Dost necə olmalıdır?

Rəhman və Rəhim Allahın adı ilə! Hamımızın ağız dolusu "dostum" deyib danışdığımız anlar var. Hamımız "dostum" deyəndə kimisə nəzərdə tuturuq.

Bu həyatda hər bir insanın doğma olmayan, lakin çox yaxın, sirdaş saydığı bir dostu var. Həzrəti Əli bin Əbu Talib (r.a) buyurub ki: "Dostunu həddindən artıq çox sevmə, çünki bir gün düşmənin ola bilər. Düşməninə həddindən artıq kin, nifrət bəsləmə, çünki bir gün dostun ola bilər." Həqiqətən də, bir çoxlarımız illər boyu dost saydığımız bir insandan bəzən xəyanət görürük və aramızdakı əlaqə düşmənçiliyə çevrilir.

Bu günümüzdə, bir müsəlman kimi biz seçdiyimiz dostlarımızı nəzərdən keçirmirik. Niyə və kimi dost saydığımızın səbəbini də bilmirik. Səbəbi olsa da belə, adi və dünyəvi səbəblər olur. Lakin dost və yoldaş seçməyin də öz ədəbləri və öz qaydaları var. Bu ədəblərə riayət edilərək dost seçilən şəxs də gələcəkdə düşmənə çevrilməz.
Ən birincisi biz özümüzə dost seçdiyimiz şəxsi Allahın razılığı üçün seçməliyik. Bu əlaqəni Allaha xoş gedən və Onu razı salan halda davam etdirməyi düşünməliyik və niyyət etməliyik. Seçdiyimiz dost dini dəyərləri və əxlaqı gözəl olmalıdır ki, həm Allah qarşısında,  həm də insanlar qarşısında rüsvay olmayaq. Peyğəmbərimiz (s.a.s) buyurub ki; "Hər kəs özünə dost seçdiyi şəxsin dinindəndir. Hər biriniz seçdiyi dostuna diqqətlə baxsin.". Dost ağıllı,dərrakəli və başa düşən olmalıdır. Hər şeydə ədalətlə davranan və mədəniyyətsizlikdən uzaq olmalıdır. Dost dostun eybini hər zaman örtməli, biruzə verməməli, başqalarından gizlətməlidir. Dost bizə hər zaman öyüd-nəsihət və məsləhət verməlidir. Öyüd-nəsihətində isə yumşaq və xoş rəftar etməlidir. Yaxud biz dostumuza nəsihət veririksə, bunu can-başla dinləməlidir, bunu səmimi qəbul etməlidir. Bilmədən və qəsd etmədən əziyyət vermişiksə, buna səbr etməyi bacarmalıdır.
Dostluğun ən əsas şərtlərindən biri də vəfalı olmaqdır. Nə baş verirsə versin, dost dosta qarşı hər zaman vəfalı yanaşmalıdır. Dostumuz daim bizimlə görüşməli və ya bizi ziyarət etməlidir. Görüşlər və ziyarətlər isə heç bir dünya mənfəəti naminə həyata keçirilməməlidir. Bir müddət xəbər almadıqda narahat olmalı və bizi axtarıb tapmalıdır. Biz səfərdə olsaq, ailəmizlə əlaqədə olmalı və qayğısına qalmalıdır.
Dost sənə qarşı həmişə gülərüz və xoş olmalıdır. Xəstələndiyin zaman həmişə sənə baş çəkməlidir, halınla maraqlanmalı və kömək əlini uzatmalıdır. Sənin dostun, yalnız sənin yaxşı cəhətindən danışmalı və hamıya yaxşılıqlarını bildirməlidir. Dostun özünə məsləhət gördüyü və ən çox istədiyi şeyi eynilə sənə də arzu etməlidir. Bilmədiyin şey varsa, bunu sənə çatdırmalı və ya öyrətməlidir. Sənin haqqında bir pislik eşitsə, araşdırmalı, aydınlaşdırmalı və həmişə səni müdafiə etməlidir. Darlığa düşərsənsə bir an da sənə qarşı paxıl davranmamalıdır. Sənə lazım olan bir şey dostuna da lazımdırsa, sənə verməyi bacarmalıdır. Dəvət etdiyin məclislərdən və münasibətlərdən qalmamalıdır. Daim özünə dua edərkən, sənə də dua etməlidir. Hər bir vəziyyətdə və hadisədə sənə üzürlü bir səbəb tapmalı, çox tənqid etməməli və töhmətdən uzaq durmalıdır. Yaxud bir üzürlü səbəb gətirərsənsə, bunu tərəddütsüz qəbul etməlidir. Kiçik səhvlərin olarsa, buna göz yummalı, sərt davranmamalıdır. Yaxud bir yaxşılıq edibsə, mütləq səndən əvəzini gösləməməlidir.
Dost dostla heç bir zaman istehza etməməlidir, ona qarşı sərt davranmamalı, təvazökar olmalı, təkəbbürlükdən uzaq olmalıdır. Mübahisəli halları uzatmamalı, mübahisəli məsələləri ortaya atmamalı, hətta dostu haqqına heç bir zaman pis zənn etməməlidir.
Dost dostun sirrini ölənə kimi gizlətməlidir. Ona bir şeyi vəd edibsə, bunu heç bir zaman unutmamalıdır, yaxud xilaf çıxmamalıdır. Dost dostundan azca da olsa yaxşılıq görübsə, bunu küçümsəmək deyil, əksinə minnətdarlıq bildirməlidir. Dost dostun düşməniylə sıx əlaqəyə girməməlidir. Dost dostun həmişə yaxşılığını istəməli, onu həvəsləndirməli və irəli getməyinə dəstək olmalıdır.
Qardaşım və bacım, insan özünə məhz bu cür dost seçməlidir. Bu sifətləri özündə cəm edən bir dost səni özüylə cənnətə aparacaq və Allah həmişə sizdən razı qalacaq. Həmçinin sən də dostuna qarşı həmişə bu cür olmalısan. Yuxarıda sadalanan sifətlər və xasiyyətlər eynilə səndə olmalıdır.
Allah bizə həmişə düzgün və doğru dost seçməkdə yardımçı olsun! Allah dost saydığımız pis insanları bizdən uzaq etsin, əsl dostluğa layiq olan və tanımadığımız insanları qarşımıza çıxarsın! Allah hər şeyi xalis olaraq ONUN üçün etməyə bizi müvəffəq etsin!

