Dinsizlik yoxsa qudurğançılıq

Bir gün gələn bir gün gedir. Bu ki həqiqətdir. Həyatın axarı belədir. İnsan bu dünyaya gələndə sevinirik, o dünyaya köçəndə kədərlənirik. Ayrılıq ağırdır. Amma bununla barışmaqdan başqa çarə yoxdur. Bu dünyada qalanların vəzifəsi isə gedəni son mənzilə yola salmaqdır. Özü də necə? Müsəlman olduğumuza görə şəriət qaydalarına əməl etməklə! Bu en yaxşı seçimdir.

Təəssüf ki, son vaxtlar dəfn, yas mərasimlərinin keçirilməsi ictimaiyyətdə ciddi narahatlıq doğuran məsələ kimi gündəliyə gəlib. Ölü sahibi mərhumun dəfni üçün qəbir yeri tapmaqdan tutmuş yas mərasiminin keçirilməsinədək əzab-əziyyətlə dolu bir prosesi yaşamalı olur. Xüsusilə Bakı şəhərində bu problem artıq ciddi xarakter alıb. Məlum səbəblər ucbatınqdan paytaxtın əhalisi xeyli artıb. Bakının hazırkı infrastrukturu bu qədər əhali üçün açıq-aşkar azlıq edir. O cümlədən mərhumları dəfn etmək üçün qəbiristanlıqda yer almaq üçün dəridən-qabıqdan çıxmaq lazım gəlir. Mövcud qəbiristanlıqlar doludur, yer qıtdır. Yeni qəbiristanlıqlar da elə çox deyil. Amma ölünü dəfn etmək lazımdır! Müsəlmanın cənazəsi ortada qala bilməz. Bax elə buradaca dinsizlik başlayır. Qəbir yeri almaq üçün ölü sahibinin qəbiristanlığın rəhbərliyinə rüşvət verməkdən başqa yolu qalmır. Qəbir yerini satmaq isə haramdır!

Hələ bu harasıdır? Ən çətini yas mərasiminin keçirilməsidir. Yası yola vermək üçün yer tapmaq, yaxud çadır qurmaq və ehsan verməkdən ötrü külli miqdarda xərc çəkmək lazım gəlir. Məbləğlər böyükdür, həm də müxtəlifdir - baxır olü sahibinin imkanına. Kasıb vəziyyətdən çıxmaq üçün son qəpiyindən belə keçməli olur, hətta başqalarına ağız açıb borca-xərcə düşür. Varlının isə heç bir çətinliyi olmur. Əksinə, hansı var-dövlətin sahibi olduğunu nümayiş etdirmək üçün əlinə, bir növ, fürsət düşür. Açdığı yas süfrəsində bircə quş südü çatışmır: cürbəcür yeməklər, şirniyyatlar, meyvələr, içkilər... Elə bil ki, ərzaq məhsulları sərgisidir! Guya ki, bununla mərhumu çox istədiyini sübut etmək istəyir. İfratçılıq, israfçılıq baş alıb gedir. Özü də bütün bunları din adına edir.

Doğrudanmı bütün bunların dinə, şəriətə dəxli var? Əslində isə dini baxımdan vəfat edən müsəlmanı son mənzilə yola salmaq üçün dörd əməli yerinə yetirmək vacibdir: qüsl, kəfən, cənazə namazı və dəfn. Ölü sahibinin mərhumun ruhuna ehsan vermək haqqı var. Amma dəfndən sonra ehsan vermək kimi bir hökm yoxdur. Ehsan yaxşılıq mənasındadır. Ehsan kasıblara verilməlidir. Elə isə yas mərasimi keçirib kasıba da, varlıya da ehsan vermək nə dərəcədə düzdür? Bir də görürsən ki, yas məclisinə gələn varlı-hallıları ayrıca əyləşdirir, onlara başqalarından fərqi, "xüsusi xidmət" göstərirlər. Bilmək olmur ki, bu, yas mərasimidir, yoxsa qonaqlıq. Axı qonaqlıq vermək üçün restoran, kafe kimi başqa yerlər var! Varlı şəxs bu cür hərəkəti ilə başqalarına pis nümunə göstərir. Digər sərvət sahibləri də yarışa girirmiş kimi ondan geri qalmaq istəmirlər. Beləcə, yeni "ənənə"nin əsası qoyulur və bu "ənənə" getdikcə bütün cəmiyyətə sirayət edir.

