Qərbi Almaniyada neoliberalizm.Valter Oyken

Neoliberalizm nəzəriyyəsi bir neçə istiqamətdə inkişaf etmişdir və ümumi metodologiyaya malik olan müxtəlif məktəbləri özündə birləşdirir. Bunlardan əsasları Frayburq (V.Oyken), L.London (F.Xayek) və Çikaqo (M.Fridman) məktəbləridir. Fransada neoliberalizmin nümayəndələri Ryuef, M.Alle və b. olmuşlar.
Neoliberalizm ilk olaraq klassik formada Qərbi Almaniyada "Ordoliberalizm" cərəyanı kimi meydana gəlmiş və Frayburq məktəbi adı altında fəaliyyət göstərmişlər. İlkin nümayəndələri alman iqtisadçıları V.Repke, A.Ryustov, V.Oyken, L.Erxard, X.Qraman-Dert, L.Miki, K.Qestrix, F.Luts və s. olmuşlar.
Frayburq məktəbinin nəzəriyyəçiləri özlərini ordoliberallar (üçüncü yol tərəfdarları) adlandırmışlar. Onlar azad rəqabətə, azad bazar təsərrüfatına, ümumi metodologiyaya malik olan xüsusi mülkiyyətə müsbət mövqedən yanaşmışlar. Azad əmtəə təsərrüfatının mövcud olması və fəaliyyət göstərməsi üçün iqtisadiyyata dövlət müdaxiləsini məhdud həddə məqbul hesab etmişlər. Belə bir mövqe özünün əksini Frayburq məktəbinin aşağıdakı tezisində tapmışdır: "Təsərrüfat planlarının dövlət planlaşdırılması lazımi dövlət planlaşması və təsərrüfat  proseslərinin tənzimlənməsi isə lazımsızdır".
Frayburq məktəbinin nümayəndələri V.Repke və A.Ryustov neoliberalizmin ilkin tədqiqatçılarından olmuşlar. Alman iqtisadçısı V.Repke öz iqtisadi görüşlərini "Tələb və təklifdən kənarda" "Humanist cəmiyyət", "Alman məsələsi" adlı əsərlərində ifadə etmişdir. O, "tələb və təklifdən kənarda" əsərində göstərir ki, hər bir cəmiyyətin, iqtisadi quruluşun başlıca problemləri iki yolla həll edilir. Bunlardan biri tələb, təklif, rəqabət və azad qiymətlər vasitəsilə fəaliyyət göstərən bazar sistemi, digəri isə problemlərin böyük əksəriyyətini dövlətin köməyi ilə həll edən inzibatçılıq sistemidir. İnzibati-amirlik sistemi, planlı təsərrüfatı şəxsi təşəbbüsü boğduğu, istehlakçıların tələbini nəzərə almadığı üçün bazar sistemi ilə bir araya sığmır. Buradan da bazar sistemini  təsərrüfat həyatını tələb-təklif, rəqabət və azad qiymət mexanizmi vasitəsilə tənzimlənən iqtisadi sistem adlandırır. Həmçinin, bazar təsərrüfatı istehlakçıların şəxsi mənafeyi naminə, bütün cəmiyyətin mənafeyi naminə ayrı-ayrı fərdlərin və bütün təsərrüfat planlarını əlaqələndirir. O öz tədqiqatında sübut etməyə çalışır ki, bazar təsərrüfatı planlı təsərrüfata nisbətən səmərəli və məhsuldar təsərrüfat sistemidir. Bazar təsərrüfatının ikinci dayaq sistemi kimi xüsusi mülkiyyəti hesab edir. Onun fikrincə azad bazar təsərrüfatı - kollektivçiliyə qarşı fərdiçilik, mərkəzi hakimiyyətə qarşı azadlıq, mərkəzləşməyə qarşı qeyri-mərkəzləşmə, təşkilatçılığa qarşı müstəqillikdir.
Daha çox humanist cəmiyyət tərəfdarı olan Repke "Humanist cəmiyyət" əsərində belə cəmiyyəti öz-özünü tənzim edən, iqtisadi sərbəstliyə malik olan qeyri-mərkəzləşmiş, kollektiv bir cəmiyyət kimi təsvir edir. Həmçinin belə bir humanist cəmiyyətin əsasını sosial bazar təsərrüfatının təşkil edəcəyini qeyd edirdi. "Beynəlxalq bazar təsərrüfatı" , "iqtisadi humanizm , iqtisadi inteqrasiya" və s. nəzəriyyələrini sosial bazar təsərrüfatı ideyasına daxil edirdi. Bir sıra tədqiqatçılardan fərqli olaraq V.Repke inhisarların mövcudluğunu inkar etmir,azad və humanist cəmiyyət naminə inhisarlara qarşı çıxış edirdi.
