Həyatdan küskünlər...

Dünyada ən yaxşı şey uşaq olmaqdır. Bütün çirkinliklərdən uzaq olmaq, bir sözlə, günahsız olmaqdır. Lakin indi sosial qayğıya ehtiyacı olan təbəqə arasında uşaqlar da xüsusi yer tutur. Çünki birdən elə yaş dövrü yaxınlaşır və o günahsız uşaq o qədər təcavüzlərə məruz qalır ki, artıq özü də təcavüz etməyə başlayır. Bütün bunlarsa ilk başda ailədən qaynaqlanır. Ailə sevgisindən uzaq qalan bir uşaq təbii ki, həm ailə təcavüzünə, həm də cəmiyyətin zorakılığına məruz qalır. Əfsuslar olsun ki, bu gün bir çox uşaqlar bazar iqtisadiyyatının tərkib hissəsinə çevrilib. Onlar qurban olmağa, satılmağa, həyatın ən pis üzünü belə görməyə məcbur olurlar. Azyaşlı uşaqların əməyə cəlb olunması onların istismar olunmasıdır. Bu gün uşaqlara qarşı zorakılıq, onlardan sui-istifadə tüğyan edir. Hətta valideyni tərəfindən zorlanmaya məruz qalan uşaqlar da az deyil. Məlumdur ki, zəmanəmizdə uşaq alverinə daha çox rast gəlinir. Qeyd edək ki, uşaqlara diqqət və qayğının daha da artırılması onların cəmiyyətə yararlı bir övlad kimi yetişdirməyin lazım və vacib olduğunu diqqət mərkəzinə çatdırmaq üçün bu sahədə fəaliyyət göstərən təşkilatlar lazımi işləri görür.
   
   Digər ölkələrə nisbətən bu gün Azərbaycanda uşaq alverinin qarşısını almaq üçün müəyyən addımlar atılıb. Qanunlar qəbul edilir, qadağalar qoyulur, cəmiyyətlər yaradılır. Uşaqların qorunması, onların gələcəyinin təmin olunması yolunda bir çox işlər görülür. Bütün dünya uşaqlara qayğı, sevgi göstərməlidir ki, onların gələcək həyatında qara cizgilər olmasın. Əgər bir uşaq ailə içində dostluq və yoldaşlıq görərsə, sevgi, məhəbbət hissləri ilə formalaşıb cəmiyyətə yararlı şəxs ola bilər. Ona görə dostluq içərisində yaşamaq və uşaqlara gözəl gələcək bəxş etmək üçün əlindən gələni etmək hər kəsin insanlıq borcudur. Uşaq hüquqlarının müdafiəsi dünyada həssaslıqla izlənir. Azərbaycanda bu sahəylə bağlı qanunvericilik bazası yaradılsa da, gerçək durum o qədər də ürəkaçan deyil. Bu gün ölkəmizdə uşaqların təhsil hüququnun pozulmasından tutmuş, onların əməyindən sui-istifadəyə qədər ciddi çətinliklər var.
   kimsəsiz uşaqlara tez-tez qonaq gedilib onlara yardımlar edilir
   Uşaq Hüquqları Klinikasının rəhbəri, hüquqşünas Nazir Quliyev də bu gün Azərbaycanda uşaqların əsas probleminin nələrdən ibarət olduğunu deyib:
   — Hər bir ölkədə uşaqların özünəməxsus, fərqli problemləri olur. Azərbaycanın uşaq problemlərini ard-arda düzsək, birinci ordan başlamalıyıq ki, ölkədəki uşaq müəssisələrinin hazırda 15 minə yaxın sakini var. Deməli, bu qədər uşaq ailə qayğısından məhrumdur. Uşaq hüquqlarına dair konvensiyaya görə, bu, onların hüquqlarının pozulmasıdır. Konvensiyada göstərilir ki, uşaqlar üçün ən münasib, ən uyğun yer ailə mühitidir. İkinci problem hüquq pozuntusuna yol vermiş uşaqları əhatə edir. Ümumiyyətlə, bu, bütün dünyada narahatlıq doğuran məsələdir. Azərbaycanda xüsusi çətinlik yaradan məqam odur ki, bizim ölkədə uşaqlar üçün ayrıca məhkəmə sistemi yoxdur. Əksər ölkələrdə qanun pozuntusuna yol vermiş, yaxud hüququ pozulmuş uşaqlarla bağlı işlərə ayrıca məhkəmələrdə baxılır. Hətta Qazaxıstanda da bu sistem qurulur. Ayrıca uşaq məhkəmələrinin yaradılması o baxımdan vacibdir ki, belə məhkəmələrin uşaqlarla bağlı qərar qəbulunda daha geniş araşdırma aparmaq imkanı və vaxtı olur. Hakimlər də bu sahə üzrə ixtisaslaşırlar. Başqa bir çətinlik uşaqların bir sıra hallarda ağır cəzalara məruz qalmasıdır. Bəzən məhkəmələr uşaqlara ağır şərt vermək istəmirlər. Amma alternativ xidmətlərin olmaması hakimlərin özlərini belə çətinlik qarşısında qoyur ki, pozuntuya yol vermiş uşağı hara göndərsin? Uşaqlar yenidən ailəyə qayıdır və növbəti cinayətlər törədirlər. Azərbaycanda hazırda hüquq pozuntularına yol verən uşaqlarla bağlı Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi var ki, o da bütün uşaqları əhatə edə bilmir. Daha bir çətinlik uşaqların cinsi və fiziki zorakılığa məruz qalmasıdır. Araşdırmalarımız göstərir ki, bu həm qız, həm də oğlan uşaqlarına aiddir. Xüsusən, qız uşaqlarıyla bağlı narahatlıq doğuran məqamlar var. Hazırda insan alveri problemi cəmiyyəti narahat edən əsas məsələyə çevrilib. Təcrübə də göstərir ki, fiziki və cinsi zorakılıqla üzləşən qızların insan alverinin qurbanına çevrilmək riski daha çoxdur.
   
