Investisiya və onun mahiyyəti

İnvestisiya - ümumilikdə müəyyən bir əmtəənin əldə edilməsidir. İnvestisiya qoyuluşu gələcəkdə mənfəət əldə etmək üçün canlı və cansız varlıqlara bağlanan xərclərin cəmidir.
İnvestisiyanın sadə şəkildə müxtəlif cür tərifi vardır:
- Xalq arasında: investisiya müəyyən məqsəd naminə istənilən bir iş üçün çəkilən xərclərdir,
- İş mühitində: İnvestisiya maliyyə vasitələrinin genişlənmə, yeniləmə və modernləşdirmə məqsədi ilə istifadə edilməsidir",
- Müəssisə səviyyəsinə görə: İnvestisiya ilə əlaqədar bir çox iqtisadçı alimlər müxtəlif tədqiqatlar aparmış və müxtəlif təriflər vermişlər. Le Courte, Schmallenbach kimi iqtisadçılar investisiyanı, müəssisə balansının aktivində olan əsas fondların cəmi kimi qələmə vermişlər. Məşhur alim J.M.Keynes və onun tərəfdarları olan Schneider, Lohman, Richti kimi iqtisadçı alimlər isə investisiyanı: pul ehtiyatlarının müxtəlif istehsal vasitələrinə çevrilməsi kimi qeyd etmişlər.
Bütün bu tərifləri nəzərə alaraq investisiyanın son və geniş tərifini vermək olar: Maliyyə ehtiyatlarının dövlət və özəl sektor səviyyəsində, şəxsi və ictimai məqsədlərin izlənməsi arzusu ilə istehsal və qeyri-istehsal sahələrinə, uzun bir müddət bağlanmasıdır.
İnvestisiya qoyuluşunda ilk hərəkət nöqtəsində: texnoloji, xammal və iş-gücü xərcləri nəzərdə tutulur. Son hərəkət nöqtəsi isə bazara çıxarılan hazır məhsulun mənfəəti ilə iqtisadi ömürləri başa çatan texnologiyanın qalıq dəyərinin satışı ilə kapitalın geri dönməsidir.
"İnvestisiya prosesləri yeniliklərin işlənib hazırlanması, obyektlərin layihələndirilməsi və onların həyata keçirilməsi prosesi olub iqtisadi inkişafın əsasını təşkil edir və əsaslı qoyuluşların təhlilini, planlaşdırılmasını və idarə edilməsini özündə birləşdirən vahid kompleks sistem kimi fəaliyyət göstərir".
İnvestisiya sonralar mənfəət (gəlir) əldə etmək və ya sosial iqtisadi səmərəyə nail olmaq məqsədilə iqtisadiyyatın bütün sahələri və obyektlərinə qoyulan əmlak və intellektual dəyərlərin bütövlükdə toplusudur.
İnvestisiyada şəxsi məqsədlə yanaşı dövlətin də məqsədi nəzərə alınmalıdır.
Müasir mühitdə xammal ehtiyatlarının qıtlığı, qeyri müəyyən təbii şərait, iqtisadi və siyasi hadisələr, investisiya məqsədilə hazırlanacaq layihələrin doğru, dəqiq və hərtərəfli şəkildə analiz edilməsini tələb edir.

Mənbə İnvestisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi
Müəllif Ayhan Erdal, Yaşar Kərimov

 

0 şərh