Başqa bir alman iqtisadçısı A.Ryustov da iqtisadi azadlığın təmin olunması üçün hər cür inhisarçılığı inkar edir və onların əleyhinə olur. Yaşadığı cəmiyyəti kapitalizmin, sosializmin, azad bazar təsərrüfatının mövcud olduğu bir cəmiyyət kimi qəbul edir. Azad bazar təsərrüfatını planlı təsərrüfatın əksi hesab edir. Neoliberalizmi liberalizmin fundamental yeniləşməsi kimi qələmə verir. Beləliklə, ilk neoliberalistlər müəyyən həddə qədər dövlət müdaxiləsi qalmaqla iqtisadiyyatda sərbəst əmtəə təsərrüfatının həyata keçirilməsinə şəraitin yaradılmasını məqbul hesab etmişlər.

V.OYKENİN "TƏSƏRRÜFATIN TİPLƏRİ" VƏ  "SOSİAL BAZAR   TƏSƏRRÜFATI" NƏZƏRİYYƏLƏRİ
Qərbi Almaniyada neoliberalizmin yaradıcılarından biri də Frayburq Universitetinin professoru Valter Oyken (1891-1950) hesab olunur. O uzun illər Frayburq Universitetinin kafedra müdiri işləmiş, öz ardıcılları ilə Qərbi Almaniyada nəşr olunan illik "Ordo" jurnalında neoliberalizmin ideyalarını bütün ölkələrdə yaymışdır. Hazırda Frayburqda V.Oyken adına  elmi-tədqiqat institutu fəaliyyət göstərir.
V.Oygen "Təsərrüfatın ideal tipləri", "Milli iqtisadiyyatın əsasları" "İqtisadi siyasətin əsas prinsipləri"  kitablarında bütün tarixi dövrlərdə təsərrüfatın əsas tipləri, iqtisadiyyatın bazar təşkilinin üstünlükləri və "iqtisadi qayda" nəzəriyyəsini işləyib hazırlamışdır.
"Milli iqtisadiyyatın" əsasları adlı əsərində cəmiyyətin inkişafının müxtəlif tarixi mərhələləri, o cümlədən kapitalizmi müəyyən bir iqtisadi sistem kimi qəbul edən marksist iqtisadi məktəbin ictimai-iqtisadi formasiya anlayışını inkar edərək göstərmişdir ki, təsərrüfat mərhələləri anlayışı doğru deyildir. "Təsərrüfat mərhələsi" anlayışına qarşı "Təsərrüfat qaydası" anlayışını irəli sürür və bunu keçmişdə və hazırkı dövrdə gündəlik təsərrüfat proseslərinin idarə edilməsinin konkret baş verdiyi formaların məcmuusu kimi müəyyən edir. Onun fikrincə, Qədim Yunanıstan və Qədim Romanın, orta əsr Almaniyasının təsərrüfat qaydaları müxtəlifdir. Hətta XX əsrin əvvəllərində və ortalarında da onlar eyni məzmuna malik deyillər. Konkret təsərrüfatçılıq elementləri (əmək bölgüsü, pul,  qiymət, mənfəət, əmək haqqı, kredit) təsərrüfatın təşkili formasından asılı olaraq müxtəlif üsulla birləşir. Beləliklə, iqtisadi sistemin müəyyən edilməsində mülkiyyətin rolunu əhəmiyyətli hesab etmir. Cəmiyyətin sosial və təsərrüfat - siyasi məsələlərinin həllini mülkiyyətin quruluşu ilə əlaqələndirməyi səhv hesab edir.