   Təbii ki, küçə uşaqları da diqqətdən kənarda qalmamalıdır. Onların sayında Dövlət Statistika Komitəsinin məlumatlarıyla yerli QHT-lərin və beynəlxalq təşkilatların məlumatları üst-üstə düşmür. Statistika Komitəsinin məlumatına görə, təxminən 300-ə yaxın uşaq küçədə yaşayır. Yerli QHT-lər və beynəlxalq təşkilatların fikrincə, bu rəqəm haradasa 2 minə yaxındır. Bu, bütün sutkanı və yaxud da gününün yarısını küçədə keçirən uşaqlara aiddir. Özü də küçə uşaqlarının cinsi və fiziki zorakılığa məruz qalması, cinayət törətmək riski daha artıqdır. Müasir dövrdə yoluxucu xəstəliklərin yayılması və digər problemlər küçə uşaqlarının vəziyyətini bir az da ağırlaşdırır.
   
   Azərbaycanda uşaq müdafiə sisteminin tam təkmil olmadığını da vurğulamaq lazımdır. Bu çatışmazlıq valideyn himayəsindən məhrum olan, zorakılığa məruz qalan uşaqların hüquqlarını səmərəli və etibarlı qorumağa mane olur. Hüquq pozuntusuna yol verən, yaxud risk qrupuna daxil olan uşaqlarla işləyəsi psixoloqlar, sosial işçilər və digər xidmətlər olmadığı üçün uşaq qurumları yalnız məhdud imkanlar çərçivəsində fəaliyyət göstərir.
   
