C.Robinson və U.Rostou

XX əsrin 20-30-cu illərində siyasi iqtisad elmində müxtəlif nəzəri və əməli istiqamətlər yaranmışdı. Bu nəzəriyyələrdən biri də qeyri-təkmil rəqabət nəzəriyyəsi idi. Qeyri-təkmil rəqabət nəzəriyyəsi bazarı öyrənir, bazarda inhisarların hökmranlığını qəbul edir, onların bazar qiymətlərinin formalaşmasında rolunu təhlil edir və xırda mülkiyyətçiliyi müdafiə edirdi.
İnhisarçı rəqabət nəzəriyyəsindən fərqli olaraq, qeyri-təkmil rəqabət konsepsiyasının nümayəndələri inhisardaxili rəqabəti təhlil etmirdilər. Onların tədqiqat obyekti əsas etibarilə inhisarlarla qeyri-inhisar istehsalçılarının toqquşması zamanı qiymətin yaranması prosesini öyrənmək idi.
Qeyri-təkmil rəqabət nəzəriyyəsinə görə cari mənfəətin maksimuma çatdırılması (müxtəlif kontragentlər vasitəsilə) inhisarların fəaliyyətinin əsas xarakteristikasıdır və onlar üçün bu proses bir həvəsləndirici səbəbdir. Bu nəzəriyyənin nümayəndələrinin ideyalarına görə (A.Piqu) rəqabətin daxili qanunları istehsalın və kapitalın təmərküzləşməsi prosesini yaradır və nəticə etibarilə sahələr inhisarı yaranır və azad rəqabət aradan qalxır. Lakin 1929-33-cü illərdə baş verən iqtisadi böhran inhisarların qeyri-sabitliyini sübut etdi.
Belə bir prosesi müşahidə edən C.Robinson inhisar qiyməti nəzəriyyəsini işləyib hazırladı. Qeyri-təkmil rəqabət nəzəriyyəsinə görə qiymətlərin qalxması hesabına inhisar mənfəətinin əldə edilməsi bir neçə xırda firmanın olmasını tələb edir və bu firmaların arasında razılığın olması zəruridir. Bu firmalar eyni zamanda məcmu kapitaldan təcrid olunmalıdırlar. İnhisarların mənfəəti bərabər mənfəətlərdən fərqli olmalıdır və orta mənfəət normasını ötməlidir.
Qeyri-təkmil rəqabət nəzəriyyəçiləri iddia edirdilər ki, inhisarların yaranması kapitalist iqtisadiyyatının kortəbii tənzimlənməsini pozur və buna görə də dövlət iqtisadiyyata nüfuz etməlidir. Qeyri-təkmil rəqabət nəzəriyyəçilərinin bu fikirləri C.M.Keynsin dövlətin iqtisadiyyata qarışmasının zəruriliyi nəzəriyyəsi ilə üst-üstə düşürdü.
Qeyri-təkmil rəqabət nəzəriyyəçilərinin başqa nümayəndələri (O.Efferts, A.Landri) iddia edirdilər ki, yüksək mənfəət ardınca qaçmaq (qeyri-təkmil rəqabət şəraitində) səmərəli (rentabelli) artıq istehsala (cəmiyyətdə arzu olunmayan tələb) və ya da xammalın, işçi qüvvəsinin qəddarcasına tükənməsinə gətirib çıxarır.
C.Robinsona görə "qeyri-təkmil" rəqabət termini öz əhəmiyyətini artıq itirmişdir, çünki inhisarların yaranması istehsalı məhdudlaşdırır. Bununla da qiymətlərin artması təmayülü yaranır. Qeyri-təkmil rəqabət, C.Robinsona cörə, kütləvi istehsal inhisarıdır, əmək məhsuldarlığını artırır. Odur ki, inhisarlar istehsalın və onun səmərəliliyinin artması kimi şərh edilirdi.
C.Robinson göstərirdi ki, inhisarlar "sosial ədalətsizlik" təmayülü yaradırlar, yəni həddən artıq istehsal amilləri istismar olunur. Məhsul istehsalı vahidi artdıqca istehsal amilləri - əmək, kapital və torpaq istismara daha çox məruz qalırlar. İnhisarçıların seriyalı istehsalı artdıqca istehsal amilləri üzərində qiymətlər qalxır, istehsal xərcləri azalır və kompaniyalar orta mənfəətdən artıq mənfəət əldə edirlər.
C.Robinson göstərirdi ki, həmkarlar ittifaqlarının fəaliyyəti nəticəsində inhisar müəssisələrində əməyin qiyməti qalxır və eyni zamanda minimum əmək haqqında olan qanunvericilik də dəyişir. "Əmək üzərində xərclər" artdıqca onun yeni istehsal amillərilə əvəz olunması meydana çıxır, bu da öz növbəsində işsizliyin yaranmasına səbəb olur.