V.Oyken iqtisadi fəaliyyəti sadələşdirən iki xarakterik  təsərrüfat tipinin mövcud olduğunu göstərmiş və bunları təsərrüfat fəaliyyətinin təşkilinin müxtəlif üsulları hesab etmişdir. Bütün təsərrüfatları fəaliyyətlərini mərkəz vasitəsilə tənzimləyən və mübadilənin olmadığı mərkəzi idarəetmə təsərrüfatına və əmtəə mübadiləsini, tələb və təklifi, puldan istifadəni bazar vasitəsilə əlaqələndirən bazar təsərrüfatına bölmüşdür. Mərkəzdən idarə olunan təsərrüfatlara Qədim Misir ehkamlarını, Roma quldarlıq təsərrüfatlarını, orta əsr feodal təsərrüfatını və planlı sosialist təsərrüfatını aid edir və bunların xüsusi və kollektiv mülkiyyət formalarında fəaliyyət göstərdiyini qeyd edirdi. Bazar təsərrüfatına isə sərbəst, azad bazarı daxil edir və göstərir ki, çoxsaylı fərdi təsərrüfatlar öz iqtisadi fəaliyyətlərini bazar əsasında uzlaşdırır. Bu iki iqtisadiyyat tipinin uzlaşması və konkret tarixi şəraitdə birinin üstünlük təşkil etməsini mümkün saymışdır. Həmçinin bunların heç birinin xalis formada fəaliyyət göstərmədiyini qeyd etmişdir.
V.Oykenin fikrincə, real iqtisadiyyatda bu iki təsərrüfat tipi öz fəaliyyətlərində müxtəlif formalar kəsb edir. Birinci halda, məhsulların istehsalı mərkəzi hakimiyyətin əmr və göstərişləri əsasında həyata keçirildiyi üçün iqtisadiyyatın idarə edilməsi total mərkəzləşməyə əsaslanır. İkinci halda mərkəzi idarəetmə hakimiyyəti istehlak şeylərinin azad mübadiləsini həyata keçirir. Burada istehlak şeylərinin mübadilə yolu ilə bölgüsündə istehlakçıların təsir imkanları qalır. Üçüncü halda istehsal üçün lazım olan şeylər müstəsna  olmaqla digər nemətlərin istehlak seçimi sərbəstdir.
Buradan da V.Oykenin ideal təsərrüfat tipinin xüsusi forması kimi sosial bazar təsərrüfatının rüşeymləri görünür. Onun təbirincə sosial bazar təsərrüfatı bu iki təsərrüfat tipi arasında orta təsərrüfat tipidir. Onun xarakterik  cəhətlərinə gəldikdə isə  orta yolun iqtisadi siyasəti kimi hər şeydən əvvəl xüsusi mülkiyyətə əsaslanan azad bazar təsərrüfatıdır.  Burada iqtisadi fəaliyyət sferasına daxil olan sahibkarlar iqtisadi azadlığa malik olduqları üçün iqtisadi fəaliyyət növlərini özləri seçir və bu fəaliyyət sahəsinə tam cavabdehlik daşıyırlar. Bu da istehlakçıların azad seçiminə, alqı-satqı azadlığının təmin olunmasına səbəb olur.
V.Oyken sosial bazar təsərrüfatının əsas elementi kimi azad rəqabəti müdafiə edir. Göstərir ki, azad rəqabət əmək məhsuldarlığını artırır, texniki tərəqqini inkişaf etdirərək iqtisadi artıma səbəb olur. Azad rəqabətin təminatçısı isə dövlət olmalıdır. Çünki rəqabət mübarizəsində məğlub olanlar müflisləşir, aradan çıxır və bu inhisarçılıq yaradır. İri inhisarlar rəqabətin səviyyəsinə, xarakterinə, sürətinə təsir göstərə bilirlər. Bu kortəbii tənzimlənmə tələb təklif əsasında tarazlı bazar qiymətinin yaranmasını pozur və iqtisadiyyatı böhrana aparır. Ona görə də bazar sistemini xilas etmək üçün dövlət "təşkil olunmuş bazara" üstünlük verir.  Lakin dövlət ancaq müəyyən həddə, yəni inhisarların hökmranlığı nəticəsində iqtisadiyyatda baş verən hərcmərclik zamanı, və rəqabətin tənzimlənməsi zəruri olduqda iqtisadiyyatı müdafiə etməlidir.
V.Oyken bazar sisteminin normal fəaliyyət göstərməsini qiymət mexanizmindən də asılı hesab edir. Göstərir ki, əgər qiymətqoyma azad surətdə, bazarın tələb təklifinə uyğun olaraq həyata keçirilirsə onda istehsal da ictimai tələbata uyğunlaşır. Səmərəli qiymət sistemi həm də iqtisadi ehtiyatların səmərəli bölgüsünə imkan verir.