 

4 şərh

yravil

Məncə bu xüsusiyyətlərin hamisinin oldugu dostu tapmaq coxx cətindir.

Ferbara
İslamda dost haqqında bu qədər məlumatın olduğunu bilmirdim. Yaxşı dost tapmaq qızıl tapmaq kimidi. 
JAVIER_ZANETTI
Salam. Old Baku təşəkürlər. Hər zaman dostluqdan ağız dolusu deyil, qədərində və yerində lazımınca dostdumdan və ən yaxın yoldaşlarımdan, uzun sözün qısası təvvlladan danışa bilərəm; əlhəmdulillah. (Təvəlla ərəb lüğətində dostluq, məhəbbət, Təbərra isə dönmə, üz döndərmə, əl çəkmə, rədd etmə, imtina etmə, özünü saxlama və s. kimi mənalarda işlənir. Bu iki kəlmə dini termindir və İslam dininin əsas vaciblərindəndir. Mənası isə Allahın, Peyğəmbərin, Əhli-beytin və möminlərin dostlarını və istədiklərini sevmək və məhəbbət bəsləmək, onlara itaət etmək və onların düşmənlərindən üz çevirməkdir.
   Fəzl bin Yəsar İmam Sadiqdən (ə) nəql edir ki, dostluq, sevgi, düşmənçilik və qəzəb barədə ondan soruşdum, İmam buyurdu: “İman Allaha xatir sevgi və düşmənçilikdən başqa bir şey deyil.”(1) Sonra bu ayəni oxudu: 
“...lakin Allah sizə imanı sevdirmiş, onu ürəklərinizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu xislət sahibləri) doğru yolda olanlardır!”(2).)
 1- Təvəlla və təbərra əz neqahi digər: Mehdi İsmaili.Səfaye baten dər pərtove rəməzan: seyyid Muhəmməd Şəfei
2- Hucurat surəsi, 7-ci ayə.
tarixci1919
Bunları oxuyanda bəlkə də, çoxları deyə bilər ki, mən ya da dostum bu xüsusiyyətlərin çoxuna sahibik. Amma həqiqətən də hansısa hadisə baş verəndə belə davranışlara çox az adam əməl edir. Məncə bu xüsusiyyətləri daşıyan yaxşı dostdan əvvəl yaxşı insandı, yəni tək dostuna yox bütün insanlara qarşı münasibəti elə olar.