ABŞ-ın digər məşhur alimi P.Samuelsonun fikrincə inhisarlaşdırılmayan sahələr "xəstədir", bu sahələrdə həddən artıq kiçik kapitallar fəaliyyət göstərirlər, istehsal xərcləri çoxdur, mənfəət isə aşağı səviyyədədir Bu səbəbdəndir ki, inhisarlar və oliqopoliyalar zəifdirlər, iqtisadi və sosial baxımdan onlar aşağı səviyyədədirlər, yəni təkmil deyillər. Odur ki, qiymətlər qalxır və istehsal ixtisar olunur.
E.Çemberlin göstərirdi ki, qeyri-təkmil o rəqabət ola bilər ki, (hətta "xalis rəqabət" şəraitində) inhisarlar və inhisar rəqabəti qiymətləri hər hansı bir əlamət daxilində o dəqiqə mövcud müvazinətin səviyyəsinə qaytara bilsin. Digər Amerika alimi C.Gelbreyt iddia edir ki, iqtisadi və sosial nöqteyi-nəzərindən qeyri-təkmil rəqabət hətta xırda biznes şəraitində ticarət-sənaye inhisarı kimi çıxış edə bilər.
Qeyri-təkmil rəqabətin təzahür formasını C.Gelbreyt risqin böyük olmasında, qeyri-müəyyənlikdə, itkilərdə, iflasda və işsizlikdə görürdü. Onun fikrincə, rəqabət o zaman təkmil olur ki, "yetkin" inhisarlara keçilsin, bu yetkin inhisarlar maksimum mənfəət ardınca qaçmasınlar, risqi minimuma endirsinlər və sabit artım tempi təmin etsinlər.
İqtisadi fikir tarixinin inkişaf istiqamətlərindən biri də oliqopoliyalar haqqında yaranan konsepsiyadır. Oliqopoliya termini xalq təsərrüfatı sahələrinin bazar strukturunu ifadə edir.. Oliqopoliya dedikdə bir qrup firmaların istehsalı və satışı inhisara alması nəzərdə tutulur. Oliqopoliyalar bir-birilə qeyri-qiymət rəqabəti aparırlar. Əslində oliqopoliyalar və rəqabət bir-birilə çuğlamış (qarışmış) olurlar. Oliqopoliya terminini ilk dəfə iqtisad elmində T.Mor və merkantilistlər istifadə etmişlər. O dövrdə ticarət inhisarları bir-birilə rəqabət aparırdılar.
Oliqopoliya terminini daha geniş mənada işlədən və bu haqda konsepsiya yaradan E.Çemberlin olmuşdur. Çemberlinə görə oliqopoliya rəqabət aparan inhisarların təsadüfi formasıdır.
Oliqopoliya bazarın üç faktiki vəziyyətini ehtiva edir: 1) oliqopoliya dedikdə, kapitalist bazarının strukturu nəzərdə tutulur ki, burada o dövr üçün xarakterik olan ticarət-sənaye inhisarları hökmranlıq edir; 2) oliqopoliya qısamüddətli və keçici xarakter daşıyan bazardır ki, burada bir neçə tədarükçü (mal verən, təchiz edən) bazarda hökmran mövqe tutmaq üçün razılığa gəlmədən rəqabət aparırlar; 3) oliqopoliya kütləvi məhsul istehsal edən bazar strukturudur ki, burada korporasiyalar qrupu ("piramida") hakimdir və dərin ixtisaslaşmaya malikdirlər. Bu inhisarlar qeyri-ekvivalent yolu ilə inhisar mənfəəti əldə edirlər. Çünki belə inhisarlarda istehsalın və əməyin təşkili yüksək səviyyədə olur.
E.Çemberlin, P.Samuelson, R.Dorfmanın fikrincə oliqopoliyalar şəraitində qiymət inhisarlar səviyyəsində müəyyən olunur. Hər bir oliqopolist nəzərdə tutur ki, onun məhsulu üzərində olan qiymət aşağı düşərsə bu digər oliqopolistlərə də təsir edər və nəticədə böyük itki baş verər. Odur ki, iri inhisar iştirakçıları qrup şəklində iri kompaniyalarda mövcud olan qiymətləri nəzərə alaraq öz müəssisələrində olan qiymətləri onlara uyğunlaşdırırlar. Oliqopoliyalarda olan rəqabət bu zaman qeyri-qiymət rəqabətinə çevrilir.
Reklamlara xeyli xərc çəkməklə oliqopolistlər bazarda öz mövqelərini möhkəmləndirməyə çalışırlar, alıcılara xidmətlər göstərməklə onlara güzəştlər də edirlər. Oliqopolistlər rəqabət silahı kimi az yüklənmiş istehsal güclərinə artıq xərc çəkirlər. Bu zaman istehsal xərcləri artsa da kənardan olan rəqabətin öz sahələrinə daxil olmasının qarşısını alırlar, nəhayət etibarilə əlverişli bazar konyukturasından istifadə etmək imkanı əldə edirlər.
Belə bir proses oliqopolistlərin istehsal xərclərinin satış qiymətinə yaxınlaşdırır və kompaniyalar, adi, yəni normal mənfəət əldə edirlər. Buraya istifadə olunmayan istehsal gücü də daxil edilir və nəticədə avans olunmuş bütün kapitala normal mənfəət təmin olunur.