Onun fikrincə, stabil bazar təsərrüfatı həmçinin stabil pul tədavülünə əsaslanmalıdır. Stabil pul tədavülü qiymət azadlığı, inhisarsız əmtəə təsərrüfatıdır. Həmçinin idxal ixrac üzərində dövlətin himayəçiliyi inhisarçılıq yaratdığından xarici ticarətdə açıq bazar prinsipinin qorunmasını bazar təsərrüfatının səmərəliliyi üçün şərt sayır.
V.Oyken səmərəli bazar iqtisadiyyatının formalaşması üçün düzgün iqtisadi siyasətin də vacibliyini qeyd etmişdir. Düzgün iqtisadi siyasət kimi iqtisadi artımın, məşğulluğun yüksək səviyyəsinin daim təmin olunması, bazar qaydalarının yeniləşməsi üçün dövlətin iştirakını vacib bilmişdir.
V.Oyken "İqtisadi siyasətin prinsipləri" əsərində göstərir ki, təbiətdə və insan həyatında baş verən təbii qaydalar çoxdan həyata keçilir. İqtisadi fəaliyyət  sahələri müxtəlif və fasiləli olduğu üçün bu sahələrin fəaliyyətini nizamlayan "İqtisadi qaydalar" mövcud olur. "İqtisadi qayda" dedikdə təsərrüfatçılıq elementləri arasında tənzimləyici münasibətləri və struktur təşkilini əlaqələndirən qaydaların, normaların məcmuusunu nəzərdə tutur. Burada da iqtisadi fəaliyyətin müvəffəqiyyətinin təmin olunması üçün iqtisadi siyasətin iki mərhələdə həyata keçirilməsini təklif edir. Belə ki, iqtisadi inkişaf proqramında ilk növbədə təsərrüfatçılıq qaydalarının (hüquqi, siyasi, sosial) yaradılmasına, təşkilinə və təkmilləşdirilməsinə diqqət yetirilməlidir. O bu zaman onu əsas götürür ki, təsərrüfatçılıq qaydaları hüquqi və siyasi qaydalarla yanaşı mövcuddur. Hüquqi və sosial siyasi qaydalar iqtisadi fəaliyyət üçün əsasdır. İqtisadi qaydalar öz-özünə yaranmır, bunu dövlət yaratmalıdır. Dövlətin iqtisadi siyasəti iqtisadi proseslərin tənzimlənməsinə, təsərrüfat  istehsal fəaliyyətinə  deyil, iqtisadi siyasətin hüquqi bazasının inkişaf qanunlarının hazırlanmasına, iqtisadi qaydaların yaradılmasına yönəldilməlidir.
İqtisadi inkişafın sonrakı mərhələsində qəbul olunan qaydalardan asılı olaraq iqtisadi tərəqqinin tələblərinə uyğun gələn siyasət işlənib hazırlanmalıdır.  Dövlət həmçinin spesifik sosial siyasət işləyib hazırlamaqla və həyata keçirməklə iqtisadi, siyasi və sosial vəzifələri uzlaşdırmalıdır. Başqa sözlə, ölkədə məşğulluğu təmin etməli, ailələrin gəlirlərindəki fərqləri azaltmalı, sosial təminatı və müəssisələrin idarə edilməsində işçilərin iştirakını təkmilləşdirməlidir. Bunlar isə təsərrüfat  müstəqilliyinin təmin olunması və optimal qərarların həyata keçirilməsi üçün əlverişli stimullardır.
Beləliklə, V.Oygen iqtisadi nəzəriyyə və iqtisadi siyasəti vəhdət halında götürmüşdür. Onun sosial bazar təsərrüfatı nəzəriyyəsi sosial ədaləti təmin etmək üçün inhisar və rəqabətin  tənzimlənməsidir. Dövlətin iqtisadi siyasətinə isə azad bazarı və azad rəqabəti bir başa və dolayı yolla tənzimləmək üçün hüquqi normaların yaradılmasını aid edir.