    Uşaqların təhsil səviyyəsi elə də qənaətbəxş deyil
   
    Sovet dövründə daha çox uşaqların ümumi dünyagörüşünün artmasına yönələn təhsil sistemi var idi. Bu gün isə uşaqlar mütəxəssis olmaqdan çox, diplom almaq barədə düşünürlər. Bu yaxınlarda minə yaxın uşaq arasında sorğu keçirtdik ki, onlar gələcəkdə hansı peşənin sahibi olmaq istəyirlər. Böyük əksəriyyəti polis, hüquqşünas, həkim kimi populyar peşələrin adlarını çəkdilər. Təbii ki, onlardan bu sənəti seçmələrinin səbəbini də soruşurduq. Əksər cavablar belədir ki, yaxşı pul qazanmaq, tanınmış insan olmaq istəyirəm. Amma bu gün bütün dünyada kompüter bilikləri, kommunikasiya sahəsində ixtisaslar daha populyardır və hüquqşünas, polis kimi peşələrdən heç də geri qalmırlar. Bizdə uşaqların təhsili ilə bağlı məktəblə valideyn arasında sağlam əməkdaşlıq yoxdur. Dünya təcrübəsi göstərir ki, məktəb-valideyn əməkdaşlığı şagirdin gələcəkdə hansısa sahə üzrə yaxşı mütəxəssis olmasına gətirib çıxara bilər. Əməkdaşlığın olmaması uşağın potensialının müəyyənləşdirilməsinə də imkan vermir. Onu da etiraf edək ki, bu gün məktəblərimizin resursları uşaqların dünyagörüşünün inkişafı üçün yetərli deyil. Belə olan halda şagird məktəbi bitirdikdən sonra ali təhsil alsa belə, çox zaman onu savadlı, peşəkar kadr kimi görə bilmirik. Bu da cəmiyyət üçün çox təhlükəlidir.
   
   Valideynlər uşaqları ailə qurmağa məcbur edir
   
    Ölkədə erkən nikahlar və bu səbəbdən təhsilin yarımçıq saxlanılması problemi var. Bu, hətta millət vəkilləri səviyyəsində də etiraf olunur. Onu da deyim ki, son dövrlərdə yaranmış problemi mən erkən nikah yox, uşaq nikahı adlandırardım. Bütün dünyada 18 yaşına çatmayanlar uşaq sayılırsa, deməli, bu problem elə uşaq nikahı adlandırılmalıdır. Regionlarda isə təkcə qızların yox, elə oğlan uşaqlarının da təhsildən yarımçıq ayrılması geniş yayılıb. Biz Azərbaycanda uşaqlarla bağlı müxtəlif qanunların analizini aparır, təklif və tövsiyələrimizi hazırlayırıq. Bunlardan biri də Ailə Məcəlləsidir. Hesab edirik ki, uşaqların məcburi ərə verilməsilə bağlı valideynlərin məsuliyyəti olmalıdır. Çünki bu, uşaq hüquqlarının pozulmasıdır. Bir çox hallarda uşaqlar öz hüquqlarını bilmirlərsə, valideynlər onları təhsildən yayındırır və ailə qurmağa məcbur edir. Bizim Cinayət Məcəlləsinə görə, 14 yaşına çatmayan şəxslə hətta cinsi əlaqədə olmadan belə, ona qarşı əxlaqsız hərəkətlər cinayət məsuliyyəti yaradır. 16 yaşına qədər şəxslə isə cinsi əlaqədə olmaq istənilən halda cinayət məsuliyyətinə gətirir. Azyaşlı uşaqlarla ailə quranlar bu maddənin təsir dairəsinə düşür və hesab edirəm ki, onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bəzən azyaşlılarla ailə quranların barəsində cinayət işi başlanır. Onlar iddia edirlər ki, bu addımı xoş niyyətlə atıblar. Mənsə fərqli fikirdəyəm. Əgər 27-28 yaşlı yetkin insan 13-14 yaşlı qızla ailə qurmaq barədə qərar verirsə, deməli, o, qarşısındakının uşaq olduğunu və onun hüquqlarının pozulduğunu, təhsildən yayındırıldığını da dərk etməlidir.
   
   Atılmış uşaqlarla bağlı məsələ də bu gün ciddi problemdir...
   
