Bu cür münasibətlər, bir qayda olaraq, bir və ya bir neçə dövlətin daxili qanunvericiliyi ilə nizama salınır. Dövlətin hər hansı bir xarici konpaniya ilə, o cümlədən xarici korporasiya ilə əlaqəyə girməsi faktı özü-özlüyündə axırıncıya beynəlxalq-hüquqi subyektlik vermir. Beynəlxalq-hüquqi subyektlik o zaman mövcuddur ki, münasibət beynəlxalq hüquqla nizama salınır. Lakin dövltlə xarici korporasiya arasındakı müqavilə münasibətinin beynəlxalq hüquqla nizama salınması mümkün haldır. Məsələn, Azərbaycan Respublikasının xarici neft şirkətləri ilə bağlasığı məlum müqavilələr “beynəlxalq xarakter” almış, müqavilələrin özündə göstərildiyi kimi, Azərbaycanın qanunvericiliyindən üstün qüvvəyə malik olan kontraktlardır.
Bundan əlavə, dövlətlər razılaşa bilər ki, xarici kompaniyalarla onların arasında ortaya çıxa bilən mübahisələr beynəlxalq hüquq normalarını tətbiq edən beynəxalq arbitraj tərəfindən həll olunacaqdır. Məsələn, 1964-cü ildə bağlanmış İnvestisiya mübahisələrinin həll edilməsi haqqında Konvensiya daimi mexanizm nəzərdə tutur ki, onun vasitəsilə iştirakçı dövlətlər və müvafiq korporasiyalar investisiya sazişlərindən irəli gələn uyğunsuzluqları həll edə bilər. Əlbəttə ki, kompaniyanın hüquq və vəzifələrinin beynəlxalq hüquqa uyğun nəzərdən keçirildiyi bu cür orqanlarda iştirak beynəlxalq hüquq subyektli doğurur. Lakin qeyd etmək lazımdır ki, bu subyekliyin mövcud olması və həcmi son məqamda dövlətlərin razılığından və tanınmasından asılıdır.

0 şərh