Qeyd etmək lazımdır ki, sosial bazar təsərrüfatı anlayışı ilk dəfə Qərbi Almaniyada Federal İqtisadiyyat Nazirinin dövlət katibi Alfred Müller-Armaqın "Təsərrüfat idarəçiliyi və bazar təsərrüfatı" kitabında azad bazar prinsipi ilə sosial bərabərlik prinsiplərinin uzlaşması kimi ifadə olunmuşdur. O sosial bazar təsərrüfatının əsasını dövlətin sosial problemlərin həllində həyata keçirdiyi fəal sosial siyasətdə görürdü. Onun sözlərinə görə sosial bazar təsərrüfatının məqsədi təsərrüfat subyektlərinin azad təşəbbüskarlığını sosial tərəqqi ilə əlaqələndirmək və azad rəqabət çərçivəsində sosial problemləri daha hərtərəfli həll etməkdir.
Müller-Armak qeyd edirdi ki, bazar təsərrüfatının kortəbii, öz-özünə tənzimlənməsi inhisarların yaranmasına və gəlirlərin bölgüsündə kəskin bərabərsizliyə gətirib çıxarır. Bazar təsərrüfatının bu mənfi nəticələrini aradan qaldırmaq üçün dövlət inhisarları nəzarətdə saxlamaq, rəqabəti gücləndirmək üçün institutsional tədbirlər görməlidir. Yəni dövlət elə iqtisadi və sosial siyasət həyata keçirməlidir ki, milli gəlirin bölgüsü və yenidən bölgüsü zamanı gəlirlərdəki kəskin fərqləri aradan qaldırmaq mümkün olsun. Bunun üçün mütərəqqi vergiqoyma vasitəsilə toplanan vəsaitlər - azimkanlı ailələr arasında bölüşdürülməli, uşaqların saxlanması, mənzil tikintisi, mənzil haqqı üzrə sosial ödəmələrə, xəstəliyə, işsizliyə görə ödəmələrə, təhsilə, səhiyyəyə, infrastruktura çəkilən xərclərə sərf olunmalıdır.
Müller-Armak dövlət xərclərinə və vergi siyasətinə sosial tarazlaşmanın amili kimi baxırdı. Bazar təsərrüfatında sosial ədalət prinsipinin pozulmaması üçün dövlətin iqtisadiyyata  müdaxiləsini zəruri hesab edirdi. Onun fikrincə, belə halda sosial bazar təsərrüfatı iqtisadi səmərəliliklə sosial ədaləti üzvi surətdə əlaqələndirir.
Müller-Armak belə hesab edir ki, sosial bazar təsərrüfatı insanların tələbatlarının ödənilməsinə yönəldilən bir iqtisadiyyatdır. O yazırdı ki, istehlakçılar öz tələbatlarına uyğun olaraq müxtəlif məhsullara tələb irəli sürürlər. Sahibkarlar isə bu tələbatı ödəmək üçün fəaliyyətlərini bu istiqamətə yönəldirlər, eyni zamanda mənfəət əldə etməyə çalışırlar. Mənfəət təsərrüfatın idarəedilməsi fəaliyyətinin nəticəsidir. Deməli, mənfəət naminə istehsal etmək, həm də insanların tələbatının ödənilməsi deməkdir.
Beləliklə, A.Müller-Armak sosial bazar təsərrüfatının azad bazar təsərrüfatından fərqli xüsusiyyətlərini belə şərh edir ki, sosial bazar təsərrüfatında dövlət:
-həmişə azad rəqabətin təmin olunmasını stimullaşdırır;
-gəlirlərdəki kəskin fərqləri aradan qaldırmaq üçün onların yenidən bölgüsünü tənzimləyir;
-tam məşğulluğa, qiymətlərin sabit səviyyəsinə nail olmaq üçün fəal konyuktur siyasəti həyata keçirir;
-cəmiyyətin hər bir üzvünün mülkiyyət sahibinə çevrilməsinə şərait yaradır.
Qeyd etmək lazımdır ki, Müller-Armağın  sosial bazar təsərrüfatı ideyası sonralar V.Repke, V.Oyken, L.Erxardın əsərlərində inkişaf etdirilərək, sosial bazar təsərrüfatı modelinə çevrilmiş və müasir dövrdə bir çox ölkələrin iqtisadi siyasətində istifadə olunmağa başlanmışdır.  Bu gün bu model Skandinaviya ölkələrində, İtaliyada, Fransada, Yaponiyada və  s. geniş yayılmışdır.

 

0 şərh