İslam dininin israfçılığa, yersiz xərc çəkməyə münasibəti isə birmənalıdır. Ulu Tanrı müqəddəs Kitabında buyurur: "Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!" (Əraf, 31). Yaxud: "Qohum-əqrəbaya da, miskinə də, müsafirə də haqqını ver. Eyni zamanda sağa-sola da səpələmə! Həqiqətən, sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!" (İsra, 26-27). Peyğəmbərimiz Məhəmməd salavatullah buyurur: "Ye, iç, geyin və sədəqə ver! Ancaq israf etmə və qürrələnmə!" Qurani-kərimin başqa ayələrində, həmçinin digər hədislərdə də israfçılıq birbaşa qadağan edilir. Elə isə Allahın buyruğuna əməl etməyib qadağan etdiyi yolla getmək dinsizlik deyil, bəs nədir?

İsrafçılar bununla da kifayətlənmirlər. Bu gün qəbiristanlıqlarımız açıq səma altında heykəltaraşlıq emalatxanasını xatırladır. Burada da "yarış" gedir - qəbirüstü abidələr "yarış"ı. İmkandan asılı olaraq adi başdaşı qoyanlar da var, bir-birindən dəbdəbəli heykəllər ucaldanlar da. Qınayan olmasa, qəbirüstü villalar da tikərlər. Bütün bunların isə qəbirdə uyuyanlara heç bir dəxli yoxdur. Axı onlar bu dünyada deyil, haqq dünyasında, Tanrının dərgahındadırlar! Elə isə bu dəbdəbə kimə lazımdır?

Dinimiz bütün vəziyyətlərdə orta mövqe tutmağın tərəfdarıdır. Yenə də müqəddəs Kitabımıza müraciət edək. Allah-taala buyurur: "Onlar xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar" (Furqan, 67). Yaxud: "Nə əldən çox bərk ol, nə də əlini tamamilə aç! Yoxsa həm qınanarsan, həm də peşman olarsan!" (İsra, 29). Tanrının buyuruqları tamamilə aydındır. Uca Yaradan həm israfçılığı, həm də xəsisliyi qınayır, müsəlmanın əməl etməli olduğu düzgün yolu göstərir. Bu, yas mərasimlərinə də aiddir. Yas məclisində mütləq yemək-içmək verilməlidir? Axı bir stəkan çay da ehsandır! Görəsən, bizdən başqa hansı müsəlman ölkəsində bu cür "dəb" mövcuddur? 

İsrafçılıq təkcə yasda yox, toy mərasimlərində də "vüsət" alıb. Övlad toyu görmək hər bir valideynin arzusudur. Amma toy bədxərclik üçün əsas vermir. Hər şeyin hədd-hüdudu olmalıdır. Bizdə isə tərsinədir. Şadlıq evlərində qiymətlərdən danışmağa dəyməz. Üstəlik, imkanlı adamlar elə bil bəhsə girib daha dəbdəbəli toy etmək üçün marafona çıxıblar: bahalı restoranlar, bahalı müğənnilər, bahalı toy maşınları... Hələ bununla kifayətlənməyib xaricdən müğənni dəvət edənlər də var. Bir nəfərin yemək-içmək haqqı da kəlləçarxa vurur. Bir neçə saatdan sonra toy qurtarır, stolların üstü isə yemək-içməklə doludur... Bütün bu artıq xərci başqa xeyirxah işlərə yönəltmək olmazmı? Axı köməyə ehtiyacı olanlarımız da var!

Yəqin ki, yuxarıda deyilənlərə etiraz edənlər də tapılar: öz pulumuzdur, hara xərclədiyimizi özümüz bilərik. Belələri başa düşməlidirlər ki, atalar demişkən, "sirkə nə qədər tünd olsa, qabını çatladar". Var-dövlətin axırı yoxdur. Bu dünyadan gedənlər özləri ilə heç nə aparmayıblar. Qurani-kərimdə məhv olmuş sivilizasiyalardan söhbət açılır və göstərilir ki, bu mədəniyyətlərin süqutu həmin cəmiyyətlərdəki varlı təbəqələrin mənəvi fəsada uğramasından başlayır: "Biz bir məmləkəti məhv etmək istədikdə onun (naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) çox pis işlər törədərlər. Beləliklə, (o məmləkətlərə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik" (İsra, 16).

