Sosial şəbəkələrdə populyarlaşan "Selfie” janrı

Son zamanlar “selfie” kimi tanıdığımız fotolar sosial şəbəkələrdə dəb halını alıb. “Selfie” sözünün mənası özü öz şəklini çəkmək, özü özünün fotoqrafı olmaq anlamına gəlir. Hamı tərəfindən böyük marağa, əyləncəyə səbəb olan “Selfie” fotolar daha çox “Instagram”, “Facebook”, “Twitter” ,“Google+”, “Linkedin”, “Foursquare”, “Picassa” və s. buna bənzər sosial şəbəkələrdə daha məşhurdur.

Sıravi insanlardan tutmuş, məşhur yerli və dünya siyasətçiləri, şou-biznes əhli “selfie” stilində şəkillər çəkir və onu sosial şəbəkələrdə paylaşırlar. Məsələn, çox danışılan “selfie”lərdən biri ABŞ prezidenti Barak Obamanın Afrika lideri Nelson Mandelanın anım mərasimində Danimarka və İngiltərə baş nazirləri ilə birgə çəkdiyi “selfie”si və həmin şəkilin sosial şəbəkədə paylaşması olub.

Əksər dillərdə elə “selfie” kimi deyilməsinə baxmayaraq, bununla bağlı Türkiyədə bu sözün Türkiyə türkcəsinə tərcümə olunması mövzusu da olmuşdur. Bunun üçün Türk Dil Qurumuna müraciət də olunmuşdu. Türk Dil Qurumu isə Qərb kökənli olan bu sözün Türkiyə türkcəsinə tərcümə olunması üçün heç bir təklif irəli sürmədi. Ancaq bununla bağlı Türk Dil Qurumu öz rəsmi facebook səhifəsində “selfie” sözünün tərcüməsi üçün insanlardan təkliflər gözlədilər. Təkliflər arasında e-hatırat, otofoto, kendintoplu, otoportre, kendimo və s. sözlər var idi. Bəziləri isə bu sözünü elə “selfie” sözü kimi qalmasını təklif etdi. Bu söz hətta Oxford İngilis Lüğətinin online versiyasına da keçən il salınmışdır.

Sosial şəbəkələrdə günü-gündən populyarlaşan bu janrın maraqlı tarixçəsi

Çəkdiyimiz “selfie” şəkillərinin tarixi nə vaxtdan başlayır? Bu şəkillərin tarixinə qısa nəzər salaq.
1839-cu ildə amerikalı fotoqraf Robert Kornelius, ilk dəfə olaraq fotoqraflar üçün “daggeroytip” adlanan texnika yaratdı. “Daggeroytip” sözünün dəqiq nə demək olduğunu öyrənmək mümkün olmasa da bunun köhnə fotoqraf texnikası olduğunu öyrəndik. Robert Kornelusun yaratdığı bu texnikanın sayəsində ilk dəfə işıqlı şəkil çəkmək mümkün olub.

1900-cü ildə isə Kodak Brouniyə məxsus kamera qutusu isə geniş yayılmış texnikaya çevrilir. Bu üsulu həyata keçirmək üçün adətən güzgüdən istifadə edilirdi. Çünki güzgü vasitəsilə yaxın və uzaq obyektləri stabilizə etmək mümkün olurdu. Rusiyalı Grand Düşes Anastasia Nikolaevna ilk yeniyetmələrdən biri idi ki, 1914-cü ildə güzgüdən istifadə edərək öz şəkilini çəkib məktubla dostuna göndərir. O, məktubda, “mən güzgüdən görünən öz şəklimi çəkdim. Bu şəkli çəkmək mənim üçün çox çətin idi, hətta əllərim titrəyirdi”.

“Selfie” sözünün isə ən çox istifadə olunması, 2002-ci ilə təsadüf edir. Çünki 2002-ci ilin sentyabrın Avstraliyanın ABC Online adlı internet forumu yaradıldı. Bunun vasitəsi ilə 90-cı illərdə çəkilmiş şəkillər də daxil olmaqla, təkcə kamera ilə kifayətlənməyən smartfonlardan çəkilmiş şəkillərin öz-özünə internetə yüklənilməsi mümkün oldu.

Selfie sözü termin kimi isə 2005-ci ildə fotoqraf Cim Krause tərəfindən müzakirə olunub. Selfie janrında olan şəkillərin tarixi lap əvvəllərə söykənsə belə, termin kimi 2005-ci ildə daha geniş müzakirəyə səbəb olub. Bu özünü daha çox 2000-ci illərin əvvəllərində facebook, MySpace adlı sosial şəbəkələrdə göstərdi. 2009-cu ildə isə şəkil və video paylaşmaq üçün yeni sosial şəbəkə — “Flickr” yaradıldı. 2010-cu ildən selfie şəkilləri daha geniş yayıldığı üçün yeni selfie saytlar yaradıldı. Məsələn, 2010-cu ildə “ItisMee” adlı sosial şəbəkə də buna misal ola bilər.

2012-ci ilin sonlarda selfie şəkillər gənclər arasında daha çox məşhurlaşdı. 2013-cü ildə araşdırmaya görə, 18-35 yaş arası olan avstraliyalı qadınların üçdə ikisinin əsas məqsədi selife şəkillər çəkmək olub. Avstraliya mənşəli olan selfie sözü 2013-cü ilin noyabrındaOxford İngilis Lüğəti tərəfindən ilin sözü kimi elan edilib.

 

0 şərh