   2006-2015-ci illər üzrə uşaqların müəssisələrdən ailələrə verilməsi və alternativ qayğı ilə bağlı dövlət proqramı qəbul olunub. Proqram iki hissədən ibarətdir: uşaqların ailələrə verilməsi, bu, mümkün olmadıqda onların digər xidmətlərə yönəldilməsi. Bizdə uşaq müəssisələrinin əsasnaməsində qeyd olunub ki, valideynlər uşaqlarıyla altı aydan artıq əlaqə saxlamırlarsa, həmin müəssisələr onların valideynlik hüququndan məhrum edilməsi məsələsini qaldıra bilərlər. Ona görə də bu gün müəssisələrdə saxlanılan uşaqların bir çoxunun valideynləri olsa da, faktiki valideynsizdirlər. Amma övladlığa götürmək üçün müraciət edənlərin qarşısına maneə çıxır ki, onların valideynləri var. Digər bir çətinlik uşaq övladlığa götürmə prosesinin həddindən artıq uzun çəkməsidir. Belə insanlardan o qədər sənəd istənilir, süründürməçiliyə salınır ki, onların bir çoxu yolun yarısında bezir və prosesdən geri çəkilir. Özü də bizdə uşağı övladlığa verəndən sonra hesab edirlər ki, proses başa çatdı. Bütün dünyada əksinə, övladlığa götürmə prosesi sadə, bunun qarşılığında nəzarət imkanları daha güclüdür. Yəni uşaq ailəyə veriləndən sonra onun necə saxlanılmasıyla bağlı güclü monitorinq sistemi var ki, o, zorakılığa məruz qalmasın, əməyi istismar olunmasın. Biz də təkliflər irəli sürmüşük ki, qanunvericilikdə uşaq övladlığa götürmə ilə bağlı stimullaşdırma olsun və prosedur bir qədər asanlaşdırılsın. Təkliflərimizdən biri də budur ki, övladlığa götürülməmişdən əvvəl uşaqla ailə arasında bir müddət ünsiyyət yaradılsın. Çünki elə olur ki, ailə uşağı övladlığa götürür, lakin uyğunlaşma alınmayanda iki-üç ay sonra yenidən müəssisəyə qaytarır. Bu da ağrılı haldır. Ona görə təklif eləmişik ki, heç olmasa, 5-6 ay sınaq müddəti təyin edilsin. Bu müddətdə uşaq müəssisədə qalmaq şərtilə onu övladlığa götürən ailə ilə ünsiyyətdə olsun.
   
   Azərbaycandakı qanunvericilik bazası təkmil deyil
   
   Qanunvericilik bazasını birmənalı şəkildə təkmil hesab etmək olmaz. Bu səbəbdən də qanunvericiliyin analizinə başlamışıq, təkliflər irəli sürmüşük. Ümumiyyətlə, bizdə bir çox qanunlar real həyatda işlək olmur. Məsələn, 1999-cu ildə qəbul olunmuş «Valideyn himayəsindən məhrum olmuş və valideynsiz uşaqların sosial müdafiəsi haqqında» qanun var. Lakin reallıqda bu qanun işləmir. Uşaq müəssisələrindən çıxan uşaqlara bu qanunda verilən hüquqlar qətiyyən həyata keçirilmir. Məsələn, qanuna görə, valideyn himayəsindən məhrum olunmuş uşaqlar müəssisələrdən ayrılandan sonra onlara müvafiq icra hakimiyyəti orqanı tərəfindən torpaq sahəsi verilməlidir. Prezidentin sərəncamıyla hazırda torpaqlar müsabiqə və hərrac yoluyla satılır. Belə olan halda qanunun həmin maddəsi öz əhəmiyyətini itirir. Yaxud müəssisələrdə böyümüş uşaqların bir neçəsi dövlət ali məktəblərinə ödənişli əsaslarla qəbul olunublar, amma təhsil haqqını ödəyə bilmirlər. Biz müxtəlif iş adamlarının vasitəsilə bir neçə nəfərin təhsil haqqı problemini həll etdik. Amma onlar ikinci kursda da ödəniş etməlidirlər. Dövlət tərəfindən bununla bağlı hansısa tədbir görülməlidir. Müvafiq qurumlara müraciət etmişik ki, valideyn hüququndan məhrum uşaqlar təhsil haqqından azad edilsinlər. Hələ ki, nəticə yoxdur. Ümumiyyətlə, uzun müddət apardığımız araşdırmalardan sonra belə qənaətə gəlmişik ki, Azərbaycanda yeni uşaq müdafiə sistemi formalaşmalıdır. Hazırkı qəyyumluq və himayəçilik orqanları, tibbi və psixoloji komissiyalar ləğv olunmalı, onların əsasında yeni, vahid bir işlək qurum olmalıdır.

Müəllif:Şəymən
Mənbə: Şərq qəzeti
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə hazırlanıb
MÖVZU: «Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması»
 

0 şərh