Həzrəti Fatimə

Tarixin yaddaşına bir çox məziyyət və üstünlükləri ilə əbədi həkk olunmuş bəzi qadınlar vardır.
O, peyğəmbər məktəbinin tərbiyəsini almış, hətta bəzən paklığıyla peyğəmbərə belə tay tutulan qadındır.
O, dünyanın mömin qadınlarının əfəndisidir. «Seyyid-i nisədir».
O, Hz.Məhəmmədin övladı, Hz.Əlinin xanımı, peyğəmbər nəslinin davamçıları olan Həsən, Hüseyn, Zeynəb və Ümmü Gülsümün anası, Xədicə-tül Kübranın qızıdır.
O, dünən, bu gün, sabah da dərin hörmət və sevgiylə anılan və anılacaq Hz.Fatime-yi Zəhradır.

Hz.Fatimə uzun müddət gözlənil-dikdən sonra Məkkənin tarixi evlərinin birində bu gün «Zəhranın doğulduğu ev» deyilən yerdə dünyaya gəlir. Onun gəlişi peyğəmbərə böyük sevinc bəxş edir. Peyğəmbər «Bax elə indi Vəhy Mələyi göylərdən endi və bu uşağın doğulmasını təbrik etdi» deyir və arxasınca əlavə edir: «Allah (c.c.) Ona Fatimə adını verdi».

Fatimə Allahın ona bəxş etdiyi üstünlüklərə sahib olması, peyğəmbər məktəbinin tərbiyəsini almasıyla böyümüş, cəhalət adətlərinin mənfi təzahürlərindən uzaq ola bilmişdisə də, bunlar onun tam böyüməsi üçün yetərli olmamışdır. Böyük insanların hər biri böyük dərdlərin, dəhşətli ağrıların içərisində olduqları yerləri fəth edirlər.

Uşaqlığı fırtınalar içərisində keçir. Atasının və müsəlmanların birlikdə apardığı mübarizənin ən gərgin zamanlarında aclığı da, toxluğu da, sevinci də, kədəri də dadır və yaşayır. Bütün bunlar isə onu böyüdür, böyüdür…

Günün birində Hz.Əli Fatimə ilə evlənmək istədiyini Hz.Məhəmmədə bildirir. Peyğəmbər qızının fikrini öyrənərək, onların evlənməsini məsləhət görür və 624-cü il səfər ayının 2-də peyğəmbər məscidi – Məscid-i Nəbəvidə onların kəbinini kəsir.
Onların münasibətləri bütün müsəlman ailələrinə bir nümunə olur. O zamana qədər yükündən asılı olmayaraq bütün işləri görən və bundan əziyyət çəkən qadınlar, ailə hüququnun formalaşmasıyla rahat nəfəs almağa başlayır və bunu ilk olaraq yaşayan və yaşadan peyğəmbərin sevimli qızı və kürəkəni olur. 
Peyğəmbərin vəfatı Hz.Fatiməni sarsıdır. Heç bir xəstəliyi olmayan Fatimə Allahın dərgahına qovuşur.

Hz.Fatimə sadəliyi, mənəvi saflığı, igidliyi ilə yüksəlirdi. O, bir qadının şəxsiyyətinin böyüklüyünün nə geyim təm-tərağıyla, nə qiymətli əşyalarla bəzədilmiş ev-eşiklə, nə də növbənöv hazırlanan yeməklərlə ölçülmədiyini bilirdi. Və Hz. Fatimə belə mənəviyyatı və yüksək əxlaqi keyfiyyətləri ilə olduğu yeri qazanmışdı. Yaşayışı bütün dünya qadınlarına nümunədir. Onu insanlığın ən yüksək səviyyəsinə çıxaran da ləyaqət və müqəddəsliklə yaşanmış həyatı, əxlaqı və mənəviyyatıdır.

Cəmiyyətin aynası olan qadınlar onun qurtuluşunu da, süqutunu da öz şəxsində göstərməkdədir. Bu gün şər qüvvələrdən xilas olmaq, bataqlıqlardan qurtulmaq kimi niyyətimiz varsa, qadın dünyasına yaxın olub, onun ağrı-acılarına şərik çıxmaq, problemlərilə maraqlanmalıyıq. İndi artıq keçmişə boylanıb varlığıyla bütün bəşəriyyətə nümunə olan qadınların həyatlarına nəzər salmaq vaxtıdır. Və biz bu qadınlar içərisində diqqət yetirilməsinə ehtiyac duyduğumuz Hz.Fatimənin heç kəsə bənzəməyən və cəhalət qanunlarının əksinə inkişaf edən şəxsiyyətini tanıtmağın müasir qadınlara böyük kömək olacağına inanırıq.

Mənbə: İqtisadiyyat qəzeti

3 şərh

Ferid_Zeynalli
Əhsən. Xanım Zəhra (ə.s) bütün qadınlara nümunədir. Nəinki, qadınlara bütün insanlığa nümünədir. Allah bizi Xanım Zəhranın (ə.s) tanınmıyan qəbrinin Bəqinin, Mədinənin ziyarətindən binəsib eələməsin. İlahi Amin…
kocharli
xanim Zəhra bütün insanliga nümunadir.