Cəmiyyətimizdə pis "ənənə"nin kök salmasına rəvac verənlər düşünməli, gördükləri əməllərin mahiyyətini dərk etməlidirlər. Onsuz da onların bu əməllərini bəyənən yoxdur

Mənbə: Azərbaycan qəzeti
 

3 şərh

Old_Baku_

Cavid çox önəmli məqamlara toxunmusan.Öncəliklə belə maraqlı məqalə üçün əllərinə sağlıq.Təəssüflər olsun ki,sənin qeyd etdiyin kimi insanlar məzar daşları qoymaq üçün bir-birilə yarış edirlər.Bunun ölüyə heç bir təsiri olmadıqdan sonra,axı bu kimə lazımdır?


Məncə israf və bədxərcik toy mərasimlərimizdə artıq aşırı həddə çatıb.Övlad toyu görmək hər bir valideynin arzusudu.Bu o demək deyil ki,israf və bədxərcliyə yol verilsin.Müqəddəs kitabımız Qurani-Kərimdə çox aydın ayə ilə bu nəzərimizə çatdırılmaqdadıır.(İsra 29)


Qaldı yas mərasimlərinə,indi «Molla» sözü insanlar tərəfindən ümumişlək sözə çevrilmişdir.Hal-hazırda Mollalar yaz mərasimlərdə aldığı qazancı heç müğənnilər toylarda almırlar.Bu xalqımızın dimizi hansı hansı səviyyədə bildiyini xəbər verir.Halbuki dini baxımdan baxdığımız zaman müsəlmanı son mənzilə yola salmaq üçün 4 əməli yerinə yetirmək kifayətdi:qüsl, kəfən, cənazə namazı və dəfn.Səhv etmirəmsə cavid bunu da məqaləsində qeyd edib.


Yenidən təşəkkürlər.Əllərinə sağlıq.

bahar

Bu barədə ölkə" AĞSAQQALLARI«da danışdılar,


o»ağsaqqallar" ki özləri bu cür dəbdəbəli məclislərin təməlini qoyublar.indi isə qarşısını ala bilmirlər.


yazıya görə təşəkkürlər


 

kastanka
Məqaləyə görə təşəkkürlər. Təəssüf ki, müasirləşən Azərbaycanda müasirlik,azadlıq anlayışı özbaşınalıq və kimin nəyi varsa nümayiş etdirmək öz gücünü göstərmək kimi başa düşülür. Oysa insan nə qədər mütəvazi olarsa bir o qədər Allahın və digər insanların gözündə ucalar.
Təəssüf hissilə qeyd edirəm ki, hər addımbaşı insanların öz statuslarını göz önünə çıxarmasından iyrənirəm artıq. Bir ara dükanda işləyirdim.Bahalı ayaqqabı mağazası idi. Elə insanlar gəlirdi ki, ora bir qram anlayış,mədəniyyətdən xəbərləri yoxdur.Hələ bir əllərində maşının açarlarını da qəribə bir işvəylə fırladaraq bir 10 cüt ayaqqabı geyəndən sora burda heç nə yoxdur ki, deyərək təşəkkür belə etmədən çıxıb gedirlər.Nəysə mətləbdən uzaqlaşdım deyəsən amma sözümün canı var. Deməm o ki, biz zənginliyı ancaq mal varlığıyla ölçürük.Amma əsl zəngin qəlbən zəngin olandır.
Son zamanlar bir adət daha yaranıb yas mmərasimi keçirməkçün yol bağlanır..Nə var ki, hansısa pullu «dyadkanın» adamı ölüb.Allah rəhmət etsin.Amma həqiqətən ölü bizik onlarsa haqq dünyasına qovuşub ruhları azad olub gəzirlər özləriyçün heç bir problem yaşamadan. Bizsə həyat uğrunda mübarizəyə davam edirik.
Allahdan ölənlərə rəhmət dirilərərə mərhəmət və can sağlığı diləyirəm.Nə qədər gec deyil haqq yoluna gəlsinlər. Bir ehtiyaci olanın üzünü güldürsünlər.Boş-boşuna öz statuslarını nümayiş etməkdənsə yenə bir savaba girmiş olarlar. Allah yardımçımız olsun.