Xırda burjua siyasi iqtisadının nümayəndələri inhisarları tənqid edir və onları ticarət - sənaye inhisarları ilə eyniləşdirərək cəmiyyət tərəfindən nəzarətin olmasını tələb edirlər.
C.Helbreyt göstərir ki, oliqopoliyalar (yetkin korporasiyalar) maksimum mənfəət əldə etməyə cəhd göstərmirlər. Onlar çalışır ki, istehsalın artımı sabit olsun və bazarda öz yerlərini genişləndirsinlər. Onun fikrincə oliqopoliya şəraitində rəqabət korporasiyaları məcbur edir ki, elmi-texniki kəşflərdən intensiv istifadə etsinlər.
50-ci illərin sonunda ABŞ-ın məşhur alimi U.Rostou "İqtisadi artımın mərhələləri" nəzəriyyəsini irəli sürmüşdür. O göstərirdi ki, "artım mərhələləri" qarşılıqlı əlaqədə olan müxtəlif amillərlə müəyyən olunur. Buraya U.Rostou - aşağıdakı sxemanı daxil edirdi: iqtisadi artım istehsal və texnikadan başlayaraq siyasi, ideoloji və psixoloji amilləri əhatə edir. İnkişafın səviyyəsini o sənaye, texnika, bütövlükdə təsərrüfat, elm, kapitalı milli gəlirdə yığım hissəsilə əlaqələndirirdi. Lakin, iqtisadi inkişafın bu mühüm göstəricilərini U.Rostou sosial-iqtisadi münasibətlərdən (mülkiyyət formalarından) ayırırdı. O, eyni zamanda cəmiyyətin sinfi bölgüsünü professional əmək bölgüsü ilə əvəz edirdi.
U.Rostou "iqtisadi dəyişiklikləri" insanların qeyri-iqtisadi nəticələrdən (aqibətlərdən) əl çəkməsi ilə əlaqələndirir və göstərirdi ki, insanlar subyektiv seçmələr və qərarlar qəbul edərək iqtisadi dəyişikliklər yaratmışlar. Bir mərhələnin digəri ilə əvəz olunması, Rostouya görə, iqtisadiyyatın aparıcı bölməsinin təsirilə olmuş, bu proses zamanı bir çox sahələr yüksək templə inkişaf etmiş və nəticədə xalq təsərrüfatının artmasına (yığım normasının səviyyəsi də daxil olmaqla) səbəb olmuşdur.
U.Rostouya görə iki tip cəmiyyət mövcud olmuşdur: "ənənəvi" (kapitalizmə qədər) və sənaye cəmiyyəti (industrial - kapitalizm). Lakin tarixi inkişaf iqtisadi artımın beş mərhələsi ilə xarakterizə olunur: irəliləyişin ilk mərhələsinə hazırlıq, yəni "keçid cəmiyyəti"; irəliləyiş mərhələsi və sənayenin inkişafına keçid; sənaye cəmiyyəti, o, buraya nümunə kimi "ingilis-amerika" cəmiyyətini daxil edir; kütləvi istehlak cəmiyyəti.
U.Rostou bu cəmiyyətlərin xüsusiyyətlərini belə xarakterizə edir: ənənəvi cəmiyyət kənd təsərrüfatının hakim mövqe tutmasına və əmək məhsuldarlığının aşağı səviyyəsinə əsaslanır. Bu mərhələdə o yığım üçün maddi əsas görmür. Keçid cəmiyyəti və irəliləyiş mərhələsi ciddi olaraq bir-birindən fərqlənmirlər. Lakin bu mərhələlərin hər birində əmək məhsuldarlığı artır, kənd təsərrüfatı dağılır, istehsal infrastrukturları (yollar, nəqliyyat tikililəri və s.) yaranır. Nəhayət sənaye inqilabı baş verir və genişlənməyə başlayır. İstehsal metodları radikal olaraq dəyişir.
U.Rostou göstərirdi ki, ilkin vaxtlarda yığım norması milli gəlirdə, məsələn, 5% idisə sənaye inqilabı onu 10%-ə çatdırır. "Sənaye cəmiyyəti" isə onunla xarakterizə olunur ki, yığım norması milli gəlirdə 20%-ə çatır. Sənaye cəmiyyətlərində isə həlledici rolu iri maşınlı sənaye, xüsusilə ağır sənaye sahələri oynayır.
U.Rostou yazırdı ki, cəmiyyət "yetkin texnika" səviyyəsinə çatdıqda kütləvi istehlak mərhələsinə daxil olur. Çünki bu mərhələdə cəmiyyətin istehsal potensialı millətin istehlakına xidmət edir, istehsal sahələri uzun müddət istehlak oluna biləcək məhsullar istehsal edir.
70-ci illərdə U.Rostou yeni bir konsepsiya ilə - iqtisadi artımın altıncı mərhələsi nəzəriyyəsi ilə çıxış etdi. Altıncı mərhələ dedikdə U.Rostou "keyfiyyətli həyat axtarışlarını", aparıcı rol oynayan xidmət sferasını nəzərdə tuturdu.

Oxşar məqalələr

 

0 şərh